Aylıq namaz vaxtları
736 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Qəza namazı olanlar sünnə namazlarını qılmalıdırlar?

Cavab: İlk növbədə onu qeyd etmək lazımdır ki, əlbəttə ki, qəza namazları ilə məşğul olmaq nafilə namazlarla məşğul olmaqdan daha əfzəldir. Lakin beş vaxt namaza bağlı olan sünnələr, xüsusilə müəkkəd sünnələr bundan istisnadır. Yəni, müəkkəd sünnələri tərk edərək, bunların yerinə qəzaya niyyət edilməsi məqsədəuyğun deyildir. Hətta, təhəccüd və duha namazı kimi, haqqında hədis olan namazlar da, bu qəbildəndir. Ona görə də, bu kimi namazları qəza namazları bəhanəsi ilə, tamamilə tərk etmək düzgün deyildir. Çünki bu kimi müəkkəd və ya qeyri-müəkkəd nafilə namazlar fərz namazlarını tamamlayır və onların başqa vaxt yerinə yetirilməsi qeyri-mümkündür. Qəza namazlarının isə, müəyyən vaxtları olmadığı üçün məkruh vaxtlar istisna olmaqla, hər vaxt yerinə yetirilməsi mümkündür.

Odur ki, fərz namazını qəzaya saxlayaraq, günaha girən kimsənin, bu günahdan qurtulmaq üçün sünnələrdən boyun qaçırması düzgün deyildir. Əksinə, müsəlman ibadət edərək uca Allahdan bağışlanmasını istəməli, eləcə də namazlarını qəza etməklə yanaşı, müəkkəd və qeyri-müəkkəd olmaqla, sünnə namazlarını qılmağa da davam etməlidir.

Onu da qeyd etmək lazımdır ki, sonradan islamiyyəti qəbul edən şəxsin əvvəlki namazlarını qəza etməsinə ehtiyac yoxdur. Çünki Allah-Təala belə buyurur: (Ya Rəsulum!) Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən) əl çəksələr, keçmişdəki günahları bağışlanar” (Ənfal, 8/38). Bundan əlavə, Hz. Peyğəmbər də bir hədisində belə buyurmuşdur: “İslam daha əvvəli silər” (İbn Hənbəl, IV, 199, 204, 205).




Şərh yaz

*