Aylıq namaz vaxtları
1. 010 dəfə oxunub ,   0 şərh   Çap et

“Qohum-əqrəbadan kimlərə baş çəkəcəyinizi (silei-rəhm edəcəyinizi, qohumluq münasibətləri saxlayacağınızı) bilin. Çünki silei-rəhm qohum-əqrəba arasında sevgiyə, mal-mülkdə bolluğa, ömrün uzanmasına səbəb olur”. 

(Tirmizi, Birr 49; Ahmed ibn Hanbel, Müsned 2/374)

Ömrün uzanması ilə bağlı Seyyidinə Hz. Adəm və Hz. Davud arasındakı ömür mübadiləsini nümunə göstərmək olar. Hz. Adəm qədər (alın yazısı, tale) lövəhələrində ömrünün az olduğunu fikirləşən Hz. Davuda öz ömründən qırx il verərək onun səksən il yaşamasına vəsilə olmuşdur. Quranda olmayan bu hadisə Qurandan sonra iki mühüm qaynaq sayılan Buxari və Müslimdə əksini tapmışdır. Bunun xaricində həmişə əhlullah[1] arasında ömrün bir-birinə verilməsi məsələsi də məlum və məşhur mövzudur. Bu məsələ ancaq verənin və alanın ruhi toxumalarının uyğun olması və Allahın bu əməli və sözlü duanı qəbul buyurması ilə mümkün ola bilər. Hər istəyənin verə bilmədiyi kimi, hər istəyənin də ala bilmədiyi bu“mübadilə”­də nəticə “illeyi-tammə”nin[2] reallaşması və başlıca olaraq Allah-Təalanın iradəsindən asılıdır. Ehtimal ki, silei-rəhm edildikdə, yəni qohum-əqrəbalarla daima münasibətlər saxlanıldıqda həmin səbəb meydana gəlir və Allah ömrü uzadır.

Ömrün uzanmasını bu cür də şərh etmək olar; Allah bir növ insanın ömrünü onun gözəl əməllərini bərəkətləndirməklə məcazi mənada uzada bilər. Əgər ömrün uzanması məsələsi bə­şər övladının axirət üçün qazandığı savablarla dəyərləndirilirsə (və ya ölçülürsə), bu vəziyyət, yəni ömrün məcazi mənada savablarla “uzadılması” onun axirət nemətlərindən çox qazanması deməkdir. Məsələn, bunlardan biri Qədr gecəsidir ki, ilahi kəlamda min aya bərabər olduğu bəyan edilir. Əgər insan o gecədə həmin ilahi təvəccöhü, ilahi neməti, yaxınlığı qazana bilsə, səksən il yaşamış kimi olar. Bu, “o insanın ömrü uzansaydı və səksən il yaşasaydı, məhz o qədər savab qazanacaqdı” deməkdir. Sədəqənin, yaxşı əməllərin, silei-rəhmin ömür uzatması da bu şəkildə ola bilər.

Ömrün uzanması məsələsinin nə üçün silei-rəhmlə əlaqələn­dirilməsi haqqında bunları demək olar: hal-hazırda İslamın təşviq etdiyi əməllərin bir çoxu yerinə yetirilmir. Bunlardan biri də silei-rəhmdir. Bəli, yaxınlarla aramızda gediş-gəlişin təmin edilməsi, nənə-baba, başda ana-ata olmaqla bacı-qardaşlara, dayı-xala, əmi-bibi kimi yaxınlara baş çəkilməsi ana-ataya qarşı ehtiram və sayğının “sıradan çıxıdığı” bir dövrdə böyük əhəmiyyət kəsb edir.

 Peyğəmbərimiz Cəbraildən (ə.s.) ilk ayələri aldıqdan sonra: “Özümdən qorxuram,” – deyir. Bunun müqabilində Hz. Xədicə anamız Ona: “Allah Səni heç vaxt hədər etməyəcək. Şübhəsiz, Sən qohumlarla əlaqəni kəsmir (silei-rəhm edir), ehtiyacı olana əl tutur, yoxsullara arxa durursan,” − deyir. Hz. Xədicə anamızın bunu deməsi və Varaqa ibn Nəvfəlin də bu məzmunda bir mülahizəsindən aydın olur ki, silei-rəhm o dövrkü cəmiyyətdə çox az yerinə yetirilən və ehtiyac duyulan bir əməl idi. Hz. Əbu Bəkir Peyğəmbərimizə edilən əziyyətləri görüb Ona arxa olarkən: “Bu, Sənin kimi kasıbın, yoxsulun əlindən tutan, silei-rəhm edən bir insana rəva görülməməlidir,” − deyir. Və yenə Hz. Əbu Bəkir Rəsulullahı qonşusu kimi himayəsinə götürmək istədikdə onun Qureyşə qarşı silei-rəhmi yerinə yetirməsini əsas gətirir. Bütün bunlardan aydın olur ki, silei-rəhm o dövrdə də hər kəs üçün ideal bir iş və çox əhəmiyyətli bir əməl idi…

Bir başqa aspektdən yanaşaq; tarixdə ataxaqanlıq[3], cədşahi[4], cəddül-cədşahi[5] ailə formalarını görmək mümkündür. Əvvəllər bizim cəmiyyətimiz də elə idi. Bir ata-ana və ya babanın ətrafında dünya qədər gəlin və övlad olardı. İndi də bu adət bəzi yerlərdə qalır. Bunlar əslində cəmiyyət “nüvəsi”nin kiçik hüceyrələri kimidir və onların bir-biri ilə sıx bağlı olması sağlam cəmiyyətin əsasını təşkil edir.

Toplumda əsas ictimai dəyərlər, demək olar ki, sıradan çıxmışdı. Akifin (Mehmet Akif) “Xarab ellər, kimsəsiz çöllər, başsız ümmətlər, zəhmətsiz günlər, fikri-fərda[6] bilməz axşamlar…” misraları bu gerçəyi əks etdirirdi. Lakin türk cəmiyyətinin ailə strukturu bu maneələri aşmağa kömək etdi. O dönəmdə məktəb pozulmuş, din zəifləmiş, müəllim Allah yerinə qoyulmuş, küçələr günah “çirkab”ına batmışdı. Din isə bu azmış kimi mətbuatın aramsız hücumlarına məruz qalırdı. Bəli, bütün bunlara baxmayaraq, bu cəmiyyət hələ də varlığını qoruyub saxlayırsa, o da məhz bu sağlam ailə quruluşunun hesabınadır. Belə amansızcasına dağıdılan bir cəmiyyətin “təmirində” silei-rəhmin rolu böyükdür. Başqa sözlə, cəmiyyəti meydana gətirən hüceyrələr, o hüceyrələrin əsasını təşkil edən atomlar bir-birinə çox yaxın olmalıdır. Hər kəs ailəsindən tutmuş uzaq qohumlarına qədər yaxınlarına baş çəkib onlara ehtiyaclarını aradan qaldırmaqda yardım etməli, dərdlərinə şərik olmalı və qohumluq borcunu yerinə yetirməlidir.


[1]. Allaha yaxın insanlar, övliya

[2]. Bir işin gerçəkləş­mə­­si üçün zəru­­­ri səbəblərin

 [3]. Ataların hakim olduğu ailə modeli

 [4]. Babaların hakim olduğu ailə modeli

 [5]. Ulu babaların hakim olduğu ailə modeli

 [6]Sabahı düşünmədən keçirilən gecələr




Şərh yaz