Oruclu olduğu halda aybaşı olan qadının orucu pozulur. Bundan sonra yemək yesə də, yeməsə də oruc pozulmuş sayılır. Aybaşı başlayandan sonra oruc pozulduğuna görə yemək yemək və su içmək olar. İftara qədər gözləməyə ehtiyac yoxdur. Ancaq həmin pozulan oruc və aybaşı günlərində tutulmayan oruclar sonradan qəza edilməlidir.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.