2. 198 dəfə oxunub ,   0 şərh   Çap et

 “Gözəl söz” Qurani-Kərimdə kökü yerin dərinliklərinə işləmiş, budaqları göyə yüksəlmiş, Rəbbinin izni ilə hər zaman meyvə verən bir ağaca bənzədilir (İbrahim, 14/24-25). “Pis söz” isə gövdəsi asanlıqla çıxan, kök atmamış bir ağacla müqayisə edilir (İbrahim, 14/26).

Qurani-Kərimdə keçən “kəlimeyi xabisə – pis söz” anlayışı təkcə pis və yanlış sözləri deyil, eyni zaman da yanlış inanc sis­tem­lərini də bildirir. Bu, Qurani-Kərimdə yuxarıda qeyd etdiyimiz kimi, “Gövdəsi asanlıqla qopan, kök atmamış dəyərsiz bir ağac” ifadələri ilə verilmişdir.

1. Zahirən kök atmış kimi görünür, amma bu, aldadıcıdır.

2. Yerindən asanlıqla çıxarmaq mümkündür.

3. Heç cür kök ata bilmir.

4. Dəyərsizdir.

Demək ki, belə “pis söz”, ya da fikirlərin kökü-köməci möhkəm deyil, üzdədir, bir rüzgarla yerindən qopub havaya tolazlanır. Sanki, həm xeyrə, həm də pisliyə mənbə olan torpaq o ağacı kənara atmağa hazır dayanıb. Dəyərsizliyinə baxmayaraq atılan toxumların bəziləri böyüməyi və pis bir ağaca çevrilməyi bacarsa da, bir yelə bənddir ki, kökündən qopub göyə uçsun. “Mələyi-Ala” (“Mələklər aləmi”) səviyyəsində heç bir pisliyə yer yoxdur, nəticə etibarilə, imtahan sirri olmasaydı və yenə insana imtahan sirrinə görə cüzi iradə verilməsəydi, pislik heç qol-qanad açmazdı. Ancaq Allah (cəllə cəlaluhu) əzəli və əbədi hikməti baxımından bəzilərinin məhdud azadlıqdan sui-istifadə edib “pis sözü” həyatın amalına çevirməsinə müvəqqəti izin vermişdir. Pislərin müəyyən dərəcəyə qədər böyüməsinə imkan verilir. Ancaq bu, yenə də pis düşüncəli insanların yaxşıya yönəlməsinə imkan vermək, axirətdə nəyisə bəhanə gətirmələrinin qarşısını almaq üçündür. “Gözəl söz”lə “pis söz”ün fərqi göz qabağındadır, dünyanın mədəni, dini və intellektual tarixini obyektiv araşdıran hər kəs bunu rahat görə bilər. Çünki “gözəl söz” tarix boyunca daima dəyişmədən yaşamış, yaşadılmış tarix səhifələrindən silinməmişdir. Əksinə, tarixdə saysız-hesabsız “pis söz” ortaya çıxsa da, bunların tarix kitablarında sadəcə adları qalıb. Hətta bəziləri o qədər cəfəngdir ki, indiki insanlar bunları görsələr, keçmiş insanların belə ağlasığmaz şeylərə necə inandığına təəccüb edərlər. “Küləyin sovurduğu bir yığın kül”  (İbrahim, 14/18), “sel köpüyü” və “əridilmiş filizlərin köpüyü” misalları  (Rad, 13/17) da “gözəl söz”ü “pis söz”dən (haqqı batildən) ayır­maq üçün çəkilir.

Bu mülahizələrdən sonra Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) “dildən düzgün istifadə məsuliyyəti”nə dair xəbərdarlıqlarını bir­likdə araşdırmaq  yaxşı olardı.

Hədislərdə bildirilir ki, səhər açılınca bütün əzalar dilə hörmətlə baş əyib az qala yalvarır, dilin doğruluğunun onların doğruluğu olduğunu deyir. Əbu Səid əl-Xudri Peyğəmbərimizdən (sallallahu əleyhi və səlləm) nəql edir: Adəm oğlu səhər oyanınca bütün əzaları dilə xahiş edib: “Bizə görə Allahdan qorx. Çünki biz sənə tabeyik. Sən düz yolda olsan, biz də düz yolda olarıq, sən yoldan çıxsan, biz də çıxarıq,”  – deyirlər.[1]

Dilin doğruluğu əzaların da doğruluğunda mühüm əhəmiyyət kəsb edir. Buna görə də insan  ən çox dilindən qorxmalıdır. Sufyan ibn Abdullah (radiyallahu anh) nəql edir:

“Ey Allahın Rəsulu, – dedim, – bir tövsiyə ver, əməl edim!” Bu cavabı verdi: “Rəbbim Allahdır” de, sonra dürüst ol!” “Ey Allahın Rəsulu, – dedim təkrar, – mənə görə nədən qorxursunuz?” Əli ilə dilini tutub sonra: “Bax bundan!” – buyurdu.[2] Əbu Hureyrədən gələn bir hədisdə də Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurur: “Allaha və axirət gününə inanan ya xeyirli, faydalı şeylər danışsın, ya da sussun.”  Tirmizinin İbn Ömərdən (radiyallahu anh) verdiyi bir hədisdə isə: “Kim susarsa, nicat tapar,” – buyurmuşdur.[3]

İnsanın lüzumsuz, başqa sözlə, onunla əlaqəsi olmayan mövzularda danışmağa vərdiş etməsi belə çox şeyi itirmək deməkdir. Yəni bir insan namaz qılır, oruc tutur, İslama uyğun yaşamağa çalışır, ancaq dili ilə boş və yersiz danışmaqdan qalmırsa, cənnət umduğu yerdə cəhənnəm alovları ilə qarşılaşmağa hazır olmalıdır. Hz. Ənəsdən (radiyallahu anh): “Bir adam ölmüşdü. Bir nəfər Rəsulullahın eşidəcəyi şəkildə belə dedi: “Cənnəti mübarək olsun!” Rəsulullah (sallallahu əleyhi və səlləm) soruşdu: “Haradan bilirsən? Bəlkə, o, lüzumsuz şeylər danışıb və ya xəsislik edib!”[4]

Bu hədisi-şərifdə təkcə boş və yersiz danışmaq deyil, eyni zamanda xəsislik də pis xasiyyət kimi göstərilmişdir. Bu məsələ yalnız insanın özünə aid olmayan, lüzumsuz mövzularda nəsə deməsi ilə məhdudlaşmır. Çox vaxt əhəmiyyətsiz saydığımız bir kəlmə istər yaxşılıq, istərsə də pislik baxımından bizim üçün mühüm nəticələr doğurur. Əbu Hureyrə (radiyallahu anh) Rəsulullahın (sallallahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Bəndə (bəzən) Allahın rizasına uyğun olan bir sözü düşünmədən dilə gətirər, Allah da buna görə onun cənnətdəki dərəcəsini yük­səldər. Yenə bəndə Rəbbinin xoşuna gəlməyən bir kəlməni dü­şünmədən söyləyər, Allah da bu səbəbdən onu cəhənnəmdə yetmiş illik çuxura atar.”[5]

Elə isə insan danışığına diqqət etməli, faydalı və gözəl mövzulardan bəhs edəcəksə, danışmalı, yoxsa susmalıdır. Çünki faydalı, yəni həm dində, həm də adət-ənənədə gözəl sayılan sözləri danışmaq ona savab qazandırdığı kimi, əksini danışmaq da günah qazandırar. Ümmü Həbibə (radiyallahu anh) Rəsulullahın (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql edir:

“Əmri bil-məruf[6] və ya nəhyi-anil-münkər,[7] yaxud da Allah-Təalanı (cəllə cəlaluhu) zikir etmək istisna, (danışdığı) qalan sözlər insan oğlunun lehinə deyil, əleyhinədir (zərərinədir).”[8] İbn Ömərdən gələn bir hədisdə Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur: “Allahın zikri istisna, çox söz danışmayın! Çünki Allahın zikrindən savayı, çox danışmaq qəlbə qatılıq verər. Bilin ki, Allahdan ən uzaq insan ən qatı qəlbli insandır.”[9]

Dilin bir bəlası da insanları inandırmaq üçün dil incəliklərindən istifadə edilməsidir. Dil incəliklərindən istifadə edib istər həm­cins­ləri, istər qarşı cinsi, istərsə də işdə, ticarətdə əməkdaşları, müş­tə­ri­ləri aldatmağa çalışmaq islami duyğu, düşüncə və davranışlarla bir araya sığmır. Əbu Hureyrənin (radiyallahu anh) rəvayətinə görə, Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur:

– Kim insanları aldatmaq üçün gözəl danışmağı öyrənərsə, Allah qiyamət günü onun nə fərz, nə də nafilə – heç bir ibadətini qə­bul etməz!”[10] Buna bənzər digər bir hədisə isə İbn Məsudda (radiyallahu anh) rast gəlinir: “Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Sözlərini bəzəyə-bəzəyə danışanlar həlak oldular! Sözlərini bəzəyə-bəzəyə danışanlar həlak oldular! Sözlərini bəzəyə-bəzəyə danışanlar həlak oldular!”[11]

Dilin bir bəlası da nəfsin münaqişə və mübahisəyə meyilli olmasıdır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “(Mömin) qardaşınla münaqişə etmə, onun xoşuna gəlməyən zarafatlar eləmə və ona yerinə yetirməyəcəyin sözü vermə”[12] – buyurmuşdur.

1. Haqlı belə olsa, münaqişədən çəkilən,

2. Zarafat belə olsa, dilinə yalan söz gətirməyən,

3. Əxlaqı gözəl olan insanlara sıra ilə cənnətin kənarında, ortasında və ən üstündə bir köşk, yəni əslində cənnət vəd edilir.[13]

Məsələnin həllinə faydası olmayan, hətta insanların münasibətlərinə xələl gətirən münaqişələr əvəzinə, mümkünsə, real fikirlər və həll yolları irəli sürülməli, fərqli fikirlərə sayğının nöqsan deyil, fəzilət olması göstərilməlidir. Başqalarının fikir və əməyinə dəyər vermək, dinləməyi bacarmaq və bilik mübadiləsinə müsbət yanaşmaq bir çox problemlərin həll edilməsində faydalı olur. Bunun üçün uyğun suallar soruşmaq və izahatlar vermək, yeri gələndə təmkinli davranıb məsələyə müdaxilə etməmək kimi me­todlar dalğaqıran kimi  dil bəlalarının qarşısını alır.

Dilin biri bəlası da təhqirə təhqirlə cavab verməkdir. Allah-Təala buyurur: “Allah ağır və incidici sözlərin ucadan deyilməsini heç sevməz, ancaq zülmə məruz qalmış şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidir və görür. Bununla birlikdə əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!” (Nisa, 4/148-149).

Bu ayə insanlara, xüsusilə, əsəbi vaxtlarda səbir etməyi öyrədir. Bəzi problemli adamlar hər fürsətdə başqaları ilə pis dav­ranır. Belə davranışlarla rastlaşan insanların nifrət və qəzəb hissinə məğlub olma ehtimalı yox deyildir. Allah (cəllə cəlaluhu) belə hislərə qapılmamaq üçün bizə xəbərdarlıq edir və haqlı olsaq belə, qəzəbi büruzə verməməyi, hislərin əsirinə çevrilməməyi öyrədir. Gizli və ya aşkar yaxşılıq etməyi və ya heç olmasa pisliyə pisliklə cavab verməməyi nəsihət edir. Çünki Allah (cəllə cəlaluhu) o qədər bağışlayandır ki, üsyankar bəndələrini belə ruzisiz qoymur. Bu səbəbdən həlim davranıb ən əsəbi və çətin anlarda belə bağışlamağı bacarmaq kimi ilahi bir əxlaqa hava-su qədər zəruridir.

Qeyd etdiyimiz kimi, nalayiq hərəkətlərdən, günahlardan çəkinməyən və bu cür davranışları açıq-aşkar edən, yəni “həya-utanma” hissi zəif olan, günahlarını hamının yanında danışmaqdan sıxılmayan bir insanın xətalarını misal çəkib başqalarına xəbərdarlıq etmək qeybət deyildir. Ancaq belə bir insanın arxasınca və yersiz hərəkətlərindən danışmaq “qeybət” sayılmasa da, üz-üzə gələndə ona iltifat göstərmək, gülərüz davranmaq, yaxşı sözlər demək, yəni “sərt” olmamaq da insani məsuliyyətdir. Hz. Aişə (radiyallahu anh): “Bir adam Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna girmək üçün icazə istəmişdi. Allah Rəsulu: “Bir qəbilənin qardaşı (yəni icazə istəyən) nə pis insandır!” – buyurdu. Ancaq adam içəri girəndə onu yaxşı qarşıladı, xoş danışdı. Adam gedəndə: “”Ey Allahın Rəsulu! Adamın səsini eşidəndə filan sözləri dedin. Ancaq (gələndə) iltifat göstərdin, xoş danışdın”, – dedim. Bu cavabı verdi: “Ey Aişə! Məni nə vaxt kobud görmüsən? Qiyamət günü Allah-Təala qatında dərəcəsinə görə ən pis insan kobudluğu ilə insanları qaçıran şəxsdir.”[14]

İnsanın gizli işlədiyi və heç kimin görmədiyi günahlarını başqalarına açıq-aşkar deməsi də açıq-aşkar günah etmək sayılır. Əbu Hureyrə (radiyallahu anh) nəql edir:

“Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, ümmətimin hamısı əfv olunacaq,  açıq-aşkar günah işləyənlər istisna. Allah (cəllə cəlaluhu) insanın gecə yarısı işlədiyi pis əməli örtmüşdür. Amma o, səhər açılanda: “Ey filankəs, bu gecə mən filan işləri gördüm!” deyir. Beləcə o, Allahın (cəllə cəlaluhu) gecə örtdüyünü səhər olunca faş edir. Bu da açıq-aşkar günah işləməyin bir növüdür.”[15]

Xülasə, bu gün tez-tez eşidilən bir söz vardır. Məclislərdə dost-tanış, qohum-əqrəba oradan-burdan danışarkən, bir də görürsünüz ki, söhbət dini-əxlaqi davranışlara gəlib çıxıb. Demək olar, hər kəs özünü doğru, el-aləmi səhv yolda gördüyü üçün ümumən belə şikayətlər dilə gətirir:

“Yox qardaş, bu insanlarda düzlük qalmayıb! Təəccüblü haldır ki, hər kəs saxtakarlıqla məşğuldur! Bu insanlar hara gedir!” Bir tərəfdə yanlışlıqları düzəltmək üçün həm sözlə, həm də əyani şəkildə doğru və gözəl olanı göstərmək, əməl etmək var, digər tərəfdə isə heç bir iş görmədən sırf “tənqid etmək” məqsədi ilə Allahın (cəllə cəlaluhu) sevmədiyi sözləri danışmaq var. Birincisi, həyati əhəmiyyətli ruhi-mənəvi dinamizm, ikincisi isə, insan mənəviyyatını kor və kar edən öldürücü virusdur. Göründüyü kimi bu ikinci növ davranışlar İslam əxlaqına ziddir. Əbu Hureyrə (radiyallahu anh), Rəsulullahın (sallallahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir: “Bir şəxsin “İnsanlar həlak oldu!” dediyini eşitsəniz, bilin ki, hamıdan çox özü həlaka məruz olub.”[16]

Yunus Əmrə də “Söz” adlı şeirində  bir sıra incə mətləb və ger­­­­çəklərə toxunur.

Söz

Sözünü bilən adamın yüzünü ağ edə bir söz

Sözü bişirib deyənin işini sağ edə bir söz

Söz ola kəsə savaşı, söz ola kəsdirə başı

Söz ola ağulu aşı,[17] bal ilə yağ edə bir söz!

Sözlərini bişirgil, yaramazını şaşırgil[18]

Sözün us[19] ilə düşürgil, damağı çağ edə bir söz

Gəl, ey könlüm şəhriyarı, sözümüzü dinlə barı

Yüz min gövhərü dinarı, qara torpaq edə bir söz

Adam bilə söz dəmini, deməyə sözün kəmini

Bu dünya cəhənnəmini səkkiz uçmaq[20] edə bir söz

Yürü yürü yolun ilə, qafil olma bilin[21] ilə

Anla ki, öz dilin ilə, dərdini dağ edə bir söz

Yunus imdi söz yatından,[22] söylə sözü qayətindən[23]

Saqın o şeh qatından, səni iraq edə bir söz! [24]


[1]. Tirmizi, Zühd 61, (2409).

[2]. Tirmizi, Zühd 61, (2412).

 [3]. Tirmizi, Qiyamət 51, (2502).

 [4]. Tirmizi, Zühd 11, (2217).

 [5]. Buxari, Riqaq 23; Müslim, Zühd 49, (2988); Muvatta, 4, (985); Tirmizi, Zühd 10, (2315).

 [6]. Yaxşı əməlləri əmr etmək, yaxşılığa çağırmaq

 [7]. Pis əməllərdən çəkindirmək

 [8]. Tirmizi Zühd 63, (2414).

 [9]. Tirmizi Zühd 62, (2413).

 [10]. Əbu Davud, Ədəb 94, (5006).

 [11]. Müslim, Elm 7, (2670); Əbu Davud, Sünnət 6, (4609).

 [12].  Tirmizi, Birr, 58.

 [13]. Əbu Davud, Ədəb 7, (4800).

 [14]. Buxari, Ədəb 38, 48; Müslim, Birr 73, (2591); Muvatta, Hüsnül-Xulq 4, (2, 903, 904); Əbu Davud, Ədəb 6, (4792, 4793); Tirmizi, Birr 59, (1997).

 

[15].  Buxari, Ədəb 60; Müslim, Zühd 52, (2990).

[16]. Müslim, Birr 139, (2623); Muvatta, Kəlam 2, (2, 989); Əbu Davud, Ədəb 85, (4983).

 [17]. Zəhərli yeməyi

 [18]. Ayır, arıt, təmizlə mənasında

 [19]. Ağıl

 [20]. Cənnət

 [21].  Ağlın, biliyin

 [22]. Yadından, layiq olmayanından

 [23]. Yaxşısından, ürəyə yatanından

 [24]. Ey Yunus, sözün ən yaxşısını seçərək üsuluna uyğun söylə, aman diqqətli ol, səni Allah qatından uzaqlaşdıran bir söz söyləməyəsən!

 



Açar sözləri

dil bəlası ədəb əxlaq

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.


Şərh yaz