19 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Uşaqlara ölüm həqıqətı necə anlatılmalıdır?

İnsan həyatının dəyişməz gerçəklərindən biri ölümdür. Lakin bu həqiqətin qavranılması uşaqlar üçün həm idrak, həm də emosional baxımdan mürəkkəb bir prosesdir. Xüsusilə yaxın itkisi yaşayan uşaq üçün ölüm yalnız ayrılıq deyil, eyni zamanda təhlükəsizlik hissinin sarsılması, tərk edilmə qorxusuqarışıqlıq deməkdir. Buna görə valideynlərin və böyüklərin bu mövzuda yanaşması sadəcə məlumat verməkdən ibarət deyil; bu, eyni zamanda uşağın psixoloji bütövlüyünü qorumaq məsuliyyətidir.

Uşaqlarda ölüm anlayışının inkişafı

Elmi araşdırmalar göstərir ki, uşaqların ölüm anlayışı mərhələli şəkildə formalaşır (Speece & Brent, 1996). Bu mərhələləri bilmək valideynin izahını daha uyğun və təsirli etməyə kömək edir:

0–2 yaş: Ölüm anlayışı yoxdur. Uşaq sadəcə ayrılığa və baxıcının yoxluğuna reaksiya verir.

3–6 yaş: Ölüm müvəqqəti kimi qəbul edilir. Uşaq ölənin geri qayıdacağını düşünə bilər.

6–9 yaş: Ölümün geri dönməzliyini anlamağa başlayır, lakin bunu özünə aid etmir. Daha çox yaşlı və xəstə insanların öldüyünü düşünür.

10 yaş və sonrası: Ölümün universallığını və qaçılmazlığını dərk edir. Artıq fəlsəfi və mənəvi suallar ortaya çıxır.

Uşağa ölümü necə izah etməli?

Uşağa ölüm izah edilərkən əsas prinsip: sadəlik, dürüstlük və yaşa uyğunluqdur.

Tövsiyə olunan yanaşma: Ölümü konkret ifadələrlə anlatmaq lazımdır. Ölümü izah edərkən qısa və aydın cümlələr qurulmalı, uşağın suallarına açıq olmalı, dolğun cavab verilməlidir.

Uşağa ölümü dolayı yolla anlatmağa çalışmamalı, mümkün qədər inandırıcı açıqlamalar verilməli, ölümün insan həyatının sonu olduğu, ölən şəxsin artıq gəlməyəcəyi sadə dillə izah edilməlidir. Ölən şəxsin artıq heç vaxt bizimlə olmayacağı, nəfəs almayacağı, yemək yeməyəcəyi, dəqiq dillə bədəni funksiyalarını itirdiyi, yaşına uyğun bir dillə anladılmalıdır. Bilməliyik ki, uşaqlar kiçik yaşlarında mücərrəd olmayan məfhumları anlamaqda çətinlik çəkir, ona görə də ölümü onlara izah edərkən mücərrəd kəlmələrlə izah etmək lazımdır. Uşaqların bir insanın ölməsinin nə mənaya gəldiyini anlaması lazımdır. “Babam öldü”, yəni artıq o yemək yeyə bilməz, görməz, hərəkət edə bilməz, gülməz, geri gəlməz və s.  Bu cür izah ilk anda ağır görünsə də, uzunmüddətli perspektivdə uşağın reallıqla sağlam münasibət qurmasına kömək edir.

Ölüm həqiqətini izah edərkən  üstü örtülü “yatdı”, “getdi”, “səyahətə çıxdı”, “mələk apardı”, “xəstə olduğu üçün getdi”, “qocaldığı üçün öldü” tərzi ifadələri işlətmək olmaz. Çünki bu ifadələr uşaqda aşağıdakı qorxulara səbəb ola bilər: yatmaqdan qorxmaq, ayrılıqları ölüm kimi anlamaq, xəstələnməkdən həddindən artıq narahat olmaq

Bəs, necə izah edək. Öldü demək uşaq üçün daha məntiqlidir. Artıq qəbullanır ki, “o artıq yaşamır. nəfəs almır, yemək yemir və geri qayıtmayacaq.”

Uşağın emosional reaksiyaları

Uşaqlar yas prosesini böyüklərdən fərqli yaşayırlar. Onların reaksiyaları bəzən ziddiyyətli görünə bilər: qısa müddətli ağlama və sonra oyuna davam etmə, əsəbilik və ya aqressiya, davranışlarda geriləmə (yenidən uşaqlaşma), diqqət dağınıqlığı və ya içə qapanma baş verə bilər. Qorxmayın, bu reaksiyalar patoloji deyil. Əksinə, bu, uşağın kədəri özünəməxsus şəkildə emal etməsidir.

Valideyn üçün əsas istiqamətlər: uşağın hisslərini “düzəltməyə” çalışmamaq, onu dinləmək və müşayiət etmək, duyğularını ifadə etməsinə şərait yaratmaq lazımdır.

Ölüm xəbəri uşağa necə verilməlidir?

Bu mərhələ uşağın psixoloji təhlükəsizliyi baxımından kritikdir. Xəbəri uşağın etibar etdiyi yaxın şəxs verməlidir. Yubatmadan, gecikdirmədən, lakin emosional olaraq hazır vəziyyətdə gətirib izah olunmalıdır. Vəfat xəbəri qısa, aydın və birbaşa ifadələr istifadə edilməlidir. Dolayı ifadələr onun zehnində çaşqınlıq yarada bilər. Həmçinin onun sual verməsinə imkan yaradılmalıdır

Yaxın adam və ya qohum öldükdə uşağa nə deyilməlidir?

Uşaqlar bir qohumu vəfat etdikdə böyüklər kimi hadisəyə reaksiya verə bilmədiyi üçün, təsirlənməmiş görünürlər. Ölüm xəbərini ilk dəfə eşidən uşaq, bu ölümə inanmaz, ölən şəxsin geri gələcəyini düşünər. Bəzən onu niyə buraxıb getdiyi üçün qəzəblənər, ancaq yavaş-yavaş ölən şəxsi bir daha görməyəcəyini anlayar və kədərlənər. Vaxt ötdükcə buna alışar, ölən şəxsin yoxluğunu qəbul edər.

Bəzən valideynlər ölüm hadisəsini uşaqdan gizlədirlər. Düşünürlər ki, uşaq qorxar, pis olar. Uşaq həqiqəti təsadüfən və ya başqasından öyrənərsə, onun valideynə olan etimadını zədələyə bilər.

Yaşadığımız dövrdə doğum və ölüm həqiqəti ilə uşaq əslində çox qarşılaşır. Bu məfhum ona yad deyildir. İzlədiyi cizgi filmi, oynadığı oyun, izlədiyi flim və s. onda ölüm fikrinin formalaşmasını sağlayır. Əsas məsələ bunun əyani və öz ətrafında baş verməsidir.

Uşaqlar bu dövrdə özlərini yalnız hiss edərlər, dəstək ola biləcək birinə ehtiyac duyarlar. Hətta yaş ötdükcə bu duyğunu təkrar-təkrar hiss edərlər. Bu zaman onlara sahib çıxılmalı və yalnız olmadıqları ifadə edilməlidir.

Uşağa necə dəstək olmaq olar?

Uşaq üçün ən böyük təsəlli sözlərdən çox emosional və fiziki yaxınlıqdır. Effektiv dəstək olmaq üçün: ona sarılmaq, əlini tutmaq lazımdır. Bununla yanaşı onunla vaxt keçirməli, “səninləyəm” mesajını verilməlidir. Çünki yaxınını (valideynlərinin birini və ya hər ikisini) itirən uşaq gizlin güvən arayışı içərisində olur. Ağlamağına və kədərlənməsinə icazə verilməli.

Ona, “kədərlənmək normaldır”, “mən də üzgünəm” deməli. Onu görüncə ağlamağı kəsmək doğru deyil. Bilməlidir ki, biz də kədərliyik. Uşağa həqiqəti deyəndən sonra qışqıraraq ağlamaq, saç yolmaq, haray-həşir salmaq ona mənfi təsir edər. Bunun əksinə, heç nə olmamış kimi davranmaq da uşağa mənfi təsir bağışlayar, itirdiyi yaxının sevilmədiyini düşünər. Buna görə də kədərlənəndə və qüssələnəndə çox ifrat və təfritə getməmək lazımdır.

Eləcə də, “ağlama”, “güclü ol” demək , onu zorla şənləndirməyə çalışmaq, tamamilə mövzudan yayındırmağa çalışmaq doğru deyildir.

Ölüm hadisəsi baş verdikdə  uşaqlar evdən uzaqlaşdırılmağa çalışılır. Bu düzgün yanaşma deyildir. Əgər istəsələr uşaqlar cənazə mərasimində iştirak edə bilərlər. Ancaq uşağın yaş dövrü, xarakteri göz önündə tutulmalıdır. Duyğu və hisslərin coşduğu, həssas olduğu, evdə fəryad-fəğan olduğu ilk günlərdə uşaqlar bir qohumun evində qalmalı, evdən uzaqlaşdırılmalıdır.

Mənəvi və dini çərçivə

Uşaq üçün ölüm yalnız fiziki deyil, həm də mənəvi bir sualdır. Bu səbəbdən izahlar balanslı olmalıdır. Ümid verən yanaşma burada ən gözəl üslubdur. Ona görə də yenidən qovuşma ehtimalını izah etməli, ölümün son yox, keçid olduğu fikrini sadə dillə ifadə etməliyik. Əsla, “Allah onu çox sevdiyi üçün aldı” sözünü işlətməməliyik. Bu fikir uşaqda belə bir qorxu yarada bilər: “Deməli, sevdiklərim də ölə bilər” Bu səbəbdən dini izahlar təhlükəsizlik və ümid hissi yaratmalıdır.

Altı yaşından öncə uşaqlar dini terminləri anlamaqda çətinlik çəkirlər. Ələlxüsus, Allahın ölən şəxsi çox sevdiyi üçün yanına aldığı söylənməməlidir. Belə bir açıqlama uşağın sevdiyi bütün insanların öləcəyi qorxusuna düşməsinə səbəb ola bilər. Hətta ilərləyən yaşlarda iman problemi yaşamasına səbəb ola bilər.

“Anan və ya atan Allahın sevdiyi bəndə olduğu üçün tez öldü” kimi izahlardan da qaçmaq lazımdır. Uşaqlara ölümü sevimli göstərməyə çalışmayın. Ancaq sevdiyi insana bir gün qovuşacağı ümidini də qırmayın. Uşaq cavabını bilməyəcəyiniz suallar soruşanda, açıq-aşkar bilmədiyinizi söyləyin.

Uşaqlar yarpaqların payızda töklməsi, bir heyvanın ölməsi kimi hallarla üzləşəndə ölüm həqiqətini anlatmaq lazımdır. Unutmayın, ölüm həyatın inkar edilməz gerçəkliyidir. Əgər evdə uşağın sevdiyi quş, balıq, heyvan ölərsə ailə fərdləri də onunla kədərini paylaşmalıdırlar.

Nəyi etməməliyik?

  • Ölümü gizlətmək və ya təhrif etmək
  • Uşağı yas mühitindən tam uzaqlaşdırmaq
  • Öz kədərimizi ya həddindən artıq göstərmək, ya da tam gizlətmək
  • Uşağın suallarını keçişdirmək və ya ciddiyə almamaq

Nəticə

Ölüm həyatın qaçılmaz bir parçasıdır. Gec-tez bu dünyaya gələn əlbət bir gün buranı tərk edib gedəcəkdir. Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir.

Onun vermiş olduğu suallara şübhə oyandırmayacaq şəkildə, qısa, dəqiq cavab vermək lazımdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir. Uyğun bir dillə və vaxt keçirmədən bu xəbər ona verilməlidir. Böyüklər alışdığı kimi, kiçiklər də müəyyən müddətdən sonra vəfat edənin yoxluğuna alışır.

Uşaq üçün isə bu, ilk böyük itki təcrübəsidir. Bu təcrübənin necə yaşanacağı isə böyük ölçüdə valideynin yanaşmasından asılıdır. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır.

Əgər bu proses doğru və dürüst izah edilər, ümidverici mənəvi çərçivə ilə müşayiət olunarsa və emosional dəstək verilərsə uşaq bu ağrını travma kimi deyil, həyatı anlama prosesinin bir hissəsi kimi mənalandıra bilər.

Ədəbiyyat

Speece, M. W., & Brent, S. B. (1996). The development of children’s understanding of death. Child Development.

Worden, J. W. (2009). Grief Counseling and Grief Therapy. Routledge.



Açar sözləri

ölüm uşaq

Bənzər məqalələr

MƏNLİK ZİNDANININ ƏSL AZADLIĞA QAÇIŞ

İnsan ruhu daim iki böyük qütb arasında rəqs edir: sahib olmaq arzusu və itirmək qorxusu. Biz hər şeyin – malımızın, övladımızın, sağlamlığımızın və hətta zamanımızın mütləq sahibi olduğumuzu düşünürük.

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Uşaq əmizdirən qadın oruc tutmalıdır?

Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər.


Şərh yaz