Oruclu şəxs unudaraq nə isə yeyər və ya içərsə orucu pozulmaz. Çünki hədisdə, “Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.” (Buxari, Savm, 26). Unudaraq yeyən və içən şəxs oruclu olduğunu xatırladığı an ağzındakıları çıxarmalı və ağzını yaxalayaraq orucuna davam etməlidir. Oruclu olduğunu xatırladıqdan sonra yeməyə davam edərsə orucu pozulmuş sayılır.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.