Mənəviyyata Açılan Pəncərə

Ölüyə toxunmaq qüslu pozurmu?

Sual: Xalq arasındakı belə bir inanclar var ki: bir, evdə ölən olduqda, orada iştirak edənlər qüsl almadan namaz qıla bilməzlər. İkinci olaraq da, evdəki bütün əşyalar, hətta xalça-palaz yuyulmalıdır. Bu nə dərəcədə doğrudur?

 Cavab: Bir insanın ölməsi ilə həmin evdə yaşayanlar, yas üçün gələnlər və evdəki əşyalar murdar olmaz. Hətta ölünün yatdığı palaz-paltarda hər hansı murdarlıq görülmmədiyi təqdirdə onlar da təmiz sayılır. Ancaq şübhədən çıxmaq üçün mərhumun yataq örtüyü və s. yuyula bilər. Evdəki xalça-palaz təmiz sayıldığı kimi, cənazəni daşıyarkən istifadə edilən xalça da əgər nəcasət bulaşmayıbsa təmiz sayılır.

Bu haqda Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Kim bir ölünü yusa qüsl alsın, kim də cənazəni daşısa dəstəmaz alsın”.[1]Kim cənazə yuyarsa qüsl alsın!“[2] Hədislərdəki bu əmr tövsiyə mahiyyətindədir. Çünki başqa rəvayətlərdə: “Sizin ölünüz təmizdir. Bundan ötrü əllərinizi yumaq kifayətdir.[3] İbn Ömərdən (r.a) gələn rəvayətdə isə: “Biz ölüyü yuyar, kimimiz qüsl alar, kimimiz də almazdı.[4] Hz Əbu Bəkir (r.a) vəfat edərkən xanımı Əsma binti Ümeysin (r.anha) özünü yumasını vəsiyyət etmişdi. Xanımı Əsma onu yuduqdan sonra bayıra çıxdı. Mühacirlərdən cənazədə iştirak etmək üçün gələnlərə soruşdu: “Bu gün hava çox soyuqdu, mən də orucluyam. Ərimi yuduğum üçün qüsl almalıyam?” Onlar da: “Xeyr…” ˗deyə cavab verirlər”.[5] “Ölü yumaqdan ötrü qüsl almaq gərəkmir, əllərinizi yumağınız kifayətdir”[6], “Ölülərinizə murdar deməyin, çünki mömin nə sağ ikən, nə də ölüncə murdar olar”.[7]

Ölüyü yuyan şəxsin qüsl alması Maliki[8], Şafei[9] və Hənbəlilərə görə müstəhəbdir. İmam Əbu Hanifə, İmam Leys, Abdullah ibn Mübarəkə görə, ölünü yuyan şəxsin qüsl almağı nə vacib, nə də müstəhəbdir.[10] Daha sonrakı dövrdə gələn Hənəfi alimləri ümumun görüşünə qarşı gəlməmək üçün məndubdur demişlər.

Cəfəri məzhəbinə görə isə bir şəxsin, ölmüş insanın soyumuş və yuyulmamış bədəninə dərisi, saçı, dırnağı təmas etdikdə həmin şəxsin ölüyə toxunma (məssi-meyit) qüslü almalıdır. Ancaq yeni vəfat etmiş, bədəni tam soyumamış ölünün gözünü, çənəsini bağlarkən, olduğu yeri dəyişərkən ona toxunmaq meyitə toxunma qüslünü vacib etmir. Üsuluna uyğun yuyulub kəfənlənən ölüyə toxunmaq isə toxunan şəxsin qüslunu pozmur. Meyitə toxunma ilə üzərinə vacib olan qüsl alması gərəkən şəxs ancaq vaxt namazlarını qıla bilməz. Bunun xaricində qüslu pozulmuş şəxslərə qadağan olan Quran oxuma, məscidə daxil olma kimi əməlləri yerinə yetirə bilər. Cəfəri məzhəbində cənazə namazı ölüyə dua məqsədli olduğu üçün qıla bilər.[11]

[1] Əhməd ibn Hənbəl, Müsnəd, XI, 454, H.no:9824; 11/272-273, H.no:7675; Əbu Davud, Cənaiz, 35, Tirmizi, Cənaiz, 17; İbn Macə, Cənaiz, 8;

[2] Əhməd ibn Hənbəl, Müsnəd, III, 162.

[3] Beyhaqi, Sünən

[4] Darəqutni, Kitabul Cənaiz, Hədis, 1820

[5] Malik ibn Ənəs, Muvatta, Cənaiz 3.

[6] Hakim, Müstədrək, I, 537, H.no:1423

[7] Darəqutni, Sünən, Cənaiz, Hədis No:1810

[8] İbn Rüşd, Bidayətül müctəhid, Cənazələr bölümü.

[9] Böyük Şafei Fiqhi, Mustafa Əl-Hin və d.

[10] Bilmən Ömər Nasuhi, Büyük İslam İlmihali, 81; Zəki,Tirmizi Sünəni tərcüməsi, II/200-201

[11] Sistani, İzahlı şəriət məsələləri, 527-538 No-lu məsələlər, Lənkərani F., Tövzih, 125-ci bənd.

Exit mobile version