2. 499 dəfə oxunub ,   0 şərh   Çap et

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Quranda evliliyə təşviq

Uca Allah Quranda belə buyurur: “(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!”[1]

Başqa bir ayədə isə: “Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur.”[2] buyurur. Bu ayəyə əsasən demək olar ki, Uca Allah insanı cüt yaratmış və birgə yaşamağını istəmişdir.

Sünnədə evliliyə təşviq

Rəsulullah (s.ə.s) özü evlənmiş və ümmətinə də ailə qurmağı tövsiyə etmişdir. Allah Rəsulu (s.ə.s) evliliyi əmr edər və Şirin və uşaq dünyaya gətirəcək qadınlarla evlənin, qiyamət günündə mən digər peyğəmbərlərin yanında sizin çox olmağınızla öyünəcəyəm”, − deyərdi.”[3] Çünki ailə insanın özünün, həyat yoldaşının və uşaqlarının rahatlıq tapacağı yerdir. Eyni zamanda ailə nəslin davam etməsi üçün bir vəsilədir, insanı müxtəlif pis əməllərdən və günahlardan qoruyan bir qalxandır. Rəsulullah evlənməməyi isə heç xoş qarşılamamışdır.[4]

Həzrət Peyğəmbər (s.ə.s.) ailəsinə mənsub olan şəxslərin evlənmə məsələsi ilə yaxından maraqlanmışdır. Məsələn: azad etdiyi köləsi Əbu Rafini azad etdiyi Səlma[5] ilə evləndirmişdir. “Kim cənnətlik bir qadınla evlənmək istəyirsə, Ümmü Eymənlə evlənsin!” sözləri ilə təriflədiyi Ümmü Eyməni azad etdiyi köləsi Zeyd ibn Harisə ilə evləndirmişdir.[6]

Vasitəçi olmaq

Peyğəmbərimiz (s.ə.s) evlənmək istəyənlər arasında vasitəçilik etməyi də təqdir etmişdir:
Evlənmək istəyən iki nəfər arasında vasitəçi olmaq, ən fəzilətli vasitəçilikdir (əməldir).”[7]

Məsələn: Həzrət Peyğəmbər (s.ə.s.) dul qalan qızlarının da ailəvi problemlərinə laqeyd qalmamış, peyğəmbərlikdən əvvəl Əbu Ləhəbin oğlu Utbə ilə evləndirdiyi Ruqiyyəni Utbə boşadıqdan sonra[8] Həzrət Osmanla (r.a.) evləndirmişdir. Bədir döyüşündən sonra Ruqiyyə vəfat etdiyinə görə yenə Əbu Ləhəbin başqa bir oğlundan (Uteybə) boşanmış Ümmü Gülsümü (r.a.) Həzrət Osmanla (r.a.) nikahlamışdır.[9]

İmkanı olan ailə qursun, olmayan oruc tutsun!

Rəsuli-Əkrəmin (s.ə.s) gənclərə etdiyi bu tövsiyə də olduqca mühümdür:

Ey gənclər! Kimin evlənməyə imkanı varsa, ailə qursun. Evlənə bilməyənlər isə oruc tutsun. Çünki oruc (insanı)  haramdan qoruyan qalxandır. [10]

Əvvəla oruc ümumi mənada bir pəhriz funksiyası yerinə yetirir. Mədə ilə birlikdə digər bəşəri duyğuları da nəzarət altına alıb Allahın əmr etdiyi istiqamətdə işləməsini asanlaşdırır.

İkincisi, evlilik ciddi bir məsələdir. Adi bir iş deyildir ki, insan düşünüb-daşınmadan dərhal qərar verib ailə qurmaq istəsin. Ağıl və məntiq süzgəcindən keçməmiş tələm-tələsik qərarlarla qurulan ailələrdə ailədaxili münaqişələrə çox rast gəlinir. Məhz bu cür ailələrdə böyüyən uşaqlar düzgün tərbiyə görmür, analı-atalı olsa da, yetim kimi böyüyür, bəzən də valideynlərinə, hətta cəmiyyətə düş­mən kəsilir, hissiz, duyğusuz yetişirlər.

Evliliyi asanlaşdırmaq

İslam evlənməyi asanlaşdırmışdır. Rəsulullah (s.ə.s)

Evliliyin ən yaxşısı, ən asan olanıdır,”[11] – buyurmuşdur.

Evliliyin baş tutması üçün, tərəflərin razılığı və şahidlərin hüzurunda evləndiklərini elan etməsi kifayətdir. Kişinin qadına verəcəyi mehr də vəziyyətə görə dəyişə bilər. Nikah əsnasında mehrin deyilməməyi nikaha mane deyil.

Evliliyi elan etmək də lazımdır. Rəsulullah (s.ə.s.) qızı Fatimə ilə ailə qurmağa hazırlaşan Həzrət Əliyə: “Ey Əli, evlənən şəxs bunu elan etmək üçün yemək verməlidir”, – deyərək kasıb olmasına baxmayaraq, sadə də olsa, bir toy yeməyi verdirir.[12]

Bu və bənzəri səbəblərdə görə Rəsulullah (s.ə.s) ağıllı, yetkinlik yaşına çatmış və imkanı yetən hər müsəlmanı evlənmək sünnəsini yerinə yetirməyə səsləmişdir. Bu məsələdə gənclərin qarşısına maddi tələblər qoyulmamasını və lazımsız xərclərdən uzaq durmağı tövsiyə etmişdir. Nikahın özünün sünnəsi olduğunu bildirmişdir:

Nikah mənim sünnəmdəndir. Kim mənim sünnəmə əməl etməzsə, məndən deyildir. Evlənin, mən digər ümmətlərin yanında sizin çox olmağınızla fəxr edəcəyəm.”[13]

Ailə qurmaqda məqsəd Rəsulullahın fəxr etdiyi bir nəsil yetişdirmək deyilsə, bu cür izdivacın, və ya “çoxalma”nın heç bir mənası yoxdur. O (s.ə.s), Allahı razı edən,  ilahi rızanı qazanmaq eşqi ilə alışıb yanan, dini  yaşayan və yaşadan bir nəslin çoxalmasını istəyir.

İnsan evlilik sayəsində həyatını nizama sala, özünü haramlardan qoruya, şərəf və namusunu mühafizə edə bilər. Qadın və kişinin sevgisi nikah sayəsində bir dəyər qazanır:

Bir-birini sevənlər üçün nikah qədər sevgini artıran başqa bir şey yoxdur.”[14]  

Evlilik fərdləri haramlardan mühafizə etdiyi kimi cəmiyyəti də qoruyur. Fərdlər iffətli olanda cəmiyyət də fəzilətli olur.

Fikir soruşmaq

Rəsulullah (s.ə.s.) ailə qurmaq istəyənlərin bir-birilərini görmələrini və tanımalarını istəyərdi.[15]

Çünki bir ömür bərabər yaşamaq arzusu ilə qurulacaq bu birliyin sevgi üzərinə qurulması və tərəflərin bir-birini istəmələri və bəyənmələri son dərəcə əhəmiyyətlidir. Qadınların fikirləri alınmadan evləndirilməmələrini istəyən həzrət Peyğəmbər öz qızı həzrət Fatiməni evləndirərkən bunu birbaşa tətbiq etmiş və onun rəyini alaraq həzrət Əli (r.a.) ilə evləndirmişdir.[16]

Qızını evləndirmək istəyən valideynlərə də Rəsulullahın (s.ə.s) tövsiyəsi var:

Həm dini, həm də əxlaqından razı qaldığınız bir nəfər qızınızı istəsə, (qızınızı) onu(nla) evləndirin. Belə etməsəniz, yer üzündə fitnə-fəsad yayılar.”[17]

Qıza verilən cehiz

Mənbələrdə Həzrət Fatimənin (r.anha) cehizi haqqında bunlar var: yorğan yerinə məxmər bir örtük, ələk, dəsmal, bir bardaq, əl dəyirmanı, bir tuluq, iki su səhəngi, içi xurma lifi ilə doldurulmuş bir dəri döşəkçə, örtük, dəridən düzəldilmiş qab və su tuluğu.[18] Məxmər yorğanın qısa olduğu, başa çəkəndə ayaqların açıq qaldığı ayrıca qeyd olunur.

Gənc ailə ilə maraqlanmaq

Peyğəmbər (s.ə.s.) Fatiməni ərə verəndən sonra da qayğısını əsirgəməmiş, hər məsələdə də onun yanında olmuşdur.[19] Qızına tez-tez Fatiməyə baş çəkmiş, bəzən də gecənı qızının evində keçirmişdir.[20]

Rəsulullah (s.ə.s) qızlarına həddindən artıq can yandırmış və bağlı olmuşdur. Ailə qurduqdan sonra da görüşəndə alınlarından öpmüş,[21] ağladıqları zaman öz əlləri ilə göz yaşlarını silmişdir.[22] Bu qayğı və səmimiyyət hər məsələni çəkinmədən Peyğəmbərə (s.ə.s) demələrinə imkan vermişdir.

Xülasə, ailə cəmiyyətin əsasıdır. Bu əsası möhkəmləndirmək, sağlam təməllər üzərində qurmaq nöqteyi-nəzərindən Rəsulullahın (s.ə.s) evliliyə təşviqi və etdiyi tövsiyələr böyük əhəmiyyət kəsb edir.


[1] Nur, 24/32.
[2] Əraf, 7/189.
[3] Əhməd ibn Hənbəl, Müsnəd, 3/158; 3/245.
[4] Əhməd İbn Hənbəl, 3/157, 245.
[5] İbn Sad, Təbəqat, 4/74.
[6] İbn Sad, Təbəqat, 8/224.
[7] İbn Macə, Nikah, 49.
[8] Heysəmi, Məcməüz-Zəvaid, 9/216.
[9] Heysəmi, Məcməüz-Zəvaid, 9/88.
[10]  Buxari, Nikah, 2; Müslim, Nikah, 1,3; İbn Macə, Nikah, 1.
[11] Əbu Davud, Nikah, 32.
[12] İbn Sad, Təbəqat, 8/21.
[13] İbn Macə, Nikah, 1.
[14] İbn Macə, Nikah, 1.
[15] Müslim, Nikah, 74, 75; Tirmizi, Nikah, 5; Nəsai, Nikah, 17.
[16] İbn Sad, Təbəqat, 8/20; Nəsai, Nikah, 31, 32.
[17] Tirmizi, Nikah, 3.
[18] İbn Sad, Təbəqat, 8/23
[19] İbn Həcər, əl-Mətalibul-Aliyə, 2/39.
[20] İbn Həcər, əl-Mətalibul-Aliyə, 11/240-241.
[21] Münavi, Feyzul-qadir, 5/174.
[22] Hakim, Müstədrək, 4/48.



Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?


Şərh yaz