1. 165 dəfə oxunub ,   0 şərh   Çap et

Qərəz nədir?

Qərəz kəlməsi ərəb dilində “gizli düşmənçilik” deməkdir. Bu kəlmə dilimizdə ümumişlək söz kimi “gizli və ya pis niyyət” və “ədavət” mənalarında da işlənir. Bu məqalədə daha çox “gizli və ya pis niyyət” mənasında işlədilmişdir.

Qərəz əsasən iki cür olur: ixtiyari və qeyri-ixtiyari. İxtiyari qərəz məqsədli və bilərəkdən başqasına qarşı düşüncə və davranışlarla edilən qərəzdir. Qeyri-ixtiyari qərəz isə daha çox gizli şəkildə özünü göstərir. Cəmiyyətdəki stereotiplər, adət-ənənələr, yaşayış formaları və s.-də buna təsir edir. Bu da insanın həmsöhbətinə bu və ya digər şəkildə təsir edir.

Bəzən bilərək, bəzən də bilməyərək qərəzin bizim gündəlik həyatımızda və qərarlarımızda fərqli təzahürlərini görə bilərik. Bu mənada İslamın gözəlliklərini insanlara çatdıran möminlər də qərəzi bilməli və qərəzdən qorunmaq üçün çalışmalıdırlar.

Qərəzə “əsir” düşməmək

Uca Allah insanı ən mükəmməl şəkildə yaratmış və ona iradəsi ilə seçmək haqqı vermişdir. İnsan da etdiyi seçimlərlə ali mərtəbəyə də qalxa bilər, “əsfələ-safilinə” (aşağıların ən aşağısı) də düşə bilər. Bir qayə üçün yaradılan insanın bu (seçmək) fəaliyyəti bütün ömür boyu davam edir. İslamın məqsədi insana fitrətinə uyğun yaşamağı, Yaradanın rizasını qazanmağı öyrətmək, insanın vəzifəsi isə  bunu öyrənməkdir. Bu öyrətmə (təbliğ) prosesində bəzən öyrədənlər öyrədilənlərin inkişafı, gələcəyi ilə əlaqəli qərəzli düşüncələrə “əsir” düşürlər. Qərəzə əsir olmaq da onları həqiqi missiyalarından uzaqlaşdırır. Rəsulullahın (s.ə.s.) həyatına nəzər salanda görürük ki, O (s.ə.s.), təlim-tərbiyə və təbliğ prosesində əsla zənn və gümanlarla hərəkət etməmiş, qərar və hökmlərdə heç vaxt qərəzli davranmamışdır.

İlahi əxlaqı nümunə götürmək

Əvvəla, onu qeyd edək ki, Rəsulullahın (s.ə.s.) bu cür davranması İlahi əxlaqın təzahürü idi. Bütün peyğəmbərlər əxlaq, insanlıq, iman əsasları, haqq-ədalət və digər məsələlərlə əlaqəli problemləri olan cəmiyyətlərə göndərilmişlər. Hətta bu qövmlərin bəziləri peyğəmbərlərə qarşı gəlmiş, onları öldürməyə belə cəhd etmişlər. Bəziləri də peyğəmbərlərin gətirdiklərini qəbul etməmək üçün mübarizə aparmış və nəticədə İlahi əzabla cəzalandırılmışlar.

Görəsən niyə Uca Allah (c.c) sevdiyi elçilərini bu cür cəmiyyətlərə göndərmişdir? Bu sual ətrafında düşünməkdə fayda var.

İnsan zehni ilk baxışdan bu cür cəmiyyətlərin islah olmayacağı qənaətinə gəlir. Halbuki peyğəmbərlər tarixində bunun əksinin olduğunu görürük. Yəni ən bərbad toplumlar belə peyğəmbərin dəvətindən sonra İlahi əxlaqa yiyələnə bilər. Burdakı əsas məsələlərdən biri də hamı ilə eyni cür yox, onun yaradılışına uyğun davranmaq lazımdır.

Peyğəmbərlər tarixinə baxanda həm də onu görürük ki, insanlar zaman keçdikcə mənfi və ya müsbət mənada dəyişə bilərlər. Əsla hidayət olmaz deyilən bir çox insanın Haqq yolu tapdığına tarix də şahiddir. Yəni bizim insanlar haqdakı zənn və qərəzlərimiz çox vaxt özünü doğrultmur.

Bir insanın potensialının ortaya çıxması sevgi, diqqət, mərhəmət və inkişafına uyğun mühitdə mümkündür. Fərqli dövrlərdə əzilən toplumların bir müddət sonra hakimiyyətə gəlməsi də bunun nəticəsidir.

Peyğəmbərlik tarixindəki bu vəziyyət fərdlər üçün də keçərlidir. Bu mənada Uca Yaradan əsla “Firondan adam olmaz” demir, hətta iki peyğəmbərini onun yanına göndərir. Hətta bu haqda belə buyurur: “Fironun yanına gedin! Həqiqətən, o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” (Ta-ha surəsi, 20/43-44.) Uca Allah bununla Firon haqdakı qərəz və zənn qapısını bağlayır. Üstəlik necə hərəkət etmək lazım gəldiyini də göstərir.

İlahi muradı və əxlaqı doğru anlayan peyğəmbərlər də həmsöhbətlərinin necə olmalarından və davranmalarından asılı olmayaraq onlar haqda hər hansı mənfi zənnə qapılmır, qərəz güdmür və təbliğ vəzifələrini hamıya qarşı haqqı ilə yerinə yetirməyə çalışırdılar.

Qərəzdən fürsətə

Rəsulullah (s.ə.s.) həmsöhbətlərinin fitrətini və qabiliyyətlərini çox yaxşı tanıyardı. Onların duyğu, düşüncə və davranışların arxasındakı səbəbləri, ailədən və böyüdüyü cəmiyyətdən öyrəndiklərini, xarakterini, yaşadığı yerə aid dəyərlərini, təsirləndiyi mədəniyyəti, iqtisadi vəziyyətini, sağlamlıq problemlərini, yaşını, cəmiyyətdəki mövqeyini, yaşadığı hadisələri və s. nəzərə alardı. Çünki sadalananların hamısının insana təsiri var. Bunları bilmədən və fərqləndirmədən həmsöhbətin ruh, qəlb və vicdanına xitab etmək çətindir. Ən əsası bunları nəzərə almadan sui-zənn və qərəzdən qurtulmaq çox çətindir. Bu mənada İslamın gözəlliklərini insanlara çatdıranlar da sui-zənn və qərəzdən qurtulmaq üçün əvvəla bunları bilməlidirlər.

Allah Rəsulu (s.ə.s.) Adiyy ibn Xətəmə “Sənin İslama aid həqiqətləri qəbul etməyinə bilirsən nə mane olur? İslamın düşmənlərini çox, tərəfdarlarını isə az və zəif görürsən. Gücün çoxluqda olduğunu düşünürsən.” – buyurmuşdur.

Rəsulullah (s.ə.s.) bununla Adiyyin deyilənləri eşitməməyinin səbəbini onun qorxuları ilə əlaqəli olduğunu bildirir. Ardınca da ona dövrün böyük imperiyalarının çox keçmədən müsəlmanlara məğlub olacağını, müsəlmanların varlanacağını, hətta zəkat verməyə insan tapılmayacağını deyir. Bəlkə də Adiyyin müsəlman olmağından ümidini kəsənlər vardı. Ancaq Rəsulullahın (s.ə.s.) həmsöhbətinə onun anladığı dildən və onun üçün önəmli olan xüsuslardan yanaşması Adiyyin müsəlman olmasına gətirib çıxarır.[1]

İşi haqqı ilə görmək

İnsanlara nələrisə öyrədərkən əsas diqqət edilməli məqamlardan biri ədalət prinsipini qorumaq, həmçinin zənn və gümanlardan sıyrılmaqdır. Rəsulullah (s.ə.s.) da peyğəmbər olandan sonra Ona qarşı edilən haqsızlıqlar və zülmlərə rəğmən heç kimə qərəzli yanaşmamış, kimsə haqqında sui-zənn etməmişdir. Zülmdə dastan yazan Əbu Cəhl, Üqbə ibn Rəbiə, Şeybə ibn Rəbiə, Əbu Ləhəb və Üqbə ibn Muayt başda olmaqla hər kəsin könlünə girəcəyini, haqq və həqiqətləri çatdıracağını və onlardakı insanlıq potensialını iman ilə hərəkətə keçirəcəyinə inanmış və buna uyğun hərəkət etmişdir. Onların könlünə girmək üçün on beş il çalışmış, bir çox fərqli üsullara müraciət etmişdir. Etdiyi cəhdlərə haqsızlıqla cavab versələr də Rəsulullah (s.a.s.) özünəxas metoduna sadiq qalmış, həmsöhbətlərinin ilişib qaldığı nüanslardan qurtulacaqlarına inanmışdır. Hətta Uhudda Özünün və səhabələrinin yaralanmasına baxmayaraq onlara belə dua etmişdi:

“Allahım! Qövmümü bağışla! Çünki onlar nə etdiklərini bilmirlər.”[2]

Onlar haqda deyilən mənfi fikirlərə isə bu cür cavab vermişdi: “Əslində Qureyş əmanətə sahib çıxan insanlardan ibarətdir.”[3]

Hicrətdən sonra Rəsulullahın (s.ə.s.) həmsöhbətləri arasına münafiqlər də daxil olmuşdu. Münafiqlər müsəlmanlar arasında nifaq salmaq üçün əllərindən gələni edirdilər. Buna rəğmən Rəsulullah (s.ə.s.) onlara belə qərəzli yanaşmamış, səhabələrinə də bu cür yanaşmağa icazə verməmişdir. Məqsədi onları düşdükləri çuxurdan çıxarmaq olmuşdur. Onların qəlbindəki nifaqı, şəfqət və gözəl əxlaqı təmsil etməsi ilə əritməyə çalışmışdır. Elə buna görə də münafiqlərin lideri Abdullah ibn Übeyy daxil heç kimə “artıq bundan adam olmaz” deməmişdir. Belə ki, xəstə yatağında son nəfəsini verən münafiqlərin liderini ziyarət etmiş və onun İslamla şərəflənməsi üçün son fürsəti belə dəyərləndirməyə çalışmışdır.[4]

Rəsulullah (s.ə.s.) başqalarının hərəkət və davranışlarına görə onlar haqda hökm verməmiş, əsla qərəz və sui-zənnlə hərəkət etməmişdir. Məsələn, Ömər ibn Xəttab İslamdan əvvəl müsəlmanlara əziyyət edənlərdən biri idi. Ömər Həbəşistan hicrətinə hazırlaşan Amir ibn Rabianın yanına gedir. Amir evdə olmadığından həyat yoldaşı Leyla bint Hasmə ilə qarşılaşır. Ömər:

“Deməli gedirsiniz.”

Leyla:

“Bəli, Allaha and olsun ki, Allahın yaratdığı dünyadan çıxıb gedəcəyik. Bizi çox incitdiniz. Rahat yaşamağa imkan vermədiniz. Uca Allah da bizə qurtuluş yolu göstərir.” – deyir. Leylanın bu cavabı Ömərə çox təsir edir və kədərli halda:

“Allah köməyiniz olsun” – deyərək oradan uzaqlaşır.

Ömərin bu halını ilk dəfə görən Leyla əri Amir evə gələndə Ömərin gəldiyini və müsəlmanların hicrətindən dolayı kədərləndiyini, Ömərin nə vaxtsa İslamı qəbul edəcəyini bildirir. Bunu eşidən Amir:

“Unutma ki, Xəttabın eşşəyi müsəlman olar, amma oğlu Ömər müsəlman olmaz.”[5]

Müsəlmanlara etdiyi işgəncələrə görə həmin səhabə Ömərə qərəzli yanaşsa da Allah Rəsulu (s.a.s.) heç kimdən ümidini kəsməmiş, heç vaxt qərəzli yanaşmamışdır. Bu prinsipi Ömərə də tətbiq etmişdir. Hətta Ömər haqqında “Allahım! Bu dini Ömərlə gücləndir” – deyə dua belə etmişdir.[6]

Qərəzli yanaşmalardan çəkinmək

Ən Gözəl Nümunənin (s.ə.s.) öyrətmə üsullarında diqqətimizi çəkən məqamlardan biri də başqalarının qərəzli yanaşmalara icazə verməməsidir. Hicrətin ikinci ili, Nəhlə səfərində Hakəm ibn Keysan əsir götürülmüş və Mədinəyə gətirilmişdi. Onu Məscidi-Nəbəvinin dirəyinə bağlamışdılar. Rəsulullah (s.ə.s.) onunla şəxsən maraqlanır, öz əli ilə ona yemək yedirir, su verirdi. Arada da ona İlahi haqq və həqiqətlərdən danışaraq İslama dəvət edirdi, ancaq hər dəfə rədd cavabı alırdı. Rədd cavablarına baxmayaraq həqiqətləri anlatmağa davam edirdi. Bəzi səhabələr bundan narahat olaraq:

“Ey Allahın elçisi! İcazə ver onu öldürək, onsuz da iman gətirməyəcək.” – deyirdilər.

Bəli, təbii ki, səhabələr gördüklərindən təsirlənərək ona qərəzli yanaşırdılar. Lakin Rəsulullah (s.ə.s.) insanların zaman keçdikcə dəyişə biləcəyinə, xətalarını fərq edəcəyinə inanmağı həyat fəlsəfəsinə çevirmişdi. Buna görə də son nəfəsinə qədər heç kimlə əlaqəli sui-zənn etmirdi. Və bunu deyən səhabələrə belə cavab verir:

“Əsla! Onu öldürmək olmaz.” Çox keçmədən Hakəm Rəsulullahın (s.ə.s.) mülayim və xoşrəftar davranışlarından təsirlənir və müsəlman olur. Allahın Elçisi (s.ə.s.) bunu görəndə çox sevinir. Hakəmə qərəzli yanaşanları çağırır və onlara belə deyir: “Əgər onu öldürməyinizə icazə versəydim indi odda yanacaqdı.”[7]

Nəticə

Qərəz insanın düşüncə və duyğularını bulandıran zehni xəstəlikdir. Xüsusilə insanlararası münasibətlərdə, dinin gözəlliklərini insanlara çatdırarkən qərəz adlı mərəzdən qorunmaq lazımdır. Çünki qərəz fərd, ailə və cəmiyyətin gedişatına mənfi təsir edir, birlik və qardaşlıq ruhunu zədələyir. Bu da insanların millət, din, dil, irq və s. təbələqələ bölünməsi ilə nəticələnir. Buna görə də cəmiyyətin rifahı üçün də qərəzdən qurtulmaq lazımdır.

Cahiliyyə dövründə də insanlar arasında ayrı seçkilik çox idi. Bəzən bu ayrı seçkilik insanların Rəsulullaha (s.ə.s.) qərəzli yanaşması ilə nəticələnirdi. Rəsulullaha (s.ə.s.) buna rəğmən təbliğ fəaliyyətində əsla qərəzlə hərəkət etməz, heç kimi sosial statusuna, əqli və əxlaqi keyfiyyətlərinə, xarakter əlamətlərinə, kimlik və qabiliyyətlərinə görə fərq qoymazdı. Məsələn, Hüneyndə uşaqlara öldürməyi qadağan edir. Səhabələrdən biri deyir: “Onlar müşriklərin uşaqları deyilmi?” Rəsulullaha (s.a.s.) da belə cavab verir: “Sizin ən xeyirliləriniz də müşriklərin övladları deyildimi?” Ardınca hər insanın təmiz fitrətlə dünyaya gəldiyini bildirir. Beləcə bir tərəfdən müharibədə mülki əhaliyə zərər verməməyi öyrədir, digər tərəfdən də müharibədə belə qərəzli yanaşmamaq lazım gəldiyini göstərir.[8]

Rəsulullaha (s.ə.s.) həm də hamı ilə yaxından maraqlanır haqq və həqiqətləri insanlara çatdırmaq üçün əlindən gələni edərdi. Onun (s.ə.s.) hadisə və insanlara qərəzsiz yanaşması faydasını verir, müsəlmanları məhv etmək üçün ordularla gələnlər belə  mərhəmət və şəfqətə ram olurdular. Nəticədə Onun (s.ə.s.) təbliğini qəbul edir və müsəlman olurdular. Onun (s.ə.s.) yolunun davamçısı olan möminlər də təbliğlə məşğul olarkən eyni cür davranmalı və istənilən halda qərəzdən uzaq durmalıdırlar.   

[1] Bax: İbnul-Əsir, Üsdul-Ğabə 837; İbn Həcər, İsəbə, 1015.

[2] Bax: Buxari, Məğazi, 57.

[3] Buxari, Ədəbul-Müfrəd 75; Təbərani, Mucəmul-Kəbir 14745; Hakim, Müstədrək 7147; Bəzzar, Baruz-Zihar 9/176.

[4] Bax: Vaqidi, Məğazi 2/428; Zəhəbi, Tarixul-İslam 2/659.

[5] Bax: İbn Hişam, Sirə 1/220; Heysəmi, Məcməuz-Zəvaid 6/26.

[6] Bax: İbn Macə, 105; İbnul-Əsir, Üsdul-Ğabə 900; İbn Həcər, İsabə 1076.

[7] Vaqidi, Məğazi 1/29; İbn Sad, Təbəqat, 4/108.

[8] Vaqidi, Məğazi 603, 604.



Açar sözləri

ədavət qərəz qəzəb zənn

Bənzər məqalələr

Qeyrətullah

Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?

Kin və qəzəbdən xilas olmaq

Kin intiqam almaq üçün fürsət axtarmaq, qisas hissi ilə dolub-daşmaq deməkdir.

Hüsnü-zənn və sui-zənn

İnsanın əşya və hadisələrə baxışı necədirsə, xarakter və ruhi-mənəvi durumu da tədricən o düşüncə ətrafında formalaşmağa başlayır. Gözəl görmək gözəl düşünməyə zəmin hazırladığı kimi pis görmək də pis düşüncələrə gətirib çıxarır. Zənnin bir qismi gözəldir, digər qismi isə çirkindir. Gözəl olan hüsnü-zənn, çirkin olana isə sui-zənn deyilir.


Şərh yaz