Məhərrəm ayı və Aşura günü yəhudi və xristianlara görə də müqəddəs sayılırdı. Peyğəmbərimiz (s.a.s) Məkkədə olarkən Aşura orucu tuturdu.[1] Rəsulullah (s.a.s) daha sonra Mədinəyə hicrət edəndə yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və: “Bu oruc nədir?” − deyə soruşdu. Onlar: “Bu gün çox gözəl gündür. Allah-Təala bu gün Həzrət Musanı (ə.s) və İsrailoğullarını düşməndən qurtarmışdır. Bu səbəblə Həzrət Musa (ə.s) bu gün oruc tutmuşdur.” – dedilər. Peyğəmbərimiz (s.a.s) də: “Mən Musaya sizdən daha yaxınam”, − buyuraraq bu gün oruc tutmağı əmr etdi.[2]
Beləcə Ramazan orucu fərz qılınana qədər müsəlmanlar Aşura orucu tutmağa davam etdilər. Ramazan orucu fərz buyrulandan sonra Allah Rəsulu (s.a.s) belə buyurdu:
“Bu gün Aşura günüdür. Bu gün oruc tutmaq sizlərə fərz deyil. İstəyən oruc tutar, istəyən tutmaz.”[3]
Məhərrəm ayının neçənci günləri oruc tutmaq olar?
Peyğəmbərimiz (s.a.s) bir hədisində belə buyurur:
“Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan əlavə qılınan ən fəzilətli namaz isə gecə (təhəccüd) namazıdır.”[4]
Həmçinin Rəsulullah (s.a.s) “Ümidvaram ki, Aşura günü tutulan oruc əvvəlki ildə işlənən günahlara kəffarə olar.”[5] hədisi ilə ümmətini aşura orucuna təşviq etmişdir.
İbn Abbasdan (r.a) Rəsulullahın (s.a.s) Məhərrəm ayının neçənci günü oruc tutduğunu soruşulduqda o, onuncu,[6] başqa bir rəvayətdə isə doqquzuncu[7] cavabını vermişdir.
Rəsulullah (s.a.s) möminlərə yəhudi və xristianlara bənzəməmək üçün sadəcə Aşura günü yox Məhərrəm ayının 9-cu və ya 11-ci günü yaxud ən azı iki gün oruc tutmağı tövsiyə etmişdir.[8]
Məhərrəm ayının 9-10-cu və ya 10-11-ci günü oruc tutmaq sünnədir. Təkcə 10-cü gün oruc tutmaq məkruhdur.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.