Aylıq namaz vaxtları
1. 585 dəfə oxunub ,   0 şərh   Çap et

İzdivaca gedən  yol

Hz. Xədicə o günə qədər iki dəfə ailə həyatı qurmuşdu və artıq qapısını bütün təkliflərin üzünə bağlamışdı. Çünki onun üçün yaş artıq kamala çatmış və yaşamaq üçün başqasının dəstəyinə ehtiyac qalmamışdı. Bugünkü mənada ölkələrarası ticarət şəbəkəsinə malik idi və tabeliyində işləyənlər böyük bir coğrafiyanın sakinləri idi. Rum, Fars və Qəssasinə bölgələrində işçiləri olduğu kimi, daha yaxın bölgələrdə − Hirə və Şamda da adamları vardı.

İmkanlı, işini qüsursuz görən, ağıllı, gözəl, yetkin və hamının rəğbət bəslədiyi şərəfli bir qadın idi. O dövrdə Qureyşin arasında özünü belə bir qədir-qiymətə (dürri-yekta) kim  qurban verməzdi ki?! Qövmündən hər kişi imkanı olsa və buna gücü çatsaydı, onunla evlənməkdə tərəddüd göstərməzdi. Həmin günədək neçəsi bu məqsədlə qapısını döymüş, amma o, bunların heç birini qəbul etməmiş, qapını üzlərinə bağlamışdı.[1]

Ancaq bu dəfə vəziyyət fərqli idi və belə daimi bərabərlik üçün ailə həyatı qurmaqdan başqa bir yol da görünmürdü. O günə kimi ailə həyatı qurmaq barədə fikirləşməyən, bəlkə də, belə pak, təmiz bir ailə həyatının xəyalı ilə digər təklifləri rədd edən Hz. Xədicə artıq qəti qərarını vermişdi. Ancaq bunu necə açıb deyəcəyini bilmirdi.

Haldan anlayan rəfiqə

Hz. Xədicənin fikirli halını və ondakı dəyişikliyi hiss edən yaxın rəfiqəsi Nəfisə binti Münyə bir dəfə ona yaxınlaşır və şəfqət dolu səslə bunları deyir:

− Sənə nə olub, ey Xədicə? Nədir sənin bu halın? Bu günəcən həmişə səninlə birlikdə olmuşam, amma səni bu qədər fikirli görməmişəm!

Hz. Xədicə əvvəlcə məsələni açıb-açmamaqda tərəddüd etdi. Bir müddət sakitcə dayandı. Ancaq addım atmadan xeyirə nail olmaq da mümkün deyildi və nəhayət, rəfiqəsinə ürəyindən keçənləri danışdı…

Əvvəlcə bunları dedi:

− Ey Nəfisə! Şübhə yoxdur ki, mən Abdullah oğlu Məhəmməddə başqalarında görmədiyim bir üstünlük müşahidə edirəm. O, çox dürüst, sadiq və əmindir, şərəfli və pak bir nəsil-nəcabət sahibidir, hər insanın qarşısına çıxa biləcək ən xeyirli insandır. Bunlardan başqa, Onun haqqında gözəl və müjdəli xəbərlər də var. Qəribə vəziyyət idi…Meysərənin danışdıqlarını nəzərə alınca… Rahibin sözlərinə qulaq asıb bazardakı hadisələrə şahid olunca… Karvanla Şamdan gələndə Ona kölgə salan buludu seyr edərkən ürəyim sanki yerindən çıxacaqdı; inandım ki, bu ümmətin gözlənilən Peyğəmbəri Ondan başqası ola bilməz.

Nəfisə hələ məsələni anlamağa çalışırdı:

− Yaxşı, bunun sənin bu qədər saralıb-solmağınla, səhərdən fikirlərə qərq olmağınla  nə əlaqəsi var? − deyə soruşur. Deməli, daha açıq danışmaq, məsələni bir az da açmaq lazım idi. Hz. Xədicə rəfiqəsinə tərəf çevrilir və  bunları söyləyir:

− Onunla ailə həyatı qurmaqla yollarımızı birləşdirmək istəyirəm, ancaq buna necə nail olacağımı bilmirəm.

Bu dəfə məsələ artıq aydın idi. Xədicənin halını başa düşən Nəfisə belə cavab verir:

− İcazə versən, mən Onun nəbzini yoxlayaram.

Hz. Xədicə elə bunu  gözləyirdi və həyəcanla:

−  Əgər bunu bacarırsansa, ey Nəfisə, dayanma, dərhal et, – deyir.

Münyə qızı Nəfisə oradan uzaqlaşır və Məhəmmədül-Əminin yerini öyrənmək üçün ünvanını soruşmağa başlayır. Bir müddət sonra artıq Allah Rəsulunun yanında idi. Əvvəlcə salam verir, ardınca da:

− Ey Məhəmməd, − deyə  müraciət edir.

Peyğəmbərimiz (s.ə.s.) onu diqqətlə dinləyirdi.

Davam edir :

− Evlənməyinə nə mane olur? Niyə evlənmirsən?

Allah Rəsulu  üçün sual gözlənilməz idi və O:

− Evlənmək üçün imkanım yoxdur, − deyə cavab verir.

Həqiqətən də, Rəsulullahın evlənməyə maddi imkanı yox idi. Başqalarının məsuliyyətini öz üzərinə götürən adamın ən azı onlara baxmağa maddi  imkanı olmalı idi.

Ancaq Nəfisə bunun elə bir problem olmadığını deyəcəkdi. Çünki mal-mülk fani dünya malı olduğu halda, alicənablıq, şərəf, etibar və belə bir xarakter asan tapılmazdı. Qapı bu qədər aralandığı halda,  onu bağlamamaq lazım idi və ardınca:

− Əgər bu, Sənin üçün problem olmasa və gozəllik, mal, şərəf və Özünə bərabərlik etibarilə qarşına bir insan çıxsa, müsbət cavab verməzsənmi? − deyə soruşur.

Kəlmələr belə bir namizəddən xəbər verirdi və sözə vaqif  Söz Sultanı soruşur:

− Yaxşı, bəs kimdir o?

− Xədicə, − deyir Nəfisə.

Hüveylidin qızı Xədicəni tanımamaq olardımı? Bir neçə gün əvvəl onun karvanını Şama aparmış və qazanclı ticarətlə qayıtmışdı. Ancaq ailə həyatı ticarət qədər asan deyildi. Buna görə də:

−  Bu, necə olacaq? − deyə soruşur. Nəfisənin dərdi bu işin necə olacağı deyildi, o, sadəcə bir “qəbul” gözləyirdi. Elə bu cümlə də “qəbul”un bir işarəsi idi və Allah Rəsulundan bunları eşidən kimi rahat nəfəs almışdı. Çünki bu, “Mənim üçün problem deyil, amma belə bir evlilik necə baş tuta bilər?” mənasında bir reaksiya idi. İşin bundan sonrası Nəfisə üçün daha asan idi. Buna görə də:

− Sən onu mənə həvalə et, həll edərəm, − dedi.

Əlbəttə ki, susmaq razılıq əlaməti idi və  sürətlə oradan ayrılan Nəfisə birbaşa Xədicə anamızın yanına gedir. Müjdəni şəxsən özü vermək istəyirdi. Özünü birnəfəsə Xədicənin yanına çatdırır və bütün dediklərini bir-bir ona söyləyir. Nəfisənin gətirdiyi xəbər Hz. Xədicənin qəlbini sakitləşdirir. Məsələyə müsbət yanaşdığını öyrənən kimi Ona rəğbətinin və evlənmək tələbinin səbəblərini bildirmək üçün xəbər göndərir. Hz. Xədicənin sözləri belə başlayırdı:

− Ey əmim oğlu! Əlbəttə ki, mən aramızdakı qohumluq bağlarının yaxınlığına,[2] qövmün içində misilsiz  mövqeyinə, gözəl əxlaqına, əmanətə riayətinə və sözündəki doğruluğa görə Sənə talib oldum. Əmilərinə de, işi öz üzərlərinə götürsünlər.

Aydın idi ki, bütün bunlar Hz. Xədicənin Allah Rəsuluna heyranlığını səmimi və həssas şəkildə ifadə etməsi idi. Ancaq belə bir vacib məsələdə Rəsulullah böyükləri ilə məsləhətləşmədən qərar vermək istəmirdi… Xədicənin təklifindən dərhal sonra əmisi Əbu Talibin yanına gedir və Nəfisənin sözlərini ona danışır.

Bəli, qardaşı oğlu Məhəmmədül-Əmin Əbu Talib üçün də çox dəyərli və hər şeydən  qiymətli idi. Ancaq Xədicə də adi qadın deyildi. O da o günədək izzətli və şərəfli bir həyat yaşamışdı. Nəsil-nəcabət baxımından da tanınmış ailəyə mənsub idi. Qardaşı oğlunun da bu məsələyə könlü olduğunu anlamış və “Niyə olmasın ki?” deyə fıkirləşib xeyir-duasını vermişdi.

Nikah

Artıq illərə istiqamət verən xoşbəxt bərabərliyin vaxtı gəlmişdi. Və çox keçmədən Abdulmuttalibin oğlanları Əbu Talib, Abbas[3] və Həmzə Xədicənin qapısını döyür. Tərəflərin razılığı olsa da, elçilik-evlilik mərasimləri yerinə yetirilməli və məsələ toy ziyafəti ilə hər kəsə çatdırılmalı idi. Əvvəl Əbu Talib danışmağa başlayır:

− Bizi İbrahim nəslindən və İsmail soyundan edən Allaha həmd olsun! Nəsil və soy etibarilə bizi insanların xidmətinə namizəd edən, Evinə xidmət etməklə bizi şəfərləndirən, Harəmə xidmətlə bizi  ucaldan, bizim üçün Evini (Kəbəni) insanların üz tutub əmin-amanlıqla nəfəs aldığı bir məkana çevirən və bizi insanlar haqqında hökm verməkdə rəhbər edən, əlbəttə ki, Odur.

Söhbətin başında səslənən belə bir xitab işin ciddiliyini açıq-aşkar göstərirdi. İnsanların rəğbətini qazanmanın  şükrü də məhz  belə olmalı idi. Ardınca  məclisdə  bunları söyləyir:

− Qardaşım oğlu Məhəmmədə gəlincə, O, Abdullahın oğlu Məhəmməddir. Kim Onunla yarışmağa çalışsa, mütləq Məhəmməd üstün olar. O, malı-mülkü etibarilə elə də imkanlı olmasa da, şərəfi, alicənablığı, şücaəti, cəsarəti, ağlı və fəziləti ilə hamıdan üstündür. Var-dövlət də itən kölgə kimidir, əmanətdir və əbədi ola bilməz. Ancaq bir məsələ var ki, gələcək etibarilə Onun haqqında gözəl xəbərlər, hamını heyrətə gətirəcək yeniliklər var! O, sizdən qızınız Xədicəni istəyir. Ona mehr kimi də − bir hissəsi nağd və bir qismini də sonra ödəmək şərtilə − on iki uqiyyə və bir nəşş[4] verir.[5]

Oğlan tərəfin tələbi müqabilində qız evinin də deyiləsi sözləri var idi. Əbu Talibdən sonra Xədicənin əmisi Amr ibn Əsəd[6] ayağa durur və Xədicənin fəzilətini  dilə gətirir. Çünki Hz. Xədicənin də atası yox idi: Ficar döyüşlərində ölmüş və Hz. Xədicə də Rəsulullah kimi  böyümüşdü. Xədicənin əmisi belə davam edir:

− Sizin də qeyd etdiyiniz məsələlərdə bizi insanlara üstün edən Allaha həmd olsun. Əlbəttə, heç şübhə yoxdur ki, biz ərəblərin  böyükləri və rəhbərləriyik. Sizlər də həmçinin… Heç bir ərəb sizin fəzilətinizi inkar edib şərəf  və iftixarınızı yox saya bilməz. Sizinlə eyni kökdən gəlməyimizin və müştərək şərəfimizin adına siz də şahid olun ki, mən, ey Qureyş camaatı, Hüveylidin qızı Xədicəni qeyd edilən mehr müqabilində Abdullahın oğlu Məhəmmədə nikahladım.

İşin məsuliyyətini çiyinlərində hiss edən Əbu Talib məclisdəki başqa qohumlarından da eyni qənaəti eşitmək istəyirdi. Bu məqsədlə:

− İstəyirəm ki, bu razılıqla bağlı digər əmilər də söz desin, − söyləyir.

Bundan sonra orada olan bir əmisi ayağa qalxır və eyni sözləri təkrar edir:

− Ey  Qureyş, siz də şahid olun ki, biz Abdullahın oğlu Məhəmmə­də Hüveylidin qızı Xədicəni nikahladıq.[7]

Ənənəvi elçilik mərasimi qurtarmışdı və artıq iş toy ziyafətinə qalmışdı. Nəhayət, o da təşkil edilir. Qoyunlar, dəvələr kəsilir və toy-düyün  üçün məclis qurulur. Beləliklə, 25 il davam edəcək çətin, amma səadət dolu ailə yuvasının təməlləri atılırdı.

Digər tərəfdən, o gün ağır günlər yaşayan Əbu Talibin sevincinin həddi-hüdudu yox idi. Bir kənara çəkilmiş, qardaşı oğluna belə bir qapı açan Allaha səmimi hislərlə şükür edirdi.

Əlbəttə, sevinən yalnız Əbu Talib deyildi. Məkkəlilər bu izdivacı təqdir edir, hisslərini şeirin zərif misralarına çevirərək bu nikahın doğruluğunu  bir-birlərinə hayqırırdılar.

Amma o gün heç kimin sevinci Hz. Xədicəninkinə çata bilməzdi. Onu o qədər yaxından izləyirdi ki, toy mərasiminə artıq ayrılmaz bir hissəsi olan əri Məhəmmədül-Əminin süd anası Həlimeyi-Sədiyəni də dəvət etmiş, beləliklə,  böyüyən süd övladının sevincini onunla da bölüşmək istəmişdi.

Sevinci səxavətinə kölgə salmayacaq, görüləsi işləri unutdurmayacaqdı. Səhər ayrılıb gedərkən Həlimənin yanında süd verdiyi Abdullahın oğlu Məhəmmədin xatirinə bəxtiyar Xədicənin hədiyyə etdiyi qırx baş qoyun da vardı.

Hz. Məhəmməd bir neçə gün əmisi Əbu Talibin evində qaldıqdan sonra Xədicə anamızın qardaşı oğlu Hakim ibn Hizamdan alınan təzə evə köçəcək, beləliklə, vəhy gələnə qədər 15 il sürən  və hər kəsə nümunə olan yeni bir həyat başlayacaqdı. Məhəmmədül-Əmin bundan sonra hər kəsə örnək bir ailə başçısı idi. Yeri gələndə ev işlərində həyat yoldaşına əl tutur, çox vaxt öz ehtiyaclarını özü təmin edirdi. Beləliklə, qarşılıqlı hörmət və sevginin əsas olduğu xoşbəxt və nümunəvi bir ailə yuvasının təməli qoyulurdu. Buna imkanı olduğu halda, Hz. Xədicə həyat yoldaşına şəxsən özü xidmət etmək üçün ev işlərini xidmətçilərin və ya adamlarının öhdəsinə buraxmır, bütün bunları  bir ibadət sevinci ilə edirdi. Özünü Onun xoşnudluğuna elə həsr etmiş, Ona  elə bağlanmışdı ki, tükünün də inciməsindən narahat olur, Onu incidən ən xırda hərəkətə yol verməmək üçün əlindən gələni edirdi.

Xoşbəxt ailənin digər üzvləri

Allah Rəsulu artıq Hz. Xədicə ilə həyatını birləşdirmiş, yeni ailə həyatı qurulmuşdu. Ancaq bu yuvada onlar yalnız özlərini düşünüb tənha qalmayacaq. Özləri ilə birlikdə başqalarının da əlindən tutacaq, onları da həyata hazırlayacaqdılar. Valideynləri sağ olsaydı, onlar da bu evin xoşbəxtliyinə sevinər və övladları ilə birlikdə nəvələrini sevib-oxşamaq  xoşbəxtliyini  yaşayardılar.

Xüsusilə də, ata yadigarı Ümmü Eymən İnsanlığın Əmini ilə birgə bu evə köçmüşdü. Ata Abdullahın, ana Əminənin övladına kömək olmağa çalışırdı.

Allah Rəsulu (s.ə.s.) eyni zamanda bir vəfa abidəsi idi. Xədicə ilə ailə həyatı qurar-qurmaz əmisi Abbasın yanına gəlmiş və Əbu Talib ailəsinin  maddi sıxıntısını dilə gətirərək bu evin yükünü bölüşməyi təklif  etmişdi. Nəhayət, Abbas qardaşı oğullarından birini öz yanına aparır, Rəsulullah isə Əbu Talibin digər övladı Əlini himayəsinə götürür. Himayənin üçüncü dövrü sayılan bu mərhələdə Məhəmmədül-Əmin Əli üçün bir ata, Xədicə də şəfqətli bir ana idi. Beləcə Əli bir tərəfdən ən şərəfli insanın təlim-tərbiyəsində yetişir, digər tərəfdən də nəcabətli qadın Hz. Xədicənin şəfqət və mərhəmət dünyasından doyunca istifadə edirdi.

Başqa bir gənc də bu evin sakinləri arasında idi: Zeyd ibn Harisə. Zeyd əslən azad bir ailənin övladı idi, amma anası ilə getdiyi ana ocağında hücuma məruz qalmış və qul bazarında satılmışdı. Onu Ukaz yarmarkasından Hz. Xədicə anamızın qardaşı oğlu Hakim ibn Hizam almış və bibisinə gətirmişdi. Mübarək yuva qurulanadək bir müddət xidmətçilik edən Zeyd artıq bu yeni ailənin bir üzvünə çevrilmişdi. Qısa müddət sonra onun mövqeyində də dəyişiklik olacaqdı, çünki Kainatın Fəxrinə xidmət üçün ayrılmış və O da azadlığın qapılarını Zeydin üzünə  açaraq onu sərbəst buraxmışdı.

Digər gənc sakin isə Xədicə anamızın əvvəlki  həyat yoldaşı Əbu Halədən olan oğlu Hind idi. Bir müddət sonra atası Avvamın vəfatı ilə Zübeyr də bu səadət karvanına qoşulacaq və ona da bu mübarək evdə böyümə lütfü nəsib olacaqdı.

Səadət dolu ailə yuvası

Məhz belə bir ailədə xoşbəxtlik, səadət hökm sürə bilərdi. Allah Rəsulu öz-özlüyündə bir xoşbəxtlik mənbəyi idi. Səadəti yuxusunda belə görməyənlərin başından xoşbəxtlik yağışı yağdırmaq Onun yaradılış qayəsi idi.

Xədicə anamızın şəfqət dolu səyləri də bu xoşbəxtliyə qida verən mühüm təkanverici qüvvə idi. Həyat yoldaşının hər hərəkətini lap başdan doğru qəbul edir və sözsüz  yerinə yetirirdi. Allah Rəsulu nə vaxt halını pozub ürəyini sıxan bir hadisə ilə qarşılaşsaydı, gələr,  Hz. Xədicə anamızın qərar tutduğu bu evdə rahatlıq tapardı.

Ümumiyyətlə, evdə belə bir mənəvi ab-hava olduğu kimi, onların ikisi arasında da qibtə ediləsi bir səmimiyyət, şərtsiz bir təslimiyyət və şübhə edilməyən bir etibar var idi. Aralarındakı bu səmimiyyət hətta başqalarının da diqqətini cəlb edir və ətrafdakı insanlar heç vaxt görmədikləri belə bir həyata heyranlıqla tamaşa edirdilər. Bir gün Əbu Talib evinə getmək üçün icazə istəyən Məhəmmədül-Əminin arxasınca Nəba adlı kənizini göndərərək Hz. Xədicənin qardaşı oğluna münasibətini öyrənmək istəmişdi. Nəba qayıdanda Əbu Talibə bunları söyləmişdi:

− Çox qəribə şeylər gördüm. Xədicə Onun gəldiyini görən kimi tez qapıya yaxınlaşdı, əlindən tutdu və Ona belə dedi: “Anam-atam sənə fəda olsun! Vallah, mən bunu Səndən başqa heç kimə etmərəm. Lakin bilirəm ki, Sən gələcəyi gözlənilən Peyğəmbərsən. O günləri yaşayarkən, nə olar, məni və yanındakı yerimi unutma!  Nə olar, Səni göndərən Allaha mənim üçün də dua et!”

Həyat yoldaşı və hər işdə dəstəkçisi olan Hz. Xədicədən bu gözəl sözləri eşidən Məhəmmədül-Əmin:

− Allaha and olsun ki, əgər dediyin şəxs mən olaramsa, sən mənim üçün elə böyük fədakarlıqlar etdin ki, onları heç vaxt hədər etməyəcəyəm, − deyəcək[8] və sonralar da onu əsla unutmayacaqdı.[9]

Bu ailənin meyvələri

Bir müddət sonra bu ailə də öz meyvələrini verməyə başlayır. Öncə Qasım anadan olur. Allah Rəsulu (s.ə.s.) “Qasımın atası” mənasında “Əbul Qasım” ləqəbini alır. Ancaq o, bu fani dünyada çox yaşamadı. Hələ təzəcə iməkləyib yeriməyə başlayanda pərvazlanıb cənnət diyarına uçdu.

Qasımın vəfatından iki il ötür, qızı Zeynəb dünyaya gəlir. Zeynəb  Peyğəmbərimizin (s.ə.s.) ilk qız övladı idi. Bundan bir il sonra Ruqiyyə və ondan da  üç il sonra Ümmü Gülsüm anadan olur. Fatimə anamız isə vəhyin qapıları açılan ildə dünyanı şərəfləndirəcəkdi.

Xədicə anamızın dünyaya gətirdiyi sonuncu övladı Abdullah oldu. Hiradakı vüslətdən iki il keçmişdi. Müsəlmanlığın yayıldığı bir dövrdə anadan olduğu üçün Abdullaha Tayyib və Tahir də deyilirdi. Taleyin başqa bir cilvəsi  idi ki, Abdullah da uzun yaşamayacaq və üç aydan sonra dünya ilə vidalaşacaqdı. Güman ki, Allah (c.c.) onları Peyğəmbərdən sonra ehtimal olunan iğtişaşlardan qorumaq istəyirdi.



[1]. Hətta sonralar Əbu Cəhil kimi məşhurlaşan Amr ibn Hişam da Hz. Xədicə ilə ailə həyatı qurmağı təklif edənlərin arasında idi. Lakin Hz. Xədicə bu təklifi heç bir tərəddüd etmədən rədd etmiş, bu məsələ ilə bağlı qapıları birdəfəlik bağlamışdı. Hətta sonralar Əbu Cəhlin Peyğəmbərimizə qarşı çıxmasının səbəblərindən biri kimi bu izdivac da göstərilir. Bu ailə həyatı qurulanda Əbu Cəhil kin və nifrətlə coşacaq və öz-özünə: “Ailə qurmağa Əbu Talibin oğulluğu və Qureyşin indən başqasını tapmadımı?” − deyərək buna etiraz edəcəkdi.

[2]. Baba tərəfindən soyu Peyğəmbərimizin babalarından olan Qusayla birləşir. Başqa bir qohumluq əlaqəsi də anası tərəfindən Peyğəmbərimizin başqa babası Luheylə bağlanır…

[3]. Bəzi rəvayətlərdə Hz. Abbasın orada olmadığı nəql edilir.

[4]. Bir neşş iyirmi dirhəm, bir uqiyyə də qırx dirhəmdir. Deməli, Peyğəmbərimizin Hz. Xədicə üçün nəzərdə tutduğu mehir beş yüz dirhəmə bərabər idi. Bu günlə müqayisədə bu, 1600 qram gümüş deməkdir.

Bir gün Əbu Sələmə ibn Əbdurrəhman Hz. Aişə anamızdan soruşur:

– Rəsulullahın mehiri nə qədər idi?

− Onun həyat yoldaşları üçün verdiyi mehir on iki uqiyyə və neşşdir. Bəs neşşin nə olduğunu bilirsənmi?

− Xeyr.

− Neşş yarım uqiyyədir. Bu da beş yüz dirhəmdir. Bu, Rəsulullahın xanımları üçün müəyyənləşdirdiyi mehirdir. Bax:İbn Kesir, Tefsir, 1/658 ; İbn Mace, Sünen, 1/607 (1886); İbn Hişam, Sire, 6/57

[5]. Bir hissəsi nağd, bir hissəsi də sonra ödəmək şərtilə borc kimi beş yüz dirhəm… Peyğəmbərimizin Hz. Xədicə üçün nəzərdə tutduğu mehirin miqdarı budur… Bəzi rəvayətlərdə Əbu Talibin bəyan etdiyindən fərqli olaraq mehir kimi Allah Rəsulunun iyirmi dəvə vəd etdiyi bildirilir ki, böyük ehtimalla o da həmin dövrdə beş yüz dirhəm edirdi.

[6]. Bəzi rəvayətlərdə bu şəxsin Varaqa ibn Nəvfəl olduğu bildirilir.

[7]. Yemani, Ummu’l-Mu’minin Haticetu Bintu Huveylid Seyyidetun fi Kalbi’l-Mustafa, s. 65 və b.

[8]. Fakihi,  Ahbaru Mekke, 5/206

[9]. Bəzi rəvayətlərdə bu hadisənin toydan əvvəl baş verməsi ilə bağlı qeydlər var. Buna görə Əbu Talib Xədicənin qardaşı oğluna (Allah Rəsuluna) olan istəyindən arxayın olmaq üçün bu cür hərəkət etmişdi. Əbu Talib evlənməsinə razılıq verdiyi qardaşı oğlunun arxasınca Nəba adlı kənizini göndərmişdi. Beləliklə, onların danışıqlarından xəbərdar olacaq və bununla qurulacaq ailənin möhkəmliyindən əmin olacaqdı. Əbu Talib kənizinə bu göstərişi verir:

− Get, qulaq as! Gör Xədicə Ona nə deyir?

Nəba Son Sultanın arxası ilə gedir. Nəhayət, Hz. Məhəmməd Hz. Xədicənin məkanına gələndə oturub söhbətə başlayırlar. Sözü açan  yenə Hz. Xədicə olur:

Atam-anam Sənə fəda olsun! Allaha and olsun ki, bütün bunları Sənin göndərilən Peyğəmbər olacağına inanaraq edirəm. Əgər həqiqətən, həmin adam Sənsənsə, nə olar, məni və mənim Sənin yanındakı yerimi unutma! Bundan başqa Səni peyğəmbər olaraq göndərən Allaha mənim üçün də dua et!

Bu dərəcədə səmimi və sırf Allah üçün dilə gətirilən sözlərin qarşısında Rəsulullah (sallallahu əleyhi və səlləm) da bunları deyir:

− Allaha and olsun ki, əgər həmin Şəxs Mən olsam, əlimdən gələni edər və səni hədər etmərəm. Əgər o, başqa adamdırsa, bu vəziyyətdə də yolunda bütün bunlara qatlandığın Allah səni hədər etməyəcəkdir!” Bax: Yəmani, göstərilən əsəri, səh. 68.

Hələ ortada peyğəmbərlik məsələsi yox idi. Ancaq dəyər hər yerdə ayrı bir dəyəri ifadə edirdi. Nə vaxt həyata keçərsə keçsin, haqq adına bir həqiqətin səsləndirilməsindən başqa bir şey deyildi bütün bunlar…




Şərh yaz