Aylıq namaz vaxtları
186 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbər yolu nə deməkdir? Mömin bu yolda necə hərəkət etməlidir?

İslam alimlərinə görə, elm öyrənməyin üç yolu var:

  1. Həvvası-səlimə adlanan beş duyğu orqanı. “Həvas” anlamaq, qavramaq və dərk etmək deməkdir. Beş duyğu orqanına həvvası-xəmsə də deyilir. Duyğu orqanları bunlardır: eşitmək (səmia), görmək (bəsira), qoxlamaq (şəmmə), dadbilmə (zəiqa) və toxunma (lamisə). Duyğu orqanları bunlardır: qulaq, göz, burun, dil və dəri.
  2. Əqli-səlim (sağlam düşüncə). Ağıla, məntiqə uyğun, nəql yolu ilə deyil, yalnız əql yolu ilə əldə edilən məlumatların zahiri səbəbi ağıldır.
  3. Xəbəri-mütəvatir (doğru xəbər). Bu da iki cürdür:

Mütəvatir xəbər – yalanda ittifaq etməsi mümkün olmayan çoxluğun verdiyi xəbər.

Xəbəri-rəsul – Allahın göndərdiyi peyğəmbərlərin bəyanları.

Ağlın özünə görə idrak sahəsi olduğu kimi, duyğu orqanlarının da özlərinə görə hiss etmə qabiliyyətləri var. İnsan bunlardan düzgün və yerində istifadə edərək müəyyən həqiqətləri öyrənə bilər. Bunlarla yanaşı insan vicdanı vasitəsilə də müəyyən həqiqətləri dərk və hiss edə bilər. Filosof Berqson (Henri Bergson 1859-1941) vicdanın sezgilərini intuisiya adlandırır. Ona görə vicdan ən doğru bilgi qaynağıdır.

Məlumat mənbəyi olaraq vəhy

Elə həqiqətlər də var ki, ağıl, duyğu orqanları və vicdan həmin həqiqətləri dərk və hiss etməkdə, sezməkdə acizdir. Çox vaxt əşya və hadisələrin ardındakı həqiqi səbəbi ağıl və duyğu orqanları ilə bilmək mümkün olmur. Çünki əşya və hadisələrin zahiri yönləri ilə yanaşı, ağıl və hislərin qavraya bilmədiyi batini cəhətləri də var. Məsələn: Allahın zatı (zatı-üluhiyyət), axirət və metafizik aləmlə əlaqəli mövzular ağıl və hislərin fövqündədir. Buna görə də bir insan ağıl və hisləri vasitəsilə Allahın zatını qavraya və Ona necə qulluq edəcəyini bilə bilməz.

Bu mövzularla əlaqəli lazımi məlumat Allah dərgahındadır. Ayətül-kürsidəki “O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər.”[1] bu ifadədən də göründüyü kimi insanlar ilahi elmi ancaq Allahın bildirdiyi qədər qavraya bilərlər. Məhz buna görədir ki, möminlər dua edərkən “Allahım bizə  dərgahından elmi-lədün lütf eylə!” deyirlər.

Həzrət Musa (ə.s.) hadisələrin pərdə arxasındakı səbəblərini görmək üçün həzrət Xızır (ə.s.) ilə yola çıxmışdı. Allah dostları da müxtəlif yollarla əşya və hadisələrin arxa planındakı hikmətləri görməyə çalışmışlar. Dövrümüzdə təhrif olunmuş bəzi din və ya müəyyən “dini” qruplara mənsub insanlar yoqa, meditasiya və bənzər üsullarla həqiqəti qavramağa çalışırlar.

Bu mövzularda ən etibarlı mənbə Allahın peyğəmbərləri vasitəsilə insanlara göndərdiyi vəhydir. İslam alimləri bunu mütəvatir xəbər adlandırmış və elm öyrənmək üsullarından biri saymışlar. Quran bizə təvatür[2] yolu ilə nəql olunmuşdur. Rəsulullahın (s.a.s.) əksər sünnəsi də (ləfzən və ya mənaca) bizə təvarür üsulu ilə gəlib çatmışdır. Quran Uca Allahın Rəsulullaha (s.a.s.) vəhyidir. Səhih Sünnə də Rəsulullaha (s.a.s.) Allah tərəfindən vəhy olunmuşdur.

Quran vəhyi-mətluv (sözləri və mənası Allaha aid tilavəti ibadət sayılan vəhy), Sünnə isə vəhyi-qeyri-mətluv (mənası Allaha, ifadəsi Rəsulullaha aid tilavəti ibadət sayılmayan vəhy) adlandırılmışdır.

Bununla yanaşı Rəsulullah (s.a.s.) Allah tərəfindən göndərilən son ilahi din[3] olan İslamı mükəmməl şəkildə təmsil etmişdir. Təbii ki, İslam kimi mükəmməl dini ən gözəl şəkildə Kamil Peyğəmbər (s.a.s.) təmsil edə bilərdi və elədi də. Quranın doğru başa düşülməsi və tətbiqi də Rəsulullahın (s.a.s.) bu mükəmməl təmsili ilə gerçəkləşmişdir.

Peyğəmbər yolu da məhz Uca Allahın Rəsuluna (s.a.s.) bildirdiyi vəhy və Onun (s.a.s.) həmin vəhyi təmsil şəklidir.

Allahın zatı haqda yanlış fikirlər

İman və ibadətlə əlaqəli məsələlərdə doğru yolu tapmaq Quran və Sünnəyə bağlı qalmaqla mümkündür. Dini mövzularda peyğəmbər yolunu izləməyən bir insan bir çox şeydə xəta edə bilər. Hətta Uca Allahın zatını görmək lütfünə nail olsa belə, burada səhvə yol verə bilər. Məsələn: orada necə davranacağını unuda, bəndə-Yaradan münasibətinin necəliyini qavramaqda çətinlik çəkə bilər. Buna layiq olduğuna görə kibirlənə bilər və beləcə ən uca zirvədən dərin çuxura yuvarlanar.  

Bununla yanaşı Allahın zatına Fərhad və Məcnunun aşiq olduğu kimi güclü sevgi hiss edə və bu eşqdən dəli-divanə ola bilər. Eşqində yavaş hərəkət etməyi sevdiyinə qarşı hörmətsizlik kimi qavraya bilər. Belə bir insan peyğəmbər yolunda hərəkət etməsə, tarazlığını qoruya bilməz və ehtimal ki, əllərini qaldırıb belə dua edər: “Allahım! Bir an gecikdirmədən canımı al! Təki sənə qovuşum.”

Bu dua gözəl görünə bilər. Ancaq əslində Sünnəyə ziddir. Belə ki, Rəsulullah (s.a.s.) bir hədisində Allahdan ölüm arzulamağı qadağan etmiş və belə buyurmuşdur:

Heç kim başına bir müsibət gəldiyinə görə ölümü arzulamasın! Əgər ölümü istəməkdən  başqa çarəsi qalmayıbsa, heç olmasa, belə dua etsin: “Allahım, nə qədər ki həyat mənim üçün xeyirlidir, məni yaşat. Nə vaxt ki ölüm mənim üçün daha xeyirlidir, o zaman ruhumu al və məni bu dünyadan apar.”[4]

Bu dünya bir təlim düşərgəsinə bənzəyir. İnsan axirət üçün lazım olan şeyləri öyrənmək üçün bu düşərgəyə göndərilmişdir. Buna görə də hərbi xidmətə göndərilən əsgər kimi Yaradan tərəfindən təxris olunana qədər səbir etməli və qulluq vəzifəsini yerinə yetirməlidir. Peyğəmbər yolunun gərəyi budur. İnsanın belə sadə məsələlərdə belə Sünnəyə müraciət etmədən, peyğəmbər yolu ilə getmədən həqiqəti və doğrunu tapması çox çətindir.

Başqa bir misal: İnsan ağlı ilə Yaradanın varlığına inana bilər. Necə ki, peyğəmbərin göndərilmədiyi müəyyən dövrlərdə bəzi insanlar kainata baxaraq Yaradanın varlığına inanmışlar. Ancaq insan təkbaşına həmin Yaradanın necəliyini, hansı ad və xüsusiyyətlərinin olduğunu, onun haqqında nə düşünəcəyini qavraya bilməz. Bu və bənzər xüsusları Rəsulullahın (s.a.s.) göstərdiyi sərhədlər daxilində qavramayan bir insan üluhiyyət haqda yanlış fikirlərə qapıla bilər. Bir vaxtlar İsrail oğullarının elədiyi kimi təcsim (cismaniləşdirmə) edə, bəzi xristianların və “müsəlman” qrupların etdiyi kimi Allahın insanda xülul etdiyinə (birləşdiyinə) inana bilər. Yaxud Yunan fəlsəfəsinin təsirində qalan Mötəzilə məzhəbi kimi “Allah hər şeyi məsləhətə uyğun yaratmaq məcburiyyətindədir” şəklində lüzumsuz ifadələr işlədə bilər. Həmçinin Allah heç nəyə məcbur deyildir. Bu qəbil sözlər üluhiyyət anlayışı ilə düz gəlmir. Allahın hər işində min bir hikmət gizlidir. O, əbəs iş görməz. Bu tərz fikirlər deyilmə şəklindən və yerindən asılı olmayaraq peyğəmbər yoluna ziddir.

Dini mövzulardakı düşüncələr ilahi vəhyə əsaslanmadığı təqdirdə insan həmişə Allahın zatına yaraşmayan iddiaları dilinə gətirə və beləcə zəlalətə düşə bilər.

Zəlalət və şirkdən qorunmağın yolu

İslam tarixində Cəbriyyə, Mürciə, Müşəbbihə və Mücəssimə kimi müəyyən firqələr Zatı-üluhiyyətlə əlaqəli yanlış düşüncələrinə görə doğru yoldan (haqdan) uzaqlaşmış, şirkə düşmüşlər. Onların şirkə düşməsinin əsas səbəbi peyğəmbər yolundan uzaqlaşmaları və həmin yoldan kənara çıxmalarıdır.  

Ərəb atalar sözündə belə buyurulur: “Ruzigarlar, gəmilərin arzu etdiyi istiqamətdə əsməzlər.” Bəzən fərd, bəzən də cəmiyyət olaraq çətinliklər, məşəqqətlər, bir-birini təqib edən zülmlər, düşmən hücumları ilə qarşı-qarşıya qala bilərik. Belə olan hallarda Allahım niyə bu başıma/başımıza gəldi deyib üsyan etmək doğru deyildir. İnsan fərqində olmadan düşdüyü halı bəzən qədərə boyun əyərək normal kimi qəbul edə bilər. Bəzən də etiraz edərək qədərə daş atar, Allahı (haşa) günahlandırar. Hər iki halda da Peyğəmbər yolundan uzaqlaşma görülür. Bu kimi hallarda “Boykot illəri”, Taif dönüşü və Uhud müharibəsi sonrası Allah Rəsulunun hadisələrə münasibəti nümunə götürülə bilər.

İnsan və cəmiyyət həyatında Sünnətullah adlandırılan ilahi proqram işləyir. Bu proqramda dəyişim baş verməz. “Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən.” (Əhazab 33/62) Uca Allah belə buyurur: “De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən![5]“…Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk…”[6] Yəni bir gün biri, ertəsi gün digəri üçün bayram sayılar. Mülkün həqiqi sahibi Allah olduğuna görə heç kimin Ona etiraz etmək haqqı yoxdur. Bu, peyğəmbər yoludur.

Xüsusilə, şərtlərin çətinləşdiyi və zülmlərin olduğu dövrlərdə yaşayanlar baş verən hadisələri doğru qavramaq, Zatı-üluhiyyət haqda yanlış fikirlərə düşməmək üçün peyğəmbər yolunu izləməlidirlər. Yəni doğru yolda olmaq peyğəmbərin yolu ilə getməyə bağlıdır. Əks təqdirdə müəyyən çətinliklərin təsiri ilə yanlış düşüncələr özünü göstərər.  

Bunun əksi də ola bilər. Şərtlər lehinə olduğuna görə bir çox uğurlara imza atan və yaxşı nailiyyətlər əldə edənlər bir müddət sonra (qəflət və cəhalətlə) “etdik, bacardıq, qurduq, yaratdıq…” kimi iddialar edə bilərlər. Bu cür iddialar onları əvvəlkiləri zəlalətə sürüklədiyi kimi, bunları da ehtimal ki, şirkə sürükləyər.  

Peyğəmbər yolunun yolçusu möminlər isə qazandıqları bütün uğurları Allahdan bilər, gördükləri xeyir işlər üçün Allaha şükür edərlər. Onlar cüzi iradəni inkar etməz və bunun insan davranışlarının normal şərtlərdə tənzimləyən səbəb kimi görərlər. Hər şeyi yaradanın Allah olduğunu əsla unutmazlar.

Rəsulullahın (s.a.s.) yandırdığı məşəlin işığında gedən möminlər səbəb-nəticə arasındakı qeyri-mütənasibliyə ilişib qalmazlar. Onlar hadisələrin zahiri yönü ilə yanaşı, batini cəhətini də nəzərə alar və bu xüsusda doğru qənaətə gələ bilərlər. Onlara görə böyük nəticələrin çox kiçik səbəblərə bağlanması əslində Allahın böyüklüyünün əlamətidir. Çünki Allah bəzən bizim sadəcə əl qaldırıb dua etməyimizi bir səbəb kimi qəbul edə və çox böyük şeylər lütf edə bilər.

Bunları digər iman əsaslarına da aid etmək olar. Məsələn: bir insanın peyğəmbər yoluna tabe olmadan nübüvvətlə əlaqəli doğru fikirlərə sahib olması mümkün deyil. Nübüvvətlə əlaqəli bəzi prinsiplərə əməl etmədiyi təqdirdə çox vaxt mübaliğəli iddialar edə bilər. Bu xüsusda ifrata və təfritə düşənlər olmuşdur. İfrata düşənlər zatı üluhiyyətin özünü ifadə etmək üçün peyğəmbərlərə “möhtac” olduğunu iddia etmiş, təfritə düşənlər isə peyğəmbəri vəhyi insanlara çatdıran “poçtalyon” kimi dəyərləndirmişlər. Bu qəbil düşünən insanlar sadəcə dini bilginin qaynağının Quran olduğunu iddia edir, hədisləri qəbul etmirlər. Bu xüsuslar mütəvatir xəbərlərə istinad edilmədiyinə görə Sünnət yolu tərk edilmişdir.

Etiqadi mövzularda olduğu kimi ibadət məsələlərində vəhyin izahı olan peyğəmbər bəyanlarına möhtacıq. Çünki ibadətlər təabbudidir, yəni Allah əmr etdiyi üçün, Onun istədiyi vaxt, Onun buyurduğu şəkildə və Onun razılığını qazanmaq niyyəti ilə etsək, ya da sırf Allah qadağan etdiyi üçün bəzi şeylərdən çəkinsək, məhz bu zaman əməllərimiz ibadət hökmünə keçər. Nə qədər ki, ibadətləri Quranın buyurduğu, Rəsulullahın (s.a.s.) göstərdiyi şəkildə, dəyişdirmədən, artırıb-azaltmadan, əslinə toxunmadan yerinə yetiririk, o zaman ibadətimiz ibadət olaraq qalır. Bəli, format Allah və Rəsulu (s.a.s.) tərəfindən müəyyənləşdirilibsə, bir dəyərə malikdir. Yoxsa, ağlınıza görə bir ibadətin formaca daha ağırını, daha müşkülünü etsəniz də, bunun bir dəyəri yoxdur. Yəni insan özbaşına “ağıl” və “məntiqi” ilə yeni ibadət növləri icad edə bilməz. Dinimizcə bu bidət sayılır. Kim buna cəhd edərsə, Fatiha surəsində bildirilən “qəzəbə uğramışlar və haqdan azmışlar” zümrəsinə daxil olar. Bu nöqteyi-nəzərdən demək olar ki,

iman və İslama aid məsələlərdə peyğəmbər yoluna tabe olmadan həqiqəti tapmaq və sirati-müstəqimdə (doğru yolda) sabitqədəm olmaq mümkün deyil.  

Peyğəmbərimizin idarə etmə modeli

Hər hansı vəzifədə olan idarəçi ağıl, təcrübə və ya vəzifə səlahiyyətlərinə arxalanaraq öz düşüncələrinə görə müəyyən işlər görə bilər. Səlahiyyəti çərçivəsində istədiyini elətdirə bilər. Fikirləşə bilər ki, verdiyi bütün qərarlar doğrudur və o, həmişə haqlıdır. Ola bilər ki, təkəbbürü başqaları ilə məsləhətləşməsinə mane olsun. Bu cür düşünən insan mömin olsa belə peyğəmbər yolunu tiranların yoluna dəyişmiş sayılır.

Çünki Allah Rəsulu (s.a.s.) bir peyğəmbər olduğu halda hər mövzuda əshabı ilə məsləhətləşmiş, məşvərət etmişdir. Məsləhətlə alınan qərarları dəyişməmiş, yeri gələndə çoxluğun fikrini öz qərarından üstün tutmuşdur. Məsələn: Uhud müharibəsində səhabələrin fikrinə görə hərəkət etmişdir. Özü müdafiə olunmağı düşünürdü. Səhabələr isə müharibə tərəfdarı idi. Ancaq O, məşvərətlə alınan qərara uyğun Uhud müharibəsinə getmişdir.  

Xurma ağaclarının tozlanması kimi sadə məsələdə isə səhabələrə bildikləri kimi davranmağı tövsiyə etmişdir: “Siz dünya işlərini daha yaxşı bilirsiniz.”[7] Belə demək olar ki, Rəsulullah (s.a.s.) bununla mömin rəhbərlərə bir üslub öyrətmişdir. Yəni mömin rəhbərin tabeliyində olanlarla məşvərət elədikdən sonra “Mən bu mövzuda dəfələrlə düşündüm və bu qənaətə gəldim. Daha yaxşısını siz bilərsiniz.” – deməsi peyğəmbər yoluna uyğun davranışdır. Bəli, insanın kibir və təkəbbürdən üz çevirərək başqalarının fikirlərinə hörmət göstərməsi, yeri gələndə onların düşüncəsini özününkündən üstün görməsi bu yolun gərəyidir.

Ümumiyyətlə insan hansı yol ilə gedəcəyini əvvəlcədən bilməli və müəyyənləşdirməlidir. Hansı yolu getdiyini tez-tez nəzərdən keçirməlidir. Möminin gedəcəyi yol peyğəmbərlərin və onların izi ilə gedən səhabələrin yoludur.

Bu yolun yolçuları

Rəsulullahın (s.a.s.) yolunu doğru qavrayan və bu yolda ən gözəl addımlayanlar Rəşid xəlifələr olmuşdur. Onlar İslamı çox gözəl təmsil etmişlər. Məhz buna görə Rəsulullah (s.a.s.): “Sizə təqva dairəsində hərəkət edərək Allahdan qorxmağı və rəhbəriniz zənci qul da olsa, dinləyib itaət etməyi tövsiyə edirəm. Kimin ömrü çatsa, gələcəkdə bir çox ixtilaflara şahid olacaq. Məhz o vaxt siz Mənim və Raşid xəlifələrin yolu ilə gedin və bu yolu azı dişlərinizlə tutmuş kimi bərk-bərk tutun. Bidətlərdən isə çəkinin. Şübhəsiz, hər bir bidət zəlalətdir (dinin əslindən sapmaqdır).”[8] hədisi ilə möminləri Sünnəsinə tabe olmağa və Rəşid xəlifələrin yolu ilə getməyə səsləmişdir.

Rəsulullah (s.a.s.) başqa bir hədisində səhabələrin fəziləti haqqında belə buyurmuşdur:

Ən xeyirli nəsil (səhabə) hal-hazırda arasında olduğum nəsildir. Sonra onların ardınca gələn (tabeun), sonra da onların arxasınca gələn (təbəi-tabeun) sildir.”[9]

Möminlər ən xeyirli əsrdə yaşayanların yoluna tabe olmadan peyğəmbər yolunu doğru qavraya bilməzlər. İslamın doğru qavranmasının yolu bu böyük insanların anlayışlarına müraciət etmək və onları təqib etməkdən keçir. Bu nöqteyi-nəzərdən Rəşid xəlifələri, Əhli-beyti və fərq qoymadan bütün səhabələri sevdirmək möminlərin əsas vəzifəsidir.

Səhabələrdən sonra peyğəmbər yolunun ən layiqli təmsilçiləri məzhəb imamları başda olmaqla sələf alimləri olmuşdur. Onların əsas dərdi dini doğru anlamaq, nəyin necə olduğunu izah etmək və bunları sistemləşdirmək idi. İmam Əbu Hənifə, İmam Malik, İmam Şafei və Əhməd ibn Hənbəl xüsusi qabiliyyətlərlə yaradılan insanlar idi. Onların sayəsində demək olar ki, bütün dini mövzular izah edilmişdir. Onlar dini səhablərin anladığı kimi bizlərə ötürmüşlər. Peyğəmbər yolunu anlamaq üçün onların etdiklərindən xəbərdar olmaq, onlara hörmət göstərmək və onları təqib etmək lazımdır.

Bu o demək deyil ki, dövrümüzün şərtlərini nəzərə almamalıyıq. Şəraitlə əlaqəli müəyyən xüsusları dinin əslinə adi məsələlərdən ayırmaq lazımdır. Dövrün və zamanın tələbini nəzərə almalı, əsas prinsiplərə sadiq qalmaq şərtilə müəyyən izahlardan da istifadə edilməlidir.


[1] Bəqərə surəsi, 2/255.
[2] Təvatür etibarlı bir qrup insanın verdiyi xəbərə deyilir. Həmin xəbəri verən insanların yalan danışma ehtimalı yoxdur. Təvatür nəqli dəlil sayılır.  
[3] Bax: Maidə surəsi, 5/3.
[4] Buxari, Mərda 19; Müslim, Zikr 10.
[5] Ali İmran surəsi, 3/26.
[6] Ali İmran surəsi, 3/140.
[7] Müslim, Fəzail 141.
[8] Əbu Davud, Sünnət 5; Tirmizi, Elm 16.
[9] Buxari, Şəhadat 9, Riqaq 7; Müslim, Fədailus-səhabə 210.
Tiran qədim Yunanınstanda siyasi hakimiyyəti tək başına əlində saxlayan şəxs bu şəkildə adlandırılmışdır. Digər adı diktatordur.



Bənzər məqalələr

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Səmimiyyəti qorumaq

Bəzi möminlər İslamı təbliğ edərkən başlanğıcda heç bir mənfəət gözləmirlər. Bir müddət sonra niyyəti və məqsədi təbliğ olanların sayı azalır. İlk günlərdəki saflıq və səmimiyyəti qorumaq üçün nə etmək lazımdır?

Hidayət nədir?

Hidayət nədir? Rəbbimizin inayət və hidayətinə nə cür, hansı işlərimizlə, əməllərimizlə nail ola bilərik? Hansı hidayət vəsilələri var?


Şərh yaz

*