1. 459 dəfə oxunub ,   0 şərh   Çap et

 “Bu günün işini sabaha qoyma.” (Atalar sözü)

Bir gün bir səyyah bir alimə rast gəldi. Alim bir ağacın altında oturmuş və qucağında bir torba tutmuşdu. Üstəlik, mənalı-mənalı düşünürdü.

– Nə düşünürsünüz? – deyə səyyah soruşdu.

– Elə indicə bir şey kəşf etdim, – deyə alim cavab verdi və torbasından çürük bir alma çıxartdı:

– Bu alma keçmişdən xəbər verir. Vaxtında istifadə edilmədi. İndi isə onun üçün gecdir…

Sonra alim torbasından kal bir alma çıxartdı və sözünə davam etdi:

– Bu alma isə gələcəkdən xəbər verir. Hələ kaldır və istifadə edilmək üçün öz vaxtını gözləyir…

Axırda alim torbasından dəymiş bir alma çıxartdı və sözünə davam etdi:

– Bu alma isə bu gündür. Bu gün istifadə edilməlidir. Əgər istifadə edilməsə, sabah onun da o biri almalardan fərqi olmayacaq. Ona gora da insan bu gününün qiymətini bilməlidir. Çünki keçmiş keçmişdə qaldı, gələcək isə gələcəkdədir…




Şərh yaz