3. 249 dəfə oxunub ,   0 şərh   Çap et

Dua ibadətin elə özüdür.[1] (Hədisi-şərif)

Dua dinimizdə başlı-başına bir ibadət növüdür. Numan ibn Bəşir (r.a.) nəql edir ki, Həzrət Peyğəmbər (s.ə.s): “Dua ibadətdir” dedi və sonra bu ayəni oxudu: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! ”.[2]

Bəndə ilə Rəbbi arasında dua, istəyənin acizliyini, Qadir Allahın isə comərdliyini göstərən bir ünsiyyət formasıdır. Hz. Peyğəmbər (s.ə.s) “Allah Təala özündən bir şey istənilməsindən və istəyənə verməsindən xoşlanar,[3] eyni zamanda ondan istəməyənə (dua edib ona yalvarmayana) da qəzəblənər və hiddətlənər.[4]” buyurmuşdur.

Uca Allah buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm.[5]

Əsl dua nümunələri Qurani-Kərimdə öz əksini tapmış, Həzrət Adəmin[6], Həzrət Nuhun[7], Həzrət İbrahimin[8], Həzrət Süleymanın[9], Həzrət Yunisin[10], Həzrət Yusifin[11], Həzrət Musanın[12], Həzrət Zəkəriyyənin[13] və sair peyğəmbər və salehlərin dili ilə bir nümunə kimi bizə göstərilmiş və öyrədilmişdir. Peyğəmbərimiz (s.ə.s) dualarını Hz. İbrahimin duası ilə bəzədiyi kimi[14], biz müsəlmanaların da dualarını ayələrdə göstərilən nümunələrlə süsləməsi sünnədir.

Dua edərkən əllərin vəziyyətinə gəlincə, nəql edilən rəvayətlərdən məlum olur ki, Hz. Peyğəmbər (s.ə.s) dua etdiyi vaxt əllərini həmişə eyni vəziyyətdə tutmamışdır. Ancaq sünnədə əsas olan əlləri yuxarı qaldıraraq dua etmək və duadan sonra əlləri üzə çəkməkdir. İmam Buxari, “Səhih”ində və “Ədəbul-Müfrəd”ində dua ilə bağlı mövzu başlığına “duada əlləri qaldırmaq” adı ilə başlamış və bu haqda bəzi hədisləri nəql etmişdir.[15]

İbn Abbasın (r.a) rəvayət etdiği hədisi-şərifdə belə qeyd edilir, Allah Rəsulu buyurdu: “Allaha dua edəndə ovuclarının içini açaraq dua et. Duanı bitirəndə ovuclarını üzünə çək.[16] Tirmizidə kəçən bir digər hədisi-şərifdə də Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Rəbbiniz Hayydır, Kərimdir. Qulu dua edərək ona əlini qaldırdığı zaman, O, əllərini boş çevirməkdən həya edər.[17]

Duadan sonra əllərin üzə çəkilməsi bir sünnədir. Bu mövzuda icma – İslam alimlərinin ortaq fikri – var. Onların bu fikri, Hz. Ömərin (r.a): “Peyğəmbər (s.ə.s) əllərini qaldırdığı zaman üzünə çəkmədikcə, onları endirməzdi” rəvayətinə əsaslanır.[18]

Mövzu ilə bağlı hədisi-şəriflər və bu haqda fiqh alimlərinin qənaətinə görə, ovuc içlərini açmaq, əlləri az da olsa aralı vəziyyətdə saxlamaq duanın ədəblərindən sayılır. Ancaq dua edərkən əlin birini digərinin üzərinə qoymaq olmaz. Dua edərkən əlləri sinə səviyyəsinə qədər qaldırmaq müstəhəbdir. Hədislər arasında Hz. Peyğəmbərin (s.ə.s.) duada əllərini bitiştirdiyi, qoltuq altları görünəcək qədər yuxarı qaldırdığına və hətta bəzən əllərini tərsinə çevirdiyinə dair rivayətlər də vardır. Əhməd ibn Hənbəlin “Müsnəd” əsərində keçən bir hədisdə: “Peyğəmbər (s.ə.s), Allahdan bir şeyin olmasını istədiyi zaman əllərinin içini yuxarı yönəldər, ancaq bir şeydən sığınacağı zaman isə əllərinin içini aşağıya çevirərdi.[19]buyurulur.  Bu hadisi-şərifə görə bəzi hallarda əlləri aşağı çevirmək də sünnəyə müvafiq bir əməldir. Məhz buna görə, Şafei məzhəbinə görə qorxulacaq bir şeydən Allaha sığınanda əlləri tərsinə çevirmək sünnədir. Digər məzhəblər isə, ancaq yağmur duasında əlləri tərsinə çevirməyin sünnə olduğunu söyləmişlər.

Qeyd edək ki, Ənəs ibn Malikin “Allah Rəsulu yağmur duası xaricində əllərini yuxarı qaldırmazdı” rəvayəti alimlər tərəfindən “sinədən yuxarı qaldırmazdı”, yəni adət olandan daha yuxarı qaldırmazdı şəklində şərh edilmişdir. Çünki hədisdə “qoltuq altındakı bəyazlığı göründü[20] deyilmişdir. Bəzi alimlər buna əsaslanaraq “dua edərkən əllər qaldırılmaz”  hökmünü vermişlər. Bu mütləq görüş – rəy deyil.

Uca Allah Quranda: “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin[21] buyurmuşdur. Peyğəmbərimiz (s.ə.s) də ümmətinə əksər məsələlərdə olduğu kimi duada əllərin tutulma formalarını öyrətmiş və bunu göstərmişdir. Nəticə olaraq demək olar ki, Allahdan nəsə istəyərkən əlləri qaldıraraq və ya hər hansı bəla müsibətdən sığınmaq üçün əlləri tərsinə çevirərək dua etmək olar. Çünki yuxarıda qeyd olunan hədislər bizə bunu öyrədir.

Peyğəmbərimiz (s.ə.s) rahatlıq və çətinlik anlarında, özü ailəsi, dostları və bütün müsəlmanlar üçün Rəbbinə dua etmişdir. İbadətin özü olan duanın yeri və zamanı olmadığı üçün müsəlman hər yerdə və hər zaman dua etməlidir.

Xülasə dua müsəlmanlığın vəsfi, həyatın hədəfidir. Bu hədəfdən uzaqlaşmamaq üçün daha çox dua etməliyik.  

Dr. Əhməd Niyazov

Bakı İslam Universiteti

Zaqatala korpusunun müəllimi


[1] Tirmizi, Dəavat, 1, Əbu Davud, Salat, 358.

[2] Ğafir, 60; Əbu Davud, Səlat, 358.

[3] Tirmizi, Dəavat 126.

[4] Tirmizi, Daavat 3; İbn Macə, Dua 1.

[5] Bəqərə, 2/186.

[6] Əraf , 7/23.

[7] Nuh , 71/28.

[8] İbrahim , 14/37-40-41.

[9] Nəml, 27/19.

[10] Ənbiya, 21/87-88.

[11] Yusif, 12/33.

[12] Qəsəs, 28/24.

[13] Ali İmran, 3/38.

[14] Buxari, Fəzailul-Mədinə 6; Müslüm, Həc, 462.

[15] Bax: Buxari, Cihad, 100; İstisqa, 21; Müslüm, Birr 88; Müsnəd, VI, 133.

[16] Əbu Davud, Səlat, 358.

[17] Tirmizi, Dəavat, 118.

[18] Tirmizi, Dəavat 11; Qurtubi, əl-Cami li-Əhkamil-Quran, 7/367-369.

[19] Əhməd b. Hanbəl, IV, 56.

[20] Buxari, İstisqa, 21.

[21] Əraf, 7/55.




Bənzər məqalələr

Bir şeyi itirəndə oxunan dua

Bir şeyi itirəndə oxunan dua. Hər hansı bir şeyini itirən şəxs dəstəmaz alıb, iki rükət namaz qılmalı və sonra da belə dua etməlidir:

Oruc keçmiş günahları bağışlayır

“Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.”

İmam Şazəli Hizbul-Həmd

Rəhman və Rəhim Allahın adı ilə! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Allahım! Nə olar, sədaqət, xalis niyyət, ixlas, güclü iradə, xuşu, heybət, həya, müraqəbə, nur, yəqin, faydalı elm, mərifət, güclü hafizə bəxş eylə. Günahlardan qoruyacaq dərəcədə ismət, İslamı yaşamaqda eşq-şövq, güc, nəşə, hüzur ver. Bizlərə uca dərgahında əfvə layiq […]

Həzrət Əlinin “Kumeyl” duası

“Kumeyl” duası Hz. Əlinin (r.a) tərəfdarlarından Kumeyl ibn Ziyad tərəfindən nəql olunmuşdur. Bu dua günahların bağışlanması, ruzinin çoxalması və düşmənlərin zərərindən qorunmaq məqsədi ilə oxunur. Bismilləhirrahmənirrahim Allahım! Sənin hər şeyi əhatə edən rəhmətin hörmətinə, hər şeyə üstün gələn, hər şeyi baş əydirən və ram edən qüdrətin hörmətinə, hər şeyə qalib gələn əzəmətin hörmətinə Sənə yalvarıram. […]

Titrək niyazlar

Bismilləhir-rahmənir-rahim Rəhman və Rəhim Allahın adı ilə! Allahım! Səndən dünya və axirətdə əfv və afiyət istəyirəm. Ey mərhəmətlilər Mərhəmətlisi, Cəlal və İkram sahibi Rəbbim, nə olar bizə də dünyada və axirətdə əfv və afiyət nəsib elə. “Allah bizə yetər, O, nə gözəl himayədardır!” “O, nə gözəl Mövla və nə gözəl yardımçıdır!” Güc və qüvvət yalnız […]


Şərh yaz

*