Aylıq namaz vaxtları
3. 935 dəfə oxunub ,   1 şərh   Çap et

Peyğəmbərimizin süfrəsi və yemək mədəniyyəti

Rəsulullahın (s.ə.s.) süfrəsi deyəndə adətən vaxtlı-vaxtında açılan və ləziz yeməklərlə dolu süfrə nəzərdə tutulmamalıdır. Rəsulullahın yanında həmișə xidmət edən Həzrəti Ənəs (r.a.) Onun süfrəsini belə təsvir edir: “Rəsulullah (s.ə.s.) taxtadan hazırlanmış sini və ya masa kimi ayaqlı süfrələrdə kiçik və ayrı qablarda yemək yemədi. Kəpəyi unundan təmiz ayrılmıș çörək də yemədi. Qatadədən: “Nəyin üstündə yemək yeyərdilər?”  – deyə sorușdum. Qatadə: “Yuvarlaq dəridən düzəldilmiș süfrələr üstündə,” – dedi”.[1]

Rəsulullahın (s.ə.s.) evində mükəmməl, dolu süfrələr açılmamışdı. O, dünya həyatını axirət üçün sərmayə bilmiş, həmișə bu istiqamətdə yaşamışdır. Əslində, bu xüsusiyyəti ilə ümmətinə irșad və rəhbərlik edir. Dünyadan və dünya malından bərk-bərk yapışanları həmișə xəbərdar edərdi. Bu mənada Səhihi-Buxarinin “Kitabul-Ətimə” hissəsində qeyd edilir ki,  Allah Rəsulu (s.ə.s.) ömrü boyu nəinki təmiz buğda unundan çörək yemişdi, heç onun üzünü də görməmișdi.

Bəzi yeməkləri çox sevərdi. Sirkə, baldan hazırlanmıș șirniyyatı, zeytun yağı və bəzi tərəvəz yeməklərindən xoșu gələrdi. Bir dəfə Ümmü Haninin (r.a.) evinə getmiș və:

– Yeməyə bir şey var? – deyə sorușmușdu.

– Sirkə var, – deyə Ümmü Hani cavab vermișdi.

– Sirkə olan evdə “heç bir șey yoxdur” demək olmaz, – buyur­mușdu. Ərəbistanda “His” adlı bir yemək növü vardır. Kərə yağına pendir və xurma qatmaqla hazırlayırlar. Allah Rəsulu (s.ə.s.) bu yeməyi də çox sevərdi.

Bir dəfə Həzrəti Həsən (r.a.) və Abdullah ibn Abbas Ümmü Sələmənin yanına gedərək:

– Bu gün bizə Allah Rəsulunun (s.ə.s.) ən çox xoşladığı yeməyi bișir, – deyirlər.

– Yaxșı, sizin o yeməkdən xoşunuz gələcək? – deyə sorușdu Ümmü Sələmə.

Onların israrını görən Ümmü Sələmə arpa ununu ələyərək qazana tökdü və ocaqdan asdı. Üstünə zeytun yağı, ədviyyat və qara bibər səpdi. Bișirib süfrəyə gətirdi və

– Bu, Allah Rəsulunun ən çox xoşladığı yemək idi, – dedi.

Allah Rəsulu (s.ə.s.) ət növlərindən qoyun, keçi, toyuq, dəvə, dovșan və balıq əti yemișdir.

Peyğəmbərimiz (s.ə.s.) Hz. Safiyyə (r.a.) ilə evlənəndə toy yeməyi kimi yalnız xurma və qovrulmuș un șorbası vermişdi. Qarpızı xurma ilə yeyərdi. Xiyarı xoşlardı. Bir gün Muavviz ibn Afranın qızı xurma ilə xiyar gətirmișdi. Bəzən də çörəklə xurma yeyərdi.

Soyuq suyu çox xoşlardı. Bəzən qatqısız süd içərdi. Bəzən də içinə bir az su qarıșdırıb içərdi. Qaysı, xurma və üzüm dənəsini suda qaynadar, bir qədər saxlayıb suyunu içərdi. Tellə bağlanmıș bir taxta çanağı yemək qabı vardı. Rəvayət belədir. Amma bu çanaq, ola bilsin, qırılıb, sonradan tellərlə bərkidilmişdi.

Süfrədə yeməkdən xoşu gəlməyəndə əlini uzatmazdı. Amma heç vaxt yeməyə “pisdir” deməzdi. Önündəki yeməyə əlini salıb qarıșdırmazdı. Əshabını da belə hərəkətdən çəkindirərdi. Heç vaxt bir yerə və ya yastığa söykənib yemək yeməz, bundan da xoşu gəlməzdi. Masada yemək  yeməzdi. Süfrəsi yerdən bir az hündür sinidən ibarət idi. Əcəmlər xörəyi onun üstünə qoyub yeyərdilər. Bu müəyyən bir öyünc və imtiyaz əlaməti, yəni varlılara və göstəriș düșkünlərinə xas olduğundan Allah Rəsulu (s.ə.s.) onun üstündə yemək yeməyi o qədər də xoşlamazdı. Yeməyi üç barmağı ilə yeyərdi.[2] Əti bəzən bıçaqla kəsərək yeyərdi.[3]

Soğan və sarımsaq yeyənə məscidlərdən uzaq dursun

Hz. Cabir (r.a.) rəvayət edir: “Rəsulullah (s.ə.s.) buyurdu: “Sarımsaq, soğan və kəvər yeyən məscidlərimizə yaxınlașmasın. Çünki insanların narahat olduğu șeylərdən mələklər də narahat olurlar”.[4]

Cabir ibn Səmurənin (r.a.) rəvayəti: “Rəsulullah (s.ə.s.) Mədinəyə hicrət edəndə bir müddət Əbu Eyyubun evində qonaq qaldı. Yeməkdən artıq qalanı Əbu Eyyuba göndərirdi. Bir gün isə yeməyə əl vurmadan geri qaytarmışdı. Əbu Eyyub Rəsulullahın (s.ə.s.) hüzuruna gəlib  bunun səbəbini sorușdu. Rəsulullah da: “O yeməyə sarımsaq qatılıb!” – buyurdu. Əbu Eyyub:

– Sarımsaq haramdır, ey Allahın Rəsulu? – dedi. Rəsulullah (s.ə.s.) buyurdu:

– Xeyr, lakin xoşagəlməz qoxusu olduğuna görə xoșlamıram”.[5]

Hz. Əli (r.a.) Allah Rəsulunun belə buyurduğunu nəql edir: “Ətrafdakı insanları narahat etdiyi üçün sarımsaq yemək qadağan edildi. Ancaq bișmiș olsa, narahat etmədiyi üçün yemək olar”.[6]

Yenə Hz. Əlidən (r.a.) Rəsulullahın belə buyurduğunu nəql edir: “Sarımsaq yemək uyğun deyil, bișmiș olsa, yeyilə bilər”.[7]

Ubeydullah ibn Əbi Yezidin (r.a.) atasından rəvayətə görə, Ümmü Eyyub ona bunu danışmışdı:

– Rəsulullah (s.ə.s.) Mədinəyə hicrət edəndə onlara qonaq olmușdu. Onlar da Rəsulullah (s.ə.s.) üçün soğan və sarımsaq qatılmış ağır bir yemək bișirdilər. Rəsulullahın (s.ə.s.) həmin xörəkdən xoșu gəlmədi və səhabələrinə: “Siz o yeməkdən yeyin. Mən sizin kimi deyiləm. Yanımdakı mələk dostlarımı bu qoxu ilə narahat edib incitməkdən qorxuram,”[8] – buyurdu.

Əbul-Aliyənin (r.a.) rəvayətinə görə Rəsulullah belə buyurur: “Sarımsaq halal ruzilərdən biridir”.[9]

Sarımsaq kimi ağır qoxulu yeməklərin yeyilməsi ilə bağlı xəbərdarlıqlar həm ruhani varlıqlar,  həm də insanları narahat etməmək üçündür.  Yoxsa soğan və ya sarımsaq Allah-Təalanın yaratdığı halal qidalardır.

Yatarkən  qablar örtülməli, yanan işiq ve ocaq söndürülməlidir

 Hz. Cabir (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Qapılarınızı örtün, tuluqlarınızın və bașqa qablarınızın ağzını bağlayın. Örtülməli şeylərin üstünü örtün, șamları söndürün. Çünki șeytan bağlını aça bilməz, su qabının bağını, qabların örtüyünü aça bilməz. Çünki siçan șamların yağını və fitilini yemək istəyir: evi ailənin başına uçura bilər”.[10]

Salimin atası Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Yatarkən evinizdə ocaqları söndürün, lazımi tədbirləri görün”.[11]

Xurma və buna bənzər meyvələri iki-iki yeməmək

İbn Ömər (r.a.) rəvayət edir: “(Peyğəmbərimiz) yiyəsindən icazə almadan xurmanı iki-iki yeməyi qadağan etdi”.[12]

Əsas qidaların hər evdə olmasının vacibliyi

Hz. Aișə (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “(Əsas qidalardan olan) xurma olmayan evin sakinləri ac sayılır”.[13]

İki adamın yeməyi üç adama kifayətdir

Əbu Hureyrə (r.a.) Rəsulullahın belə buyurduğunu rəvayət edir: “İki nəfərin yeməyi üç nəfərə, üç nəfərin yeməyi də dörd nəfərə kifayətdir”.[14] Hz. Cabir və İbn Ömərin rəvayəti: Peyğəmbərimiz (s.ə.s.) buyurdu: “Bir nəfərin yeməyi iki nəfərə, iki nəfərin yeməyi dörd nəfərə, dörd nəfərin yeməyi isə səkkiz nəfərə kifayətdir”.

Allah Rəsulu toyuq əti yemişdirmi?

Zehdəm əl Cərmi (r.a.) rəvayət edir: “Əbu Musanın yanına girdim, toyuq yeyirdi. “Gəl sən də ye, çünki mən Rəsulullahın (s.ə.s.) toyuq yediyini görmüşəm, – dedi”.[15]

Əbu Musa(r.a.) rəvayət edir: “Rəsulullahın (s.ə.s.)toyuq əti yediyini gördüm”.[16]

Peyğəmbərimiz dovdaq əti  yemişdir?

 Hz.  Səfinə (r.a.) atasından və babasından rəvayət edir: “Rəsulullahla (s.ə.s.) birlikdə dovdaq qușu əti yedim”.[17] Dovdaq çöl qușudur və ovlanır.

Peyğəmbərimiz kabab yemişdir?

Ümmü Sələmə (r.a.) rəvayət edir. “Rəsulullaha (s.ə.s.) qızardılıb kabab edilmiş ət parçası gətirdim. O da (s.ə.s.) ondan yedi və dəstəmaz almadan namaza qalxdı”.[18]

Peyğəmbərimiz bal və halvanı xoşlayardı

Hz. Aișə (r.a.) rəvayət edir: “Rəsulullah (s.ə.s.) halva və balı xoşlayırdı”.[19]

Ət suyu qida kimi ətə bərabərdir?

Əbu Zərrin (r.a.) rəvayətinə görə, Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: “Heç bir yaxșılığı kiçik görməyin. Yaxșılıq etməyə heç bir șey tapa bilməsəniz,  (Müsəlman) qardașınızı gülər üzlə qarșılayın. Ət alıb bișirmək istəsəniz, yaxșılıq etmək üçün suyunu çox edib qonșuya bir miqdar verin”.[20]

Tirit yeməyinin üstünlüyü

Əbu Musa (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Kișilərdən bir çox insan kamala doldu, qadınlardan isə İmran qızı Məryəm və Fironun zövcəsi Asiyə kamala çatanlardan oldu. Tirit (ət suyuna qızardılmış və ya bayat çörək qatılması ilə hazırlanan yemək. yeməyin suyu) xörəyi başqa yeməklərdən nə qədər üstündürsə,  Aișə digər qadınlardan o qədər üstündür”.[21]

Ət necə yeyilməlidir?

Səfvan b. Ümeyyə (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Əti dișləyə-dișləyə yeyin, çünki belə yemək daha ləzzətli və daha xoșdur”.[22]

Əti bıçaqla kəsib yemək olar?

Amr b. Ümeyyətə əd-Damri (r.a.) rəvayət edir: “Rəsulullahın (s.ə.s.) qızardılmıș qoyun budundan kəsərək yediyini və dəstəmaz almadan namaz qılmağa getdiyini gördüm”.[23]

Rəsulullah ətin hansı yerini xoşlardı?

Əbu Hureyrədən (r.a.) rəvayət edilir: “Rəsulullaha (s.ə.s.) bișmiș ət gətirdilər və qabaq budunu Ona təqdim etdilər. Qabaq buddan xoşu gəlirdi və onu dișləyə-dișləyə yedi”[24]

Hz. Aișədən (r.a.) rəvayət edir: “Rəsulullah (s.ə.s.) ət yeməklərindən  qabaq budu daha çox xoşlayardı. Ancaq ət və ət yeməklərini çox az tapardı. Qabaq budu daha asan bișdiyi üçün xoşlayardı”.[25]

Sirkə azuqə və yavanlıq ola bilər?

Hz. Cabirin (r.a.) rəvayətinə görə, Rəsulullah (s.ə.s.) belə buyurmușdur: “Sirkə nə gözəl yavanlıqdır”.[26] Aișədən (r.a.) rəvayətə görə, Rəsulullah (s.ə.s.) belə buyurmușdur: “Sirkə nə gözəl azuqədir”.[27]

Əbu Talibin qızı Ümmü Hani (r.a.) rəvayət edir: “Məkkənin fəthi günü Rəsulullah (s.ə.s.) bizim evə gəldi və: “Evdə yeməyə bir şey var?” – deyə sorușdu. Mən də: “Xeyr, heç bir șey yoxdur. Ancaq bir neçə tikə quru çörək və sirkə var,” – dedim. Rəsulullah (s.ə.s.): “Sirkə olan ev yavanlıqdan məhrum sayılmaz,” – buyurdu”.[28] Hz. Cabir (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Sirkə nə gözəl yavanlıqdır”.[29]

Təzə xurma ilə qarpız yemək  olar?

 Hz. Aișə (r.a.) rəvayət edir: “Peyğəmbərimiz (s.ə.s.) təzə xurma ilə qarpızı birlikdə yeyərdi”.[30]

Təzə xurma ilə xiyar yemək olar?

Abdullah b. Cəfərdən (r.a.) rəvayət edilir: “Rəsulullah (s.ə.s.) təzə xurma ilə xiyarı birlikdə yeyərdi”.[31]

Rəsulullah balqabağı xoşlardı

Əbu Talutdan (r.a.) rəvayət edilir: “Ənəs b. Malikin yanına girdim, balqabaq yeyə-yeyə belə deyirdi: “Sən nə gözəl bitkisən, Rəsulullah (s.ə.s.)səni xoşladığına görə mənim üçün nə qədər sevimlisən”.[32]

Ənəs b. Malikdən (r.a.) rəvayət edilir: “Rəsulullahın (s.ə.s.)yemək tabağında balqabaq axtardığını gördüm, buna görə də balqabağı xoşlayıram”.[33]

Hz. Cabir (r.a.) atasından belə rəvayət edir: “Rəsulullahın (s.ə.s.) qarșısında balqabaq gördüm və “Bu nədir?” dedim. Peyğəmbərimiz (s.ə.s.) “Bu balqabaqdır, – dedi və əlavə etdi, – biz yeməklərimizdə balqabaqdan çox istifadə edirik”.[34]

Zeytun yağını yemək və müalicədə istifadə  etmək olar?

 Ömər ibn Xəttab (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Zeytun yağını yeyin və sürtün, çünki o, bərəkətli bir ağacın meyvəsidir”.[35] Əbu Əsid (r.a.)rəvayət edir: “Peyğəmbərimiz (s.ə.s.) belə buyurdu: “Zeytun yağını yeyin və sürtün. Çünki o, bərəkətli bir ağacdandır”.[36]

Kölə və xidmətçilərlə birlikdə yemək

Əbu Hureyrədən (r.a.) rəvayətə görə, Rəsulullah (s.ə.s.) belə buyurmușdur: “Xidmətçiniz bișirdiyi, hazırladığı yeməyin oduna və tüstüsünə dözür. Siz də onu əlindən tutub özünüzlə birlikdə ey­ni süfrəyə oturdun. Əgər bunu edə bilməsəniz, həmin xörəkdən ona da yedirin”.[37]

Yemək verməyin fəziləti

Əbu Hureyrədən (r.a.) rəvayətə görə, Rəsulullah (s.ə.s.) belə buyurur: “Salamı yayın, yemək yedirin və döyüșlərdə kafirlərin bașını uçurun ki, Cənnətlərə varis olasınız”.[38]

Abdullah ibn Amr (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Rəhman olan Allaha qulluq edin, yemək yedirin, salamı yayın ki, cənnətə salamatlıqla girəsiniz”.[39]

Əslində Peyğəmbərimizin bu bəyanlarında ictimai həyatın tələbləri  vurğulanır. Salam verməyən, bir-birinə yardım etməyən insanlardan təşəkkül tapmış cəmiyyətlər –  böyük və ya kiçik olsun–  daimi deyildir, gec-tez dağılmağa məhkumdur.

Yemək necə yeyilməlidir?

Ömər ibn Əbi Sələmə (r.a.) rəvayət edir: “Oğlu Ömər Rəsulullahın (s.ə.s.) hüzuruna girmișdi. Rəsulullah (s.ə.s.) yemək yeyirdi. Peyğəmbərimiz (s.ə.s.) ușağa: “Yaxınlaș, bismillah de, sağ əlinlə və öz qabağından ye,” – buyurdu”.[40]

Hz. Aișədən (r.a.) rəvayətə görə, Rəsulullah (s.ə.s.) belə buyur­mușdur:

“Bir șey yeyərkən “bismillah” deyin. Yeməyin başlanğıcında (Bismillah deməyi) unutsanız, axırda “Bismillahi fi əvvəlihi və əxirihi (bașında da, sonunda da bismillah)” deyin”.[41]

Peyğəmbərimiz (s.ə.s.) yemək yeyərkən çox sadə davranar, göstərișə yol verməzdi. Bir yerə söykənərək yemək yeməyi xoș görməzdi. “Mən əsla söykənərək yemək yemərəm,” – buyurmușdur.

Bəlkə də, belə bir oturuş çox yeməyə səbəb olur ki, bu da sağlamlıq üçün zərərlidir.  Hətta belə bir oturuş təkəbbür əlaməti də ola bilər.

Yeməkdən əvvəl və sonra əlləri yumaq

Hz.  Səlman (r.a.) rəvayət edir: “Tövratda yeməyin bərəkətinin yeməkdən sonra əlləri yumaqda olduğunu oxudum. Sonra bu məsələni Rəsulullaha (s.ə.s.) xatırladıb Tövratdan oxuduğumu dedim. Rəsulullah (s.ə.s.) da: Yeməyin bərəkəti yeməkdən əvvəl və sonra dəstəmaz almaqdadır,”[42] – buyurdu”.[43]

Əbu Hureyrədən (r.a.) rəvayətə görə, Rəsulullah (s.ə.s.) belə buyurmușdur: “Kim əlində yemək bulașığı və qoxusu ola-ola (əlini) yumayıb yatsa və gecə başına bir iş gəlsə, özündən bașqa heç kimdə təqsir axtarmasın”.[44]

Yeməyi qabağından yemək

İqraș b. Zubeyd (r.a.) rəvayət edir: “Mürrə b. Ubeydoğulları malının zəkatını mənimlə Rəsulullaha (s.ə.s.) göndərdi. Mədinəyə Rəsulullahın (s.ə.s.) yanına gəldim. O, Mühacir və Ənsar arasında oturmuşdu. Sonra Rəsulullah (s.ə.s.) əlimdən tutaraq məni Ümmü Sələmənin evinə apardı və: “Yemək varmı?” – buyurdu. Böyük bir qabda bir parça ət və tirit gətirildi. Yeməyə bașladıq. Mən əlimi qabın hər tərəfində gəzdirirdim. Rəsulullah isə (s.ə.s.) yeməyi öz qabağından yeyirdi və sol əli ilə sağ əlimdən tutub dedi: “Ey İqraș! Bu, bir çeşid yeməkdir, bir yerdən ye”.

Sonra  bir qab yetişmiş və yaș xurma gətirildi. Mən öz qabağımdan yeməyə bașladım. Rəsulullahın (s.ə.s.) əli isə qabın ətrafında gəzməyə bașladı və belə buyurdu: “Ey İqraș! İstədiyin yerdən ye, bu, bir növ deyil”. Sonra bizə su gətirildi. Rəsulullah (s.ə.s.) əllərini yudu; ovuclarının yașı ilə üzünü, qollarını və bașını ovxaladı və dedi: “Ey İqraș! Atəșin dəydiyi șeylərə görə alınan dəstəmaz budur”.[45]

Yeməkdən sonra barmaqları yalamaq

Əbu Hureyrə (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Yemək yeyəndən sonra barmaqlarınızı yalayın, çünki bərəkətin yeməyin harasında olduğunu bilə bilməzsiniz”.[46]

Yerə düşən tikə və yemək qırıqları

Hz. Cabirdən (r.a.) rəvayətə görə, Rəsulullah (s.ə.s.) belə bu­yur­mușdur: “Bir șey yeyərkən bir parça yerə düșsə, onu götürüb üstünün bulașığını təmizlədikdən sonra yeyin, șeytana buraxmayın”.[47]

Hz. Ənəs (r.a.) rəvayət edir: “Rəsulullah (s.ə.s.) yemək yeyəndən sonra yeməkdə istifadə etdiyi üç barmağını yalayar və belə buyurardı: “Kimin yeməyindən yerə bir parça düșsə, düșən parçadan toz, torpağı – nə varsa təmizləyib yesin. O tikəni șeytana qoymasın”. Hz. Ənəs (r.a.) nəql edir: “Rəsulullah (s.ə.s.) yemək qablarını tərtəmiz etməyi bizə əmr edər və belə buyurardı:

– Siz bərəkətin yeməyin harasında olduğunu bilə bilməzsiniz”.[48]

Burada – Allahu-aləm (Doğrusunu Allah bilir) – Peyğəmbərimiz qaba çəkilən yeməyin bitirilməsini və beləcə israfa imkan verilməməsini təșviq edir. Hal-hazırda getdikcə artan çörək və ya qida istehlakında israfın səviyyəsinə baxsaq, bu əmrin mahiyyətini daha aydın görərik.

Əbul Yəman əl Mualla b. Rașid (r.a.) rəvayət edir: “Sinan b. Sələmənin cariyəsi nənəm Ümmü Asimdən rəvayət edərək belə dedi: “Nübəyșətül-Xeyir bizə gəlmișdi. Biz bir qabda yemək yeyirdik. Bunu görüb Rəsulullahın (s.ə.s.) belə buyurduğunu bildirdi: “Kim bir qabdan yemək yeyər və qabı da tərtəmiz edərsə, həmin qab onun üçün istiğfar edər, yəni onun günahlarının bağıșlanmasını istər”.[49]

Sol əllə yeməyi və içməyi qadağan etmişdir

Abdullah ibn Ömər (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Sol əlinizlə yeyib-içməyin. Çünki șeytan sol əli ilə yeyib- içir”.[50]

Hz. Salimin (r.a.) atasından rəvayətə görə, Rəsulullah (s.ə.s.) belə buyurmușdur: “Yeməyi sağ əlinizlə yeyin. Bir şey içərkən də sağ əlinizlə için. Çünki șeytan sol əli ilə yeyib-içir”.[51]

Qabın ortasından yeyilməməli

Bir neçə nəfər və ya bir nəfər bir qabdan yemək yeyərkən bu əmrə əməl etməlidir. İbn Abbasdan (r.a.) rəvayətə görə, Rəsulullah (s.ə.s.) belə buyurmușdur: “Bərəkət yeməyin ortasına enər, ona görə də siz yeməyi ortasından deyil, kənarlarından yeyin”.[52]

Yemək yeyəndən sonra həmd edəndən Allah razı olar

 Hz. Ənəs (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Allah bir șey yeyib-içəndən sonra Ona həmd edən șəxsdən razı olar”.[53]


[1]. Buxari, 5/2059; Tirmizi, 4/250; İbn Macə, 2/1095; Əhməd b. Hənbəl, 3/130.

[2]. Müslim, 3/1605; Əbu Davud, 2/393; Əhməd b. Hənbəl, 3/177; Darimi, 2/133

[3]. Şuabül-İman, 5/91. Əbu Davudun əsərində “Əti bıçaqla kəsməyin, çünki bu Əcəmlərin adətidir” məzmunlu bir hədis var. Amma Əbu Davud bu hədisi zəif hədis olduğunu deyir. Bu hədisin ravisi Əbu Maşər Nuceyhdir ki, Buxari onun haqqında: “Onun nəql etdiyi hədis inkar olunur,” – deyir (Əbu Davud, Libas, 8)

[4]. Müslim, 1/395

[5]. Müslim, 1/395

[6]. Muvatta, 3/405; Əbu Davud, 2/389

[7]. Tirmizi, 4/261, 262

[8]. Tirmizi, 4/262; İbn Macə, 2/1116; Əhməd b. Hənbəl, 6/433

[9]. Tirmizi, 4/263

[10]. Müslim, 3/1594; Tirmizi, 4/263; Əhməd b. Hənbəl, 3/386

[11]. Tirmizi, 4/263

[12]. Müslim, 3/1577; Əbu Davud, 3/333

[13]. Müslim, 3/1618; Əbu Davud, 3/362; İbn Macə, 2/1104

[14]. Buxari, 5/2061; Müslim, 3/1630

[15]. Buxari 5/2100: Əhməd b. Hənbəl, 4/394, 397

[16]. Darimi, 2/140

[17]. Tirmizi, 4/272; Təbərani, Mucəmül-Kəbir, 7/81

[18]. Tirmizi, 4/272; Nəsayi, 1/108

[19]. Buxari, 5/2071, 2125; Müslim, 2/110; Əbu Davud, 2/361; Tirmizi, 4/273; İbn Macə, 2/1104

[20]. Buxari, 2/907, 5/2240; Müslim, 2/714; Tirmizi, 4/441

[21]. Buxari, 3/125, 1266, 1374, 5/2067; Əbu Davud, 2/378; Tirmizi, 4/275

[22]. Əbu Davud, 2/377; Tirmizi, 4/272

[23]. Tirmizi, 4/272

[24]. Buxari, 3/1215; Tirmizi, Şəmail, 1/140

[25]. Əbu Davud, 2/377

[26]. Əbu Davud, 2/387; Tirmizi, 4/278; İbn Macə, 2/1102

[27]. Tirmizi, 4/278

[28]. Tirmizi, 4/279

[29]. Nəsayi, 7/14; İbn Macə, 2/1102

[30]. Buxari, 5/2073; Müslim, 3/1616; Əbu Davud, 2/390; Tirmizi, 4/280; İbn Macə, 2/1104

[31]. Əbu Davud, 2/390; Tirmizi, 4/280; İbn Macə, 2/1104

[32]. Tirmizi, 4/284

[33]. Buxari, 2/737, 5/2057; Əbu Davud, 2/377

[34]. İbn Macə, 2/1098

[35]. Tirmizi, 4/285; Əhməd b. Hənbəl, 3/497

[36]. İbn Macə, 2/1103; Darimi, 2/139

[37]. Müslim, 3/1562

[38]. Əhməd b. Hənbəl, 2/156

[39]. Tirmizi, 4/652; İbn Macə, 1/423; Əhməd b. Hənbəl, 2/156

[40]. Buxari, 2/2056, 2057, Müslim, 3/1509; Əbu Davud, 2/376; İbn Macə, 1087

[41]. Əbu Davud, 2/374; Tirmizi, 4/288

[42]. Hədisdə keçən “el-vudû” kəlməsi dəstəmaz mənasındadır. Dəstəmaz alanda əllər yuyulmalıdır.

[43]. Əbu Davud, 2/372; Tirmizi, 4/281

[44]. Əbu Davud, 3/366; İbn Macə, 2/1096

[45]. Tirmizi, 4/283; İbn Macə, 2/1089.

[46]. Müslim, 3/1606; Tirmizi, 4/258; İbn Macə, 2/1088.

[47]. İbn Macə, 4/259.

[48]. Müslim, 3/1606; Tirmizi, 4/258; İbn Macə, 2/1088

[49]. Buxari, 1/291, 292, 293; Müslim, 1/393; Nəsayi, 2/43

[50]. Müslim, 3/1598; Əhməd b. Hənbəl, 2/106.

[51]. Əbu Davud, 2/467; Əhməd b. Hənbəl, 2/128.

[52]. Əbu Davud, 2/348; İbn Macə, 2/1090

[53]. Müslim, 4/2095; İbn Macə, 4/265.



Açar sözləri

süfrə yemək

Bənzər məqalələr

Ramazanda necə qidalanmalı?

Nəzərə almaq lazımdır ki, bu ilki oruc yay vaxtına düşdüyündən günlər uzun hava isə istidir. Buna görə də mütləq sahura qalxmaq lazımdır. Sahurda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmalı, kəpəkli çörək yeyilməlidir. Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec sorulur. Bu uzun zaman ac qalmaq üçün faydalıdır.

Oruclu qadın bişirdiyi yeməyin dadına baxa bilər?

Əri tündxasiyyətli olan bir qadın dilinin ucu ilə bişirdiyi yeməyin dadına baxa bilər. Həmçinin bir şeyi alarkən aldanma ehtimalı olan şəxsin, satın alacağı qida maddəsinin dadına baxması da caizdir.

Orucu pozan hallar

Orucu pozan hallar iki cürdür: Oruc pozularkən yalnız günə-gün qəza tələb edən hallar. Oruc pozularkən həm qəza, həm də kəffarə tələb edən hallar.

Bismillahsız kəsilən əti yemək olar?

“Üstündə Allahın adı çəkilməmiş (– “Bismillah” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır…”

Unudaraq yemək orucu pozurmu?

“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”


1 şərh yazılıb
  1. gunes , 09/11/2014 tarixində, saat 16:11

    Reklam yerinə çox pis oyun reklamları qoyursunuz. Xahiş edirəm onları yığışdırasınız.Mən indicə sayta girdim və çox qorxdum.

Şərh yaz