5. 286 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Hz. Adəmin (ə.) xətasını necə anlamalıyıq?

Cavab: Qurani-Kərim bir yerdə Həzrət Adəmin (ə.) vəziyyətini belə təsvir edir:

“Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı və yolunu itirdi. Sonra Rəbbi onu seçib tövbəsini qəbul buyurdu və ona doğru yolu göstərdi”.[1]

Ayədə “ictiba” sözündən istifadə edilir. İctiba dibə çöküb lilə çevrilməkdən, köpük kimi sağa-sola sovrulmaqdan xilas etməkdir. Allah Həzrət Adəmi (ə.) belə bir vəziyyətə düşməkdən qurtardığını bildirir. Məalda “əmrindən çıxma” məsələsini də irəlidə nəzərdən keçirəcək və buna əmrdən çıxma – asilik deyilməsinin doğru olmadığını isbat edəcəyik. İndi yenə diqqətlə Həzrət Adəmi (ə.) izləməyə davam edək.

İtaəti Həzrət Adəmdən (ə.) öyrənmək lazımdır. O, bir balaca büdrəyən kimi onu yıxılmaqdan qoruyan Rəbbinə üz tutub belə deyir:

“(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz ikimiz də özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər”.[2]

Bu, bir zəllədir. Lakin Allah (c.c.) bu zəllədən sonra onu dərhal doğru yola çıxarmış və hidayətə çatdırmışdır. Bundan da anlayırıq ki, Həzrət Adəmin (ə.) zəlləsi “ictiba”dan əvvəl olmuşdur. Adəm  (ə.) bu ərəfədə az xəzan görmüş, yarpaqları azacıq saralmış, ancaq tökülməmişdi. O, bəlkə də, zəmi kimi küləyin təsiri ilə yatmış, külək keçəndən sonra da əvvəlki kimi dikəlmiş və saf ruhuna qovuşmuşdu. Elə Allah Rəsulu da mömini zəmiyə bənzədir. Kafir isə çinara oxşayır. Əvvəl çox ehtişamlı görünür. Lakin bir dəfə aşdımı, artıq doğrulub dikəlməsi mümkün olmur.[3] Bu üçüncü izah qəbul ediləcək olsa, Həzrət Adəmin (ə.) büdrəməsi peyğəmbərlikdən öncədir. Digərlərini də bununla müqayisə etmək olar.

Həm də Həzrət Adəminki (ə.) unutmadan qaynaqlanırdı. Allah-Təala and içərək və təkidlə bizə Həzrət Adəmin (ə.) bu vəziyyətini xəbər verir:

“Doğrusu, bundan əvvəl Adəmdən əhd almışdıq. Lakin o unutdu və Biz onda (günah işləməkdə) əzm (israr) görmədik”.[4] Bu, bu ayədəki yanaşmalardan biridir.

Bir başqa yerdə Allah (c.c.): “Biz ona: “Hər şeydən bol-bol yeyin-için, lakin bu ağaca toxunmayın, sonra zalımlardan, həddi aşanlardan, nemətlərdən məhrum qalanlardan olarsınız”, – demişdik”.[5] Lakin o, bunu unutdu. Onsuz da, unutmaq bəşərə xasdır. İnsan fitrətini çox yaxşı bilən Peyğəmbərimiz bu məsələdən danışarkən: “Adəm (ə.) unutdu, övladları da unutdu”[6], – buyurur. İnsan unutqandır. Adəm (ə.) insandır, elə isə o da unudar və unutdu da. Bundan başqa, Peyğəmbərimizin hədisində insan xarakterində irsiyyətin təsirinə də işarə olunur. Bu sahənin mütəxəssisləri üçün bu da bir ipucudur. Demək ki, unutma, unutqanlıq bizə atamızdan keçmişdir.  Allah (c.c.) bunu Adəmin (ə.) mahiyyətinə və xromosomlarına yerləşdirmişdir, biz bunu mahiyyətimizdən çıxarıb ata bilmərik. Allah: فَنَسِيَ “unutdu” deməklə Həzrət Adəm haqqında sui-zənn edilməsinə imkan vermir və ardınca da: “Biz onda (günah işləməkdə) əzm (israr) görmədik”[7], – deyir. Necə oldusa, yol onu çəkib oraya apardı, amma o, bunu unudaraq etdi, qəsdən və bilərəkdən etmədi.

Bu yasaq meyvə nə idi? Bu haqda o qədər çox və fərqli fikir var ki, hamısını sıralasaq, bura meyvə-tərəvəz dükanına dönər. Arpa, buğda, düyü, xurma, üzüm və s. Hansı olur-olsun, nəticə dəyişmir. Əsas məsələ bu yasaq meyvəni yeməyin nəticələridir. Bununla yanaşı, bizim qənaətimiz, bu günə qədər deyiləndən bir az fərqlidir.

Yasaq meyvə Həzrət Adəmin (ə.) hakim ola bilmədiyi şey bəşəri duyğulardır. Bu duyğu sayəsində insan oğlu çoxalacaq və nəslini davam etdirəcəkdi. Eyni duyğu Həzrət Həvva anamıza da aiddir. Allah bilir, bəlkə də,”şəcərə”yə toxunmaq nəslin davamını təmin edən hərəkəti eləmək deməkdir.

Bununla birlikdə: “Ən doğru görüş budur”, – demirik. Ancaq indiyə qədər irəli sürülən  ehtimallar arasında bu ehtimalı da düşünmək faydalı olardı. Gerçəyi doğru ifadə edirsə, bu, Rəbbimizin lütfüdür, xəta varsa, Onun əngin rəhmətinə sığınırıq.

Unutma və xətanın dini hökmünə keçmədən burada bir məqamı da xatırlatmaq istəyirik. Qurani-Kərimdə qissələr nəql edilərkən qopuq hadisələrə birləşdirilir. Burada da vəziyyət eynidir. Bir dövrdə Həzrət Adəm (ə.) və Həvvaya yasaq meyvəyə toxunmaq qadağan edilmişdi.  Ancaq bu əmrin üstündən keçən vaxt məlum deyil. Bircə o anlaşılır ki, Həzrət Adəmin (ə.) bu əmri unuda biləcəyi qədər vaxt keçmişdir. Və yasaq meyvəyə əmri unudandan sonra toxunmuşdur.

Qələm unudulmaqla edilən xətaları yazmır. Allah Rəsulu buyurur: “Qələm bu üç şeyi (yazmaqdan) qaldırılmışdır. Unutma, xəta və bir də məcburiyyət”[8]. Elə Quran da bizə bu kimi hallarda etdiyimiz əməllərə görə əfv diləməyi öyrədir. Ayədə belə buyurulur: “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma!”[9]

Həzrət Adəm (ə.) unutmuş, xəta ilə o yasaq meyvəyə toxunmuş, qadının məcbur etməsi də buna kömək etmişdi. İndi Həzrət Adəm bunu  hədisdə deyildiyi kimi, qələmin qaldırılıb günahın yazılmadığı unutqanlıq anında etmişsə, onun günah işlədiyinə dair necə hökm verəcəksiniz?!

Sadə, sıravi insanlar Allahın zülm saydığı, üsyan saydığı şeylərdən çəkinirsə, Rəbbin (c.c.) peyğəmbər seçdiyi müstəsna zatların bunlardan çəkinməməsi mümkünmü?! Əksini söyləmək böyük qafillikdir. Hətta böyüklərimiz yuxarıdakı ayəni bu düşüncə ilə oxumağı doğru qəbul etməmişlər. Bir insan təfsir niyyəti ilə وَعَصَى آدَمُ رَبَّهُ فَغَوَى ayəsini[10] oxuyub məalını deyə bilər. Lakin heç bir məqsəd olmadan, elə belə və yanlış anlaşılmalara zəmin hazırlayacaq şəkildə onu təkrar etmək yanlışdır. Çünki Həzrət Adəm (ə.) bir peyğəmbərdir. Bir peyğəmbər haqqında adi insan kimi bəhs etmək doğru deyil.

Bəli, bəşər qanunlarında da dövlət məmuru cinayət törətsə, cəza artırılır. Cinayət işləyən hakim, prokuror və ya vəkil kimi hüququ bilən insanlardırsa, cəza artırıla bilir.

Peyğəmbərlər Allahın məmurlarıdır və günahın nəticəsini hər kəsdən yaxşı bilirlər, ona görə də onların işləyəcəyi günah daha şiddətli olacaq.

Üstəlik Kəbədə işlənən günah başqa yerlərdə işlənən eyni günahlarla müqayisədə daha ağır qəbul edilmirmi?[11] Qurani-Kərim peyğəmbər zövcələrinə əgər günah işləyərlərsə, cəzalarının iki qat olacağını söyləmirmi?[12] Çünki Kəbə Allaha (c.c.) qonşuluğun simvoludur. İnsan orada Allahın (c.c.) qonağı sayılır. Peyğəmbər zövcəsi olmaq da yenə Allaha yaxınlığın bir ifadəsidir. Çünki Peyğəmbər evində vəhyin ab-havası olur, Cəbrail ora gəlib gedir. Belə bir yerdə və belə bir evdə işlənəcək günahların cəzası da, əlbəttə, daha şiddətli və ikiqat olacaq. Əlbəttə ki, mükafat nə qədər çoxdursa, əziyyət də o qədər çox olmalıdır.

Peyğəmbərlər də belədir. Onlar ilahi hüzurla şərəfləndirilmiş seçilmiş insanlardır. Vəhy mələyi hər an onlarla görüşür və onların qəlbi daima vəhyin qəbuluna hazır olur. Hal belə olunca, əlbəttə, onların məruz qaldığı zəllələr belə, günah görünüşündə olur və günah adı ilə tərif edilir. Çünki onların mövqeyi bu müamiləni tələb edir. Ancaq yenə təkrar etmək məcburiyyətindəyəm ki, bu günah və cəza bizim və vəlilərin günah və cəza anlayışı ilə dəyərləndirilməməlidir. Bu, tamamilə peyğəmbərlərin xüsusi hallarına aid günah görünüşlü bir zəllədir. Elə isə ona günah demək doğru deyil.

Bundan başqa deyək ki, Allah (c.c.) Həzrət Adəmə (ə.) həmcinsinə yaxınlaşmamağı əmr etmişdi… Və hər şeyin adları öyrədilmiş Həzrət Adəm (ə.) də bir mənada başına nələr gələcəyini bilirdi. Bəli, bilirdi ki, girdiyi bu yol onu əvvəl-axır planlanmış nöqtəyə gətirəcək. İnsan iradəsi və ilahi iradənin bir sirr kimi kəsişdiyi, kəsişib nəticəyə təsir etdiyi bir anı nisyanla deyilsə – Quran nisyan deyir – mülayimliklə qarşıladı və məlum büdrəmə baş verdi.. indi buna “günah” demək mümkündürmü?

Bu yerdə Buxari və Tirmizinin rəvayət etdiyi bu hadisəni sizlərə çatdırmaq faydalı olardı: Peyğəmbərimiz buyurur:

– Səmada Həzrət Adəmlə Həzrət Musa qarşı-qarşıya gəldilər. Həzrət Musa (ə.): “Sən ki bəşərin atasısan. Bizi götürüb Cənnətdən yerə gətirdin”, – dedi. Adəm (ə.) də ona:

– Sən ki Allahla (c.c.) danışan “Kəlim”sən. Tövratda “Adəm o meyvəni yeməzdən qırx il əvvəl bu hadisə taleyinə yazılmışdı” cümləsini  görmədinmi? – deyə cavab verdi.

Peyğəmbərimiz Bərzəx aləmində olan görüşü nəql etdikdən sonra üç dəfə: “Adəm (ə.), Musanı (ə.) susdurdu”, – buyurur.[13] Bu, bir mənada Həzrət Adəmin (ə.) haqlılığını bildirir. Yəni: Adəm (ə.) o əməli ilə günah işləməmişdir.

Bütün adlar – dolayısilə, ad verilmiş məfhumlar – Həzrət Adəmə öyrədilmişdir. Onun həyatı ilahi isimlərin sirli dünyasında sanki ovsunlanmışdı.. belə bir insanın iradi olaraq və qəsdən günah işləyəcəyini ehtimal etmək ən nalayiq ehtimal və diqqətsizlikdir. Bundan başqa, ehtimal ki, o meyvə  müvəqqəti qadağan edilmişdi və Adəm (ə.) də bunu bilirdi. Ancaq ictihad etdi və meyvəyə vaxtından əvvəl əl uzatdı, orucunu pozdu. Bəli, bu gün şəriət qanunları çərçivəsində ediləndə savab sayılan bu hərəkət o gün o məqamda olan Həzrət Adəm (ə.) üçün müvəqqəti yasaqlanmışdı. Və ya bu qadağa onun Allaha (c.c.) yaxınlıq səviyyəsinə görə idi. Buna görə də davranışı bir büdrəmə, bir zəllə sayılmışdı.

Həzrət Adəm (ə.) haqqında ərz etməyə çalışdığımız ölçü, meyar digər peyğəmbərlərin vəziyyətini başa düşməyə də kömək edəcək. Bəli, anlayacağıq ki, peyğəmbərlərə ismət vəsfi verilmişdir, onlara isnad edilən zəllə və xətalar da bizim anladığımız mənada günah deyil.


[1]Taha surəsi, 20/121-122.

[2]Əraf surəsi, 7/23.

[3]Buxari, Mərdə 1; Tövhid 31; Müslim, Münafıqun 58-60.

[4]Taha surəsi, 20/115.

[5]Bəqərə surəsi, 2/35; Əraf surəsi, 7/19.

[6]Tirmizi, Təfsir (7) 3.

[7]Taha surəsi, 20/115.

[8]Təbərani, əl-Mücəmüs-sağir, 2/52; Beyhaqi, əs-Sünənül-kübra, 10/60; İbn Həcər, Fəthül-Bari, 3/102; Acluni, Kəşfül-xafa, 1/522.

[9]Bəqərə surəsi, 2/286.

[10]Taha surəsi, 20/121.

[11]Qurtubi, əl-Məscid li-Ahkamil-Quran, 3/49.

[12]Əhzab surəsi, 33/30.

[13]Buxari, Qədər 11; Müslim, Qədər 13.



Açar sözləri

Adəm gübah xəta zəllə

Bənzər məqalələr

Bəşəri münasəbətlərdə edilən xətalar

İslamı təbliğ etməyə çalışan bəzi müsəlmanlar bəzən ətrafındakılarla sərt rəftar edir, onların xətrinə dəyirlər. Bəşəri münasibətlərdə tarazlığı qorumaq üçün nə etmək lazımdır?

Böyük və kiçik günahlar

Günah sözü farsca kəlmədir və dini normaların pozulması, qəbahət sayılan iş (savabın əksi), cəzalanmalı hərəkət, təqsir, nöqsan, çatışmazlıq mənalarındadır. İlahi əmrləri şüurlu şəkildə inkar etmək və ya görməzlikdən gəlmək günah sayılır. Günah işləyən və ya günahı olan insana da günahkar deyilir. Quranda günah sözü daha çox “zənb, ism, fisq, isyan” kəlmələri ifadə edilmişdir.

Peyğəmbərlər xəta edərmi?

Zəllə sözü lüğətdə ayağı sürşmək, dolaşmaq; səhv etmək, yanılmaq mənalarına gəlir. Termin olaraq isə mükəlləfin bir qəsdi olmadan işlədiyi səhv mənasına işlədilir. Peyğəmbərlər əslində günah işləməzlər. Onlar “İsmət” sifətinə sahibdirlər. Ancaq, istəmədən bəzi qüsurlar işləmələri də mümkündür. Ancaq səhv işləyən peyğəmbər səhvində, xətasında davam etməz. (Qeyd: səhv günah deyildir, çünki günah bilərəkdən, qəsdən edilən xətalara deyilir. Səhvən görülən işlərdə qəsd yoxdur.) Allah onu dərhal xəbərdar edərək səhvini düzəldər və ondan onu uzaqlaşdırar

Həzrəti Adəmin övladları necə evlənib?

Sual: Dində bacı-qardaş evliliyi qadağandır. Halbuki, Adəm peyğəmbərin övladları bir-biri ilə evlənirdilər. Bunun hikməti nədir?


Şərh yaz