Aylıq namaz vaxtları
16. 881 dəfə oxunub ,   0 şərh   Çap et

 Namazların vaxtında qılınması mühim məsələdir. Məsələni ayə və hədislərlə və ağıl – məntiqlə izah etməyə çalışsaq  namazları vaxtında qılmağın Allaha qarşı bir qulluq borcumuz olduğu ortaya çıxar. Qurani-Kərimdə belə buyrulur: ”Arxayınlığa çıxınca namaz qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz buyrulmuşdur.”[1]Bu ayə Xəndək muharibəsində, düşmanların  qızğın hücumlar vaxtı nazil olmuşdur. Peyğəmbərimiz səhərdən başlayan amansız hücumların səngimədiyinə görə üç vaxt namazını qıla bilməmişdi. Bütün bunlara baxmayaraq Allah Təala onlara namaz qılmalarını əmr etmişdir. Hədis kitablarında namazın fəzilətiylə əlaqədar onlarca hədis yer almaqdadır. Məsələn: ”Allah qulları üçün beş vaxt namazı fərz qılmışdır. Hər kim bu namazlara ciddi yanaşar və bilərəkdən tərk etməyib haqqını verərək qılarsa Allah onu cənnətinə qoyacağına əhd etmişdir.

Beş vaxt fərz namazını qılmayan üçün belə bir əhd yoxdur. Allah (c.c.) diləsə ona əzab verər, diləsə də (imanından ötrü) cənnətinə daxil edər.”[2] Abdullah bin Məsud (r.a.) belə nəql edir: Rəsulullahdan (s.a.s.) soruşdum: “Allah qatında ən məqbul əməl hansıdır?”-Vaxtında ( qılınan ) namaz, – buyurdu. “Sonra hansıdır?” dedim.-Birr-i vâlideyn (valideynlərə yaxşılıq etmək)”, buyurdu. “Bəs ondan sonra?” − dedim. “Allah yolunda cihad etmək,” buyurdu. [3]

Namazı vaxtında qılmağa “əda”, vaxtından sonra qılınmasına isə “qəza” deyilir. “İadə”, təhrimən məkruh şərtlərlə əda edilən bir namazın eyni vaxt içində təkrar qılınmasıdır.

Vaxtında qılınmamış beş vaxt fərz namazların qəza edilməsi fərzdir. Vitr namazının qəzası vacibdir. Sünnət namazlarının da qəzası sünnətdir.

Qəza ediləcək sünnət namazlarının növü azdır. Belə ki, səhər namazını vaxtında qıla bilməyən şəxs, o gün − günəş üfüqdə yüksəldikdən ( kərahət vaxtı çıxdıqdan sonra, bu təxminən səhər namazının vaxtının çıxmasından 45-50 dəqiqə sonra) günorta namazının vaxtının girməsinə az qala − quşluq vaxtı qəza edərsə, öncə sünnət olan iki rükəti, daha sonra da fərzi,

 qəza niyyətiylə qılar. Peyğəmbərimiz (s.a.s.) Xeybər qəzvəsi dönüşündə ordu yorğun olduğu üçün dayanmış, Həzrət Bilalı da növbətçi qoymuşdu. Ancaq yorğunluqdan Bilal Həbəşinin də yuxusu gəlmiş, o gün səhər namazına heç kim qalxa bilməmişdi. Günəş yüksəldikdən sonra hər kəs dəstəmaz almış, Bilal (r.a.) əzan oxumuş, iki rükət sünnət namazı qılındıqdan sonra, iqamə gətirilərək iki rükətlik fərzini camaatla birlikdə qılmışlar.[4]

*İkinci olaraq, qəzası qılınan sünnət namazı isə, günorta/zöhr namazının ilk dörd rükətlik sünnətidir. Əgər iqamə gətirilib, namaz qılınırsa, sünnət namazı, camaatla fərz namazını tamamlandıqdan sonra qılınar. Yox əgər sünnət namazına başlanmışsa, camaata yetişmək üçün ikinci rükətdə salam verərək namazdan çıxılar, fərz namazı qıldıqdan sonra qalan iki rükət sünnət namazı qəza edilər.

*Tərk edilən sünnətlərin qəzası vacib deyildir. Lakin başlandıqdan sonra hər hansı bir səbəbdən yarımçıq tərk edilmiş sünnət və ya nafilə namazın qəzasını qılmaq lazımdır.

Bir namazı səbəbsiz yerə qəzaya buraxmaq böyük günahdır (kəbairdəndir). Belə bir namazı qəza etməklə yanaşı tövbə etməli, Allahdan(c.c.) əff dilənməlidir.

Üzr səbəbiylə namazın qəzaya qalmasının hökmü.

Qəbul edilmiş bir üzr səbəbiylə namazın qəzaya saxlanılmasında bir qəbahət yoxdur. Düşmən qorxusu, bir həkimin cərrahiyyə əməliyyatının uzun çəkməsi, doğuş əsnasında xəstənin başından ayrıla bilməmə və s. kimi hallar belə üzrlərdən sayıla bilər. Belə ki, Peyğəmbərimiz (s.a.s) Xəndək müharibəsinin qızğın getdiyi günlərdə namazlarını təxirə salmışdır. Abdullah ibn Məsud (r.a.) belə nəql edir: “Müşriklər Xəndək müharibəsində Rəsulullahı (s.a.s) dörd vaxt namazı qılmaqdan məhrum etdilər. Gecə olunca, Bilala (r.a.) azan oxumasını əmr etdi. Bilal azan oxudu və iqamə gətirdi. Peyğəmbərimiz (s.a.s) günorta namazını qıldırdı, sonra iqamə gətirildi ikindini qıldırdı, daha sonra iqamə gətirilərək axşam namazı qılındı. Bilal (r.a.) bir daha iqamə gətirdi və Peyğəmbərimiz yatsı namazını qıldırdı.”[5]

Yuxu səbəbiylə və unudaraq namazı qaçırma

Yuxu səbəbiylə və ya unudaraq vaxtında qılmayan şəxsin namazı qəza etməsi lazımdır.Həzrət Peyğəmbərdən (s.a.s.) gələn bir rəvayətdə belə nəql edilir: ”Sizdən biri yuxu səbəbiylə və ya unudaraq bir fərz namazı qılmazsa, xatırladığı zaman onu dərhal qılsın. Allah Təala :”Məni zikr etmək üçün namaz qıl”[6] buyurmuşdur.”[7] Buxarinin Səhihində yer alan Ənəs bin Malikdən (r.a.) nəql olunan rəvayət isə belədir: ”Bir şəxs namazı unudarsa, xatırladığı zaman onu dərhal qılsın. Namazın bundan başqa kəffarəsi yoxdur.”[8]

Yuxu və unutma kimi bir üzr səbəbi ilə namazı gecikdirən kimsə günahkar olmaz. Əbu Qətadədən (r.a.) belə rəvayət edilmişdir: “Peyğəmbərimiz (s.a.s.) yatıb qalaraq qılmadıqlarından şikayət edənlərə belə buyurmuşdur: “Yuxu gecikməyə səbəb gətirilə bilməz.Gecikmək ancaq ayıq halında olur. Sizdən biri namazını unudar və yatıb qalaraq  qılmazsa, xatırladığında onu qılsın”.[9]

*Qeyd etmək lazımdır ki, namazı vaxtında qılmaq çox əhəmiyyətlidir. Oyanmaqda çətinlik çəkənlər bu barədə tədbir görməlidirlər. Məsələn: tanıdığımız birisinə xahiş edərək onu namaza qaldırmasını istəmək, vaxtında yatmaq, qalxa bilmədiyi günlərdə sədəqə verərək və ya oruc tutaraq nəfsini cəzalandırmaq və s.

Namazın vacibliyini aradan qaldıran üzrlər

Heyz( aybaşı ) və nifas (zahıllıq ) hallarında qadınlardan namaz borcu düşər. Hz. Aişə (r.a.) belə demişdir: ”Nəbi (s.a.s.) qadınların adətli günlərində qılmadıqları namazları qəza etmələrini əmr etməz, yalnız tutmadıqları fərz orucu qəza etmələrini əmr edərdi”[10]

İadə (Təkrar qılınma )

Namazların “iadə” edilməsi:fərz namazı qıldıqdan sonra namazın ərkanından (qiyam, qıraət, rüku, səcdələr, qaidə ) hər hansısa birini unudaraq yerinə yetirmədiyini anlayan kimsənin  o, namazı vaxt içərisində təkrar qılmasıdır. Namazın ərkanına riayət etmək fərzdir. Məsələn: qiyamdaykən rükuya əyilmədən  səcdəyə getmək, səcdələrdən birini unutmaq, qiraət qismində Quran ayəsini səhv oxumaq və s. Belə bir xəta edən şəxs vaxt çıxmış olsa belə, həmin namazı təkrar qılmalıdır, ancaq vaxt çıxdığı halda qəza niyyətiylə “iadə” etməlidir.

*Namazın vaciblərindən birini unudan və səhv səcdəsini də yerinə yetirməyən şəxsin, həmin namazı vaxt çıxmadan  təkrar qılması vacibdir. Ancaq vaxt çıxdıqdan sonra xatırlayarsa qəza etməsi məndub olar.

*Böyük məscidlərdə qılınan Cuma, Bayram namazlarında namazın vacibi unudular və səhv səcdəsi də edilməzsə təkrar qılınması gərəkli deyil. Çünki imam salam verdikdən sonra bəzi camaatın məsciddən ayrılma ehtimalı vardır. İxtilafa səbəb olmamaq üçün “iadə” tərk edilir.

Səfərdəykən namazların qəza edilmə şəkli

Hənəfi məzhəbinə görə, bir namazın əda şəkli necədirsə, qəzası da o şəkildə qılınar. Səfərdə ikən namazı qəzaya qalan şəxs, istər səfərdə olsun, istərsə də döndükdən sonra, qəzaya qalan namazı səfərdəki kimi qısaldaraq qılar. Qəza namazı camaatla birlikdə qılınacaqsa, açıqdan oxunan namazlar açıqdan oxunaraq, günorta-ilkindi namazları kimi qiraəti gizli olan namazlar da gizli oxunaraq qəza edilər.

Şafei və Hənbəli məzhəblərinə görə isə səfərdə ikən qəzaya qalan namaz, səfərdəykən qısaldılaraq, döndükdən sonra qəza ediləcəksə dörd olaraq qılınmalıdır. Yaşadığı yerdə qəzaya  qalan namazın qəzası isə səfərdəykən yerinə yetiriləcəksə, qısaldılaraq qılınmalıdır. Çünki namazların qısaldılmasının səbəbi/illəti səfərilikdir.

 Namazları qılarkən ardıcıllığa diqqət etmək –Tərtib

Namazları qəza edərkən sıraya diqqət etmək (tərtib) lazımdır. Bir kimsənin  tərtib sahibi ola bilməsi üçün altı vaxtdan çox namazı qəzaya qalmamalıdır. Vitr namazı da daxil olmaqla altı vaxt namazı qəzaya qalan şəxs tərtib sahibi olmaqdan çıxar. Tərtib sahibi olmaqdan çıxan şəxsin istər qəza namazlarını qılarkən, istərsə də qəza namazlarıyla birlikdə qılacağı vaxt namazları arasında sıraya diqqət etməsi vacib deyildir.

Tərtib sahibi bir kimsə üzr və ya heyz və nifas kimi namazı düşürən hallar istisna olmaqla vaxtın fərzindən öncə qəzaya qalan namazını qılmalıdır. Məsələn: tərtib sahibi olan bir kimsə səhər namazına qalxamadıqda, günorta namazının fərzini qılmadan öncə səhər namazını qılmalıdır. Bu mövzu o qədər əhəmiyyətlidir ki; İmam Məhəmmədə görə sıraya riayət etmədiyi üçün nümunədə gördüyümüz günorta namazı fasid olar. İmam Əbu Yusifə görə qıldığı namaz fərz olmaqdan çıxar, nafilə namaza çevrilir. Əbu Hənifəyə görə isə müvəqqəti səhih olar. Belə ki, səhər namazını qəza etmədən beş vaxt fərz namazı əda edərsə bütün namazlar səhih olar. Yox əgər günortanın fərzindən sonra səhər namazını qəza edərsə arada qalan vaxt namazı fasid olar, təkrar qılınmalıdır.

Qəzaya qalan namaz sayca çox olub, vaxt məhduddursa, bunlardan bir qismi  və vaxtın fərzi qılınar. Belə hallarda sıraya riayət etmək məcbur deyildir.

Tərtib sahibinin sırayı gözləməsinin dəlili; Rəsulullah (s.a.s.) Xəndək müharibəsində dörd vaxt namazını şiddətli hücumlara görə qıla bilməmişdi. Daha sonra bu namazları sıra ilə qılmışdır. İçində olduqları vaxtın namazını da ən son qılmışdır. Hər kəsin də namazlarını bu şəkildə qılmasını əmr etmişdi. Başqa bir dəlil isə İbn Ömərin (r.a.) sözüdür: ”Sizdən biri namazı  qıla bilməz,  imamla birlikdə namaz qılarkən xatırlayarsa namazını tamamlasın. Bundan sonra unutduğu namazı təkar etsin. Daha sonra da imamla birlikdə qıldığı namazı təkrar qılsın/iadə etsin.”[11]

İmam Şafiyə görə qəzaya qalan namazlarada tərtibə riayət etmək şərt deyil, müstəhəbdir.

Tərtibi ortadan qaldıran səbəblər

a.Qəzaya qalan namazların sayının vitr xaricində altı vaxtdan çox olması

b.Müstəhəb olan vaxtın həm qəza , həm də vaxt namazını qılmağa kifayət etmədikdə − yatsı namazını qaçıran şəxs, səhər namazının son dəqiqələrinə yetişərsə ancaq səhər namazını qılar.

c.Unutmaq – səhər namazını qaçırdığını unudaraq, günorta namazını qılan kimsənin qıldığı günorta namazı səhih olar. Ancaq bilərəkdən olarsa qıldığı namaz fasid olar, təkrar qılması lazımdır.

*Qəzaya qalan namazların sayı çox olduqda “ən son qıla bilmədiyim səhər namazını qılmağa….”deyə niyyət edilir.

*Namazı qılıb-qılmadığı xüsusunda şüphəyə düşən şəxs, vaxt çıxmamışsa namazı təkrar qılar. Vaxt çıxdıqdan sonra şüphəyə düşərsə, artıq heç bir şey lazım deyildir. Çünki namazın əda edilməsi üçün vaxta riayət fərzdir, inanan bir insanın hər bir namazı öz vaxtı ərzində qılması qəbul edilir.

*Qəza namazını qılan bir kimsənin yanında, digər insanlar vaxtın fərzinə durmuşlarsa , həmin şəxs namazını tamamlamadıqca camaata qatıla bilməz.

*Eyni vaxta aid qəzaya qalmış bir namaz camaatla, üsuluna uyğun qılına bilər.

Qəza namazlarının qılınmasının məkruh olduğu vaxtlar

 Qəza namazları üç kərahət vaxtından başqa istənilən vaxtda qılına bilər. Bu üç vaxt haqqında Üqbə bin Amirdən (r.a.) gələn rəvayətdə belə buyrulur: ”Üç vaxt vardır ki, Həzrət Peyğəmbər (s.a.s.) bu vaxtlarda namaz qılmağımızı və ölülərimizi qəbrə qoymağımızı qadağan etdi. Bunlar: günəşin doğma vaxtı, zəval vaxtı ( günəşin zenit xəttində olduğu vaxt) və günəşin batma vaxtıdır.”[12]  Sadalanan vaxtlar xaric istənilən vaxtda qəza namazı qılmaq olar; ( səhər namazından öncə və sonra, ilkindinin fərzini qıldıqdan sonra belə qəza namazı qılına bilər.)

*Müsəlman bir ölkədə böyüyüb boya-başa çatan kimsə qəzaya qalan namazlarından məsuldur. Yeni müsəlman olmuş bir şəxs isə yaşından aslı olmayaraq keçmiş günlərinə aid namazlardan məsul deyildir, ihtida etdikdən sonra qılmadığı namazlarını qılmalıdır.

*Qəza namazların evdə qılınması daha yaxşıdır. Günahların ortaya çıxarılması və insanlara pis nümunə olmaq düzgün deyildir.

*Bir xanım: “sabah bu qədər namaz qılacam, bu qədər oruc tutacam” deyə niyyət edər, ancaq  o gün aybaşı olarsa, təmizləndikdən sonra niyyət etdiyi namaz və orucu qəza edər.

Sünnət namazlarının yerinə qəza namazı qılına bilərmi?

Qəza namazlarını tamamlamağa çalışmaq nafilə namaz qılmaqdan daha əhəmmiyətlidir. Lakin fərz namazlarından öncə və sonra qılınan sünnət, duha, təsbeh, təhəccüd namazları və qılınması haqqında hədislər olan namazlar istisnadır.[13] Çünkü bu namazlar fərzlərdəki nöqsanları tamamlayır. Bəhsi keçən namazların fəzilətiylə əlaqədər səhih hədislər vardır. Bu namazların yerini başqa bir şəkildə doldurmaq mümkün deyildir. Əbu Hürəyrədən (r.a) rəvayət edilmişdir: Rəsulullah (s.a.s) belə buyurdu: “Qiyamət günü insana soruşulacaq ilk şey namazdır. Namazlarında əksiklik yoxdursa “tamam”  yazılır. Yox əgər namazlarında əksiklik vardırsa Allah (c.c.), “Nafilə namazlarına baxın!” buyurur. Fərz namazlardakı nöqsanlar nafilə namazlarla tamamlanar. Daha sonra digər əməlləri də eyni şəkildə hesablanar.”[14]

Namazları qəzaya buraxmaq günahdır. Onları qəza etmədikcə bu yük üzərimizdən qalxmaz. Fərzləri tərk edərək günah işləyən kimsə, qılınmasında böyük xeyirlərin olduğu sünnət namazlarını[15] da fövt edərsə iki qat xəta işləmiş olar. Yaxşısı budur ki, belə biri gün ərzində, işdən gəldikdən sonra, məzuniyət dövürlərində qəza namazlarını qıla bilmək üçün özünə vaxt ayıraraq əksiklərini tamamlasın.

Hənəfi məzhəbinə görə sünnət namazlarının yerinə, qəza namazı qılınmaz. Ancaq Şafi məzhəbinə görə sünnətlərin yerinə qəza namazı qılına bilər.Unutmamalıyıq ki, bu hökm sünnət namazlarına əhəmiyyət verilmədiyi üçün deyildir, biləks Şafilərə görə qəza namazlarının bir an öncə tamamlanması vacibdir. İş o qədər ciddidir ki, qəzaları olan bir kimsə yemə-içməylə belə vaxt itirməməli, bir an öncə borclarını tamamlamalıdır. Ancaq namazın sünnətini qılacağı zaman ağlına gələn, başqa vaxtlarda isə bu işin dərdini çəkməyənlərə bircə söz demək olar:”insaf da yaxşı şeydir.”

Qəza namazları dəftərçəsi.

Keçmiş həyatı qəflət içində keçən, daha sonra mütləq həqiqətlərə gözləri açılan şəxs, keçmiş ibadətlərini –namaz, oruc və s. kimi bir tərəfə qeyd etməli və gücü çatdığı nisbətdə  o borcunu azaltmalıdır. Bilməliyik ki qəzaya qalmış namazın, orucun borcu, ancaq onun qılınması və tutulması ilə ödənilir. Yaşlı, gücü-taqəti yerində olmayanlar isə imkanları ölçüsündə fidyə verməlidirlər.

*Namazları vaxtında qılmayan, qaçırdığı namazların dərdini çəkməyənlər bilməlidirlər ki, namazla küfr arasında (kafir olma) incə bir pərdə vardır[16]. Belə bir hala düşməmək üçün qaçırdığımız namazın   məsuliyyətinin ağırlığını vicdanımızda hiss etməli, fürsət tapdığımız elə ilk anda qəzasını qılmalı, aradakı boşluğu doldurmalıyıq.


[1] Nisa surəsi,103

[2] Nəsəi, Səlat,6, H No457; İbn Macə, İqamətus- Səlat: 194; Darimi, Səlat: 208

[3] Buxari, Təcridi-Sarih Tərcüməsi, H No318

[4] Əbu Davud, Səlat, 11. H No:435, 443; Nesai, Məvaqit, 54, 55; Əhməd bin Hənbəl,ıv, 444; Təhanəvi, İlaüs-Sünən, ıı, 126.

[5] Tirmizi,Məvaqit,18(Tirmizi bu hədisin isnadında şüphə olmadığını qeyd etmişdir.); Əhməd bin Hənbəl I,375;Zeyləi, Nəsbur-rayə, II,164-166.

[6] Bax. Taha, 20/14. Bu ayədəki xitab Hz.Musaya (a.s.) aiddir və Sina dağında keçən danışıqlarda yer alır.

[7] Müslim, Məsacid,316; Malik, Muvatta,Vukut,26; Əhməd bin Hənbəl, III,184,219;

[8] Buxari, Məvaqit,37; Müslim, Məsacid,314; Əbu Davud, Səlat,11.

[9] Müslim, Məsacid,311;Əbu Davud, Səlat,11;Tirmizi, Məvaqit,16;Nəsai, Məvaqit,53.

[10] Buxari,Heyz, 19,20; Müslim, Heyz, 15,69.

[11] Zeyləi, Nasbur-rayə,II,162.

[12] Müslim, Müsafirun,293; Əbu Davud, Cənaiz,51; Tirmizi,Cənaiz,41

[13] İbn Abidin Tərcüməsi,3/127-128

[14] Nəsəi, Səlat,9 H No461,İbn Macə, İqamətüs- Səlat: 202;)

[15] “Hər gün on iki rükət namazı qılmağa davam edən kimsəyə Cənnətdə bir ev inşa edilir.-Sonra Allah Rəsulu (s.a.s.) bunları saymağa başladı,- ikisi səhər namazının, dördü öncə, ikisi də sonra günortanın,ikisi axşamdan sonra,ikisi də yatsıdan sonra qılınan namazlardır.” (Tirmizi,Səlat,206; Nəsəi, Qiyamul-leyl,66);

“ilkindidən öncə dörd rükətlik nafilə namaz qılanın  Allah rəhmətini bol eləsin!”( Əbu Davud, Səlat,297;Tirmizi, Səlat,318) Ətraflı məlumat üçün baxın :  Nafilə namazlar.

[16] Nəsəi, Namaz,8, H No:459,460; İbn Macə, İqamətus- Səlat, 77; Tirmizi, İman, 9.



Açar sözləri

qeza namazı

Bənzər məqalələr

Qəzaya qalmış namazı camaatla qılmaq olar?

Qəza namazını cammatla qılmaq mümkündür. Eyni vaxta aid olan qəza namazları, üsuluna görə camaatla da qılına bilər. Ancaq imam və camaatın qıldığı namaz eyni olmalıdır. Yəni eyni vaxt namazının qəzasını qılmalıdırlar.

Qəza namazı

Fiqh terminalogiyasında bir namazın vaxtından sonra qılınmasına “qəza (etmək)” deyilir. Ayrıca vaxtında qılınmayan namaza “faitə” də deyilir. Möminin vaxtında qıla bilmədiyi namazı ifadə etmək üçün “qaçmış” mənasına gələn “faitə” sözünün işlədilməsi bir müsəlmanın namazı qəsdən tərk etməyəcəyini, ancaq yuxu və unutqanlıq kimi iradə xaricində olan səbəblərlə namazın “qaçmış” olacağını bildirməsi baxımından gözəl seçimdir. Yəni mömin […]

Qəza namazlarında ardicıllıq

Sual:Namazların qəzasında ardıcıllıq şərtdirmi? Deyək ki, bir günün bütün namazları qəzaya qalıb. Belə olan təqdirdə qəza edərkən sübh namazından başlayıb ardıcıllığa riayət etməliyik? Cavab: Bəzi alimlər namazların qəzasında sıranı gözləməyi vacib, bəziləri də müstəhəb saymışlar. Vacib sayanlar da xüsusilə “tərtib sahibi” üçün vacib olduğunu söyləmişlər. Əgər namazı qəza edən şəxs tərtib sahibidirsə,(uzun zamandan bəri namazlarını […]


Şərh yaz

*