3. 125 dəfə oxunub ,   0 şərh   Çap et

Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur, Allah-Təala bütün əməlləri çirkin və pis olan, çirkin və pis şeylər dilindən düşməyən insanı sevməz”[1].

Əxlaq insanı yaxşı və ya pis kimi xarakterizə edən mənəvi xüsusiyyətlərin və bunların təsiri ilə ortaya qoyulan iradi davranışların cəmidir. Həyatın hər bir sahəsində olduğu kimi, iş və ticarətdə də əxlaqa əhəmiyyət vermək və davranışlarda əxlaqi prinsiplərə riayət etmək həm dünyəvi, həm də üxrəvi faydaları ehtiva edir.

Əxlaq anlayışının alt kateqoriyalarından biri olan iş əxlaqı iş həyatında doğruluğun, haqqın və əməyə hörmətin əsas götürülməsində, iş prinsiplərinin müəyyən olunmasında, iş imkanının təmin edilməsində və maaşların ödənilməsində əxlaqi meyarlara riayət etməkdir. Qısaca, əxlaqi prinsiplərin iş həyatında öz əksini tapmasıdır.

Son illərdə özünü göstərən qlobal iqtisadi böhranlar iş həyatında əxlaqi problemlərin və əxlaqi dəyərlərin yenidən araşdırılmasına səbəb olmuşdur. Bu çərçivədə aparılan araşdırma və təhlillər nəticəsində aydın oldu ki, iş həyatında prinsipial idarəçilik anlayışına sahib olmaq böyük əhəmiyyət daşıyır, gözəl əxlaqlı idarəçi və işçilər işin və iş həyatının keyfiyyət və səmərəliliyini artırır və əxlaqi dəyərlərə riayət istər müəssisələrə, istərsə də cəmiyyətə bir çox yöndən faydalı olur. Fərdlərdən müəssisələrə, ailələrdən dövlətlərə qədər cəmiyyətin bütün “vahid”lərinin sağlam, sabit və etibarlı olması ilk öncə əxlaqi prinsiplərə riayət edilməsindən asılıdır. İş həyatında da müvəffəqiyyətin yolu bu prinsiplərə əməl etməkdən keçir. Araşdırmalar iş əxlaqına riayət edən firmaların maddi və mənəvi dəyər qazandığını göstərir. Mikro səviyyədə firmalarda, makro səviyyədə isə toplumlarda da bu şəkildə cərəyan edir. Nəticə etibarilə, iqtisadi inkişafın təməlində əxlaqi yüksəlişin dayandığını desək, yanılmarıq.

 İş həyatında özünə nəzarət – özünü sorğu-suala çəkmə hissinə malik insan modeli çox əhəmiyyətlidir. Bu, iş həyatında doğru və yanlışı bir-birindən ayırd edə bilən və özü ilə birlikdə ətrafının və cəmiyyətin də mənfəətini düşünən insan deməkdir. Bu səviyyəyə çatmış fərdlər bir tərəfdən lazımi bilik, təcrübə və məlumat əldə etməyə çalışır, işlərini məsuliyyətlə və həvəslə görürlər, digər tərəfdən də gözəl əxlaqlarını ortaya qoymuş olurlar. Bu baxımdan peşəyə aid xüsusiyyət və qabiliyyətləri avtomobilin mühərrikinə, gözəl əxlaqı da sükana bənzədə bilərik. Şəxsin əxlaqi problemləri varsa, yəni sükanı normal işləmirsə, bilik və bacarığı bir işə yaramaz.

Quranın “Şübhəsiz ki, sən uca bir əxlaq üzərindəsən!” məallı ayəsi ilə kamil əxlaqı mədh edilən Rəsulullah (s.ə.s) “İmanına görə ən fəzilətli mömin kimdir?” sualına “Ən gözəl əxlaqlı mömin” cavabını vermişdir.[2] “Ən kamil imanlı möminin əxlaqı da ən gözəl olur”[3], “İnsan ibadət və itaətlə əldə edə bilmədiyini gözəl əxlaqla əldə edər”[4] sözləri də Nəbilər Sərvərinindir.

Dinimiz əxlaq sisteminin təməlində “Allahın əmrinə hörmət və yaratdıqlarına şəfqət” prinsiplərini əsas götürür. İslamın və Peyğəmbərimizin təqdim etdiyi əxlaq modelində fərdi və ictimai aşınmaya imkan verməmək və inkişafı təmin etmək kimi iki hədəf vardır. İslam əxlaqı bir bütöv kimi götürsə də, onun iş və ticarət həyatına dair xüsusi bir yönü də vardır. Həzrət Əliyə görə, “haramlardan uzaq dayanmaq, halal qazanmaqda həssaslıq göstərmək və ailə üzvləri ilə comərd rəftar etmək” yaxşı və gözəl əxlaqın xüsusiyyətləridir.

İşləməyi ibadət sayan dinimiz iş əxlaqına uyğun gəlməyən hər cür hərəkət və davranışı rədd, halal qazanmağı və gəlir bölgüsündə ədalətli olmağı təşviq etmişdir. Bununla yanaşı, insanlara möhkəm iman və “hər bir əməl axirətdə hesaba çəkilir” şüuru aşılayaraq tək olmadığını və hər hərəkətinin qeyd edildiyini göstərmişdir. Ticarət müəssisələrinin qanunlara uyğun qurulması və fəaliyyət göstərməsi, işçi və istehlakçı hüquqlarının qorunması, eyni sahədə xidmət təklif edən digər şirkətlərlə haqsız rəqabət aparılmaması, şişirdilmiş reklamlarla müştərinin aldadılmaması, işçilərin iş və sosial təminatının təmin edilməsi, işlərin müəyyən plan əsasında tərtib edilməsi, vaxt və əmək israfına yol verilməməsi, faiz, rüşvət, yalan yerə and, saxtakarlıq və fırıldaqçılıq kimi qazanc yollarına əl atılmaması, vəzifə bölgüsündə ədalətə riayət edilməsi və əməyin düzgün dəyərləndirilməsi, işçiyə əmək haqqının tam və vaxtında ödənilməsi, işçiyə gücü çatmayan işin və ya məsuliyyətin tapşırılmaması kimi tədbirləri iş əxlaqının qaydalarına nümunə vermək olar. Bu qaydaların bir qismi iş sahibi, bir qismi də işçi ilə əlaqədardır. Peyğəmbərimiz bir hədisində işçilərin iş sahibinin yanında daşıdığı məsuliyyəti xatırladır: “Ən yaxşı qazanc işinə məsuliyyətlə yanaşan və iş sahibinə ehtiram göstərən işçinin əldə etdiyi qazancdır. İş sahibinin (işə götürənin) (məşru, qanuni) tapşırıqlarına dürüstlüklə əməl edən bir işçi qiyamət günü sədəqə verənlərlə eyni sırada olacaq”[5].

Müsəlman dinini təkcə məsciddə xatırlamamalı, İslamdan öyrəndiyi gözəllikləri hər yerdə yaşamağa, sərgiləməyə çalışmalıdır. Çünki iş həyatında əxlaqi dəyərlərin aşınması ictimai tənəzzülün əlamətləri sayılır. Təcrübələr göstərir ki, iş həyatı toplumların aynasıdır. Unutmayaq ki, din əsl məna və dəyərini nəzəriyyədə deyil, praktikada tapır və hər kəsin dindarlıq (və ya iman) səviyyəsi insanlarla rəftarında ortaya çıxır. İş mühitinin stresli və sürətli ab-havası Allahın razı olmadığı sözləri söyləməyə, insanların qəlbini qırmağa, yalan danışmağa, hətta hirslənəndə söyüş söyməyə bir mənada “əlverişlidir”. Buna görə də ağızdan çıxan sözlərə diqqət etmək, çirkin sözlər söyləyib Allahın qəzəbinə tuş gəlməkdən uzaq olmaq lazımdır.

Bu fəslə də qızıl bir meyarla nöqtə qoyaq: “Ticarətin ruhu düzgünlük, etibarlılıq, dövrü dərk etmək, müştəri ilə olduqca nəzakətli və tərbiyəli davranmaqdır. Bu xüsusların birində qüsura yol verən insan ticarətin ruhunu zədələmiş, nəticə etibarilə, öz qazanc yollarını bağlamış olar”[6].

[1] Buxari, Ədəbül-müfrəd, 1/164; Tirmizi, Birr, 61; Humeyd, Müsnəd, I, 194.

[2] İbn Macə, Zühd, 31; Əhməd ibn Hənbəl, Müsnəd, IV, 278.

[3] Tirmizi, Rada, 11; Əbu Davud, Sünnət, 16; Əhməd bin Hənbəl, Müsnəd, II, 250, VI, 99.

[4] Təbərani, əl-Mücəmül-kəbir, I, 260.

[5] Buxari, İcarə, 115.

[6] Sızıntı, iyul 1985, cild 7, sayı 78.



Açar sözləri

əməl əxlaq işçi ticarət

Bənzər məqalələr

İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Dünyada nələrlə sınağa çəkilirik?

Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.

Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.


Şərh yaz