2. 503 dəfə oxunub ,   2 şərh   Çap et

Sual: Namaz qılmayanların çoxu belə deyir: “Allahın bizim ibadətimizə nə ehtiyacı var ki, ibadəti tərk edənə Quranda israrla Cəhənnəm kimi dəhşətli cəza ilə xəbərdarlıq edir?”

Cavab: Allah nə bizim ibadətimizə, nə də başqa bir şeyə möhtacdır. İbadətə möhtac və mənən yaralı olan bizlərik. İbadət isə mənəvi yaralara dərman və məlhəmdir.

Bir xəstə ona israrla faydalı dərman içirməyə çalışan şəfqətli həkimə bu təkidin müqabilində: “Sənin nə ehtiyacın var ki, belə israr edirsən?” – deyib etiraz etsə, nə qədər mənasız olar. Çünki həkim xəstəni düşündüyü üçün “Bu vitaminləri gündə beş dəfə atmalısan” deyir, hətta qapıdan çıxanda da israrla bunların vacibliyini xatırladır. Mənəvi duyğularımızın qidası, qürur, nəfs və şeytan kimi bir çox mikrobların “antibiotiki” olan namaza, əlbəttə, bizim ehtiyacımız var. Səcdə olmadan qürur və kibrimizi necə tərbiyə edəcəyik, nəfs və şeytana necə hökm edəcəyik, ənaniyyətimizi (eqoistliyimizi) nə cür qıracağıq?

Burada bir misal vermək yerinə düşər: at belində səfər edən bir yolçu alma ağacının dibində bir kişinin yatdığını görür. Baxır ki, bir ilan həmin adamın ağzından içəri girmək üzrədir. Yolçu dərhal onun yanına gəlir və düşünür ki, hadisəni desəm, qorxudan ürəyi partlayar. Ona görə də yatan adamı qəfil bərkdən silkələyərək və təhdid edərək oyadır, sonra da düşünməsinə və qarnındakı ağırlığı hiss etməsinə imkan vermədən ağacın dibindəki çürük almaları zorla ona yedizdirir. Ardınca da atının qabağına qatıb onu tarlada qovalamağa başlayır. Dəyənəyin qorxusundan qaçan yazıq adam isə atlıya çox əsəbləşir. Bir azdan başı gicəllənib qaytarmağa başlayanda qarnındakı ilan çıxır. Atlı ilanın başını əzib öldürür. Kişi məsələdən agah olur.

Əslində, insan nəfs və eqoizm ilanının nə qədər qorxunc olduğunu tam dərk edə bilmir.

Quranın ibadətin tərk edilməsinə dair kəskin xəbərdarlığı və dəhşətli cəzalarına gəldikdə; necə ki, bir padşah rəiyyətinin haqqını qorumaq məqsədi ilə onun hüququnu pozan günahkara cinayətindən asılı olaraq şiddətli cəza verir, eləcə də ibadəti və namazı tərk edən adam Əzəli və Əbədi Sultanın yaratdığı varlıqların hüququna ciddi və mənəvi zülüm və  təcavüz etdiyi üçün axirətdə hesaba çəkilir, cəzaya məhkum edilir. Çünki bütün varlıqların dəyər və üstünlüyü Allahı təsbih və Ona ibadət etməsi ilə təzahür edir.

Bəli, “Bütün göylərin və yerin orduları Allahındır”[1]  ayəsi hər şeyin Allahın əsgəri və məmuru olduğunu, bu mənada bir dəyər daşıdığını bildirir.

Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin…”[2] ayəsi də bəyan edir ki, hər şey Allaha ibadət etdiyinə görə müstəsna dəyərə sahibdir. Beləliklə, qəflət və ya inkarla Allaha ibadət və itaəti tərk edən insan varlıqların ibadət və itaətini görməz və görə bilməz. Hətta inkar edər. Beləcə ibadət və təsbih cəhətdən yüksək məqama sahib və hər biri bir ilahi əsər və ilahi isimlərin güzgüsü olan varlıqlara məqamlarına layiq dəyər verməməklə və əhəmiyyətsiz, vəzifəsiz, cansız, pərişan hesab etməklə onları təhqir, dəyər və kamalını inkar etmiş olar.

Bəli, hər kəs kainata öz aynası ilə baxır. Allah insanı kainat üçün bir meyar olaraq yaratmış, hər insana xüsusi bir aləm vermişdir. O aləm də qəlbin imanına uyğun rəng alır. Məsələn, olduqca ümidsiz və qəmli bir insan bütün varlıqları ağlar və ümidsiz görür.

Olduqca sevincli və nəşəli bir adam isə kainatı nəşəli, gülər gördüyü kimi, ibadət, dua və təfəkkürə ciddi əməl edənlər isə varlıqların, həqiqətən, mövcud və mütləq ibadət və dualarını müəyyən qədər kəşf edir və görür.

Eyni zamanda bu namazsız insan öz-özünə malik olmadığı üçün Malikinin, yəni Allah-Təalanın bir qulu olan şəxsinə zülm edir. Onun Maliki olan Allah da həmin qulunun haqqını “pisliyi əmr edən nəfs”dən almaq üçün dəhşətli cəzalarla xəbərdarlıq edir.

Həmçinin “İnsanları və cinləri ancaq mənə qulluq etsinlər deyə yaratdım”[3] ayəsinə görə, insanın yaradılışının nəticəsi və qayəsi ibadətdir. Bu hikmət və qayə ilə yaradılan insan ibadəti tərk etməklə Allahın hikmətinə və İlahi iradəyə haqsızlıq, qafillik etmiş olur. Ona görə də cəzalandırılır.

[1] “Fəth” surəsi, 48/4-7.

[2] “İsra” surəsi, 17/44.

[3] “Zariyat” surəsi, 51/56.



Açar sözləri

ehtiyac ibadət namaz qulluq

Bənzər məqalələr

Yüzdən biri…

Uca Allah rəhməti yüz hissədir. Bunlardan birini insanlar, cinlər, heyvanlar və həşəratlar arasına endirib. Onlar bu səbəblə bir-birlərini sevər və bir-birlərinə acıyarlar.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.


2 şərh yazılıb
  1. nuray , 02/01/2015 tarixində, saat 06:01

    Men2006ci ilde anadan olmusam men namaza cox bagliyam mene namaz qilmaq olar?

    • meneviyyat.az , 02/01/2015 tarixində, saat 06:01

      Bəli siz namaz qıla bilərsiniz. Peyğəmbərimiz uşaqlarınıza 7 yaşındaykən namaz öyrədin, 10 yaşında gəldikdə isə namaz qılması üçün tənbehləyin buyurur. Allah qıldığınız namazları qəbul etsin.

Şərh yaz