Aylıq namaz vaxtları
4. 023 dəfə oxunub ,   0 şərh   Çap et

Nəzir qəbilindən olmayan qurbanın ətindən sahibi varlı olsun və ya olmasın özü yeyə bildiyi kimi yoxsul olmayanlara da yedirə və paylaya bilər. Fitva belə verilmişdir.

İslam alimlərinin əksəriyyətinə görə, qurban ətinin üç hissəyə bölünməsi müstəhəbdir. Bunlardan bir hissəsi qurban sahibi və baxmaqla məsul olduğu şəxslər tərəfindən istifadə edilir. İkinci hissəsi varlı olsalar da arvad, dost və qohum-əqrabaya pay verilir. Üçüncü hissəsi isə qurban kəsə bilməyən yoxsullara paylanır. Dəlil, Kitab və Sünnədir. Quranda belə buyurulur: “Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!”[1] “Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə e’tiraz etməyənə) və dilənçiyə də yedirdin.”[2]

İbn Abbas (r. a) Hz. Peyğəmbərin qurbanı ilə əlaqədar bunu rəvayət etmişdir: “O, üçdə birini ailə fərdlərinə yedirər, üçdə birini yoxsul olan qonşularına yedirər, geri qalan üçdə birini də sədəqə verərdi.”[3]

Bununla birlikdə imkanı orta səviyyədə olan qurban sahibinin, baxmaqla məsul olduğu şəxslər çox olarsa, qurban ətini onlara ayırıb qoyması məndubdur.

Hz. Peyğəmbər əvvəlləri qurban ətlərinin üç gündən çox saxlanmasını qadağan etmiş, lakin sonradan buna icazə vermişdir. Bir hədisdə belə buyurulur: “Mən sizə azuqə istəmək məqsədi ilə gələn bədəvi ərəblər səbəbi ilə (onlara verməyiniz üçün) üç gündən artıq qurban ətlərini saxlamağınızı qadağan etmişdim. Artıq Allah bolluq ehsan etmişdir, istədiyiniz kimi saxlaya bilərsiniz.”[4] Başqa hədislərdə mövcud olan “yeyin, saxlayın və sədəqə verin” və ya “yeyin, yedirin və saxlayın[5] ifadələri qurban sahibinə öz vəziyyətinə görə hərəkət etmə imkanı verilmişdir.

Nəzir olaraq kəsilən qurbanın ətindən nəzir edən şəxslə ana, ata, baba, nənə, uşaq, nəvə və arvad kimi baxmaqla məsul olduğu şəxslər yeyə bilməz. Əgər yesələr, yediklərinin qiymətini yoxsullara bağışlamalıdırlar. Nafilə olaraq kəsilən qurbanın ətindən, sahibi və baxmaqla məsul olduğu şəxslər yeyə bilər.

Qurban sırf Allahın razılığını əldə etmək məqsədilə kəsildiyi üçün, bunun ətinin və digər hissələrinin satılması və ya sahiblərinə gəlir gətirən işlər üçün xərcləməsi caiz deyil.

Odur ki, qurban əti, dərisi, yunu, bağırsaqları, sümükləri, piyi, baş-ayaq və digər hissələrinin satılması məkruhdur. Bu istər vacib, istərsə də nafilə qurban olsun hökm dəyişmir. Əgər satılarsa, qiyməti yoxsullara bağışlanmalıdır. Habelə qəssaba  bunlardan zəhmət haqqı da verilməz. Hədisdə belə buyurulmuşdur: “Qurbanın dərisini satanın qurbanı olmaz.”[6] Hz. Əlidən belə dediyi rəvayət edilmişdir: “Rəsulullah (s.ə.s) dəvələr qurban kəsilərkən başında dayanmağımı, dərilərini və bellərindəki çullarını paylaşdırmağımı əmr etdi və onlardan hər hansı şeyi qəssaba zəhmət haqqı kimi verməyi mənə qadağan etdi və “qəssabın pulunu biz özümüz verərik” buyurdu.”[7] 

Qurbanın dərisi Allahın rizasına uyğun bir yerə bağışlanar və ya ehtiyac varsa üstündə namaz qılmaq üçün və ya oturmaq üçün istifadə edilə bilər. Kəsilməzdən əvvəl yunlarını qırxmaq məkruhdur. Qırxılarsa qiyməti yoxsullara bağışlanmalıdır. Ancaq kəsildikdən sonra yunundan istifadə edilə bilər. Dəri daimi olan və faydalı olan başqa bir şeylə dəyişdirilə bilər. Ancaq pulla satıla bilməz və bu dəri yeyinti məhsulları ilə də mübadilə edilə bilməz. Hz. Aişənin (r.a) və digər bəzi səhabələrin qurban dərilərindən su qabı düzəltdikləri rəvayət edilmişdir.[8] 

Qurban ətinin zəkatda olduğu kimi kəsilən bölgədə paylanması təşviq edilmişdir. Ancaq daha çox möhtaclar olduqda, başqa yerlərə göndərilməsi və ya orada kəsmək də caizdir.

Bir şəxs öz malından alıb savabını bir ölüyə bağışlamaq üzrə bayram günlərində qurban kəsə bilər, kəsdiyi bu qurbanın ətindən yeyə bilər, başqalarına da verə bilər və əsas götürülən rəy də məhz budur. Lakin bir şəxs vəfat edənin vəsiyyəti ilə onun adına kəsdiyi qurbanın ətindən yeyə bilməz və tamamilə sədəqə verməlidir.[9] Ölü üçün kəsilən belə bir qurban da qurban bayramı günlərində kəsilər, ərəfə günü kəsilə bilməz.

Hünnəşdən (r.a) belə dediyi rəvayət edilmişdir: “Hz. Əlini iki qoç kəsərkən gördüm və ona: “Bu nədir?” − deyə soruşdum. Hz. Əli: “Rəsulullah (s.ə.s) mənə onun üçün qurban kəsməyimi vəsiyyət etmişdi, mən də onları kəsirəm” − dedi.”[10]

Şafeilərə görə, icazəsi olmadan başqası adına qurban kəsilə bilməz. Vəsiyyət etməmişsə, ölü adına da qurban kəsilməz. Çünki Uca Allah: “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!”[11] buyurmuşdur.

Varlı üçün vacib olan qurbanın əsas ünsürü (rüknü), qurbanlıq heyvanı kəsməkdir. Bu olmadıqca qurban məsuliyyəti yerinə yetirilmiş olmaz. Bu səbəblə qurbanlıq heyvanın kəsilmədən özünün və ya qiymətinin yoxsullara verilməsi qurban yerinə keçməz. Ancaq hər hansı bir səbəblə alınan qurbanlıq bir heyvan kəsilmədən bayramın üçüncü günü günəş batsa, artıq diri olaraq bağışlanmalıdır. Çünki buradakı kəsmə bağışlamadır və artıq bunun ətindən sahibi yeyə bilməz.

Bir qurbanı əhli-kitabın kəsməsi məkruhdur. Atəşpərəst və ya inkarçının kəsməsi isə caiz deyil. Lakin kəsilən bir qurbanın ətindən qeyri-müsəlmana bağışlanmasında hər hansı əngəl yoxdur.

Həmdi Döndürənin “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.


[1] Həcc, 22/28.

[2] Həcc, 22/36.

[3] Bu hədisi Əbu Musa İsbəhani Vəzaif adlı kitabda rəvayət etmiş və hədis üçün “həsən” demişdir. Bu İbn Məsud və İbn Ömərin sözləri kimi rəvayət edilmişdir. Səhabədən buna qarşı çıxan olmamışdır.

[4] Müslim, Cənaiz, 106, Ədahi, 37; Əbu Davud, Əşribə, 7; Tirmizi, Ədahi, 14; Nəsai, Cənaiz, 100, Fər, 9; Dahaya, 36, Əşribə, 40; İbn Macə, Ədahi, 16.

[5] Bax. Buxari, Ədahi, 16; Müslim, Ədahi, 28, 29, 33; Əbu Davud, Ədahi, 9; Tirmizi, Ədahi, 14; Nəsai, Cənaiz, 100, İbn Macə, Ədahi, 16.

[6] Zeyləi, Nəsbur-rayə, IV, 218. Hədisi Hakim rəvayət etmiş və “isnadı səhihdir” demişdir. Şövkani, e.a.ə., V, 129.

[7] Müslim, Həcc, 348; Əbu Davud, Lüqətə; Darimi, Mənasik, 89.

[8] Bax: Müslim, Ədahi, 28; Əbu Davud, Ədahi, 9; Nəsai, Dahaya, 37.

[9] İbn Abidin, e.a.ə., V, 229.

[10] Tirmizi, Ədahi, 1, (1495); Əbu Davud, Dahaya, 2, (2790). Bax: Şirbini, Muğnil-möhtac, IV, 292.

[11] Nəcm, 53/39.




Bənzər məqalələr

Heyvanın qurban kəsilməsinə mane olan əlamətlər

Qurbana mane olan böyük qüsurlar bunlardır: 1. İki və ya bir gözünün kor olması 2. Kəsim yerinə getməyə gücü çatmayacaq dərəcədə topal olması 3. Bir və ya iki qulağının kəsik olması 4. Dişlərinin çoxunun və ya hamısının  tökülmüş olması 5. Bir və ya iki buynuzunun kökündən qırılmış olması 6. Quyruğunun yarısı və ya üçdə birindən […]

Ailə üzvləri adından qurban kəsmək

Sual:Bəzi rayonlarımızda hər il ailə üzvlərindən birinin adına qurban kəsmək adəti var. Bu caizdirmi? Cavab: Ailə fərdlərindən hər hansı birinin adına qurban kəsmək olar. Həmin qurban ailə üçün yetərlidir. Bu haqda hədislər vardır. Mihnəf İbn Süleymin (r.a) rəvayət etdiyi bir hədis belədir: “Hz. Peyğəmbərlə birlikdə dayanmışdıq. Onun belə dediyini eşitdim: “Ey insanlar! Hər ailəyə hər […]

məscid namaz dua
Bayram namazı necə qılınır?

Rəsulullah (s.ə.s) Mədinəyə gəldikdə mədinəlilərin bayram etdiyi iki gün var idi. Hz. Peyğəmbər bu iki günün xüsusiyyətini soruşduqda əshabi-kiram: “Cahiliyyə dövründə biz bu iki gündə bayram edərdik” dedi. Bunu eşidən Allahın Elçisi belə buyurdu: “Alah o iki günün yerinə sizə bundan daha xeyirlisini vermişdir. Biri Qurban bayramı, biri də Ramazan bayramıdır.”[1]

Mərhumların adına qurban kəsmək olar?

Bir adam savabını vəfat etmiş bir qohumuna və ya sevdiyi kimsəyə bağışlamaqla qurban kəsə bilər. Mərhumun adına sədəqə verildiyi, həcc gedildiyi kimi, qurban da kəsmək olar. Həqiqətən də, Peyğəmbərimiz ümmətindən qurban kəsə bilməyənlərin adına qurban kəsmişdir.

Qurban kəsmək kimlərə vacibdir?

Qurbanın vacib olması üçün bəzi tələblər var. Belə ki, qurban bayramında qurban kəsmək əqli cəhətdən sağlam olan, yetkinlik yaşına çatmış, səfərdə olmayan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir.


Şərh yaz

*