13 dəfə oxunub ,   0 şərh   Çap et

ƏLVİDA RAMAZAN

Ramazanın son günlərində qəlbimizdə yaranan o incə hüzün sadəcə bir ayın bitməsinin kədəri deyil. Bu, əslində insanın özünün daha saf, daha təmiz, daha mənalı halı ilə ayrılmasının hüznüdür. Çünki Ramazan bizə bir ay boyunca “olduğumuz kimi deyil, ola biləcəyimiz kimi” yaşamağı öyrədir.

Bu səbəbdən “əlvida” deyərkən əsas sual budur:
Biz Ramazanla vidalaşırıq, yoxsa köhnə vərdişlərimizlə?

Ramazan – Mənəvi Təmizlənmə Məktəbi

Ramazan sadəcə aclıq və susuzluq deyil. O, insanın:

  • dilini yalandan,
  • gözünü haramdan,
  • qəlbini kin və qəzəbdən təmizləmə məşqidir.

“Oruc bir qalxandır. Oruc tutan şəxs heç kimə hörmətsizlik etməsin və ya əxlaqsız söz danışmasın. Əgər kimsə onunla dalaşmaq və ya təhqir etmək istəyərsə, iki dəfə “Mən orucluyam” desin. Canım əlində olan Allaha and olsun ki, oruc tutanın ağız qoxusu Allah üçün müşk ətrindən daha xoşdur. Allah oruc tutan şəxs haqqında belə deyir: “Qulum, Mənim üçün yeməkdən, içməkdən və cinsi ehtiraslardan çəkinir. Oruc Mənim üçündür və ona mükafat Mən verəcəyəm. Hər yaxşı əməlin on qat savabı var.” (Buxari, Savm, 2) Başqa bir hədisdə isə belə deyir: “Oruc, oruc tutana yaraşmayan şeylərlə zədələnmədikcə, qalxandır.” Səhabələr: “Onu nə zədələyir?” deyə soruşduqda, Peyğəmbər (s.a.s): “Yalan danışmaq və qeybət etmək…” deyə cavab vermişdir. (Nəsəi; Siyam, 43)

Qurani-Kərimdə belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edildi ki, təqvalı olasınız.” (Bəqərə, 2:183)

Bu ayə göstərir ki, Ramazanın məqsədi sadəcə ibadət deyil, insanın mənəvi transformasiyası, dəyişməsi, inkişaf etməsidir.

Başqa bir ayədə isə belə deyilir:

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ

“Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır.” (Bəqərə, 2:185) Bu isə Ramazanın həm də idrakın, şüurun və istiqamətin yenilənməsi olduğunu göstərir.

 

Peyğəmbər (s.ə.s.) və Ramazan Disiplini

Peyğəmbərimiz (s.ə.s.) buyurur:

“Kim iman edərək və savabını Allahdan umaraq Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.” (Buxari, Müslim) Başqa bir hədisdə isə:

“Oruc qalxandır. Sizdən biri oruclu olduğu zaman pis söz danışmasın, cahillik etməsin.” Bu hədislər Ramazanın sadəcə ibadət deyil, davranış etikası qurduğunu göstərir.

“Əlvida” Deyərkən Əslində Nəyi Ölçürük?

Ramazanın sonunda hiss etdiyimiz o boşluq hissi əslində bir testdir:

  • Namazlarımız davam edəcəkmi?
  • Dilimiz yenə əvvəlki kimi naxoş sözlər deyəcəkmi?
  • Qəlbimiz yenə dünya ilə dolacaqmı?

Əgər hər şey əvvəlki kimi olacaqsa, deməli biz sadəcə Ramazanı yaşamışıq, amma Ramazan bizi dəyişdirməyib.

“Ramazan insanın iç dünyasına enməsi, ruhunu yenidən inşa etməsi və Allahla əlaqəsini dərinləşdirməsi üçün ilahi bir fürsətdir.”

Ramazan:

  • sadəcə ibadət ayı deyil,
  • qəlbin yenidən doğulduğu bir məktəbdir.

“Ramazan ayı başlayanda Cənnətin qapıları açılar, Cəhənnəm qapıları bağlanar və şeytanların ən üsyankarları zəncirlənər.” (Buxari, Savm, 5). Hədisdə keçən “mərede” sözü inadkar, müqavimətçi və təcavüzkar mənasını verir. Bu ifadə ən pis, itaətsiz və kor şeytanlara aiddir.

Şeytan yox olmur. Ancaq inadkarları zəncirlənir. Aclıqla insan iradəsi bülövlənir. İnsan öz iradəsi ilə mənəvi qalxanı qırmasa onu, demək qalxan insanı qoruyur. Bu ifadəni tərsi də keçərlidir. Demək insan həmin qalxanı zədələyə, qaldıra da bilər.

 

Qəzalinin “Nəfsi Tərbiyə” Yolu və Müasir Psixologiya

İmam Qəzali nəfsi tərbiyə üçün üç əsas mərhələ göstərir:

  1. Müşahidə (muhasaba) – özünü izləmək
  2. Mübarizə (mücahədə) – nəfsə qarşı çıxmaq
  3. Tərbiyə (riyazət) – yeni davranışları formalaşdırmaq

Müasir davranış psixologiyası isə bunu belə ifadə edir:

Vərdiş → təkrar → şəxsiyyət

Təkrar olunan hər davranış beyində yeni sinir yolları yaradır. Bu yollar gücləndikcə davranış şəxsiyyətin bir hissəsinə çevrilir. “Biz kim olduğumuz bu kimi davranmırıq, çox vaxt necə davranırıqsa, ona çevrilirik.”

Qəzali “nəfsi dəyiş” deyir, psixologiya “vərdişi dəyiş” deyir — nəticə eynidir: insan dəyişir.

Ramazan isə bu iki yanaşmanın kəsişdiyi ən güclü zamandır. Çünki:

  • 30 gün təkrar olunan ibadətlər
  • 30 gün davam edən özünü nəzarət
  • 30 gün formalaşan yeni davranışlar

Bu artıq neyro-psixoloji səviyyədə vərdiş qurmaq üçün ideal müddətdir.

Növbəti 11 Ayı üçün Qəbul Edəcəyimiz Qaydalar

Ramazandan sonra həyatımıza bir “mənəvi davranış qaydaları” yazmaq mümkündür. Məsələn:

  • Minimum ibadət standardı: gündəlik namaz + qısa dua
  • Dil: qeybət və sərt sözə nəzarət
  • Qəlb: kin saxlamamaq
  • Vaxtı idarə etmək: boş vaxtı faydalı ilə doldurmaq

Bu, Ramazanın təsirini qorumağın yeganə yoludur.

“Bu Ramazan sizin daxili dünyanızda hansı köhnə ‘bütü’ sındırdı?”

Bu “büt”:

  • eqo ola bilər,
  • qürur ola bilər,
  • asılılıq ola bilər,
  • ya da sadəcə laqeydlik…

Nəticə: Necə Gözəl Vidalaşmaq Olar

Ramazanla vidalaşmaq bir ayrılıq deyil —  əgər onun bizdə qoyduğu izləri yaşada bilsək, bu bir başlanğıcdır.

Əsl gözəl vida odur ki:

  • Ramazan gedər,
  • amma onun gətirdiyi insan qalır.

SON SÖZ:
RAMAZAN BİZDƏN GETDİ, YOXSA BİZ RAMAZANDAN?

 




Şərh yaz