27. 800 dəfə oxunub ,   0 şərh   Çap et

Qeybət bir insanın arxasınca xoşuna gəlməyən şeyləri danışmaq olub, bir çox İslam alimi tərəfindən böyük günah hesab edilmişdir. Qeybət bir şəxsin xarici görkəmi, bədən quruluşu, əxlaqi keyfiyyətləri, qohumları, hətta yaşadığı evə, sürdüyü maşına kimi din və dünya işləri haqqında – onun xoşuna gəlməyən sözləri, həm də arxasınca danışmaqdır. Qeybət möminin şərəf və heysiyyətinə təcavüz, Allahın təqdirinə qismən etirazdır. Bunlardan savayı, ən dəyərli sərmayə olan vaxtı boş yerə sərf və israf etməkdir.

Allah Rəsulu (s.a.s) əshabından: “Qeybətin nə olduğunu bilirsinizmi?”– deyə soruşdu.  Səhabələr: “Allah və Rəsulu daha yaxşı bilir,”– dedilər. Peyğəmbərimiz: “Qeybət (bir insanın) din qardaşı haqqında xoşuna gəlməyən şeyləri danışmasıdır,”– buyurdu. Səhabələr: “Yaxşı, bəs söylədiyimiz xüsusiyyət onda varsa?”– deyə soruşdular. Rəsulu Əkrəm belə cavab verdi: “Əgər söylədiyiniz xüsusiyyət onda varsa, qeybət etmiş, yoxdursa, iftira atmış olursunuz”[1].

İslam əxlaqı insanın qüsurlarını birbaşa üzünə deməyi xoş qarşılamadığı kimi, arxasınca danışmağı da qadağan etmişdir. Dinimiz insanlara pis ləqəblər qoşmağa, onları təhqir etməyə və onların qüsurlarını tapmaqla məşğul olmağa qətiyyən icazə vermir. Həqiqətən də, bu şeylərin çirkin olduğunu Allah-Təala “Hucurat” surəsində bildirmiş və qeybətlə bağlı buyurmuşdur: “…bir-birinizin qeybətini etməyin! Bir insan ölmüş qardaşının cəsədini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”[2]

Aşağıdakı hadis bu ayənin nüzul səbəbi kimi göstərilir: Peyğəmbərimiz (s.a.s) səfərə çıxanda yoxsul bir səhabəni iki imkanlı səhabənin yanına qoyurdu. Həmin səhabə də onların işini görürdü. Səlman Farisini də bu şəkildə iki səhabənin yanında qoymuşdu. Həzrət Salman onlara xidmət edir, yeməklərini hazırlayırdı. Bir gün yatıb qaldığı üçün heç nə hazırlaya bilməmişdi. Onlar da onu yavanlıq üçün Peyğəmbərimizin yanına göndərdilər. Rəsulullah da onu Həzrət Üsaməyə (r.a) yolladı. Üsamə verməyə bir şey tapmayıb Səlmanı (r.a) əliboş qaytarmalı oldu. Həzrət Səlman geri qayıdıb yavanlıq olmadığını deyəndə o iki adam Həzrət Üsamə haqda: “Onda yavanlığa bir şey vardı, ancaq xəsislik elədi,”– dedilər. Sonra Həzrət Səlmanı başqalarının qapısına göndərdilər, ancaq heç nə tapa bilmədi. Onlar bu dəfə də: “Biz Səlmanı Sümeyha quyusuna da göndərsək, suyunu qurudar,”– deyə onun arxasınca danışdılar. Aradan bir az keçmiş bu iki adam Rəsulullahın hüzuruna gəldi. İki Cahan  Günəşi onlara: “Nə üçün sizin ağzınızda ət bulaşığı var?”– buyurdu. Onlar da: “And içirik ki, bu gün biz nə ət, nə də başqa bir şey yemişik!”– deyə cavab verdilər. Bunun cavabında Peyğəmbərimiz: “Siz (fərqində olmasanız da), Səlman və Üsamənin ətini yemisiniz,”– buyurdu[3].

Qeybət ayədə də ifadə edildiyi kimi ölmüş bir insanın ətini yemək qədər günahdır. Ölmüş insan özünü müdafiə etməkdə aciz olduğu kimi, arxasınca danışılan adam da qeybətdən xəbərsiz olduğuna görə çarəsiz və müdafiəsizdir. Demək, qeybət etmək ölmüş bir insanın ətindən yeməkdir.  Heç bir kamil mömin də bu cür çirkin əmələ qol qoymaz. Bir cəsədi dişləmək necə xoşagəlməz işdirsə, qeybət də o cür iyrənc günahdır. Qeybət müsəlmanların ictimai həyatına da mənfi təsir göstərir. Bir vücudun ayağı əlini qısqanıb onun pisliyini istəmədiyi kimi möminlər də bir-birinin qeybətini etməməlidir. Əks halda həm din  qardaşları arasında güclü bağlar zədələnər, həm də ixlasa xələl gələr.

Allah Rəsulunun (s.a.s) Süleym ibn Cabirə verdiyi tövsiyə bu baxımdan maraq kəsb edir: “Ən kiçik yaxşılığı da – tuluğundan verdiyin suya qədər –  kiçik görmə! Din qardaşını gülərüzlə qarşıla, ona təbəssüm et! Sağollaşıb gedəndən sonra da dalınca  qeybət eləmə!”[4].      Möminin batini və zahiri birdir. O, adamın üzünə gülüb arxasınca qeybətini etməz. Hər yerdə din qardaşının haqqını qoruyar, onun heysiyyət və şərəfini öz şərəfi bilər.  Ahnəf ibn Qeys mövzu ilə bağlı: “Yanımdan ayrılıb gedən bir insanın arxasınca danışdığımı xatırlamıram,”– demiş və möminlərə gözəl nümunə olmuşdur[5].

Böyük İslam aliminin fikrincə, Allah-Təala “Hucurat” surəsində keçən ayənin  başındakı sual ədatı ilə möminlərə altı prizmadan sual verir və bunları demək istəyir:

Məgər ağlınız yoxdur ki, bu dərəcədə çirkin bir şeyi başa düşmürsünüz? Düşünmə və dərk etmə qabiliyyətinizi itirmisiniz ki, bu qədər iyrənc bir əməlin vahiməsini dərk etmirsiniz?

Qəlbinizə nə olub ki, bu dərəcədə mənfur bir günaha rəğbət bəsləyirsiniz? Bu qədər iyrənc bir şeyi necə sevmək olar?

Cəmiyyət şəklində yaşamaqdan və kollektiv şüurdan ibarət olan ictimai həyatınız və mədəniyyətiniz bu cür zərərli və zəhərli bir işi necə qəbul edir?

İnsani hisləriniz bu qədər cılızlaşıb ki, bir insanın ölü əti yeməsini  qəbul edir?

Şəfqət hissiniz harda qalıb ki, din qardaşınızın şəxsiyyətini didişdirirsiniz? Görmürsünüz ki, dəli kimi öz üzvlərinizi gəmirirsiniz?

“Vicdanınız haradadır? Fitrətiniz pozulubmu ki, din qardaşınızın ətini yemək kimi iyrənc bir işi görürsünüz?”

Qeybət edən bir insan bu sualları özünə verməli və nə dərəcədə çirkin və ağılsız iş gördüyünü başa düşməlidir.

Bəzi İslam alimləri hətta müsəlmanların himayəsində olan qeyri-müsəlmanlar (zimmilər) haqqında qeybət etməyi belə haram saymışdır.[6] Uca dinimiz zimmilərin mal, can və namusunu qorumağa təminat verir. Həqiqətən də, bir xristian və ya yəhudini incitmək məqsədilə “… yəhudi”  və ya “… xristian” demək müsəlmanı günaha sürükləyər. [7] Buna görə də möminlər hər kəslə nəzakətlə rəftar etməlidir.

Bir insanı haqsız yerə öldürmək, malını qəsb etmək necə böyük günahdırsa, mənliyinə, şərəf və heysiyyətinə toxunan sözləri danışmaq da o dərəcədə ciddi günahdır. “Əməllərimə görə Allaha hesab verəcəyəm” şüuru ilə yaşayan həqiqi müttəqi qeybə – yəni Allaha həqiqətən inanar və insanların arxasınca qeybət etməz.

Kiminsə arxasınca danışılan sözlərin qeybət olması üçün əsas şərt insanların haqqında danışılan həmin şəxsi tanımasıdır. Yəni məclis əhlinin tanımadığı bir şəxs haqqında danışması qeybət sayılmır, amma danışmamaq daha yaxşıdır. Peyğəmbərimiz (s.a.s) bir nəfərin bir qüsurunu və ya bir günah işlədiyini görəndə ad çəkməz və: “Bəzi adamlara nə olub ki, filan əməli işləyir,”– kimi ümumi ifadələr işlədərdi.

Qeybətdə əsas məsələlərdən biri də sözün hansı niyyətlə deyilməsidir. Bu, çox incə məqamdır. Qəlbin müvazinətini qoruya bilməyənlər bu məqamda səhv edib şeytanın oyuncağına çevrilə bilər. Başqa sözlə, bu cür təhlükəli sahələrə girilməməli, yox, əgər girilibsə, çox diqqətli davranılmalıdır. Qəlbinin saflığına əmin olan bir insanın gözəl niyyət və pak hislərlə başqası haqqında danışması, onun qüsurlarını düzəltmək üçün müəyyən sözlər işlətməsi qeybət sayılmır. Qəlbin müvazinəti tam deyilsə, şeytan hər an onu istəklərinə alət edə və yola yaxşı niyyətlə çıxmasına baxmayaraq üzünü cəhənnəmə sarı döndərə bilər.

Bu həssas meyara görə bir alimin yalnış fikir və görüşlərini sırf onu təhqir etmək niyyəti ilə dilə gətirmək qeybət sayıldığı halda həmin fikri başqa bir səhvi düzəltmək məqsədi ilə və ya başqa bir səbədən gözəl niyyətlə dilə gətirmək qeybət deyildir. Hətta bir insanı yanlış yoldan qaytarmaq və fikirlərini düzəltmək savab qazandırır. Bir məqama da diqqət yetirmək laızmdır: əgər söhbət zamanı ad çəkilmədən nəticə alınacaqsa, ad çəkilməməli, ümumi danışılmalıdır.

Unutmayaq ki, bir şəxsin xoşuna gəlməyən insanların arxasınca kin və qəzəb hissi ilə danışması qeybət sayılır. Möminin vəzifəsi xoşu gəlməyən şəxslərin qeybətini etmək deyil, qəzəbinə hakim olmaq və güzgünü özünə tərəf çevirməkdir. Çünki böyüklərimiz bizə kiminsə haqqında danışmazdan əvvəl öz eyiblərimizlə məşğul olmağı tövsiyə edir və: “Başqalarının günahlarına “mühasiblik” edib onun-bunun xətaları ilə məşğul olmaqdan çəkin! Qüsurlarla məşğul olmaqdan xoşun gəlirsə, bu “xobbi”ndən öz günahlarına qarşı istifadə et ki, insanların kiçik xətaları sənə öz yağlı nöqsanlarını unutdurmasın!” [8]

Abdullah ibn Abbas (r.a) da: “Dostunun qüsurlarından danışmaq ağlına gəldimi, dərhal öz xətalarını  yadına sal!”[9]‒ deyərək mömini əvvəlcə öz qüsurları ilə məşğul olmağa çağırır.         Pis şeyləri boyuna almamaq, özündən bilməmək, yaxşı şeyləri isə öz adına çıxmaq nəfsin əsas zəif cəhətlərindən biridir. O, məvacib, mükafat veriləndə dərhal tələsir, iş deyiləndə xətalardan, ölümdən danışılanda yaxasını kənara çəkir. Bir Haqq dostuna istinad edilən: “Başqalarının qüsurlarını görməkdə qartallara, öz xətalarımızı görməkdə isə köstəbəklərə bənzərik,”– kəlamı bu mövzunu necə gözəl ifadə edir. Həsən Bəsri insanın öz eyiblərini görməməsi haqda deyir: “Ey Adəm övladı! Qardaşının gözünə batan çöpü görürsən, amma öz gözündəki ağac kökündən xəbərin yoxdur”[10]. Böyük alim başqa bir nəsihətində isə belə deyir: “Ey Adəm övladı! Sən öz xətalarına görə insanları pisləməkdən əl çəkmədikcə və bu səhvi düzəltməyə özündən başlamadıqca imanın həqiqətinə çata bilməzsən. İslaha özündən başlasan, birinci nəfsinlə məşğul olacaqsan. Allaha ən sevimli qul da nəfsinin qüsurlarını düzəltməklə məşğul olan bəndədir”[11].

Nəfsi tərbiyə etmək hər kişinin yox, ər kişinin işidir. Başqalarının qüsurları ilə deyil, öz xətaları ilə məşğul olmaq ərənlərin xarakteristik xüsusiyyətidir. Bu ağır imtahanın öhdəsindən gəlmək isə çətin bir mərhələni geridə qoymaq deməkdir. Uca Mövla bizləri nəfsinin yırtıqlarını yamamağa başı qarışıb başqalarının söküklərini görməyə fürsət tapmayan qullarından eyləsin! Hər kəs evinin qabağını təmizləsə, bütün məhəllə və şəhər tərtəmiz olar. Bunun kimi də hər kəsin bilavasitə öz həyatı ilə  – qüsurları ilə məşğul olarsa, Farabinin arzu etdiyi fəzilətli cəmiyyətin təşəkkül tapması reallığa çevrilər.

[1] Müslim, “Birr” 70

[2] “Hucurat” surəsi, 49⁄12

[3] Zəməxşəri, “Kəşşaf” 4/377; Əbus-Suud, “Təfsir” 8/122

[4] Əli əl-Müttəqi, “Kənzül-ümmal” 6/188)

[5] İbn Əbid-Dünya, “əs-Samt və ədəbül-lisan” 1/132

[6] Alusi, “Ruhul-Məani” 26/160

[7] İbn Hibban, “Səhih” 11/238

[8]  “İşığın göründüğü ufuk” s. 236

[9] İbn Əbid-Dünya, “əs-Samt və ədəbül-lisan” 1/130

[10] Abdullah ibn Mübarək, “əz-Zühd” 1/69-70

[11] İbn Cəvzi, “Sifətüs-safvə” 3/234




Bənzər məqalələr

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

İfk hadisəsindən alınacaq dərslər

Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?

Nəcva nədir?

İki ya da daha çox insanın öz aralarında pıçıldaşması, başqalarının eşidə bilməyəcəyi şəkildə yavaş səslə danışması və bir-birinə bəzi sirləri açmasına nəcva deyilir. Qurani-Kərimdə bir neçə nəfərin toplanaraq bəzi məsələləri gizlin və xüsusi görüşmələrlə həll etməsi nəcva adlandırılır.

Ailədə qeybət

Ərlə arvadın bir-birinin qeybətini etməsi caizdmi? Ailədə ərlə arvad arasında vaxtaşırı müəyyən problemlər olur. Bu problemlərini, necə dəyərlər, üz-üzə oturub həll etmək yerinə, orda-burda üçüncü şəxslərə (hətta valideynlərinə belə) danışmaları və bu zaman bir-birini tənqid etmələri, xəta və qüsurlarını açıb-ağartmaları qeybətdir, dolayısilə də, caiz deyil.

Qeybətin cəzası nədir?

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində qeybətin axirətdəki cəzası haqda buyurur: “Rəsulullah bir dəfə əshabla birlikdə olanda: –  Müflis kimdir? – deyə soruşdu. Bunun cavabında səhabələr: – Pulu və malı olmayan, onları əlindən çıxaran – dedilər.


Şərh yaz