1. 221 dəfə oxunub ,   0 şərh   Çap et

Bildiyimiz kimi, namaz qılmaq və oruc tutmaq dinimizin başlıca əsaslarındandır. Ancaq Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) həyatı və dinimizdə bu iki mühüm ibadətdə uşaqlara şəfqətin izlərini görmək çətin deyildir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) gözünün nuru olan namazda belə uşaqlara şəfqət göstəmişdir. Məsələn, nəvəsi Ümamə (Hz. Zeynəbin (radiyallahu anh) qızı) çiynində ola-ola camaata namaz qıldırmışdır. Səcdəyə gedəndə uşağı yanına qoymuş, qalxanda da çiyninə qaldırmışdır.[1]  Bə­zən namazını uzun qılmaq istəmiş, ancaq bir uşaq ağladığını eşi­dincə anası iztirab çəkməsin deyə namazı uzatmaq fikrindən da­şınmışdır.[2]

Abdullah ibn Şəddad atasından nəql edir: “Rəsullulah (sallallahu əleyhi və səlləm) iki axşam namazının (yəni axşam və işa) birində yanımıza gəldi. Ya Həsən, ya da Hüseyn qucağında idi. Rəsullulah əleyhissalatu vəssalam qabağa keçib uşağı yerə qoydu, sonra təkbir gətirib namaza başladı. Namazda uzun səcdə etdi.” Atam davam edərək dedi, (Səcdə çox uzandığı üçün) başımı qaldırıb baxdım. Nə görsəm yaxşıdır! Nəvəsi səcdədə olan Rəsullulahın kürəyində oturub. Mən tez səcdəyə davam etdim. Namaz qurtaranda Rə­sullulah əleyhissəlatu vəssəlamdan soruşdular:

– Ey Allahın Rəsulu! Namazda elə uzun səcdə etdiniz ki, bir hadisə baş verdiyini və ya vəhy gəldiyini sandıq.

– Xeyr, – dedi, – heç biri olmadı. Lakin nəvəm kürəyimə çıxdı. Mən tələsib uşağı həvəsi keçmədən kürəyimdən yerə qoymağı uyğun görmədim (özü düşənə qədər gözlədim).[3]

Dinimizin uşaqlara göstərdiyi şəfqət namazla bitmir. Dinin şərtlərindən biri olan oruc ibadətində uşaqlara və xüsusi hallarda qa­dınlara güzəşt edilir. Məsələn, Allahın bir şəfqət və rəhməti olaraq süd verən və ya hamilə qadınların oruc tutmamasına icazə verilmişdir.[4]

Həmçinin həddi-buluğa çatana qədər uşaqların dini vəzifələrin icrasında mükəlləfiyyət daşımadığını da görürük.[5] Həddi-buluğ dövrü isə təxminən on beş yaş qəbul edilmişdir.[6]

Valideynlər uşaqlarla rəftarda bəzən istəmədən də olsa, onlara şəfqət və mərhəmət göstərmək əvəzinə, bəddua edirlər. Bu cür bədduaların təhlükəli tərəfi odur ki, ağızdan qeyri-ixtiyari çıxsa da, dua yerinə keçə bilər. Həzrəti Cabir nəql edir: “Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurmuşdur: Nəfslərinizə (canınıza) bəddua etməyin, uşaqlarınıza da bəddua etməyin, xidmətçilərinizə də bəddua etməyin. Mallarınıza da bəddua etməyin, çünki Allahın duaları qəbul etdiyi ana rast düşər və qəbul edilər.[7]

Bir döyüş zamanı bir neçə uşaq iki tərəfin arasında qalıb ölmüşdü. Allah Rəsulu bundan xəbər tutanda çox kədərlənmişdi. Əsgərlər Allah Rəsulunun üzüldüyünü görüb dedilər:

– Ey Allahın Rəsulu, niyə bu qədər kədərlənirsiniz? Bunlar onsuz da müşrik uşaqlarıdır.

Rəsulullah  buyurdu;

– Onlar müşrik uşaqları da olsa, insandır. Bir vaxtlar siz də müşrik uşaqları deyildinizmi? Diqqət edin, əsla uşaq öldürməyin. Allah hər canı müsəlman fitrətində yaratmışdır.”[8]

Bir gün nəvələrini öpüb oxşayarkən bir bədəvi hüzuruna gəldi. Övlada şəfqət hissindən məhrum olan bu şəxs gördüyü mənzərə qarşısında heyrətini gizlətməyib belə dedi:

– Mənim on uşağım var, onlardan heç birini öpməmişəm.

Peyğəmbərimiz buyurdu: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini çıxarıb atıbsa, mən nə edə bilərəm? Mərhəmət etməyənə, mərhəmət edilməz.” [9]

Həzrəti Ənəs deyir: “Allah Rəsulu biz uşaqların arasına qarışar və bizə gülərüzlə zarafat edərdi.[10] Yenə Həzrəti Ənəs dilindən dinləyək: “Rəsulullaha on il xidmət etdim. Allaha and olsun ki, mənə heç vaxt “of” demədi. Heç bir işə görə də mənə, “Bunu niyə belə edirsən? Belə edəydin” demədi.”[11]


[1]. Buxari, Səlat,106, Ədəb,18; Müslim, Məsacid, 41, (5, 43); Muvatta, Qasrus-Səlat 81, (1, 170); Əbu Davud, Səlat, 169, (917, 918, 919, 920); Nəsayi, Məsacid 19, (2, 45), Səhv 13, (3, 10).

[2]. Buxari, Əzan, 65; Müslim, Səlat 189, (469, 470), 196, (473); Tirmizi, Səlat 175 (237), 276, (376); Nəsayi, İmamət, 35, (2, 94-95).

 [3]. Nəsai, İftitah, 83, (2, 229, 230).

 [4]. Əbu Davud, Savm, 43, (2408); Tirmizi, Savm 21, (715); Nəsayi, Savm 51, (4, 180-182), 62, (4, 190); İbn  Macə, Siyam 12, (1668).

 [5]. Buxari, Talaq, 11. Bab əvəzinə sənədsiz olaraq qeyd edilmişdir.

 [6]. Buxari, Şəhadət, 18, Məğazi 29, Müslim, İmarət, 91, (1868); Tirmizi, Cihad, 31, (1711); Əbu Davud, Hudud,17, (4406, 4407); Nəsayi, Talaq, 20, (6, 155).

 [7]. Əbu Davud, Səlat 362. (1532).

[8]. Əhməd ibn Hənbəl, Müsnəd, 3/435.

 [9]. Buxari, Ədəb 18; Müslim, Fədail  65.

 [10]. Buxari, Təcridi-Sarih Tərcüməsi, 1 2/152.

 [11]. Müslim, Fədail, 51.

 




Şərh yaz