Aylıq namaz vaxtları
1. 113 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Bəzi insanlar Rəsulullahın (s.ə.s) peyğəmbərliyinin öz dövrünə aid və ərəblərə məxsus olduğunu iddia edirlər. Bu fikir doğrudurmu?

Cavab: Rəsulullahın (s.ə.s) nübüvvətinin ancaq öz dövrünə və sadəcə ərəblərə məxsus olduğuna aid heç bir dəlil, sübut yoxdur. Əlimizdə olan bütün dəlillər Rəsulullahın (s.ə.s) həyatı boyu İslamı dünyaya yaymağa çalışdığını, bütün gücünü buna sərf elədiyini göstərir.

İsgəndər, Sezar, Napalyon səltənət sevdasına qapılaraq dünyanı fəth eləmək fikrinə düşmüşdü. Lakin Rəsulullah (s.ə.s) arxasındakılara dünyanı fəth eləməyin yollarını göstərməklə yanaşı, onlara dünya-axirət xoşbəxtliyinə gedən yoldakı maneələri aşmaq, varlıqların ən şərəflisi olaraq yaradılan insana yaradılış qayəsini xatırlatmaq və itirmiş İlahi əxlaqı yenidən bərpa etmək üçün çalışırdı. O (s.ə.s) bu məqsədi gerçəkləşdirmək üçün Allahın Elçisi olaraq, Ondan gələn İlahi mesajları gedə bildiyi hər yerə və çata bildiyi hər kəsə çatdırmağı çalışdı.

Onun (s.ə.s) peyğəmbərliyinin ümumbəşəri olduğunu göstərən bəzi xüsuslara nəzər salaq:

Rəsulullahın (s.ə.s) ilk dəfə Məkkədən Həbəşistana hicrətə göndərdiyi müsəlmanlar sayəsində, oradakı bir çox insan İslam dini ilə tanış olmuşdu. Həbəşistana edilən bu səyahət hicrət adlanırdı. Amma əslində ora gedən müsəlmanlar bir çox insanın İslamı qəbul eləməsinə səbəb (vəsilə) oldular. Məkkədən kənara göndərilən bu ilk heyətlə Onun təbliğinin sadəcə ərəblə məxsus olmadığı açıqca görülürdü.

Səadət əsrində ilk müsəlmanlar arasında müxtəlif xalqlara mənsub insanlar var idi. Nümunə olaraq Həbəşli Hz. Bilalı (r.a.), Rum diyarından Hz. Süheybi (r.a.) və İrandan olan Hz. Səlmanı (r.a.) göstərmək olar. Bu insanların ərəb olmadıqları halda ilk müsəlmanlardan olması, üstəlik ərəb olmadıqları halda onlara fərqli vəzifələrin verilməsi (Hz. Bilal Rasulullahın müəzzini idi. Xəndək müharibəsi kimi həlledici bir müharibədə düşmən hücumundan qorunmaq üçün müdafiə xəndəyini Səlmanın tövsiyyəsi ilə qazılmışdı və s.) İslamın necə ümumbəşəri düşüncə ilə ortaya çıxdığını göstərir.

Peyğəmbərimizin (s.ə.s) Mədinəyə hicrət edərkən özünü izləyən (təqib edən) Suraka İbn Malikə sasani hökmdarı Kisranın bilərziklərini qollarına taxacağını müjdələməsi[1] peyğəmbərliyinin İrana qədər gedib çatacağına işarə idi. Vəfatından bir az sonra verilən bu müjdə reallaşmış və İraq, İran tamamilə müsəlmanların əlinə keçmiş Suraka da Kisranın bilərziklərini qoluna taxmışdı.[2]

Peyğəmbərimiz (s.ə.s) Ubadə İbn Samitin zövcəsi Ümmü Haram binti Milhanın evində bir yuxu görmüş və oyandıqda gülərək belə buyurmuşdu : “Yuxumda ümmətim görəcəyi işlər mənə ərz olundu. Taxtlarda oturan məliklər kimi dəniz səfərləri etdiklərini gördüm.”[3] Əvvəlki hadisədə olduğu kimi burada da ilahi mesajların dənizin o tayındakı ölkələrə qədər gedib-çatacağına işarə idi ki, bu mübarək müjdə də yenə səhabə dövründə gerçəkləşdi.[4]

Bir dəfə səhabələrinə: “Məndən sonra Misir fəth ediləcək. Misirin insanları ilə mülayim rəftar edin. Çünki onlarla sizin aranızda həm qohumluq, həm də qarşılıqlı haq-hüququnuz var.”[5] − deyərək hələ səhabə dövründə İslam nurunun Misirə çatacağını xəbər verir və Mariyə vasitəsi ilə reallaşan qohumluğun da qorunmasını istəyirdi.

Mədinənin ətrafında xəndək qazarkən, Özü şəxsən səhabələri ilə bərabər işləmiş və bu əsnada onlara Hirənin və Şamın müsəlmanlar tərəfindən fəth ediləcəyini, Kisranın sütunlarının yıxılacağını xəbər vermişdi.[6]

İndi bu qədər dəlildən sonra Onun peyğəmbərliyinin ərəblərə məxsus və öz dövrünə xas olduğunu iddia edə bilərikmi? Yoxsa  Hirə, Kisra və Şam şəhərlərini  Ərəb yarımadasına aid edərək ordakı insanlara ərəb deyəcəyik?

Onun (s.ə.s) vəzifəsinin umumi və dəvətinin ümumbəşəri olduğuna dair bir çox ayə və hədis göstərmək mümkündür.

Bir hədisi-şərifində “Hər peyğəmbər öz xalqına peyğəmbər olaraq göndərilmişdir. Mən isə bütün insanlığa göndərildim”.[7] – buyurmuşdur. Hədisin digər bir rəvayətində: “Ərəbə-əcəmə peyğəmbər olaraq göndərildim”[8] – ifadəsi işlədilir. Təbərinin nəql etdiyi hədisdə isə “Mən hər kəsə, həm bir rəhmət, həm də peyğəmbər olaraq göndərildim . Mənim vəzifəmi yerinə yetirib tamamlayın. Allahın rəhməti üzərinizə olsun”.[9] – buyurmaqdadır.

Peyğəmbərimiz (s.ə.s) Kisranın elçisi yanına gələndə ona: “Dinim və dinimin hakimiyyəti gələcəkdə Kisranın taxtına qədər gedib çatacaq.”[10]– deyərək təbliğ etdiyi dinin İran da daxil olmaqla bütün dünyaya yayılacağını xəbər verirdi.

Anadolu və İstanbul  müsəlmanların əlinə keçmədən əsrlərcə əvvəl bir gün fateh İslam ordularının Avropaya qədər gedib çatacağını xəbər vermişdi. İstanbulu fəth edəcək əsgər və komandiri alqışlayaraq ” Konstantiniyyə (Konistantinapol-İstanbul) mütləq fəth ediləcək. Oranı fəth edən komandir nə bəxtəvər komandir, onun əsgərləri nə bəxtəvər əsgərlərdir!”[11] deyərək səhabələrinə dünyanın dörd tərəfini göstərmişdir.

Quranın bu mövzudakı ifadələri isə belədir:

Sad surəsində “Bu (Quran) bütün aləmlərə öyüd-nəsihətdir”. (Sad surəsi, 38/87) ayəsi Rəsulullahın (s.ə.s) bütün insanlığa dini təbliğ etmək üçün göndərildiyini bildirir.

Yasin surəsində “(Bu Quran Həzrəti Məhəmmədə verildi ki) Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.” (Yasin surəsi, 36/ 70) ayəsi isə Onun peyğəmbərliyinin insanlardan və cinlərdən yaşayan hər kəsə şamil olduğunu və Onu qəbul etməməyin isə küfr və nankorluq sayılacağını açıq-aşkar bildirir.

Səba surəsinin “Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir.” ( Səba surəsi , 34/28) ayəsi və Əraf surəsinin “(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm.” (Əraf surəsi, 7/158) ayəsi Onun Allah tərəfindən bütün bəşəriyyətə göndərilən peyğəmbər olduğunu açıq-aşkar ifadə edir.

Bütün bunları nəzərə almadan Onun peyğəmbərliyini (heç nəyə əsaslanmadan) zaman və məkan etibarilə məhdud, müəyyən bir dövrə, zamana aid eləməyin nə dərəcə doğru olduğunu anlamaq olduqca çətindir.

Bundan başqa Qurani-Kərimdə yalnız yaşadıqları millətə elçi olaraq göndərilən peyğəmbərlərin vəzifələrindən bəhs edilərək, ümumbəşəri dəvətin fərqliliyinə diqqət çəkilmişdir.  Məsələn, Hz. Nuh (ə.s.) üçün “Biz Nuhu öz xalqına (peyğəmbər) göndərdik. O dedi: “Ey xalqım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur.” (Əraf surəsi, 7/59 ) Həmçinin , Hz. Hud (ə.s.) üçün ” Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey xalqım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur.” (Əraf surəsi, 7/65)

Bunun kimi Hz. Salehlə (ə.s.) əlaqəli olaraq da “Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey xalqım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur.” (Əraf surəsi, 7/73), “Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?” (Əraf surəsi, 7/80) ayəsində Hz. Lut (ə.s.) üçün, “Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəmbər) göndərdik. (Şüeyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!” (Əraf surəsi, 7/85) ayəsində Hz. Şuayb (ə.s.) üçün eyni həqiqətlər ifadə edilmişdir. Hətta Qurani-Kərimdə bu peyğəmbərlərdən bəhs olunarkən onların göndərildiyi (müəyyən) millət və toplumlara peyğəmbər olaraq göndərildiklərinə də diqqət çəkilir. Bununla da Quranı-Kərim təbliğ vəzifəsi ümumbəşəri olanla olmayanı, müəyyən topluma göndərilənlə bütün bəşəriyyətə göndəriləni açıq-aşkar bildirmişdir.

Əslində Rasulullahın (s.ə.s.) peyğəmbərliyi göndərildiyi gündən etibarən dünyanın hər tərəfinə yayılmış və rəğbətlə qarşılanmışdır. Gətirdiyi İlahi mesajlar Merakeşdən Mavərəunnəhrə (orta asya) qədər olan əraziyə yayılmış, insanlığı yenidən oyatmış, ölmək üzrə olan vicdanlara abi-həyat bəxş etmişdir. Onun (s.ə.s.) gətirmiş olduğu prinsiplər isə əsrlər boyu müxtəlif İslam dövlətləri tərəfindən tətbiq edilmiş, insanları elmə, mədəniyyətə təşviq eləmişdir. Əsrlərdən bəri İslam düşmən kəsilənlərin bu qədər təzyiq, təcavüz və təxribatına baxmayaraq Onun gətirdiyi əsasların hələ də tər-təzə qalması və daima axtarılmasdığını görən minlərlə elm adamı və mütəfəkkir belə qənaətə gəlmişlər ki, yer üzü sakinlərinin yenidən yüksəlişi, əmn-amanlığın  və sülhün bərqərar olması ancaq Onun gətirdiyi mənəvi dəyərlər və əsaslarla mümkündür. Bu isə Onun peyğəmbərliyinin ümumbəşəri olmasının ən böyük dəlilidir.

Xülasə, peyğəmbərliyini dünyanın hər tərəfinə çatdırmaq üçün – bütün mötəbər hədis və siyər kitablarının bildirdiyi kimi − Roma imperatoru İraklidən[12], Misir kralı Mukavkısa[13], İranın Kisrasından[14], Həbəş Nəcaşisinə[15] qədər bir çox hökmdara məktublar və elçilər göndərib Haqq dinə dəvət etmişdir. Ta ilk günlərdən bugünlərə qədər O həmişə özünü cahan peyğəmbəri kimi tanıtmış, gətirdiyi dinin əsaslarının insanların əksəriyyəti tərəfindən rəğbətlə qarşılanması da Onun bütün bəşəriyyətə göndərildiyini bir daha sübut etmişdir.  Bütün bunlardan sonra Onun peyğəmbərliyini müəyyən dövrə və ərəblərə aid eləmək, Ona qarşı haqsızlıq, kin və düşmənçilikdən savayı heç nə deyil.


[1] Bax: İbn Həcər, əl-İsabə , III, 41.

[2] Beyhəqi, əs-Sünənül-kübra, VI, 357-358 .

[3] Buxari, Cihad 8; Müslim, İmarə, 160-161 .

[4] Buxari, Cihad 8; İbn Həcər, əl-İsabə, IV, 441.

[5] Təbəri, Tarixul-üməm vəl-müluk, IV, 228.

[6] Bax: Əhməd b. Hənbəl, əl-Müsnəd, IV, 303; İbn Kəsir, əl-Bidayə vən-nihayə, IV, 116.

[7] Buxari, Təyəmmüm 1; Salat 56; Müslim, Məsacid 3.

[8] Hakim, əl-Müstədrək, II, 460; Təbərani, əl-Mucəmul-kəbir, XI, 61.

[9] Təbəri, Tarixul-üməm vəl-müluk, II, 128 .

[10] Bax: İbn Kəsir, əl-Bidayə vən-nihayə, IV, 116; Əhməd b. Hənbəl, Müsnəd, IV, 303.

[11] Əhməd b. Hənbəl, Müsnəd, IV, 335; Hakim, əl-Müstədrək, IV, 422 .

[12] Buxari, Bədül-vəhy 16; Müslim, Cihad 74.

[13] İbn Kəsir, əl-Bidayə vən-nihayə, V, 324.

[14] Buxari, Elm 7; Əhməd b. Hənbəl, Müsnəd, I, 423.

[15] İbn Kəsir, əl-Bidayə vən-nihayə, III, 104.




Bənzər məqalələr

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Rəsulullahı (s.ə.s) yuxuda görmək

Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”

Peyğəmbərimiz kimi isə öldürmüşdür?

Sual: “Peyğəmbərimiz (s.ə.s) qılıncında qan olmayıb” deyirlər. Bu fikir nə dərəcədə doğrudur? Peyğəmbərimiz (s.ə.s) iştirak etdiyi müharibələrdə kimi isə öldürmüşdürmü? Allah Rəsulunun (s.ə.s) qılıncında qan olmamışdır fikri doğrudur. Həqiqətən şəfqət abidəsi olan Hz. Muhamməd (s.ə.s) heç kimsəni öldürməmişdir. Sadəcə yaraladığı bir düşməni var. O da yaraladığı yerdə ölməmişdir. Daha sonra qan axmadan ölmüşdür. Hadisə aşağıdakı […]

Peyğəmbərimiz bir gününü necə keçirirdi?

Allah Rəsulu (s.ə.s) sübh namazını qıldıqdan sonra namazgahın üstündə diz üstə oturar, günəş doğana qədər gözləyərdi. Bu vaxt səhabələr Onun ətrafında oturaraq nəsihətlərini dinləyərdi.


Şərh yaz

*