22. 799 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Bir neçə gün öncə bir saytdan oxudum ki, “bir insanın qəlbini qırmaq Kəbəni yeddi dəfə dağıtmaq qədər günahdır”.Bu ifadə doğrudurmu?

Cavab:Bu söz xalq arasında bir kəlmə fərqi ilə “Bir insanın qəlbini qırmaq Kəbəni yetmiş dəfə dağıtmaq qədər günahdır” şəklində xalq arasında çox geniş yayılmışdır.

Bildiyimiz kimi, Kəbə Allahın evi və müsəlmanların qibləsidir. Dünyada yaşayan bütün müsəlmanlar namaz qılarkən Kəbəyə yönəlirlər. Bu baxımdan Kəbə eyni zamanda bizim üçün birlik və vəhdət simvoludur. Hər il həcc mövsümündə yüz minlərlə mömin Kəbəyə can atır və o müqəddəs məkanda irq, dil, mövqe, məqam kimi bir çox fərqləri bir kənara qoyaraq bir vücud halında Allaha yönəlirlər. Haqq-Təala Kəbəyə elə bir mənəvi ab-hava verib ki, insanlar orada Allahın əzəmətini, sonsuz qüdrətini və əhatəediciliyini iliklərinə qədər hiss edirlər. Buna görə də Həzrəti Adəmdən bu yana Kəbə inananlar üçün həmişə bir cazibə mərkəzi olmuşdur.

Yeri gəlmişkən, burada İslam tarixinə “Fil” hadisəsi adı ilə düşən bir hadisəni xatırlamaq istərdim. Peyğəmbərimizin dünyaya təşrif buyurması ərəfəsində Yəmən valisi (canişini) Əbrəhə insanların axın-axın Kəbəyə ziyarətə getməsini həzm edə bilmir və bu müqəddəs məbədi dağıtmaq qərarına gəlir. Bu məqsədlə güclü ordu toplayır, orduya filləri də daxil edir. Əbrəhə qarşısına çıxan bütün qüvvələri məğlub edərək Məkkə yaxınlığına qədər irəliləyə bilir.

Elə Kəbəni dağıtmaq üçün hərəkətə keçmək istəyəndə bir anda göy üzündə minlərlə quş peyda olur. “Əbabil” adlanan bu quşlar ayaqlarında gətirdikləri qızmar torpaq parçalarını Əbrəhənin və əsgərlərinin başına yağdırır.

Çox keçmədən Əbrəhə və ordusu biçilmiş əkin tarlası kimi yerlə-yeksan olur. Beləcə Uca Allah bu müqəddəs evini hifz edir və onun dağılmasına izin vermir. Kəbə Allah dərgahında məhz belə müstəsna yerə sahibdir.

Suala gəlincə bu deyimdə Kəbə ilə insan qəlbi qarşılaşdırılır. Əvvəlcə bir məqamı vurğulayaq ki, “Kəbə üstündür, yoxsa insan qəlbi?” şəklində müqayisə aparmaq bizi yanlış nəticələrə apara bilər. Onun üçün də ən yaxşısı, bu cür müqayisə aparmamaq lazımdır. Bununla belə İslam alimləri və Allah dostları insan qəlbini Kəbəyə bənzətmişlər. Dünyanın qəlbi olan Kəbədə Allahın əzəməti bütün ehtişamı ilə təcəlli etdiyi kimi, insan qəlbində də Rəbbimizin sonsuz rəhməti, gözəl isimlərinin təcəllisi hiss olunur. Səmimi müsəlmanın qəlbi Allah sevgisi, Allah qorxusu başda olmaqla, imana xas bütün gözəl hislərin taxt qurduğu mənəvi və mübarək bir məkandır. Haqq və xalq şairi Yunus Əmrə bu həqiqəti necə gözəl ifadə etmişdir:

Könül Çələbin[1] taxtı,

Çələb könülə baxdı.

İki cahan bədbəxti,

Kim könül yıxarsa.

Allaha bağlı olan səmimi bir qəlbin, şübhəsiz ki, Onun dər­ga­hında böyük dəyəri vardır. Uca Allah Kəbəyə düşmən­çi­likdən xoşnud olmadığı kimi, belə bir qəlbin qırılmasına da razı olmaz. Əslində, hər bir müsəlmana yaraşan cəhət başda ata-ana olmaqla, dostlar və bütün insanlarla yaxşı rəftar etmək, onları incitməməkdir.

Sonsuz mərhəmət sahibi Rəbbimiz ən gözəl bəyan olan Qu­rani-Kərimdə: “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər kobud, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər” (“Ali-İmran” surəsi, 159) ayəsi ilə Peyğəmbərimizin həlim xasiyyətli olmasına və ətrafındakı in­san­larla şəfqətlə davranmasına diqqət çəkir. Başqa bir ayədə isə Rəbbimiz Peyğəmbərimizin şəxsində bizə belə öyüd verir: “Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!) Belə etsən, bir də baxarsan ki, aranızda düşmənçilik olan şəxs yaxın dostun olub!” (“Fussilət” surəsi, 34)

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) də “Ən üstün (yetkin) mö­min ən gözəl əxlaqı olan, insanlarla ən yaxşı rəftar edən mömin­dir” bəyanı ilə yaxşı və gözəl insan olmağın yolunu göstərir. Elə isə bizim vəzifəmiz hamı ilə gözəl rəftar etmək, heç kimin qəlbini qırmamağa çalışmaqdır.

Bu məsələdə qul haqqı olduğuna görə də çox diqqətli davranmalı, bilmədən kiminsə qəlbini qıranda dərhal üzr istəyib könlünü almalıyıq.

Rəbbimiz Peyğəmbərimiz kimi bizi də Quran əxlaqı ilə süsləsin.



[1] Çələb – Allah

 



Açar sözləri

əxlaq

Bənzər məqalələr

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Mizan və gözəl əxlaq

“Qiyamət günü tərəziyə ilk qoyulacaq şey gözəl əxlaqdır.”

Hədislərdə dil əxlaqı

Dil, Allahın insana bəxş etdiyi ən böyük nemət və Onun yaratdığı ən incə sənət əsərlərindən biri olmaqla yanaşı yerində istifadə edilmədiyi zaman potensial təhlükəyə çevrilmə xüsusiyyətinə də malikdir. Dil insan üçün istifadə məqsədindən asılı olaraq yerinə görə rəhmət, yerinə görə də bəla və müsibət səbəbi ola bilər. Dil bədəndə kiçik orqan olmasına baxmayaraq yerinə yetirdiyi funksiya və səbəb olduğu işlər etibarilə böyük təsirə malikdir.

Tərəzidə ən ağır gələn əməl

“Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur, Allah-Təala bütün əməlləri çirkin və pis olan, çirkin və pis şeylər dilindən düşməyən insanı sevməz”.

Əxlaqın təməli nədir-din, yoxsa ağıl?

Vicdan və ağlın müştərək olaraq tapdıqlarının həqiqətən doğru dəyər olduğundan necə əmin ola bilərik? İnsana aid dəyərləri başqa dəyərlərlə müqayisə etməli deyilikmi?Dəyərləri qoyan insan bunları öz istəyinə və başqalarının əleyhinə dəyişdirmək istəsə nə etməliyik? Dəyərləri hansı üsulla və necə mühafizə edəcəyik? Dəyərləri müəyyən sahələrdən olan mütəxəssilər təyin edə bilərmi? Qoruyucusu dövlətdirmi, yoxsa cəmiyyətdirmi? Dəyərlər hansı tarixin, cəmiyyətin məhsuludur? Hansı dəyərlər ümumbəşəri və dəyişməz həqiqətlərdən ortaya çıxmışdır?


Şərh yaz