6. 470 dəfə oxunub ,   0 şərh   Çap et

Möhtəşəm sənət əsəri olan kainat insanın ağıl və duyğularına Rəbbin varlığından xəbər verən incəliklər, gözəlliklər və sirlərlə doludur. Bu aləmdə görən gözlərə Onun varlığını əyan-bəyan göstərir. “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?!”[1] ayəsi də bu həqiqəti dilə gətirir.

Qərəzdən və inkardan uzaq hər bir ağıl sahibi kainatın gözqamaşdırıcı sisteminə və mükəmməl nizamına baxıb həqiqətləri görə, düzgün qənaətə gələ və onu bir kitab kimi səhifə-səhifə oxuya bilər. Kainatı böyük bir kitab kimi götürək. Bu kainat kitabının hər bir kəlməsi, hətta hər bir hərfi mükəmməl yazılmış və yardılmışdır. Bu möcüzəvi yardılış öz-özlüyündə göstərir ki, onun ən kiçik zərrəsini belə, mükəmməl xəlq eləməkdən ötrü bütün kainatı yaratmağa qadir sonsuz qüdrət lazımdır. Heç bir təbii səbəb iradə və gücə malik olsa belə, bu kitabın bircə hərfini də yaza/yarada bilməz. Çünki bu hərf ilk növbədə canlı varlıqdır və kainat kitabının bütün kəlmələri ilə birbaşa əlaqəlidir.

Hər şey həyat baxımından bir-biri ilə bağlıdır. Kainatda mövcudatın hamsını əhatə edən və hörümçək toru kimi bir şeyi, bir varlığı hər şey və hər bir varlıqla əlaqələndirən elə bir nizam vardır ki, kor, haraya və nə üçün getdiyini bilməyən, yaradılmağa möhtac, bəsit və cansız səbəblərin bu mükəmməl nizamı yaratdığını düşünmək mümkünsüzdür. Buradan da aydın olur ki, bir şey hər şeylə əlaqəlidir. Bir şey hər şeysiz ərsəyə gələ bilməz. Bir şeyi xəlq edən də, hər şeyi yaradan da o Ulu Xaliqdir.

Kainat kitabının bütün hərfləri, hətta nöqtələri tək-tək və ya birlikdə, yəni söz, cümlə, paraqraf şəklində uca bir Zatın var və bir olduğunu isbat edir və “Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin”[2] həqiqətini hayqırır. Çünki kainat İlahi sənətin sərgisi, Allahın varlığını elan və isbat edən ən böyük dəlildir. Kainatdakı varlıqlar isə Allaha ayna olan bir məmur, məna yüklü bir hərf, bir sənət möcüzəsi və nəhayətsiz qüdrət sahibi Sənətkarın qüdsi isimlərinin təcəllisidir. Məsələn, yer üzünə istilik, işıq və həyat gətirən günəş, zamanın ən böyük saatının əqrəbini xatırladan ay, Allahın isimlərinin aynası, İlahi sənətin tamaşa meydanı, mütəmadi şəkildə dəyişən və saysız-hesabsız canlıların məskəni olan, ecazkarlığı ilə insanı valeh edən dünya, cisim libasını geyinmiş bir dəlil, bir zikir və bir şükür halqası olan bitkilər aləmi, Allah-Təalanın hərfi və kəlməsi olan heyvanlar aləmi bir ağızdan Rəbbimizin varlığını hayqırır. Bütün bunları görən ən inadkar inancsıza belə “İndi bu kainatı yaradan kimdir?” sualını versəniz, çarəsiz qalıb: “Allah!” − deyər.

Kainatın son dərəcə mükəmməl nizamı, bir-birini tamamlayan müvaziliyi, hər şeyin bir-birinə söykənib bənzərsiz tarazlıq əmələ gətirməsi, ayrı-ayrı canlıların bir-birinin ehtiyacını qarşılaması, tamın hissələri arasında əlaqə, atomların həmahəng düzülməsi və ilahi qüdrətin onların hər birinə istədiyi şəkildə hökm etməsi, kainatda ilahi sənət xariqələrinin bitib-tükənməz olması, hər şeydə iradə, şüur və inayətin açıq-aşkar özünü göstərməsi, ilahi rəhmətin bütün mövcudatı və məxluqatı əhatə etməsi, həyat adlı “möcüzə”nin zühur etməsi, bütün kainatın sonsuz ehtiyacları ilə birlikdə hər an yenidən yaradılması və müntəzəm dəyişməsi, varlıq aləminin hər bir zərrəsində ölüm və həyat qanununun hər an təcəlli etməsi, hər bir şeyin hal və lisanı ilə Rəbbini təsbeh etməsi Uca Yaradanın varlığına işarə edir. Kainatın möhtəşəm nizamı bu nizamı idarə edən bir Nazimin (nizama salan, tənzim edən, qaydaya salan) var və bir olduğunu, sonsuz qüdrət, elm və iradəyə sahib olduğunu göstərir ki, o da Allah-Təaladır.

Bu yerdə bir məqamı da vurğulayaq: bir tamın nəyə ehtiyacı varsa, onu əmələ gətirən hissələr də eyni şeyə möhtacdır. Məsələn, bir ağacın meydana gəlməsi üçün lazım olan şeylər bir meyvəyə də lazımdır. Kainatda hər şeyin bir-biri ilə əlaqəli olması və biri olmadan digərinin yaradılmaması göstərir ki, bir şeyi yaradan məhz hər şeyi yaradandır və O, heç bir şeyə möhtac deyildir. Həmçinin adi maddələrdən bir anda meydana gətirilən şeylərin bəsit, şəkilsiz, görkəmsiz deyil, əksinə son dərəcə müəkəmməl olması Qadir və Hakim bir Xaliqi nişan verir.

Bütün əşya və varlığın nizamlı şəkil və qəlibi, mükəmməl quruluşu bu kamil “imza”nın sahibini göstərir. Canlıların bütün ehtiyaclarının asanlıqla qarşılanması, ruzilərinin vaxtında və qədərincə verilməsi rəhmət, elm, iradə sahibi və hər şeyə gücü yetən bir Zatın varlığından xəbər verir.

Günəşin, ayın, planetlərin və ulduzların müəyyən orbit üzrə hərəkət etməsi və bir-birinə cazibə qüvvəsi ilə bağlanması onları bu şəkildə saxlayan bir qüdrətin varlığını, dünyanı yaşamaq üçün əlverişli vəziyyətə gətirən bir Zatı göstərir. Gözlər önündə hər an saysız-hesabsız canlıların yoxdan yaranması və həyatın davam etməsi Hayy və Qayyum Zatdan (hər an var olan, göyləri, yerləri hər an hifz edən, hər şeyə gücü yetən Allah-Təalanı) xəbər verir. Mövcudatın qəlbindəki eşq, kainatda müşahidə edilən ümumi ibadətlər, canlı-cansız bütün varlıqlar tərəfindən edilən duaların cavabsız qalmaması da bir Yaradanın varlığını elan edir.

Canlılar vücudları ilə Uca Yaradanın varlığının mütləqliyini, ölümləri ilə də Onun əbədi və əzəli olduğunu göstərirlər. Çayın üzərində bir-birini əvəz edən qabarcıqların bərq vurması onların daimi bir günəşin aynası olduğunu xəbər verir. Zaman irmağında çıxıb-batan varlıqlarda müşahidə etdiyimiz gözəlliklər də bir Camal Sahibinə işarə edir ki, O da bütün əşyaları yoxdan var edən Allahdır.

Bir yerdə var olan nizam və ahəng o nizamı quranı, bir əsərin sənətkarlıq keyfiyyətləri onun ustasını, bir yerdə edilən ehsan və lütf o kərəm və lütfün sahibini göstərmirmi? O baxımdan insan qəflət və qərəzlə pozulmamış qəlb və ağıl gözü ilə bu kainata baxa bilsə, onda mövcud olan sənətkarlıq, nizam, plan, sistem və ehsan kimi həqiqətləri görər. Və onların sonsuz elm, qüdrət və ehsan sahib bir Yaradanın varlığını göstərən dəlillər olduğuna inanar. Bu yerdə bir məqamı da xatırladaq; bu nizam və gözəllik bir Yaradanın varlığını anlamaq üçün kafi olsa da, Rəbbin vəsflərini, Ona çatma yollarını və saysız-hesabsız nemətlərə şükür etmə qaydalarını anlamağa kifayət etmir. Uca Yaradan və ibadət şəkilləri haqda məlumatı Onun göndərdiyi peyğəmbər və vəhylərdən alırıq.


[1] “İbrahim” surəsi, 14/10

[2] “İsra” surəsi, 17/44




Bənzər məqalələr

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 2

Bu yazı Allahın varlığının dəlillərindən Qurani-Kərim, Peyğəmbərimiz və vicdan dəlilləri haqqındadır.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Kainatdakı ümumi hikmət

Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir.

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.


Şərh yaz