Öz-özünə (qeyri-ixtiyari) mədədən boğaza gələn və öz-özünə geri qayıdan qusuntu ağız dolusu qədər olsa da orucu pozmur. Hər hansı narahatlıqdan dolayı ixtiyari olaraq gələn az miqdarda qusuntu öz-özünə geri qayıdarsa, oruc pozulmur. Ancaq bu qusuntu miqdarı ağız dolusu qədər olarsa, oruc pozulur. Həmin şəxs ağzını yaxaladıqdan sonra oruca davam etməli, sonradan bu orucunu qəza etməlidir. Qusduqdan sonra narahatlığı keçərsə axşama qədər ac qalmağa davam etməlidir. Narahatlıq varsa bu təqdirdə yemək yeyə bilər.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.