6. 604 dəfə oxunub ,   0 şərh   Çap et

Namazın fərz olması üçün müəyyən şərtlər var. Bunlar müsəlman olmaq, həddi-büluğ yaşına çatmaq və ruhi xəstə olmamaqdır.[1]

Müsəlman olmaq

Namaz müsəlman olan hər bir kişi və qadına fərzdir. Kafirlərə namaz qılmaq fərz deyil. Çünki onlar dünya və axirətdə İslam dininin hökmlərindən məsul deyillər. Sonradan İslamı qəbul edən şəxsin əvvəlki namazları qəza etməyinə ehtiyac yoxdur. Hz. Peyğəmbər (s.ə.s) bir hədisində: “İslam daha əvvəlki günahları silər[2] – buyurmuşdur. Hənəfilərə görə, dindən çıxanın (mürtədin) da qılmadığı namazları qəza etməsi vacib deyil. İslam alimlərinın əksəriyyətinə görə isə, dindən çıxan cəza olaraq keçmiş namazlarını qəza etməlidir.

Kafirlərin etdikləri ibadət və xeyirxah əməllərə gəlincə, əgər küfr üzərinə ölsələr bunların axirətdə onlara hər hansı faydası yoxdur. Bu barədə Allah-Təala buyurur: “Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərədik!”[3]

İslamiyyəti qəbul etməzdən əvvəl ibadət və xeyirxah əməllər işləyənlər İslama girdikdən sonra bunlardan ötrü savab qazanarlar. Hakim İbn Hizam (r.a) bir dəfə Rəsulullahdan (s.ə.s) soruşur: “Mənə cahiliyyə dövründə ibadət məqsədilə etdiyim işlərin aqibəti haqqında xəbər ver. Mənim üçün bunlardan ötrü savab varmı? Hz. Peyğəmbər ona belə cavab verir: “Əvvəlcədən işlədiyin savabları da mühafizə edərək müsəlman oldun.”[4] Bu mövzuda əsas alınan rəy budur: “Kafir olan kəs sədəqə vermək və ya qohum-qardaşa yaxşılıq etmək kimi xeyirxah əməllər etmişsə, daha sonra müsəlman olarsa və müsəlman olaraq ölərsə, etdiyi bütün xeyir işlərin savabı əməl dəftərinə yazılır.[5]

Həddi-büluğa çatmaq

Yetkinlik yaşına çatmayan uşaqlara namaz fərz deyildir. Çünki Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Üç nəfərdən məsuliyyət götürülmüşdür: Sağalanadək ruhi xəstədən, oyanana qədər yatandan, yetkinlik yaşına çatanadək uşaqdan.[6] Lakin namaza öyrəşdirmək üçün yeddi yaşından etibarən oğlan və qız uşaqları namaz qılmağa təşviq olunmalıdırlar. Hədisdə belə buyurulur: “Yeddi yaşında uşaqlarınıza namaz qılmağı əmr edin. On yaşına çatdıqlarında hələ namaz qılmazlarsa onları tərbiyələndirmək məqsədilə tənbeh edin və yataqlarını ayırın.”[7]

Bu hədisdəki əmr valideynlər üçündür. Qurani-Kərimdə də belə buyurulur: “Əhlinə namaz qılmağı əmr et, özün də ona səbirlə davam et. Biz səndən ruzi istəmirik, sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir.”[8] “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır.”[9]

Ağlı başında olmaq (ruhi xəstə olmamaq)

Ağıl bir insanın mükəlləf (ibadətlərdən məsul) olması üçün əsas şərtdir. İslam alimlərinin əksəriyyətinə görə, ruhi xəstəyə namaz fərz deyildir. “Ruhi xəstə bu xəstəlikdən sağalanadək ondan məsuliyyətin götürüldüyünü” bildirən hədis bunun sübutudur.

Kimlər məsul deyil?

Yatıb qalaraq fərz namazını vaxtında qıla bilməyən həmin namazı sonra qəza etməlidir. Hədisdə bu haqda buyurulmuşdur: “Bir namazı yuxu və ya unutma səbəbilə vaxtında qıla bilməyən onu xatırlayanda dərhal qılsın.”[10]

Aybaşı və zahı olan qadınlar bu müddət ərzindəki namazlardan məsul deyillər. Həmin dövrlərdə qıla bilmədikləri namazları sonradan qəza etməzlər. Yıxılma, zədələnmə, dərman və s. səbəblərdən ölü uşaq dünyaya gətirərək zahı olan qadınlar üçün də eyni hökm keçərlidir.

Namazın fərz olmasına mane olan yaş azlığı, ruhi xəstəlik, aybaşı və zahı olma kimi üzrlər istənilən fərz namaz vaxtında ortadan qalxarsa, təmizləndikdən sonra həmin namaz qılınmalıdır. Lakin ruhi xəstəlik, aybaşı və ya zahılıq kimi üzrlər bir namaz vaxtında, namaz qılacaq qədər müddət keçdikdən sonra baş verərsə, bu namaz həmin insana fərz olmur. Bir şəxs namazını ilk vaxtında qılmazsa, bir fərz namaz sığacaq qədər son vaxtda bu namazını mütləq qılmalıdır. Çünki vaxt, fərz olmağın səbəbidir. Son vaxtda üzr baş verərsə, fərz olmaq ortadan qalxar. Hənəfilər istisna olmaqla əksər İslam alimlərinə görə isə, bu üzrlər namaz vaxtında baş vermişsə, əgər vaxtın əvvəlində təmizliklə (dəstəmaz və ya qüsl almaqla) bərabər namaz qılacaq qədər müddət keçmişsə, bu namaz qəza edilməlidir.[11]


[1] Şürünbüləli, Məraqil-Fəlah, s. 28; Şirazi, Mühəzzəb, I, 53; İbn Qüdamə, Muğni, I, 369-401; Züheyli, əl-Fiqhul-İslami və Ədillətüh, 2-ci nəşr, Dəməşq 1405/1985, I, 563 vd.

[2] Əhməd ibn Hənbəl, IV, 199, 204, 205.

[3] Furqan, 25/23.

[4] Müslim, İman, 194-196; İbn Hənbəl, III, 402.

[5] Şövqani, Neyl, I, 300.

[6] Buxari, Talaq, 11, Hüdud, 22; Əbu Davud, Hüdud, 17; Tirmizi, Hüdud, 1.

[7] Əbu Davud, Səlat, 26; İbn Hənbəl, II, 180, 187.

[8] Taha, 20/132.

[9] Təhrim, 66/6.

[10] Əbu Davud, Səlat, 11; İbn Macə, Səlat, 10; Nəsai, Məvaqit, 53.

[11]   M. Əbu Zəhra, Üsulul-Fiqh, s. 31, 32, 56; Hamdi Döndüren, Delilleriyle İslam Hukuku, İstanbul, 1983, s. 122.



Açar sözləri

fərz kimlərə namaz vacib

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.


Şərh yaz