5. 926 dəfə oxunub ,   0 şərh   Çap et

مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ ۖ وَمَنْ تَوَلَّىٰ فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا

Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.[1]

Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir:

“…Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.[2]

Başqa ayədə isə, “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz![3] bildirilir. Bununla Uca Allah, Rəsulunun (s.ə.s) dəvətinə tabe olmağı müsəlmanlığın gərəyi saymışdır.

Dinimizin əsaslarından olan iman, ibadət və gündəlik həyatla əlaqəli məsələlərin hamısı Rəsulullah (s.ə.s) vasitəsilə bizlərə gəlib çatmışdır. Quranda bəzi məsələlərdən umumi olaraq bəhs olunmuş ətraflı izah verilməmişdir. Belə olan halda Rəsulullahın (s.ə.s) sünnəsinə mürəciət edir, sünnəni əsas götürərək ona görə qərar verərik. Məsələn, namazın necə qılınacağını Rəsulullah (s.ə.s) öyrətmişdir. Quranda zəkatın fərz olması və hikmətləri ilə əlaqəli ayələr var. Zəkatın necə hesablanacağı isə Rəsulullahın (s.ə.s) sünnəsi və hədislərində bildirilmişdir. Bu o deməkdir ki, Allahın əmr və qadağalarını insanlara çatdıran və bunu həyatına tətbiq edərək göstərən Hz. Peyğəmbərə itaət, Allaha itaətdir. Əgər hər hansı məsələ ilahi vəhyə əsaslanırsa, bu xüsusda biz mütləq Peyğəmbərə uymalıyıq. Ayədə belə buyurulur:

Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır![4]

Rəsulullah (s.ə.s) da səhabələrini əmr və qadağalara itaət məsələsində xəbərdar etmişdir:

Özünə mənim əmr və ya qadağan etdiyim hər hansı söz deyiləndə (əmr gələndə) heç kim oturduğu yerdən deməsin ki, “bilmirəm, mən ancaq Allahın kitabında olana tabe oluram”.[5]

Qısaca peyğəmbərə itaət, Onun Allahın elçisi olduğuna inanmaq və gətirdiyi bəyanların doğru olduğuna inanmaq, tabe olmaq deməkdir. Uca Allah Rəsulullahı (s.ə.s) hakim (hökm qoyan) olaraq qəbul etmək istəməyənlərin, Onun (s.ə.s) gətirdiyi əmrlərə tabe olmayanların imansız olacağını açıq-aşkar bildirir:

Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.[6]

[1] Nisa, 4/80.

[2] Həşr, 59/7.

[3] Ənfal, 8/24.

[4] Əhzab, 33/36.

[5] Əbu Davud, Sünən, 6; Tirmizi, Elm, 10.

[6] Nisa, 4/65.



Açar sözləri

Allah itaət peyğəmbər

Bənzər məqalələr

Həzrət Hafsa

Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında (625-ci ilin yanvarı) ailə qurmuşdur. Bu vaxt Rəsulullahın 56 yaşı vardı.

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Rəsulullah (s.ə.s) peyğəmbər olacağını əvvəlcədən bilirdimi?

Rəsulullah (s.ə.s) peyğəmbərliyindən əvvəl özünə vəhy olunacağı haqqında heç nə bilmirdi. Ona (s.ə.s) özünün xəbəri olmadan vəhy gəlmişdir.


Şərh yaz