2. 482 dəfə oxunub ,   0 şərh   Çap et

Örtünmə ehtiyacı Hz. Adəm (ə.s) və Həvva anamızla başlamışdır. Digər canlılardan fərqli olaraq insan oğlu örtünmə ilə əmr olunmuşdur. Örtünmə bir həya ifadəsidir.

“Beləliklə, (şeytan) onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara (belə) müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?” (Əraf 7/22)

“Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan )ibrət alasınız.” (Əraf surəsi 7/26)

“Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.” (Əraf 7/27)

Heyvanların yunundan paltar hazırlamaq üçün insanların xidmətinə verildiyi bildirilir.

“Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və (başqa) faydalar vardır. Həmçinin onlardan yeyirsiniz.” (Nəhl surəsi 5)

يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.” (Əhzəb surəsi 59)

“Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.” (Nur surəsi 24/31)

Yaşlı qadınlara isə təsəttür məsələsində bir qədər rüsxət verilmişdir:

“Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir.” (Nur surəsi 24/60)

Rəsulullah (s.ə.s) örtünmə ilə əlaqəli ayənin izah etmiş, ölçünün nə olduğunu bildirmişdir. Hz. Aişə (r.anh) rəvayət edir:

Bir gün Hz Əbu Bəkirin qızı Əsma (öz bacısı, Peyğəmbərimizin (s.ə.s) baldızı) nazik paltar geyinmiş halda Allah Rəsulunun hüzuruna girmişdi. Rəsulullah (s.ə.s) ondan üzünü çevirdi və belə buyurdu: “Ey Əsma! Şübhəsiz qadın həddi buluğ yaşına  çatınca, onun bu və bu yerindən başqasının görünməsi uyğun deyildir.” Həzrət Peyğəmbər bunu deyərkən üzünə və ovuclarına işarət etmişdi.” (Əbu Davud, Libas, 31).

“Uca Allah (C.C.) həddi buluğ yaşına çatmış qadının namazını baş örtüsüz qəbul etməz” (İbn Macə, Təharə, 132; Tirmizi, Səlat, 160; Əhməd ibn Hənbəl, IV, 151, 218, 259).

“Cəhənnəmlik olub, ancaq özlərini hələlik dünyada görmədiyim iki insan qrup vardır: Biri, sığır quyruqları kimi qamçılarla insanları döyən bir camaatdır. Digəri isə, geyinmiş olduqları halda çılpaq görünən və digər qadınları da özləri kimi geyinməyə məcbur edən və başları dəvə hörgüçünə bənzəyən qadınlardır. Bəhs etdiyim qadınlar Cənnətə girə bilmədikləri kimi, bu qədər uzaq məsafədən hiss edilən (Cənnətin) qoxusunu belə hiss edə bilməzlər.” (Müslim, Cənnət, 52)

Təsəttür deyilincə əksər insanlar baş bağlamağı anlayırlar. Ancaq təsəttür sadəcə başın bağlanması deyil, vücudun xətlərinin də gizlənməsidir. Üsamə ibn Zeyd (r.a) nəql edir: “Rəsulullah (s.ə.s) Dihyətül- Kəlbinin özünə hədiyyə gətirdiyi Misir istehsalı parçalardan sıx toxunmuş bir paltarı mənə geyindirdi. Mən də onu xanımıma verdim. Rəsulullah (s.ə.s) daha sonra məndən  soruşdu: “Nə oldu? Misirdən gələn paltarı geyinmirsən?” Dedim ki, Ey Allahın Rəsulu mən onu geyinməsi üçün xanımıma verdim. Rəsulullah (s.ə.s) buyurdu ki: “Ona (yəni Üsamənin xanımına), altına pijama kimi bir şey geyməsini söylə. Qorxuram ki, o paltarın bədəninin xətlərini bəlli eləsin.” (Əhməd ibn Hənbəl)



Açar sözləri

örtünmə təsəttür

Şərh yaz