3. 368 dəfə oxunub ,   0 şərh   Çap et

Axirətin isbatının ən böyük dəlili və təminatı Allah-Təalanın bəndələrinə verdiyi vəddir. Quran hər canın öləcəyini,[1] ölümdən qurtuluşun olmadığını,[2] öldürənin Allah olduğunu,[3] axır dönüşün yenə Ona olacağını[4] bir çox ayəsində vurğulayaraq ölümdən sonra dirilişin Allahın vədi olduğunu bildirir.[5]

Məlumdur ki, bir xəbərin nə dərəcədə doğru olması o xəbəri verənin doğrulundan asılıdır. Vədində əsla xilaf olmayan Uca Yaradan bütün səmavi kitablarda, həmçinin Qurani-Kərimdə bir kitab kimi yaratdığı bu kainatı örtüb başqa bir gün yenidən açacağını söyləyir. Madam ki, söyləyən Odur və bu məsələdə söz sahibləri − peyğəmbərlər də buna şahidlik edirlər, elə isə axirətin gerçəkləşəcəyinə şəkk-şübhə olmamalıdır. Bundan başqa öldükdən sonra yeni bir həyatın başlayacağına dair məntiqi dəlillər varmı? Əlbəttə ki, vardır. İndi də onlara nəzər yetirək.

Yaradılışın gedişatını görən insan ikinci dirilişə də şübhə etməməlidir

Bir səhifədə milyonlarca kitabı bir-birinə qarışdırmadan yazıb bizə təqdim edən Zat onları söküb hərəsini bir kənara atdıqdan sonra ikinci dəfə bir yerə cəmləyəcəyini vəd etsə, “Buna sənin qüdrətin çatmaz” demək mümkündürmü? Bu nöqteyi-nəzərdən Quranın aşağıdakı ayəsi üzərində yenidən düşünək:

“Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları, kainatı) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz vədimizi mütləq yerinə yetirəcəyik”[6].

Rəbbimiz qışın gəlişi ilə ölən ağacları, bitkiləri bahar mövsümündə, toxumları bir-birinə bənzəyən ağac və bitkiləri bir-birinə qarışdırmadan, xəta etmədən və heç bir nöqsana yol vermədən yenidən dirildir. Ən böyük ağacın proqramını bir nöqtə boyda olan kiçik çəyirdəyin içində saxlayır. Hər baharda üç yüz mindən çox heyvan və bitki səhifəsini bir-birinə qarışdırmadan, xəta etmədən yenidən dirildərək həşrin minlərlə nümunəsini göstərən Allaha ölmüş insanları diriltmək çətin gələ bilərmi? “Dirildə bilməz” demək olarmı?

Yenə eyni paraleldə bir başqa məsələyə diqqət yetirək: Yoxdan (heç nədən) bir dəzgah düzəldən sənətkar bu dəzgahı söküb hissələrə ayıraraq daha sonra onu yenidən quraşdıracağını söyləsə, kimsə ona: “Yox, edə bilməzsən, bacarmazsan!” deyə bilərmi? Bir halda ki, məhdud imkanlara sahib insan bunu bacarır, ilahi qüdrət üçün hansı əngəldən danışmaq olar? Heç elə şey ola bilərmi, əşyanı yoxluqdan varlıq aləminə çıxaran Uca Qüdrətin dağılıb parçalanan varlıqları təkrar birləşdirməyə gücü çatmasın? Yox ikən var olan insanın öldükdən sonra təkrar dirilməsi niyə mümkün olmasın? Quran inkaredici düşüncənin: “Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?” – deyə etirazına bu şəkildə ecazkar ifadə ilə cavab verir: “Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?”[7]

İnsanın yaradılışı, dünyaya gəlişi və keçdiyi inkişaf mərhələləri onun heç bir müdaxilə və əlavəsi olmadan gerçəkləşir, kənardan həyata keçirilir. Bu mənada insanın yaradılış prosesi Allahı və axirəti təsdiq etmək baxımından ona ən yaxın və ən təsirli dəlildir. Özünün yaradılış prosesini dərk edən bir insanın ikinci dirilişə şübhə ilə yanaşması qeyri-mümkündür. Allah torpaqdan canlı, düşünən, danışan, hiss edən, anlayan, şüurlu və dərrakəli insanı yaradırsa, onu torpağa döndükdən sonra da dirildə bilər.

Bir şeyi yoxdan var edən onu ikinci dəfə yaratmağa da qadirdir

Qurani-Kərim bu müqayisə üsulu ilə insanların düşüncəsinə fərqli prizmadan təsir göstərməyə çalışır. Axirəti inkar edənlərin tez-tez: “Biz həyat əlamətləri qalmamış sümük yığınına döndükdən sonra yenidən dirildilib həyata qaytarılacağıq?” ─ deyə ortaya atdıqları şübhə və etirazlarına cavab olaraq, Qurani-Kərim Uca Allahın kainatda insandan daha böyük və daha çətin şeyləri yaratdığını xatırladıb, insanların yenidən həyata qaytarılmasının bunlarla müqayisədə heç də çətin olmadığını bildirir. Bu yerdə inkarçılar daha ciddi düşünsünlər deyə əvvəlcə belə bir sual ünvanlayır: “(Ey həşri inkar edənlər!) Sizi yaratmaq çətindir, yoxsa göy aləmini?! Görün Allah onu necə sağlam bina etdi”[8].

Bu ayə ilə insanlara bir mənada: “Sizlər: “Bu çürümüş sümüklər nə cür canlandırılacaq?” – deyə soruşub durursunuz. Bu nəhəng səmanı yaradan Allaha heç bir şeyin ağır gəlmədiyini düşünmürsünüzmü?” − deyilir.

Qurani-Kərim “İnsanın yaradılışı, yoxsa nəhəng səmanın yaradılışı daha çətindir?” tərzində verdiyi sualla fikirləri mühüm bir nöqtədə cəmləşdirdikdən sonra ikinci addımı atır – bu sualları bilavasitə özü cavablandırır: “Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanlar həqiqəti bilməz!”[9] Hündür və gözəl bir sarayın bənnası üçün uçub dağılmış kiçik bir daxmanı yenidən tikmək necə asandırsa, göylərin və yerin yanında zərrə boyda olan insanın yaradılışı da Uca Xaliqin əlində elə asandır.

Quran bir başqa ayəsində o nəhənglikdə yeri və göyü möhtəşəm nizam və ahəng içində yaradıb davam etdirməyə qadir olan Allahın insanları ölümdən sonra təkrar yaratmasının heç bir çətinlik törətmədiyini belə ifadə edir: “Məgər göyləri və yeri yaradan bir daha onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə, qadirdir. (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur!”[10]

Daha bir misal çəkək. Bir adam bir hökmdarın qeyri-adi işlər görməsinə şahid olur. Baxır ki, bu hökmdar xalq rahatlıqla gəzib ibrət alsın deyə və ya gücünü göstərmək üçün bir işarə ilə dağları yerindən oynadır, məmləkətləri istədiyi şəklə salır, dənizi qurudur. O adam bunları gördükdən sonra böyük bir daşın həmin hökmdarın sarayına gələn qonaqların yolunu kəsdiyini eşitsə və bu zaman: “Hökmdar qonaqların yolunu kəsən həmin daşı götürüb bir kənara ata bilər?” – deyə sual edilsə, “Yox, inanmıram, qaldıra bilməz”, – cavabını verə bilərmi?

Beləcə dünyanı, günəşi, ayı və milyardlarla ulduzu yaradan, onları sapand daşı kimi fırladan, mərmidən sürətlə hərəkət etdirən sonsuz qüdrət sahibi bir Zatın axirətə gedən qonaqlarının yolunu “kəsmiş” bu dünyanı götürəcəyinə və dağıdacağına şübhə ilə yanaşmaq mümkündürmü?

Digər bir misal. Fərz edək, qeyri-adi gücə sahib olan bir sərkərdə yox yerdən böyük bir ordu meydana gətirdi. Tutaq ki, ordu bir qədər təlim keçdikdən sonra istirahətə çəkildi. Kimsə: “O sərkərdə şeypur səsi ilə istirahət üçün ətrafa səpələnən əsgərləri bir yerə cəm edəcək. Manqalar, tağımlar, bölüklər bir araya gəlib nizamla düzüləcək”, – desə, o böyük ordunun birinci dəfə qısa vaxt ərzində toplandığını öz gözləri ilə görmüş adamın: “Yox, inanmıram, bunu bacarmaz”, – deməsi mümkündürmü?

Elə isə insanı yoxdan var edən Rəbbimiz haqqında, – haşa – “Öldükdən sonra dağılan bədəni təzədən yaratmağa qadir deyil” demək nə ağıla sığır, nə məntiqə. Şübhəsiz ki, kainatı yoxdan var edən Allahın onu ikinci dəfə diriltməyə də gücü yetər. Allah-Təala torpaqda çürümüş toxumları ikinci yaz fəslində nə cür dirildirsə, qəbirlərdə çürüyən insanı da ikinci bahar sayılan həşir günü eləcə təkrar dirildəcəkdir.


[1] “Ali-İmran” surəsi, 3/185.

[2] “Bəqərə” surəsi, 2/243.

[3] “Bəqərə” surəsi, 2/28.

[4] “Maidə” surəsi, 57/18, 105.

[5] “Zəriyət” surəsi, 5/5-6.

[6] “Ənbiya” surəsi, 21/104.

[7] “Məryəm” surəsi, 19/66-67.

[8] “Naziat” surəsi, 79/27.

[9] “Mumin” surəsi, 40/57.

[10] “Yasin” surəsi, 36/81.



Açar sözləri

axirət axirətə iman isbat

Bənzər məqalələr

Axirətdə qurtuluşun açarı

(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Axirətin varlığının dəlilləri

Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?
Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil.

Stressin çarəsi

Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.

Az gülün, çox ağlayın!

Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız.


Şərh yaz