Aylıq namaz vaxtları
2. 898 dəfə oxunub ,   0 şərh   Çap et

Yardımlaşma dinimizin əsaslarından biridir. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir sıxıntısını aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlara kömək eləmə kimi müxtəlif şəkilləri vardır. Bəndələrə əl uzadana  Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bu həqiqəti bir hədisində bəyan edir: “Kim bir bəndənin dünyəvi sıxıntısını aradan qaldırarsa, Allah da onun üxrəvi (axirət) sıxıntısını aradan qaldırar. Kim dara düşmüş bir adamın dadına çatarsa, Allah da onu dünyəvi və üxrəvi çətinliklərdən qurtarar. Bəndə bəndəyə yardım etdikcə Allah da o bəndəyə kömək edər [1].

Yardımlaşma hər şeydən əvvəl möminin bir şüarıdır. Çünki yardımlaşma məziyyəti onun əxlaqına və xarakterinə çevrilmişdir. O, imkan əl verdikcə insanlara əl tutmağı, kömək etməyi fəzilət bilir.

Bütün işlər Allah rizası üçün görülsə belə, nəticə etibarilə o işin savabı yenə o işi görən şəxsin özünə qayıdır. Çünki Allah bütün xeyirxah əməllərin əvəzini, mükafatını verəcəkdir. Bir ayədə buna təminat verilir:

Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödənəcəkdir və əsla haqsızlıq görməyəcəksiniz![2]

Uca Yaradan başqa bir ayədə isə möminləri mallarının ən yaxşısını Allah yolunda verməyə çağırır: “Sevdiyiniz şeylərdən haqq yolunda sərf etmədikcə savaba çatmazsınız[3].

Yardımlaşma vərdişə çevrilməlidir

Maddi dünyada mənəvi dəyərlərin ön planda olması, maddi və mənəvi tarazlığın qorunması böyük əhəmiyyət daşıyır. Maddi və mənəvi tarazlığın pozulduğu bir dünyada sosial ədalətdən danışmaq əbəsdir. Belə ki, mənəviyyatdan uzaqlaşıb maddiyyatın köləsinə çevrilən neçə-neçə millət madiyyatın çarxları arasında qalıb əzilməkdən canını qurtara bilməmişdir. Çünki fərdiyyətçilik baş alıb getmiş (indi daha kəskin şəkil alıb) və insanlar yardımlaşma kimi mənəvi dəyərləri itirmişlər.

Halbuki Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və comərd olur. O, insanların səadəti  naminə bütün imkanlarını tərəddüdsüz səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir.

Kiçik yaşlardan başlayaraq uşaqlara yardımlaşma məziyyətini aşılamaq lazımdır. İnanclı insan uşaqlarını bu istiqamətdə tərbiyə etməli, özü soyuqdan tir-tir əsərkən belə yeri gələndə paltarını, ayaqqabısını yoldaşına verməyi öyrətməli və beləliklə, yardımlaşmaq kimi ülvi bir məziyyətə yiyələnməsinə zəmin hazırlamalıdır.

Hədiyyələri uşağın gözünün qabağında və ya onun əli ilə verməklə, eyni zamanda yardımlaşmanın mənasını izah etməklə bu duyğunun onların qəlbində kök salmasına zəmin hazırlamaq mümkündür. Beləliklə, Məhəmməd ümmətinin dərdlərinə yanan həssas qəlbli insanların artdığını görər və bu yöndə çəkilən əziyyətlərin hədər getmədiyinə şahid olarıq.

Mömin heç vaxt: “İmkanım yaxşı olanda verərəm” – deyib gözləməməli, imkanı qədər verməyə adət eləməlidir. Unutmayaq ki, Allah insanı gələcəkdə qazanıb vermək istədiyi şeylərə görə deyil, hal-hazırda əlində olanlara görə hesaba çəkəcəkdir.

Rəbbimiz: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin[4], – buyurur. Zəkat verməkdən tutmuş mömin qardaşına xoş söz deyib gülər üz göstərməyə qədər hər şeyin yaxşılıq sayıldığını düşünsək, dinimizdə yardımlaşmanın sərhədlərinin nə qədər geniş olduğunu görərik.

Hər kəs imkanı daxilində yardım etməklə mükəlləfdir

İnsanlar maddi imkanlarına görə bəzi mükəlləfiyyətlər daşıyır. Bu mükəlləfiyyətlər nə vaxtsa qazanılıb Allah yolunda verilənlərə deyil, hal-hazırda əldə olan imkanlara aiddir. Yəni hər kəs Cənabi-Haqqın bu gün bəxş etdiyi maddi imkanlarla ibadət etməyə – dini vəzifəsini yerinə yetirməyə borcludur. Bir manata gücü çatan bir manatla, beş min manatı olan beş min manatla Allah rizasını qazanmağa çalışmalıdır.

Ələlxüsus da, bu gün hər kəs Uca Allahın və Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) adını dünyanın hər yerinə yaymaq üçün əlindən gələni əsirgəməməli, bütün imkanlarını səfərbər etməlidir. Yoxsulu bir qarı kimi bir kasa qatıq gətirməli, varlısı Süleyman kimi sərvətini fəda etməli və ümumi səfərbərlik nəticəsində mütərəqqi addımlar atılmalıdır. Onsuz da, azacıq imkanını Allah yolunda əsirgəməyən insanlar qat-qat artıq himmət edənlər qədər savab qazanır.

Çünki ilahi dərgahda yardımın, köməyin, himmətin azlığı-çoxluğu deyil, hansı niyyətlə və hansı vəziyyətdə edilməsi əsasdır. Böyük bir İslam aliminin sözləri ilə desək, ixlasla[5] işlənən kiçik bir əməl minlərlə ixlassız əməldən üstündür. Ona görə də bəzən bir kasa qatıq Sultan Süleymanın tikdirdiyi Süleymaniyyə məscidindən ağır gəlir. Elə isə insanlara ixlasla yardım etməliyik.

Yardımlaşmanın faydaları

Əliaçıqlıq və comərdlik zənn edildiyi kimi, insanın malını azaltmır, əksinə mənəvi faydaları və savabları  ilə yanaşı, maddi vəziyyətinin yaxşılaşmasına müsbət təsir edir. İnsan bu fəziləti ilə bir tərəfdən ictimai həyatda etibar qazanır, bir tərəfdən də canı və malı hifz olunur. Allahın rəhmət xəzinələrinin açarı sayılan comərdlik bərəkət qapılarının açılmasına, maddi və mənəvi rahatlığa səbəb olur. İndi isə yardımlaşmanın maddi və mənəvi faydalarını xülasə edək:

  1. Yardımlaşma insanın etibarını artırır

Möminin əlində-ovucunda olanı möhtaclardan əsirgəməməsi, din qardaşını öz ehtiyacından üstün tutması onun hörmət və etibarını artırır. Mömin bu fəziləti sayəsində Allaha yaxınlaşır, Uca Allah da onun ilahi dərgahdakı məqamının böyüklüyünü bəndələr arasında hiss etdirir. Baş vermiş bir hadisəni misal göstərək:

“Həzrət Ömər (r.a) xəlifəliyi dövründə qənimətlər artmışdı, dövlət xəzinəsi dolub daşırdı. Həzrət Ömər Həzrət Əbu Übeydə, Həzrət Muaz ibn Cəbəl və Həzrət Hüzeyfə kimi səhabələrə xüsusi ehtiram göstərirdi. Bu münasibətin mənasını anlamayan insanlar: “Ömər Əbu Übeydəyə niyə “qardaşım” deyir? Onu bu yoxsul insanlarla dostluq eləməyə nə vadar edir? Nə üçün bığ yeri yenicə tərləmiş Muaz ibn Cəbəl ənsar və mühacirin sayılıb-seçilən şəxslərindəndir? Hüzeyfəyə fərqli münasibət göstərməsinin səbəbi nədir?” – deyirdilər. Məsələdən hali olan Həzrət Ömər (r.a) Həzrət Əbu Übeydəyə, Muaz ibn Cəbələ və Həzrət Hüzeyfəyə – hərəsinə bir kisə qızıl göndərdi. Qızıl kisələrini aparan çaparlar qapıdan uzaqlaşmamış onların qızılları möhtaclara payladığını gördülər. Elə bil bir-biri ilə sözləşmişdilər, üçü də eyni cür hərəkət elədi. Və Həzrət Ömərin onlara xüsusi hörmət göstərməkdə nə qədər haqlı olduğunu sübut etdilər[6].

Halbuki özləri çox kasıb və ehtiyac içində idilər. Məsələn, Suriya ətrafında Bizans ordusu ilə çarpışan Həzrət Əbu Übeydənin olan-qalanı iki günlük ehtiyacına ancaq çatardı.

Bir dəfə Şama qədər gələn Həzrət Ömər sərkərdələrindən: “Qardaşım Əbu Übeydə haradadır?” – deyə soruşur. “İndi gələr”, – deyirlər. Bir az sonra Əbu Übeydə bir dəvənin belində gəlir. Salam verir və heç kimə bir söz demədən birbaşa çadırına girir. Üstündə təkcə qılınc, qalxan və bir qədər də azuqəsi vardı. Onun bu halını görən Həzrət Ömər göz yaşlarını saxlaya bilməyib arxasınca gedir. Həzrət Ömər: “Nə olardı bir az da özünə baxaydın, özünə bir şey ayıraydın!” – deyir. Əbu Übadənin verdiyi cavabdan heyrətə gəlir: “Ey möminlərin əmiri! Hər şey göz qabağındadır. Bunlar bizə artıqlaması ilə bəs edir!”[7]

Onun əngin göz-könül toxluğunu görən Həzrət Ömər tarixi hökmünü verdi: “Hamımızı dəyişdirən bu dünya səni əsla dəyişdirə bilmədi!”[8] Çünki onlar bir-birinə bənzəyən gözü-könlü tox insanlardı, almaq üçün deyil, vermək üçün yaşayırdılar.

Bəli, yardım edənlə edilənlər arasında sevgi və ülfət bağları yaranır. Yardım görən insanlar kin, həsəd və düşmənçilik kimi zərərli fikirlərdən uzaqlaşır, varlıların malında gözü olmur. Çünki onların dinin əmrlərinə əməl edərək insanlara yardım əli uzatdıqlarını görürlər.

  1. Malı bərəkətləndirir

Ayə və hədislərdən bəlli olur ki, verilən sədəqə mal-mülkü azaltmır, əksinə, ixlasın dərinliyindən asılı  olaraq bərəkətlənməsinə vəsilə olur. Yəni nə qədər ixlasla versən, malın da o qədər bərəkətlənər. Məsələn, Həzrət Əbu Bəkir (r.a) bütün var-dövlətini dəfələrlə infaq etdiyi halda, Allahın lütfü ilə neçə dəfə sərvət sahibi olmuşdur. Həqiqətən, Allah yolunda infaq edilən mal, budanan ağac kimi daha çox meyvə verir. Rəbbimiz bu həqiqəti Qurani-Kərimdə belə dilə gətirir:

Mallarını Allah yolunda sərf edənlər yeddi sünbül verən bir toxuma bənzəyir ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allahın lütfü genişdir[9].     

Böyüklərimiz Allah yolunda xərclənməyib evdə saxlanan malı, pulu durğunluqdan qoxuyan axmaz suya bənzətmişlər. Şeyx Sədi gözəl deyib:

“Mal-dövlət yığmaqla yüksələcəyini sanma. Durğun su çox pis qoxuyur. Axar suya göy yardım edir. Yağış yağır, sel gəlir, onu qurumağa qoymur”.

Mövlana həzrətləri isə bu həqiqəti bir əsərində belə ifadə edir:

“Əkin əkənlər əvvəlcə anbarı boşaldır, amma bir müddət sonra bol məhsul əldə edir. Toxumu anbarda saxlayanlar isə axırda onu siçanlara yem edir”.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir hədisində sədəqə və zəkat verməklə malın azalmadığını və azalmayacağını  bildirir:

“Üç məsələ barədə and içərək sizə təminat verirəm: sədəqə heç bir bəndənin malını azaltmaz. Allah zülmə məruz qalıb səbir edən bəndənin izzətini artırar. Allah dilənçilik qapısını açanları yoxsulluğa düçar edər. Sizə bir söz deyəcəyəm, yaxşı-yaxşı yadda saxlayın. Dünyada dörd cür insan var:

(Birincisi) Allahın mal və elm verdiyi adamdır. Allahdan qorxar, qohum-əqrəbaları ilə əlaqələri kəsməz. Mal və elmində Allahın haqqı olduğunu bilər. Bu, ən yüksək məqamdır.

(İkincisi) Allahın elm verib mal vermədiyi adamdır. O, pak niyyətlə belə deyər: “Əgər mənim də malım olsaydı, filankəs kimi (xeyir yolunda) xərclərdim”. Bu adam da niyyətinin savabını alır və mükafat baxımından əvvəlki ilə eyni olar.

(Üçüncüsü) Allahın elm verməyib mal verdiyi kimsədir. Malını cahilcəsinə xərcləyər, Allahdan qoxmaz, qohumluq əlaqələrini kəsər və malında Allahın haqqı olduğunu düşünməz. Bu, ən çirkin və pis mənzildir.

(Dördüncüsü) Allahın nə mal, nə də elm verdiyi kimsədir. O, belə deyər: “Əgər mənim də malım olsaydı, filankəs (üçüncü) kimi edərdim”. Bu da niyyətinin əvəzini alır və günah məsələsində əvvəlki ilə bərabərdir”[10].

  1. Cəmiyyətin əmin-amanlığına zəmin hazırlayır

Köməyə möhtac yoxsul insanları tapıb əllərindən tutmaq asayiş və əmin-amanlığın ən yaxşı təminatıdır. Maddi yardım kasıbların qorunması deməkdir. Onlar da maddi ehtiyacları aradan qalxdığına görə pis əməllər işləməkdən çəkinirlər. Belə ki, aclıq və ehtiyac zəif xarakterli insanları çox vaxt pis yollara; oğurluğa, haqsızlığa vadar edir.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir çox hədislərində bildirir ki, bir cəmiyyətdə nə qədər ki yoxsul və möhtac insanlar var, o cəmiyyətdə əmin-amanlığın bərqərar olması mümkün deyildir. Deməli, bütün cəmiyyətin səadəti və rahatlığı onu təşkil edən fərdlərin səadətindən və rifahından asılıdır. Yardımlaşma varlılarla kasıblar arasındakı uçurumu aradan qaldırır, onlarda bir-birinə qarşı sevgi və hörmət hisləri oyadır. Elə isə övladlarımızın və gələcək nəsillərin firavan yaşaması naminə gəlin bu gün möhtac insanlara yardım əli uzadaq.

  1. Fəzilət yarışına səbəb olur

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm): “Verən əl alan əldən üstündür”[11], – buyurmaqla müsəlmanlara kimdənsə yardım ummağın deyil, başqasına yardım etməyin daha fəzilətli olduğunu tövsiyə etmişdir. Sıxıntı və ehtiyac zamanı müsəlman qardaşından yardım, anlayış və sevgi görənlər sıxıntısı aradan qalxan kimi işləyib qazanmağa, möhtaclara yardım etməyə səy göstərər. Beləcə cəmiyyətdə fəzilət və  xeyirxahlıq yarışı başlayar.

Xeyir işlərdə bir-birinizlə yarışın!

Həm Quranın bu məsələdəki əmr və tövsiyələrinə, həm də hədislərdə əksini tapan ifadələrə əməl edən səhabələr darda qalanların imdadına yetməkdə bir-biri ilə yarışmışdır.

Qəlblərində alışan iman məşəliylə yollarına nur yağan bu fazil insanlardan başqa cür hərəkət gözləmək də mümkün deyildi. Əgər bu gün biz də cəmiyyətdə yardımlaşma ruhunun ayağa qalxmasını istəyiriksə, hər əməldə olduğu kimi bu davranışda da səhabələri özümüzə örnək götürməli və onlar kimi xeyirxahlıqda yarışmalıyıq. Bu gün müxtəlif yerlərdə təşkil olunan yardım kampaniyalarını görəndə gələcəyə ümidimiz artır. Xeyirxah nəsil yetişdirən bir millətin mütərəqqi gələcəyini təsəvvür etmək çətin deyil.

Allah Rəsulu savabda varlılara çatsınlar deyə kasıb səhabələrə bir sıra ibadətlər tövsiyə etmişdir.

Əbu Hüreyrə (r.a) nəql edir:

Kasıb mühacirlər Rəsulullahın hüzuruna gələrək: “Mal-mülk sahibləri uca məqamlara və əbədi nemətlərə çatdılar”, – dedilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Niyə?” – deyə soruşdu. Onlar: “Bizim kimi namaz qılır, oruc tuturlar. Üstəlik sədəqə verirlər, amma biz bunu edə bilmirik. Onlar kölə azad edirlər, ancaq bizim buna imkanımız yoxdur”, – dedilər. Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm):

– Sizə elə bir əməl deyimmi ki, onu işləməklə sizi ötənlərin məqamına çatasınız, sizdən sonrakıları ötəsiniz və sizi də ancaq sizin etdiklərinizi edənlər keçə bilsin?” – deyə soruşdu.

– Bəli, ya Rəsulullah! – dedilər.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

– Hər namazdan sonra otuz üç dəfə “subhənallah”, otuz üç dəfə “əlhəmdulilləh”, otuz üç dəfə də “Allahu Əkbər” desəniz, bu məqama çatarsınız, – buyurdu. Aradan bir müddət keçdikdən sonra kasıb mühacirlər yenə Rəsulullahın (sallallahu aleyhi və səlləm) yanına gəldilər və:

– Bizə öyrətdiyin sözləri varlı qardaşlarımız da öyrəniblər və bizim elədiklərimizi edirlər, – dedilər.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

– Bu, Allahın istədiyi bəndəyə bir lütfüdür,[12] –  buyurdu”.

Ancaq Allah Rəsulu (sallallahu aleyhi və səlləm) başqa hədisində onların bu narahatlıqlarını aradan qaldıracaq və savab yollarını göstərəcəkdi. Bu hədisə görə, mal və mülkü olmadığı halda, sərvətini Allah yolunda xərcləyənlərə baxaraq xalis bir niyyətlə “Mənim də olsaydı, filankəs kimi Allah yolunda verərdim”  deyənlər də onlar qədər savab qazanır. Xalis niyyət sayəsində 100 manatdan verilən 10 manat savab baxımından 1 milyondan verilən 100 minə bərabər olur. 

Yardımlaşmanın meyarları

Yardımlaşmada bu prinsipləri əsas götürmək lazımdır:

  1. Hər şeydən əvvəl sırf Allah rizası üçün yardım edilməlidir. Niyyət Allahın rizasını qazanmaq deyilsə, işin içində riyakarlıq, özünü göstərmək və ya başqa mənfəətlər varsa, o yardımın məqbul olması müşküldür.

Rəbbimiz Qurani-Kərimdə bizə xəbərdarlıq edir: “Malınızdan sərf etdiyiniz hər bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla haqsızlıq edilməyəcək![13]

  1. Kömək olunası insanları diqqətlə seçmək, həqiqətən möhtac olub-olmadıqlarını yaxşı-yaxşı araşdırmaq lazımdır. Belə ki, dilənçiliyi peşəyə çevirənlər insanların mərhəmət hissindən sui-istifadə edərək müftə pul qazanırlar. Ancaq möhtac olduğu halda ehtiyacını gizlədən və heç kimə ağız açmayan elə isanlar da var ki, hardansa bir kömək əlinin uzanmasını gözləyirlər.
  2. İnsan xoşuna gəlməyən şeyləri yardım adı ilə başqalarına verməməlidir. Yəni özünü o insanların yerinə qoymalı, özünə rəva bilmədiyini başqalarına da rəva görməməlidir. Uca Allah buyurur:

“Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin ən yaxşılarından Allah yolunda sərf edin! Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis və yararsız şeylərdən xərcləməyə çalışmayın! Bilin ki, Allahın heç bir şeyə ehtyacı yoxdur. O, hər cür tərifə (şükrə, mədh-sənaya) layiqdir”[14].

  1. Edilən yardımlar başa qaxılmamalıdır. Belə bir yardım və sədəqənin verənə heç bir xeyri yoxdur. Başa qaxaraq, minnət qoyaraq yardım etmək möminə yaraşmaz.
  2. Sədəqənin azı, çoxu olmaz. İnsan az da olsa, verdiyini kiçik görməməli, mümkün qədər daha çox yardım etməyə çalışmalıdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm): “Mömin qardaşını gülərüzlə qarşılamaq da olsa, heç bir yaxşılığı kiçik sayma!”[15] deyərək öz tövsiyəsini vermişdir.
  3. Yardım və sədəqə gecikdirilib təxirə salınmamalıdır. “Bir az da keçsin, sonra verərəm!” deyib gözləmək yanlışdır. Yardım ediləcəksə, dərhal ehtiyacı olan insanlara çatdırılmalıdır.
  4. Zəkat istisna olmaqla, bütün yardımlarda əsas düstur gizli verməkdir. Zəkat fərz ibadətdir, fərz ibadətləri açıq şəkildə yerinə yetirməkdə bir qəbahət yoxdur. Ancaq mömin sədəqə və yardım edərkən diqqətli olmalı, niyyətinə riyakarlıq hissinin qarışmasına imkan verməməlidir. Ulu Rəbbimiz buyurur: “Yoxsullara sədəqəni gizli versəniz, sizin üçün daha xeyirlidir. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!”[16]

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də bir hədisində gizli sədəqə verənlərin axirətdə ərşin kölgəsində kölgələnəcəyini xəbər vermişdir[17].

Bu düsturlar daha çox yardım edənlərə aiddir. Ehtiyacı olan insanlara gəlincə, onlar da ehtiyacından artıq istəməməli, verilən yardımlardan lazımi miqdarda götürməli və başqa yoxsulların da olduğunu  unutmamalıdır. Həmçinin verilən yardımı az sayıb nankorluq etməməli, dar gündə dadına çatan insanlardan təşəkkür və duasını əsirgəməməlidir.


[1]. Buxari, “Məzalim”, 3.
[2]. “Bəqərə” surəsi, 2/272.
[3]. “Ali İmran” surəsi 3/92.
[4]. “Maidə” surəsi, 5/2.
[5]. Yalnız Allah rizası üçün.
[6]. Əsqalani, “İsabə”, 1/469.
[7]. Əsqalani, “İsabə”, 3/589.
[8]. İbn Əsir, “Üsdül-ğabə”, 5/206.
[9]. “Bəqərə” surəsi, 2/261.
[10]. Tirmizi, “Zöhd”, 17; “Müsnəd”, 4/2531.
[11]. Müslim, “Zəkat”, 97 (1036); Tirmizi, “Zöhd”, 32 (2344).
[12]. Buxari, “Əzan”, 155; “Dəavat” 17; Müslim, “Məsacid”, 142; “Zəkat”, 53; “Müsnəd”, 2/419.
[13]. “Bəqərə” surəsi, 2/272.
[14]. “Bəqərə” surəsi, 2/267.
[15]. “Riyazüs-salehin”, 1/159.
[16]. “Bəqərə” surəsi, 2/271.
[17]. “Təcrid”, II/620.



Bənzər məqalələr

resim yoxdur
Müsəlmanın ehtiyaclarını təmin etmək

  وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ Yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!) {“Həcc” surəsi, 22/77}  عَنِ ابْنِ عُمَرَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «اَلْمُسْلِمُ أَخُو الْمُسْلِمِ لَا يَظْلِمُهُ وَلَا يُسْلِمُهُ. وَمَنْ كَانَ ف۪ي حَاجَةِ أَخِيهِ كَانَ اللّٰهُ ف۪ي حَاجَتِهِ، وَمَنْ فَرَّجَ عَنْ مُسْلِمٍ كُرْبَةً فَرَّجَ اللّٰهُ عَنْهُ بِهَا كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ، وَمَنْ سَتَرَ […]


Şərh yaz

*