Aylıq namaz vaxtları
1. 195 dəfə oxunub ,   0 şərh   Çap et

Bədəvi ilə rəftarı

Qadına verdiyi dəyər

Göz və könül toxluğunu öyrədirdi

 Allah Rəsulu (s.ə.s) min cür çirkin cahiliyyə adətinə sinə gərərək bir zülmət çağını işıqlı əsrə çevirirdi.

Cəfər ibn Əbu Talib (r.a) Nəcaşiyə: “Ey Məlik, biz qan içər, leş yeyər, zina edər, oğurluq edər, adam öldürər və quldurluqla məşğul olardıq.. güclü zəifi əzərdi, insan adına yaraşmayan əməllər işləyərdik…”[1] – deyəndə Həzrət Məhəmməddən (s.ə.s.) əvvəl bəşəriyyətin necə zülmət içində olduğunu diqqətə çatdırırdı.

Bəli, Cahiliyyə cəmiyyətində qarışqanı fil edirdilər.. hər kəs özünü haqlı sayır, insanlar bir-birini öldürürdü… zinaya rəvac verilirdi.. oğurluq qəhrəmanlıq idi… və əksəriyyət içki düşkünü idi…

O, çirkin adətlərinə bu qədər təəssübkeş və vəhşi bir cəmiyyəti həm də qısa zamanda, bütün rəzilliklərdən, çirkinliklərdən təmizlədi, onları ən yüksək insani keyfiyyət və fəzilətlərlə bəzədi. Əflatun (Platon) “Dövlət” əsərində, başqa utopik yazarlar da (məsələn, Tomas Mor) kitablarında həmişə bu cəmiyyətin xəyalını qurmuşdur. Halbuki Hz. Məhəmməd (s.a.s.) o fəzilətli toplumu çoxdan yetişdirmişdi.

Halbuki vəhşi və təəssübkeş, hətta vəhşilikdən başqa bir şey bilməyən bir cəmiyyətdən bəşəriyyətə müəllimlik edən fazil insanlar çıxarmaq zülmətdən günəş çıxarmağa bərabərdir. Və elə Həzrət Məhəmməd (s.ə.s.) də o cəmiyyəti yetişdirməklə möcüzə eləmiş və özünün də möcüzə olduğunu göstərmişdir.

İllərlə yanımızda qalan bir insana pis xasiyyətini tərgitdirə bilməyən bizlər cəmiyyətin qanına, damarına işləmiş adətləri söküb atan Hz. Məhəmməd (s.ə.s) qarşısında baş əyir və Onun haqq peyğəmbər olduğuna bir daha şəhadət gətiririk. Bəli, bütün varlığımızla, vücudumuzun hər zərrəsi ilə hayqırır və deyirik: “O, Allahın Rəsuludur!”

Allah Rəsulu vəhşətdən mədəniyyət, rəzalətdən ülvilik və bədəvilikdən mədəni insanlar çıxarır, sonra da onları mədəni millətlərə müəllim edirdi.

Rəsulullah İrana, Turana yönəldi. Halbuki İran da, Turan da, türklər də, romalılar da – hər biri fərqli mədəniyyətin təsirində idi. Onun bəyanları elə bil bu xalqların əyninə biçilmişdi. Budur möcüzə! Bəli, Onun yer kürəsini ovcunun içinə alıb hər yerə hökm etməsi böyük bir möcüzədir.. və bu möcüzə də Allah tərəfindən göndərildiyini göstərir. Yəni o Zat Allahın haqq elçisidir. Bizim məqsədimiz də bunu çatdırmaqdır.

Bir insan dühasının işığında öz əsrini dərk edə bilər. Məsələn, ola bilsin ki, İskəndər öz əsrini müəyyən qədər idrak edib, Sezar öz dövrünə sığmayıb, bəlkə də, Napoleon yaşadığı dövrü qavraya bilib.. və ilaxır.. Həzrət Məhəmmədin gətirdiyi hökmlərin dünyanın müxtəlif bölgələrində yaşayan yüzlərlə millətin ruh dünyası ilə üst-üstə düşməsi və onlara hökm etməsi yalnız Ona xas keyfiyyətdir ki, buna möcüzə deməkdən başqa çarəmiz qalmır.. bu müvəffəqiyyəti ifadə etməyə başqa söz də bilmirik.

XXI əsrin astanasındayıq, 14 əsr keçsə də heç nə dəyişməmiş və Allah Rəsulunun gətirdiyi bəyanlar da öz təravətini qoruyaraq qəlb, ruh, vicdan və ağlımıza yeni şeylər pıçıldamaqda davam edir. Çünki O, bu bəyanları ürəyimizdən keçənləri bilən, ruhumuza nigahban olan, varlığını vicdanımıza hiss etdirən və əsərləri ilə əqlimizi doyuran Allahdan alır və bizə çatdırırdı. Yoxsa kim olur-olsun, bəşər övladı hər dövrün ehtiyaclarına cavab verən belə bir sistemi qurmaqda acizdir.

Bədəvi ilə rəftarı

Hz. Ənəs (r.a) rəvayət edir: “Bir gün Allah Rəsulu məsciddə oturmuşdu. Bir bədəvi içəri girdi, ehtimal ki, Peyğəmbərimizdən nəsə soruşub öyrənməyə gəlmişdi. Ancaq gedib məscidin bir tərəfində işəməyə başladı. Orada olanlar, “Dayan, etmə!” deyib müdaxilə etmək istədilər. Allah Rəsulu “Adamla işiniz olmasın, yarımçıq kəsməyin, buraxın işini tamamlasın!”˗ buyurdu. Səhablər də müdaxilə etmədi, adam da ehtiyacını tamamladı. Sonra Rəsulullah (s.ə.s) adamı yanına çağırdı və:

“Bu məscidlər, tualet ehtiyacının görüldüyü yerlər deyil. Allahın zikr edildiyi yerlərdir. Burda namaz qılınır. Quran oxunur”, ˗ dedi. Sonra camaatdan birinə bir vedrə su gətirməyi əmr etdi. Bədəvinin kirlətdiyi yerə vedrə ilə su töküldü “[2].

O, bir bədəvi idi. Camaat durub onu döyə bilərdi. Bu da bədəvi ilə bədəvi kimi rəftar etmək olardı. Allah Rəsulunun səhabələri bədəvi deyildi.

Bəli, Rəsulullah böyük əksəriyyəti məsciddə kiçik ehtiyacını dəf edəcək qədər bədəvi və vəhşi olan bir toplumdan ideal cəmiyyət çıxarmışdı.

Qadına verdiyi dəyər

Bir gün Allah Rəsulu (s.ə.s) məsciddə əshabı ilə oturmuşdu. Artıq cahiliyyə dövrünün izləri silinirdi. O günlərə aid hər şey artıq ya acı bir xatirə kimi, ya da istehza ilə yad edilirdi. Bəli, insanlar cahillik dövründə olanlardan danışanda ya dodaqları qaçır, təbəssüm edirdilər, ya da iztirabdan kəkələyirdilər. Bir gün yenə çöldən gələn bir bədəvi məsciddə Allah Rəsuluna bəzi şeyləri danışdı, “Ya Rəsulullah! Mən də qız uşaqlarımı öz əllərimlə basdırmışdım, – dedi, – bir gün qızımın əlindən tutub çölə apardım. Uşaq xeyli böyümüşdü. Evdən əməlli başlı uzaqlaşdıq. Sonra da bel və kürəklə yer qazmağa başladım. Yazıq uşağın heç nədən xəbəri yox idi. Öz qəbrini qazmaqda mənə kömək edirdi. (Həmin adam bunları danışanda Allah Rəsulunun gözləri yaz buludları kimi dolmuş, göz yaşlarını saxlaya bilməmişdi.) Çuxuru qazandan sonra geri çəkildim. Qızcığaz çuxura baxırdı. Birdən kürəyinə bir təpik vurdum. Başıaşağı çuxura yuvarlananda “Ata, ata!”, – deyə fəryad etdi. Allah Rəsulunun hıçqıra-hıçqıra ağladığını görən səhabələr “Rəsulullahı niyə belə kədərləndirirsən!”, – deyə  onu danlamağa başladılar.[3]

Bəli, o dövrün belə çirkin adətləri vardı, insanlıqdan əsər-əlamət qalmamışdı. Qadın  yaşamaq hüququndan məhrum edilirdi. Və Allah Rəsulu məhz belə bir cəmiyyət içində zühur edir, hər şeyə əsl dəyərini verdiyi kimi, qadını da ucaldırdı.

Bəli, o dövrdə qadına xor baxır, onu təhqir edir, alçaldır, adam yerinə qoymurdular. Yeni doğulan qız uşaqları atadan gizlədilirdi. Hərçənd, o dövrdə statistika elmi yox idi və elə bir statistik məlumat da hazırlanmamışdı, amma zənnimcə, sağ qalan qadınların 50%-i atalarından gizlin  böyüdülmüş qızlar idi. Bəlkə də, sadəcə Həzrət Əbu Bəkir (r.a) kimi həlim-səlim və təmiz fitrətli atalar uşaqlarına qıymamışdılar. Ancaq hələ iman nuru ilə tanış olmayan bir çox insan qız uşağının qatili olmuşdu. Allah Rəsulu (s.a.s.) məhz bu cəmiyyət içində qadınları ən yüksək məqama çatdırırdı.

Nəsai Aişə (r.ah) anamızdan nəql edir: “Peyğəmbərimizin hüzuruna bir qız gəlib “Ya Rəsulallah! – dedi, – atam məni istəmədiyim halda əmim oğluna nikahladı”. Allah Rəsulu (s.ə.s) dərhal onun atasını çağırıb: “Qızının razılığı olmadan onu kiməsə ərə getməyə məcbur edə bilməzsən” – buyurdu. O da: “Siz necə əmr edirsiniz, elə də olsun, ya Rəsulullah!” – deyib fikrindən daşındı. Səhabənin başqa cür düşünməsi də mümkün deyildi. Ata, bəlkə də, qızını verməklə qardaşı oğlunu evləndirməklə mehir dərdin qurtarmaq istəyirdi, ancaq Allah Rəsulunun əmri hər şeyin fövqündə idi. Ata sözlərini bitirincə qız ayağa qalxıb belə dedi: “Ya Rəsulallah, mənim əsas məqsədim atamın ziddinə getmək deyildi. Ancaq İslamda bunun hökmü nədir, qızını ərə verməkdə atanın nə qədər səlahiyyəti var, mən sadəcə bunu öyrənmək istəmişdim və bura da bu niyyətlə gəlmişdim.”[4]

Dünənədək diri-diri torpağa gömülən, alçaldılan, hər cür həqarətə məruz qalan qız Peyğəmbərin hüzuruna çıxır və rahatlıqla haqqını tələb edə bilirdi. “Atası onun razılığı olmadan kiməsə məcbur verə bilərdimi?” O, bunu soruşurdu. İslamla şərəflənmədən əvvəl desəydilər ki, qadına bu qədər dəyər veriləcək, camaat inanmaz, ya da deyəni dəli sanardı. Amma bütün bunlar gerçəkləşirdi.

Göz və könül toxluğunu öyrədirdi

Avf ibn Malikdən nəql edir: “Bir gün Allah Rəsulunun hüzurundaydıq, səkkiz-doqquz nəfər olardıq. Bizə “Beyət edin!” buyurdu. Hamımız heyrətləndik. Çünki indiyə qədər neçə dəfə beyət etmişdik! Soruşduq ki, “Ey Allahın Rəsulu, hansı məsələdə beyət edək?” Cavab verdi ki: “أَنْ تَعْبُدُوا اللّٰهَ وَلاَ تُشْرِكُوا بِهِ شَيْئاً وَتُصَلُّوا الصَّلَوَاتِ الْخَمْسَ وَأَنْ لاَ تَسْأَلُوا النَّاسَ شَيْئاً Allaha ibadət edib Ona heç bir şərik qoşmamağa, beş vaxt namazı layiqincə qılmağa və insanlardan heç bir şey istəməməyə beyət edin!”[5]

Bu son cümləni söyləyəndə başqaları eşitməsin deyə səsini qısdı, səhabələrini utandırmaq istəmirdi. Allah Rəsulu olduqca həssas bir insan idi. Səhabələri ilə münasibətdə heç vaxt aradan pərdəni götürməmişdi.

Və illər keçdi, bu beyət edən səhabələrin bir çoxu yoxsullaşdı, ancaq Allah Rəsuluna verdikləri sözdən dönmədilər. Hətta dəvə belində olarkən yerə düşən qamçını kimdənsə istəməyi əhdlərinə xəyanət kimi gördülər.[6] Zəhmətinə baxmayaraq dəvəni çökdürüb, alacağını alıb yollarına davam etmişdilər.

 


[1]Əhməd ibn Hənbəl,”Əl-müsnəd”, 1/201-202.
[2]Buxari, “Vudu”, 57; Müslim, “Təharət”, 98-100.
[3]Darimi, “Müqəddimə”, 1.
[4]Nəsai, “Nikah”, 36.
[5]Müslim, “Zəkat”, 108; Əbu Davud, “Zəkat”, 27.
[6]Müslim, “Zəkat”, 108; Əbu Davud, “Zəkat”, 27.




Bənzər məqalələr

Nəfsin cilovu – Oruc

Başqa canlılardan fərqli olaraq, insanların duyğularına məhdudiyyət qoyulmamışdır, yaxşılıq və pisliklərin sərhədi yoxdur. Çünki bu dünya insanlar üçün imtahan dünyasıdır.

Peyğəmbərimiz bir gününü necə keçirirdi?

Allah Rəsulu (s.ə.s) sübh namazını qıldıqdan sonra namazgahın üstündə diz üstə oturar, günəş doğana qədər gözləyərdi. Bu vaxt səhabələr Onun ətrafında oturaraq nəsihətlərini dinləyərdi.

Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq?

Övladlarımıza gözəl tərbiyə vermək üçün müəyyən xüsuslara diqqət etməliyik. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.

Uşaqlar niyə yalan danışır?

Bir ana yanıma gələrək “Oğlum tez-tez yalan danışır. Yaşamadığı hadisələrlə qarşılaşdığını deyir. Ailəliklə övladımıza yalan danışdığımızı xatırlamıram. Bu vəziyyət məni çox narahat edir. Dəfələrlə yalanın yaxşı əməl olmadığını dediyim halda, onu bu yoldan döndərə bilmirəm. Sizə müraciət etməkdən başqa çarəm qalmadı” − dedi.

İnternet və sosial şəbəkələr – övladımızı gözləyən təhlükələr

Allah Təala biz valideynlərə övladları əmanət olaraq vermiş, vaxt gələcək bu əmanətin hesabını soruşacaqdır. Buna görə də Rəbbimizin verdiyi övlad əmanətini göz bəbəyimiz kimi qorumalı, onun tərbiyəsi ilə yaxından maraqlanmalı, insanlığa, cəmiyyətə, millətə faydalı şəxsiyyət olaraq yetişdirməyə çalışmalıyıq. Belə etdiyimiz təqdirdə həmin əmanətin haqqını vermiş olarıq.


Şərh yaz

*