1. 932 dəfə oxunub ,   0 şərh   Çap et

Üzrlü şəxsin dəstəmazı

Qanama, sidik axması, qusma, həddindən artıq ishal, tez-tez yelin çıxması, kimi dəstəmazı pozan hallara “üzr (mazərət)”, belə olan şəxslərə də “üzrlü (mazur-mazurə)” deyilir.

  İslam dini ibadətlər üçün müəyyən vaxtlar qoymuşdur. Hər birinin öz vaxtında yerinə yetirilməsi həm bir vəzifə, həm də bir haqdır. İslam dini, insana gücünün üstündə bir yük yükləməz. Çətinliklə qarşılaşılan hər bir vaxtda asanlıq prinsipi tətbiq edilir. Buna görə də üzrlü şəxslər üçün xüsusi hökmlər gətirərək, onların da ibadətlərini vaxtlı-vaxtında yerinə yetirmələri üçün fürsət verilmişdir.

  Dəstəmazı pozan hər hansı bir halın üzr ola bilməsi üçün zaman şərti vardır. Belə ki, üzr namaz vaxtının başından etibarən dəstəmaz alıb namaz qılacaq qədər kəsilməmək şərtiylə, tam bir namz vaxtı davam edərsə və daha sonra da hər namaz vaxtında ən azı bir dəfə təkrarlanarsa, bu şəxs üzrlü sayılır. Ancaq belə bir üzr, tam bir namaz vaxtı içində bir dəfə belə olsa baş verməzsə artıq kəsilmiş və bu halın sahibindən də üzrlülük qalxmış olur.

Məsələn, bir şəxsin burnu, bir gün günorta namazı vaxtının əvvəlindən sonuna qədər yəni ikindi namazının vaxtı girənə qədər, dəstəmaz alıb namaz qılacaq bir müddət kəsilmədən aramla qanamağa davam edərsə və bundan sonra da hər namaz vaxtında bir dəfə qanayarsa, o şəxs üzrlü sayılır.

Üzrlü bir şəxs hər fərz namaz vaxtı üçün dəstəmaz alar, bu üzr halının dəstəmazı pozmadığını qəbul edərək, həmin dəstəmazla, onu pozan başqa hal meydana gəlmədikcə, istədiyi qədər fərz, vacib, sünnə, nafilə, qəza, cümə və bayram namazı qıla bilər. Kəbəni təvaf edə bilər, müshəfi tuta, Quran oxuya bilər. Namaz vaxtının çıxmasıyla üzrlü şəxsin dəstəmazı pozulmuş olar. Dəlili isə bu hədisdir: “Üzr qanı görən qadın (müstəhaza) hər bir namaz vaxtı üçün dəstəmaz almalıdır.[1] Digər üzr sahibləri də buna qiyas edilmişdir. Üzrün xaricində, dəstəmazı pozan başqa bir hal meydana gəldikdə dəstəmaz pozular.

  Bir üzrlü səhər namazı vaxtında dəstəmaz alsa, bu dəstəmaz səhər namazının vaxtının çıxmasına qədər davam edər. Bu dəstəmaz vaxtın çıxmasıyla, başqa bir ifadə ilə günəşin doğulmasıyla sona çatmış olar. Artıq bu dəstəmazla başqa bir namaz qıla bilməz. Ancaq üzrü müvəqqəti olaraq kəsiləndə dəstəmaz alar və hələ üzr halı başlamadan və dəstəmazı pozan başqa bir hal da meydana gəlmədən namaz vaxtı çıxmış olarsa, bu vəziyyətdə, namaz vaxtının çıxmasıyla bu dəstəmaz pozulmaz.

  Ancaq bu üzrlü şəxs, günəşin doğulmasından sonra aldığı dəstəmazla, günorta namazının vaxtı çıxana qədər, dəstəmazı pozan başqa bir hal gəlmədiyi müddətcə, istədiyi qədər namaz qıla bilər. Çünki bu təqdirdə günorta namazının vaxtının girməsi üzrlü üçün dəstəmaz pozan hal sayılmır. Eyni şəkildə bayram namazının vaxtının çıxması ilə də üzrlünün dəstəmazı pozulmur. Çünki bu vaxt fərz namazın vaxtı deyildir.

Əbu Hənifəyə görə, üzrlünün dəstəmazı vaxtın çıxmasıyla pozulur.

İmam Şafeiyə görə üzrlü hər namaz üçün ayrıca dəstəmaz almalıdır. Üzrlünün dəstəmazı qıldığı namaz qurtaran kimi pozulur.

Bir üzr sahibi, üzrü kəsilmiş olduğu halda, dəstəmazı pozan başqa bir haldan ötrü dəstəmaz alar və daha sonra əvvəlcədən düçar olduğu üzrü təkrar ortaya çıxarsa, dəstəmazı pozulur və təkrar dəstəmaz almalıdır. Çünki əvvəlki dəstəmazı bu üzr halından ötrü almamışdı. Ancaq üzrü kəsildiyi halda, namaz vaxtının içində üzründən və ya dəstəmazı pozan başqa bir haldan ötrü dəstəmaz alar və o vaxt içində üzrü ortaya çıxarsa, bu dəstəmazı pozulmur. Çünki bu dəstəmaz həm üzr, həm də o dəstəmazı pozan başqa hal üçün alınmışdır.

Üzrlü bir şəxs oturaraq namazını ima ilə qılar və ya üzrünün bədəndəki meydana gəldiyi yerə sarğı sarımaq kimi müxtəlif üsullarla üzrün ortaya çıxmasına mane olarsa, artıq üzrlü sayılmaz.

Üzrlü bir şəxsin paltarına üzr yerindən çıxıb bulaşan qan, irin və axıcı mayelər üzr davam etdiyi müddətcə namaza mane olmaz.

Normal vəziyyətdə qatı haldakı nəcasət bir dirhəmdən, maye halındakı isə, ovuc içindən az olarsa, namaza mane deyildir. Ancaq çox olarsa namaza mane olur.  Üzr davam elədiyi müddətcə nəcasət çox olsa da namaza mane olmur. Lakin axıntı kəsildikdə kirlənən yeri yumaq lazımdır.[2]

 Nəticə etibarilə, İslam dini asanlıq dinidir. Üzr sahibləri haqqında hər cür asanlıq göstərmişdir. Sarğı və məstlər üstünə məsh etmək və su tapmayan üçün təyəmmümün alınması bunlara daxildir.

[1] Zeylai, e.a.ə., I, 204.

[2] İbnul-Hümam, e.a.ə., I, 124 vd; İbn Abidin, e.a.ə., I, 139, 281-283; Şurunbulalı, Məraqil-Fəlah, s. 25; Züheyli, e.a.ə., I, 288 vd.



Açar sözləri

dəstəmaz üzrlü

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Niyyət etməyi və Bismillah deməyi unutmaq

Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü sünnədir. Niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.

Dəstəmazın fərzləri

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”

Dəstəmazın növləri

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.