10. 221 dəfə oxunub ,   0 şərh   Çap et

Qurani-Kərimdə “riya” sözü beş ayədə keçir. Bu ayələrdən ikisi Allah yolunda malını verənlərin özlərini nümayiş etdirdiyini bildirir və Müsəlmanlara xəbərdarlıq edir. Digər ikisində isə namazlarını, başqa sözlə, ibadətlərini insanlara göstərməyi vər­dişə çevirənlərdən bəhs edilir və nümayiş məqsədi daşıyan bu xüsusiyyət pislənir. Sonuncu ayədə isə din adından hərəkət edənlərin azğın və riyakar davranışlarından xəbər verilir, ardınca da əmr və tövsiyələr bildirilir.

Allah-Təala “Bəqərə” surəsində buyurur:

“Heç kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.

 Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!

Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.

Onun halı üzərində bir az torpaq olan sürüşkən qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Belələri işlədikləri heç bir əməldən savab və mükafat əldə edə bilməzlər. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!” (Bəqərə, 2/262-264)

İndi isə bu ayədə əksini tapan məsələlərə  nəzər yetirək:

1. Sədəqə verənlər söz və davranışları ilə sədəqə verdikləri adam­lara minnət qoysalar, Allah qatında bu sədəqələrin savabından məhrum olacaqlar.

2. İman edənlərə belə bir əməldən çəkinmək əmr edilir.

3. Başa qaxmaq və minnət qoymaqla edilən maddi kömək əslində mal-dövləti Allaha (cəllə cəlaluhu) və axirət gününə inanmadan sırf özünü göstərmək məqsədi ilə boş yerə xərcləməkdir.

4. Belə insanların vəziyyəti qayanın üstünü örtən və yağış yağan kimi yuyulub gedən nazik torpaq qatına bənzəyir.

Sonuncu bəndi bir az da izah etmək faydalı olar. Bildiyimiz kimi, sədəqə verilməsində əsas məqsədlərdən biri varlı təbəqənin yox­sullarla yaxınlaşması, qaynayıb-qarışması və kasıblara maddi kömək edilməsidir. Elə isə ayədə də əmr edildiyi kimi, qəlb ge­nişliyini göstərən şirin söz, yaxud bir qüsuru bağışlama insanları minnət altında əzən, alçaldan sədəqədən, xoşagəlməz hərəkətlərdən qat-qat üstündür.

Ayənin bənzətməsi, həqiqətən, möhtəşəmdir. Necə ki yağışın torpaq təbəqəsini yuyub aparması nəticəsində qaya çılpaq qalır, eləcə də sədəqə verib ardınca minnət qoymaq və inctimək də həmin sədəqələrin çılpaq, yəni savabsız qalmasına səbəb olur. Allaha və axirət gününə qəlbən inanmayan və  özünü göstərmək xatirinə sədəqə verənlərin qatı və daş qəlbi hesab və mizan günü üzə çıxacaqdır.

Allah-Təalanın bu cür hərəkət edənləri sevməməsi, şeytanın onlarla dost olması da ayədə öz əksini tapır: “Mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!” (Nisa, 4/38)

Digər ayədə isə Allah (cəllə cəlaluhu) belə buyurur:

“Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki, əslində (Allah) onlarn hiylələrini və oyunlarını pozar. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərərlər. Əslində, Allahı olduqca az yad edərlər”. (Nisa, 4/142)

Bu ayə eyni zamanda əslində Allaha (cəllə cəlaluhu), peyğəmbərə, mələklərə, qısaca, imanın əsaslarına tam inanmayıb münafiqlik edənlərin “namaz” kimi imanın əhəmiyyətli təzahürü olan bir ibadətdə psixoloji vəziyyətini təsvir edir. Bu təsvirdə iki məqam diqqəti cəlb edir:

1. Belə insanların, xüsusilə, camaat namazlarını həvəssiz və istəksiz qılması.

2. Namaz qılmağa məcbur olanda da insanların xoşuna gəlməyə çalışmaları, başqaları görsün deyə uzun rüku və səcdə etmələri, namazı tədili-ərkana uyğun qılmağa çalışmaları.

 “Maun” surəsində isə belə deyilir: “Vay halına o namaz qılanların ki, namazlarından qafildirlər (qıldıqları namazın dəyərini bilmir, namaza lazımi diqqəti göstərmirlər); Onlar (ibadətlərində) riyakarlıq edər, Və (xalqdan) zəkatı və digər yardımları əsirgərlər”. (Maun, 107/4-7)

Böyük müfəssir Almalılı Həmdi Yazırın bu ayə ilə bağlı təfsirinə yer vermək istəyirik. Almalılıya görə, riya sözünü deyəndə ilk olaraq ağıla bu mənalar gəlir:

1. Məsələn, namazı Allah üçün saf niyyətlə deyil, bəzi mənfəətlər üçün qılmaq.

2. Başqalarının gördüyü yerlərdə namaz qılıb, tək-tənha qalanda və ya heç kim olmayanda, görməyəndə qılmamaq.

3. Xüşu içində deyil, özünü göstərmək xatirinə “iki yatış, bir baxış”dan ibarət namaz qılmaq.

Almalılı ayədə keçən “musalli” sözündən çıxış edərək bildirir ki, təbii olaraq namaz qılmayanların namazda riyakarlığından da­nışılmır.[1]

İndi isə “Ənfal” surəsinin 47-ci ayəsinə nəzər salaq. Ancaq bu ayəni yaxşı başa düşmək üçün 45 və 46-cı ayələrlə birgə götürmək lazımdır.

45-ci ayədə – yeni bir mövzunun başladığını göstərən “ayn” işarəsindən sonra – Allah (cəllə cəlaluhu) iki dəstə bir-biri ilə üz-üzə gələndə Müsəlman tərəfə yerlərində möhkəm durmağı və Onu (cəllə cəlaluhu) çox xatırlamağı əmr edir. Qütbün ifadəsi ilə “düşmənlə qarşılaşanda Uca Allahı (cəllə cəlaluhu) xatırlamaq çox şeyi həll edir. Allahı xatırlamaq yenilməz bir qüdrətlə irtibat qurmaqdır. Çünki müharibə Allah (cəllə cəlaluhu) üçündür. Müharibə Onun adını və ilahlığını yer üzündə hakim etmək və bunu qəsb edən tağutları həyat səhnəsindən çıxarmaq məqsədilə edilir. Demək ki, bu, Allahın adının ucalması üçün edilən müharibədir.[2]

46-cı ayədə isə Allah (cəllə cəlaluhu) Ona və Rəsuluna itaəti, qorxuya məğlub olub imanın sonsuz gücünü itirməmək üçün Müsəlmanların bir-biri ilə ixtilafa düşməmələrini və səbirli olmalarını əmr edir.

Qütbün fikrincə: “Səbir döyüşə girmək üçün vacib xüsusiyyətdir. Hansı döyüş olur-olsun – istər insanın öz içində nəfsi ilə mü aparanda, istərsə də müharibə meydanda düşmənlə qarşılaşanda – mütləq səbir etmək lazımdır…”[3]

47-ci ayədə isə Allah (cəllə cəlaluhu) belə buyurur: “(Ey möminlər!) Yurdlarından döyüşə təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!” (Ənfal, 8/47)

İndi də bu ayədə ehtiva olunmuş bəzi məqamlara baxaq.

Hal-hazırda toplumlararası əlaqələrdə mübarizə təkcə silahlı müharibələr şəklində cərəyan etmir. Müasir fənlərin və texnologiyanın inkişafı ilə iqtisadi, siyasi, mədəni, fikri və texnoloji sahələrdə də mübarizə, müharibə gedir. Bu sahələrlə yanaşı, daxili, yəni nəfslə də mübarizə edilir. 47-ci ayədə işlənən “fiətən” (cəmiyyət, birlik) sözü Qurani-Kərimdə doqquz yerdə “əsgər birliyi”, digər iki yerdə isə birbaşa “topluluq” mənasında işlənir. Demək ki – doğrusunu Allah bilir – 47-ci ayədə “təkəbbür, özünü göstərmə və Allah yolundan üz döndərmə” kimi çirkin davranışlardan təkcə silahlı müharibələr zamanı deyil, mədəni, fikri və nəfsi mübarizələrdə də uzaq olmaq lazımdır. Beləliklə, Allah (cəllə cəlaluhu) bu ayələrdə;

Möhkəm dayanmağı,

Allahı çox xatırlamağı,

Allaha (cəllə cəlaluhu) və Rəsuluna (sallallahu əleyhi və səlləm) itaəti,

İxtilafa düşməməyi,

Səbirli olmağı,

Riyakar və dikbaş davranışlara yol verməməyi əmr edir.

Hədislərdə riya mövzusu

Riya mövzusundan bəhs edən bəzi hədisləri təqdim etməyə çalışacağıq. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) riyanı “kiçik şirk” adlandırmışdır.

Bir dəfə Həzrəti Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) belə dedi: “Sizə görə ən çox qorxduğum şey kiçik şirkdir”. Səhabələr soruşdular: “Ya Rəsulullah, kiçik şirk nədir?” Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Riyadır, yəni başqaları görsün deyə ibadət etməkdir. Allah-Təala qiyamət günü hər kəsin əməlinin qarşılığını verəndə ibadətlərini insanlara göstərmək üçün edənlərə belə deyəcək: “Gedin dünyada ibadətlərinizi göstərdiyiniz, özünüzü bəyəndirməyə çalışdığınız adamların yanına, görək sizə vermək üçün bir şeyləri varmı?” [4]

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Ümmətimlə bağlı iki şey­dən qorxuram: şirk və gizli şəhvət”, – deyəndə Şəddad ibn Əvs soruşur: “Ey Allahın Rəsulu! Səndən sonra ümmətin Allaha şərik qoşacaq?” Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də: “Bəli, ancaq onlar Günəşə, Aya, daşa, bütə sitayiş etməyəcəklər. Fəqət əməllərinə riyakarlıq və başqalarına xoş görünmə hissi qarışdıracaqlar”, – buyurur.[5]

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) riyanın “kiçik şirk” olaraq adlandırmasına Əbu Hureyrənin (radiyallahu anh) rəvayət etdiyi bu qüdsi hədisdə də rast gəlirik: “Allah-Təala (cəllə cəlaluhu) bu­yurdu ki, “Mən şəriklərin şəriklikdən ən uzaq olanıyam. Kim işlədiyi əməldə Mənə qeyrisini şərik edərsə, onu da, şərik etdiyini də rədd edərəm”.[6]

Bildiyimiz kimi, dini cəhətdən insanların Allaha (cəllə cəlaluhu) yaxınlaşmasında Onun (cəllə cəlaluhu) bəxş etdiyi maddi-mənəvi lütflər bir vəsilədir. Məsələn, şəhidlər Peyğəmbərimizlə (sallallahu­ əleyhi və səlləm) birgə həşr olunma kimi uca məqama namizəd insanlardır. Odur ki, hər bir Müsəlman Allahın (cəllə cəlaluhu) lütf etdiyi mənəvi üstünlükləri təqva libası ilə bəzəyib Onun rizası istiqamətində çalışmalıdır. Əks halda Cənnətin qoxusunu belə almayacaqlar. Belə ki, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu­nunla bağlı şiddətli xəbərdarlığı vardır.[7]

Varlıların vəzifəsi də Allahın verdiyi sərvəti Onun yolunda və Onun rizasına uyğun xərcləməkdir. Məhz bu üç kateqoriyadan: alimlər, şəhidlər, varlılardan bəhs edən hədis bizi bir mənada özünü göstəmək xatirinə, insanların bəyənməsi üçün ibadət etməməyə, onları razılığını əsas məqsədə çevirməməyə çağırır, insanın belə niyyət və düşüncəsi ucbatından sorğu-sualdan müflis çıxacağını  bildirərək “həyəcan təbili çalır”.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur: “Qiyamət günü ilk hesaba çəkilən bir şəhid olacaq. Hesaba çəkilmək üçün Allahın hüzuruna gətiriləcək. Allah-Təala (cəllə cəlaluhu) verdiyi nemətləri ona xatırladacaq, o da bunların verildiyini etiraf edəcək. Allah: “Yaxşı, bütün bunların əvəzində sən nə etdin?” – buyuracaq. O da: “Şəhid olanacan Sənin yolunda cihad etdim”, – deyə cavab verəcək. Bu zaman Allah buyuracaq:

– Yalan deyirsən! Sən, sənə “necə igid adamdır” desinlər deyə vuruşdun və elə də dedilər”.

Sonra əmr edəcək ki, onu Cəhənnəmə atsınlar.

 Bu dəfə elm öyrənmiş, öyrətmiş və Quran oxumuş bir adamı Allahın hüzuruna gətirəcəklər. Allah ona da verdiyi nemətləri xatırladacaq. O da nemətlərin verildiyini etiraf edəcək. Allah ondan da bu nemətlərin müqabilində nə etdiyini soruşacaq. O da:

– Elm öyrəndim, öyrətdim və Sənin rizan üçün Quran oxudum, –  deyə cavab verəcək.

 Allah-Təala (cəllə cəlaluhu) buyuracaq:

– Yalan deyirsən, sənə alim desinlər deyə elm öyrəndin, “nə gözəl oxuyur” desinlər deyə Quran oxudun. Bu sözləri də sənin haqqında dedilər.

Və əmr edəcək ki, onu üzü aşağı Cəhənnəmə atsınlar. Bundan sonra isə hüzura dünyada çoxlu var-dövlət verilmiş adamı gətirəcəklər. Allah verdiyi nemətləri onun da yadına salacaq, o da etiraf edəcək. Allah ondan da soruşacaq:

 – Bəs sən bu nemətlərin qarşılığında nə etmisən?

 O adam cavab verəcək:

– Sənin razı olduğun, sevdiyin heç bir yerdən malımı əsirgəmədim, sırf Sənin rizan üçün xərclədim, – deyəcək.

 Allah buyuracaq:

– Yalan deyirsən, sən bütün bunları “Necə əliaçıq, səxavətli adamdır” desinlər deyə eləmisən. Bunu da sənə deyiblər”.

Sonra da əmr edəcək ki, onu da üzü aşağı Cəhənnəmə atsınlar”.[8]

Əliaçıq bir adam haqqında “Necə əliaçıq insandır” deyilməsi həmişə təhlükəlidir? Yoxsa əsas təhlükəli olan insanın qəlbində bu cür təriflərə ehtiyac hiss etməsi və nəticə etibarilə də başqalarının tərifli sözlərini qazanmasıdır? Burada ən zərərli hal ikincidir. Ancaq insan belə bir tərif istəmirsə, yaxşılıq etməkdə, əliaçıqlıq göstərməkdə niyyəti təriflənmək, yaxşı ad qazanmaq deyilsə, insanların onun əməlini tərifləməsində bir qəbahət yoxdur. Əbu Zər Həzrətləri (radiyallahu amh) nəql edir:

“Bir səhabə bu məsələni öyrənmək üçün Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) sual verdi:

– Ya Rəsulullah! Əgər kimsə xeyirli bir iş görsə, camaat da buna görə onu tərifləsə, buna nə deyirsiniz?

 Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də:

 – Bu, mömin üçün ilk müjdədir, – deyə cavab verdi”.[9]

İmam Qəzaliyə görə riya Allaha ibadət etməklə qulları razı salmağa, özünü onlara bəyəndirməyə çalışmaqdır. Əsasən aşağıdakı əməllərlə riya edilir:

1. Var-dövlətlə özünü göstərmək. Bu qismə gözəl və bahalı pal-paltarlar, dəbdəbəli evlər, rəngarəng əşyalar və s. daxildir.

2. Davranışla özünü göstərmək.

a. Dinə aid davranışlarda; namazda başqaları görsün deyə uzun rüku və səcdələr etmək, rənginin axirət qorxusundan saraldığına eyham vurmaq, az yediyi üçün arıqladığını eyhamla göstərmək, dini fəaliyyətlərə başı qarışdığı üçün saç-saqqalına baxmağa vaxtı olmadığını göstərmək və s.

b. Dünyaya aid davranışlarda; özündənrazı yerimək, başqalarını alçaltmaq və s..

İmam Qəzaliyə görə riya üç cürdür:

1. Niyyətin birbaşa riya olması ki, ən təhlükəli kateqoriya budur.

2. Riyakarlıq vasitəsilə bir məqsədə çatmaq istəyi. Bu, var-dövlət, vəzifə və s. ola bilər. Doğruluq pərdəsi altında xalqı aldatmağa çalışmaq, vətənpərvər kimi görünüb, əslində, qəlbində olan düşmənçilik hislərini “doyurmağa” çalışmaq kimi.

3. Riyakarlıq üçün alətə çevrilən hərəkət və ya davranış. Ürəkdən iman etmədiyi halda, imanlı görünmək. Dinin əsaslarını qəbul etməklə yanaşı, ibadətlər vasitəsilə özünü göstərmək. Məsələn, bir insan tələm-tələsik rüku və səcdə edib namazı bitirmək istəyir, amma kiminsə gəlişini görüncə uzun rüku və səcdələrlə namazını qılmağa başlayır.

Bir insanın ibadətlərində riyakarlıq etməsinin əsas göstəricisi ibadətinin başqası tərəfindən görülməsinə sevinməsidir. Bu hal Haqqa yox, xalqa iltifat etmək deməkdir. Halbuki insan  üçün başqalarının onun ibadətlərini görüb-görməməsinin, bilib-bilməməsinin heç bir fərqi olmamalıdır.[10]

Riya kateqoriyasına daxil olmayan hallar

Zəmanəsinin alimlərindən birinə görə, ibadət məqsədi daşıyan bəzi davranışlar riya kateqoriyasına daxil olmur. O, ibadətləri  ümumi mənada iki yerə: müsbət və mənfi ibadətlər. Müsbət ibadətlər hamıya məlum olan ibadətlər, mənfi ibadətlər isə insanların bəla və müsibətlər qarşısında səbir, şükür və sarsılmaz etiqadla Allaha (cəllə cəlaluhu) sığınması, Onu düşünüb Ona yalvarmasıdır. Belə bir davranış xalis bir niyyətlə edilir, dolayısilə, burada riya yoxdur. [11]

O bildirir ki,  dini baxımdan “sünnət” hökmündə olan davranışların bəziləri İslamiyyət əlaməti hesab edilən və ya “şəair” adlanan dini davranışlardır və bu cür davranışlarda riya yoxdur.­ Çünki “şəair” bütün İslam toplumu ilə bağlı ibadət tərzidir. Belə vəzifənin bir nəfər tərəfindən yerinə yetirilməsi digərlərini məsuliyyətdən qurtarır. Ancaq heç kim yerinə yetirməsə, onda bütün toplum buna görə məsuliyyət daşıyır. Beləliklə, “şəair” sayılan dini davranışlarda da riya yoxdur, hətta bu ibadət nafilə ibadət olsa belə, şəxsi fərzlərdən daha üstün ola bilər. [12]

“Fərz və vaciblərin, şəairi-İslamiyyənin və Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) sünnətinin yerinə yetirilməsində və haramlardan uzaq durmaqda riya olmaz, bu cür davranışların izharı riya deyildir. Ancaq insan imanca zəif, fitrətən riyakardırsa, bu hallarda riya meydana gələ bilər. Hətta İmam Qəzali (radiyallahu anh) kimi böyük alimlər deyir ki, şəairi-İslamiyyəyə (İslamın hər kə­sə aid olan ümumi adətləri, əlamətləri) aid ibadətlərin açıq edilməsi, onların gizli edilməsindən daha savablı və fəzilətlidir. Digər nafilə ibadətlərinin gizli edilməsi çox savablı olduğu halda, şəairə təmas etmək, xüsusən, belə bidətlər dövründə sünnəyə riayət etməyin şərafətini (şərəf, üstünlük) göstərmək və belə böyük günahlar içində haramlardan uzaq durmaqla təqvanı izhar etmək (göstərmək) riya deyil, hətta gizli edilməsindən qat-qat savablı və xalisdir. [13]

O, Allahın verdiyi ilə qane olmamağın riya qapısını aça biləcəyini bildirir.[14] Gözü-könlü tox olmaq isə riya qapısını bağlayıb ixlas qapısını açır.

Bir İslam alimi başqaları haqqında “riyakarlıq edir” düşüncəsi ilə məsuliyyətsiz davranmağın doğru sayılmadığını, bu mövzuda heç kimdə bir məhək daşı olmadığını bildirərək vacib bir məqama toxunur. Onun qənaətincə, insanlar öz nəfsləri ilə sərt davrana bilər, amma başqaları ilə münasibətdə hüsn-zənni əsas götürməlidirlər. [15]

O, riyanın bir çox növü olduğunu, bəzilərinin hətta qələmi, düşüncəsi ilə, çox kitab oxuması ilə, biblioqrafiyanı yaxşı bilməsi ilə riyaya girdiyini deyir. Riyanın bəzi əlamətlərinin olduğunu bildirən böyük mütəfəkkir dili, ürfanı, davranışı ilə təvazökar görünən bir insanın özündən aşağı olan şəxslərin yanında təkəbbürlənməsini buna misal göstərir. Demək ki, o insan, əslində, təvazökar deyildir. [16]


[1]. Almalılı, Hak dini Kuran dili, 9/342.

[2]. Seyid Qütb, Fi zilalil-Quran, C. 3, s. 1028, Qahirə,1986.

 [3]. A.ç.ə., 1029.

 [4]. Əhməd ibn Hənbəl, Müsnəd, V, 428.

[5]. Əhməd İbn Hənbəl, Müsnəd, IV/124.

 [6]. Müslim, Zühd, 46.

 [7]. Əbu Davud, Elm, 12.

[8]. Müslim, İmarə, 152.

 [9]. Müslim, Birr, 166.

[10]. Qəzali, Əhyayi-ülumid-din, c.7, s.433-567.

 [11]. Lem’alar / İkinci Lem’a, s.581.

 [12].  A.ç.ə. / On Birinci Lem’a, s. 609.

 [13]. Kastamonu Lahikası, s. 1639.

 [14]. Lem’alar / On Dokuzuncu Lem’a – s.660.

 [15]. Kırık Testi.

 [16]. “Riya, Riyayı Tanıma ve Ondan Kurtulma”

 



Açar sözləri

riya riyakarlıq

Şərh yaz