Aylıq namaz vaxtları
5. 482 dəfə oxunub ,   0 şərh   Çap et

Təcrübədən keçirilməsi mümkün olmadığına görə, qəbir həyatına aid məsələləri ancaq Quran və hədislərin işığında təsəvvür edə bilirik. Əhməd ibn Hənbəl Hüzeyfədən (r.a.) nəql edir: “Bir dəfə Allah Rəsulu (s.a.s.) ilə birgə qəbiristanlıqda idik. Bir qəbrə yaxınlaşıb yanında oturdu, gözünü məzara zillədi, sonra da belə buyurdu: “Burada mömini elə sıxırlar ki, damar və əzələləri qopur. Kafirə gəlincə onun da üstü odla dolur”.[1]

Peyğəmbərimiz qəbir həyatının çətinliklərini əshabına danışmaqla onların ibrət almasını istəyirdi.

Bir səhabə nəql edir:

Allah Rəsulu (s.a.s.) ilə dəfn mərasimində idik. Peyğəmbəri­miz (s.a.s.) qəbrin baş tərəfində oturdu. Ağladı və ağlatdı. O qədər ağladı ki, göz yaşları torpağı islatdı. Və belə buyurdu:

− Qardaşlarım, bu günə hazırlaşın!”[2]

Səhabələr də qəbrin çətinliyini anlayırdılar. Könül insanı Həzrət Osman (r.a.) bir qəbrin yanında dayananda saqqalı islananacan ağlayardı.

− Cənnəti, Cəhənnəmi xatırlayıb ağlamaqdansa, bu qəbrə görə göz yaşı tökürsən! – deyənlərə də bu cavabı verirdi:

− Kainatın Fəxri Həzrət Məhəmməd (s.a.s.) buyurub ki, qəbir axirət mənzillərinin birincisidir. Ondan qurtulanlar üçün sonrası daha rahatdır. Ondan qurtula bilməyəni daha şiddətli aqibət gözləyir.

Günlərin birində Həzrət Əli yanındakılara xitab edirdi. Söh­bətində Peyğəmbərimizin bu sözlərini nəql etdi: “Qəbir ya Cən­nətin bir bağçası, ya da Cəhənnəmin bir quyusudur. Qəbir gündə üç dəfə danışır və belə səslənir: “Mən qurdlar yuvasıyam. Mən qaranlıqlar yuvasıyam. Mən vəhşət və tənhalıq eviyəm”.[3]

 “Sad ibn Muaz dəfn ediləndə Peyğəmbərimiz (s.a.s.) Allahı təsbeh etdi. Yanındakı səhabələr də uzun-uzun təsbeh etdilər. Sonra Allah Rəsulu təkbir gətirdi. Səhabələr də təkbir gətirdilər. Səhabələr soruşdu:

− Ey Allahın Rəsulu nə üçün təsbih etdiniz?

Peyğəmbərimiz belə buyurdu:

− Qəbir bu saleh adamı çox sıxdı. Sonra da Allah sıxıntısını aradan qaldırdı.

Başqa rəvayətdə belə buyurulur: “Qəbir adamı elə sıxır ki, əgər bir insan bundan qurtula bilsəydi, o da mütləq Sad ibn Muaz olardı”.[4]

Həzrət Aişə anamız da incə qəlbli bir xanımdı. Bir gün Allah Rəsulundan (s.a.s.) soruşmuşdu:

− Ey Allahın Rəsulu! Sən mənə Münkər-Nəkirin səsindən və qəbrin sıxmasından danışandan bəri əlim heç nəyə yatmır.

Allah Rəsulu (s.a.s.) buyurmuşdu:

− Ey Aişə! Münkər-Nəkirin səsi möminlərin qulağında göz­dəki sürmə kimidir. Qəbrin sıxması isə ananın şəfqətlə qucaqlaması kimidir ki, uşaq başı ağrıdığını anasına deyir, o da nəvazişlə başını oxşayır. Ancaq, ey Aişə! Vay o kəslərin halına ki, Allah haqqında şübhə edirlər. Daş yumurtanın üstünə düşüb onu əzdiyi kimi, qəbir də onları əzir.[5]

Təbərani Həzrət Ənəsdən (r.a.) rəvayət edir: “Həzrət Zeynəb vəfat edəndə Allah Rəsulunun hüzuruna getdik. Çox üzgün idi. Kədərli halda qəbrin yanında oturub səmaya baxmağa­ başladı. Daha sonra qəbrin içinə düşdü. Kədəri daha da artdı. Qəbirdən çıxanda gülümsəyirdi. Səbəbini soruşanda belə buyurdu: “Qəbrin darlığını, sıxıntısını və Zeynəbin zəifliyini düşünürdüm. Bu, mənə ağır gəlirdi. Qəbrin ağırlığını yüngülləşdirsin deyə Rəbbimə dua etdim. Qəbul olundu. Buna baxmayaraq, qəbir onu elə sıxdı ki, insanlar və cinlərdən başqa hər şey onu eşitdi”.[6]

Bir dəfə Allah Rəsulu (s.a.s.) Bəni Nəccar bağçalarının birində olan müşrik qəbirlərinin yanından keçəndə məzardan gələn əzab səsini eşitmiş, yanında olan əshabına qəbir əzabından Allaha sığınmağı əmr etmişdi. Səhabələrdən birinin: “Ya Rəsulallah, onlara qəbirdə əzab verilir?”– sualına Nəbilər Sərvəri belə cavab vermişdi: “Bəli, onlara qəbirdə elə əzab verilir ki, (əzabın şiddətindən etdikləri fəryadı) heyvanlar eşidir”.[7]

Burada Allah Rəsulunun və heyvanların eşitdiyi əzab səsi qəbirdə əzab çəkən insanın fəryadıdır. Bir hədisində Peyğəm­bərimiz (s.a.s.) qəbir sualından söz açmış, suallara cavab verə bilməyən kafir və münafiqlərin necə əzaba düçar edilməsindən danışmışdır: “…Sonra onların başına dəmir toxmaqla vurulanda kafir, yaxud münafiqdən elə bir bağırtı qopur ki, insan və cindən savayı, ona yaxın olan hər şey fəryadını eşidir”.[8] Bir başqa hədisində isə bu vuruşla o insanın torpaq olduğunu və ruhu yenidən geri qaytarılaraq əzabın davam etdirildiyini bildirmişdir.

Qəbrin genişlənməsi

Hədisi-şəriflərdə qəbrin genişlənməsindən də bəhs olunur. Bir nəfər Mədinədə vəfat edir. Peyğəmbərimiz (s.a.s.) onun cə­nazə namazını qıldırır və: “Kaş doğulduğu yerdə yox, başqa yerdə vəfat edəydi”, – buyurur. Orada olan səhabələrdən biri: “Nə üçün, ey Allahın Rəsulu?” – deyə soruşur.

Peyğəmbərimiz də: “Bir insan doğulduğu yerdə deyil, başqa yerdə vəfat edərsə, ona Cənnətdə doğulduğu yer ilə vəfat etdiyi yer arasındakı məsafə qədər yer verilir”,[9] – buyurur.

Bu hədis hicrətin də fəzilətinə işarə edir.

Qəbrin ölüyə səslənməsi

Qəbir həyatına aid hadisələrdən biri də məzarın ölü ilə danışmasıdır:

“Peyğəmbərimiz (s.a.s.) Məscidi-Nəbəviyə girəndə orada bir-biri ilə gülüb danışan adamları görüb buyurdu:

– Əgər siz ləzzəti acılaşdıran ölümü tez-tez xatırlasaydınız, belə gülüb-danışmazdınız. Ləzzətləri yox edəni, yəni ölümü tez-tez xatırlayın. Çünki bir gün qəbir danışacaq və belə deyəcək: “Mən qürbət eviyəm, mən yalqızlıq eviyəm, mən torpaq eviyəm və mən qurdların eviyəm.

Mömin bəndə dəfn ediləndə qəbir ona deyir: “Salam, xoş gəldin. Sən üstümdə gəzənlərin ən sevimlisi idin. İndi mənə verildin. Sənin üçün nə edəcəyimi görəcəksən”. Sonra qəbir gözün gördüyü məsafə qədər genişlənir və Cənnətdən bir qapı açılır. Kafir və ya günahkar bir qul dəfn olunanda isə qəbir ona: “Sənə “xoş gəldin” düşmür və heç də xoş gəlmədin. Sən mənim üçün üstümdə gəzənlər arasında ən pisi idin. İndi mənə qayıtdın və mənə əmanət edildin. İndi sənə nə edəcəyimi görəcəksən”, – deyir. Sonra da qəbir onu qabırğa sümükləri bir-birinə keçənədək sıxır”.

Bu hədisin ravisi Əbu Səid deyir ki: “Allah Rəsulu (s.a.s.) barmaqlarını bir-birinə keçirdi və buyurdu: “Allah ona qəbrində yetmiş ilan göndərir. Əgər onların biri yer üzünə üfürsə, dünya durduqca orada heç nə bitməz. O ilanlar həmin münkiri (kafiri) haqq-hesab gününədək narahat edir, sancır”. Peyğəmbərimiz (s.a.s.) dedi ki: “Qəbir ya Cənnətin bir bağçası, ya da Cəhənnəmin bir quyusudur”.[10]


[1] “Müsnəd”, İbn Hənbəl, 5/407

[2] İbn Macə, “Sünən”, II, 1403

[3] “Müsnəd”, İbn Hənbəl, 2, 293

[4] “Müsnəd”, İbn Hənbəl, VI, 55

[5] Deyləmi, “Sünən”, IV, 498

[6] Təbərani, “Kəbir”, II, 257

[7] Müsnəd, “İbn Hənbəl”, 1, 225

[8] Buxari, “Cənaiz” 66, 85

[9] Müsnəd, “İbn Hənbəl”, 2, 177

[10] Tirmizi, “Sünən”, IV, 639



Açar sözləri

axirət qəbir həyatı

Bənzər məqalələr

Axirətdə qurtuluşun açarı

(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Axirətin varlığının dəlilləri

Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?
Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil.

Stressin çarəsi

Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.

Az gülün, çox ağlayın!

Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız.


Şərh yaz

*