Mənəviyyata Açılan Pəncərə

Ticarət və faiz arasındakı fərq nədən ibarətdir?

Sual: Bəqərə surəsi 275-ci ayədəki: “Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir” ifadəsini necə anlamalıyıq?

 “Sələm ( faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!”[1]

Cavab: Ticarət və faiz arasındakı əsas fərq risk ehtimalının olmasıdır. Risk ehtimalı İslamın icazə verdiyi ticarətin əsasıdır. Halbuki, faiz sabit və dəyişməzdir.

Ticarətdən əldə olunan gəlir görülən iş nisbətində, həmin işin nəticəsinə görə müəyyənləşir. Faizdə isə bu yoxdur. Çünki faizi verən borc sahibinin qazanc və zərərindən asılı olmayaraq müəyyən məbləğ təyin edərək bunu tələb edir.

Ticarətdə mal alınıb dəyəri ödənildikdən sonra alış-veriş sona çatmış sayılır. Bundan sonra müştəri malı aldığı şəxsə pul ödəmir. Faizdə isə pul gecikdirildiyi və ya ödənilmədiyi təqdirdə kreditorun faizi artır. Ticarətdən əldə olunan gəlirin müəyyən bir məbləği var. Yəni nəyi isə satan şəxs, onu müəyyən məbləğə satır. Alış-veriş baş tutandan sonra bu məbləğ artırılmır və  ya azaldılmır. Faizdə isə belə məhdudiyyət yoxdur.

Ticarətdə insan əmək və qabiliyyətini ortaya qoyaraq, maneələri aşaraq qazanc əldə edir. Buna görə də ticarət iqtisadi inkişafa təkan verir. Bunlarla yanaşı ticarətdə qarşılıqlı əmədaşlıq və yardımlaşma prinsipi olduğuna görə ticarət cəmiyyətdə iqtisadiyyatın inkişafına böyük təsir göstərir. Faiz isə tam əksinə, insanı xəsisliyə aparır. Yardımlaşma anlayışını ortadan qaldırır və insandakı mərhəmət hissini öldürür. İqtisaqi inkişafı əngəlləməklə işsizliyin sayını artırır. Dövlətdə ticarətin çox olması cəmiyyət üçün bir netmətdir. 1929-1933-cü illərdə baş verən dünya iqtisadi böhranının səbəbi faiz olmuşdur.

Almalılı Həmdi Yazır təfsirində bildirir ki, faiz alan da, verən də bu dünyada cin vurmuş kimi olar. Rahat yuxu yata bilməz. Verən şəxs “görəsən pulu geri qaytaracaqmı?!”, alan şəxs də “görəsən qaytara biləcəmmi?!” deyə yatağında dönər-durar. İkisinin də hüzuru qaçar.

[1]Bəqərə, 2/275.

Exit mobile version