3. 129 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Məzhəb nə deməkdir? Məzhəblərin meydana gəlməsinin səbəbləri nələrdir. Məzhəhəblər arası fərqlər nədən əmələ gəlir?

“Məzhəb” ərəb mənşəli söz olub “gedilən yol, əməl edilən üsul” mənalarını verir. Müctəhid bir alimin fikir və görüşlərini mənimsəyən insanların meydana gətirdiyi dini axın və ya məktəblərə məzhəb deyilir.

Məzhəblər iki yerə bölünür: inanc əsaslı və ibadət əsaslı. Əşari, Maturidi kimi məzhəblər inanc əsaslı məzhəblərdir, Hənəfi, Şafii, Maliki, Hənbəli kimi məzhəblər isə ibadət əsaslı məzhəblərdir. Lakin məzhəblərin müəyyən məsələləri fərqli tətbiq etməsinə  baxıb “Məgər fərqli dinlərmi var ki, fərqli namaz qılınır, dəstəmazı pozan hallar hər məzhəbdə başqa cürdür?” kimi düşünmək yanlışdır. Hətta məsələyə qərəzli yanaşıb bu fərqliliyi tənqidlə qarşılayanlar da var.

İlk növbədə bilməliyik ki, heç bir məzhəb imamı “Mən məzhəb qururam” düşüncəsi ilə hərəkət etməmişdir. İlk məzhəb imamı adlanan İmam Əbu Hənifə hicrətin 80-ci ilində dünyaya gəlib hicri 150-ci ildə vəfat etmişdir. Əbu Hənifə sadəcə Peyğəmbərimizin hal, hərəkət və davranışlarına dair məsələləri səhabə və səhabəni görən tabiundan öyrənib bir yerə toplamışdır.

Hər məzhəb imamı bir elmi mühitdə yetişmişdir. Bu elmi mühitdə Quran və hədislərə fərqli yanaşmalar olmuş, hər imam müəlliminin fikrini və müəlliminin görüşdüyü səhabənin baxışını, yaşadığı yerin adət-ənənələrini və bunlardan çıxardığı nəticələri əsas götürərək ən axırda öz fikirlərini ortaya qoymuşdur. Bu qənaətlər xalq kütlələri tərəfindən mənimsənilmiş və beləliklə, məzhəblər meydana gəlmişdir.

Bu hadisə imamların bir-birinə hörmətinə gözəl örnəkdir.

İmam Şafii Bağdadda İmam Əbu Hənifənin qəbrini ziyarət edir. İmam Əbu Hənifə Bağdadda Azamiyyə məscidinin mədrəsəsində dəfn olunmuşdu. Şafii məzhəbindən olanlar sübh namazında qunut duası oxuduqları halda o gün İmam Şafii Bağdadda qıldığı sübh namazında qunut duasını oxumur. Tələbələri soruşur:

– Ey imam, nə üçün qunut duasını oxumadınız?

Tələbələrinə belə cavab verir:

– Əbu Hənifənin hüzurunda onun əksini etməkdən həya edirəm. Əgər İmam Əbu Hənifə bu daşa qızıl desə, o, daşın qızıl olduğunu isbat edər.[1]

Məzhəblər nə üçün birləşmir?

Hamı məzhəblərin birləşməsini arzu etmişdir. Lakin insanların xarakteri fərqli olur. Hər kəsin öz zövqü var. Biri səsli, o biri səssiz ibadət etməyi xoşlayır. Bu baxımdan da hər kəsin Peyğəmbərimiz kimi yaşaması çox çətindir.Ona görə də Peyğəmbərimizin sünnəsini fərqli dərk edən bu böyük din adamları və onların  ortaya qoyduğu məzhəb anlayışı müsəlmanlar üçün bir mərhəmət vəsiləsidir. Allah Rəsulu: “Ümmətimin ixtilafı rəhmətdir”,[2] – buyuraraq, bəlkə də, bununla birləşdirmə, tək fikir ətrafında toplanma insan fitrətinə uyğun olmadığını xəbər vermişdir. Həqiqətən də, Peyğəmbərimiz bir səhih hədisində: “Kim doğru ictihad edib düzgün hökm verərsə, iki mükafat, ictihadda xəta edərsə, bir savab qazanar”, – buyurur.[3]

Məzhəb imamlarının məsələlərə fərqli yanaşmasına dair­ bir nümunəyə baxaq: İmam Şafii Həzrətlərinə görə, insanın bədənindən qan çıxanda dəstəmaz pozulmur, ancaq kişinin əli nikah düşən (yəni ailə qurması mümkün olan) bir qadına toxunanda dəstəmaz pozulur. Əbu Hənifə isə hesab edir ki, kişinin əli qadının əlinə dəyəndə dəstəmazı pozulmur, amma bədənindən azacıq da olsa, qan çıxıb yayılanda dəstəmazı pozulur.

Məsələnin fərqli şəkillərdə başa düşülməsi bir hadisə ilə bağlıdır. İmam Şafii Həzrətləri deyir: “Səhabələr Rəsulu Əkrəmlə birgə döyüşərdilər. Bir çox hallarda yaralanar, ondan sonra da qılıncı qanlı, qəbzəsi qanlı, bədəni qanlı Allahın hüzurunda dayanar, namaz qılardılar. Deməli, vücuddan çıxan qan dəstəmazı pozmur, pozsa idi, Allah Rəsulu xəbərdarlıq edərdi”.

Əbu Hənifənin tələbələri bu qənaətə belə cavab verirlər: “Ya imam, siz doğru deyirsiniz, amma hərb kimi zəruri hallarda belə edilib.Yoxsa ki, həmişə belə olmur.Buna görə də başqa vaxtlarda bədəndən qan çıxdıqda yumaq lazımdır”.

Göründüyü kimi, ortaya çıxan mənzərə hadisəyə fərqli yanaşmaqdan irəli gəlir. Allaha şükür etməliyik ki, məzhəbləri bu cür bir-birindən fərqləndirmiş və məsələni daha da genişləndirmişdir. Beləliklə, hansı yolla Allaha yönəlsək, hansı məzhəbdə ibadət etsək,  inşallah, nicat taparıq.

 [1]. Hənəfi məzhəbində sübh namazında qunut duası oxunmur.

[2]. Kənzül-Ümmal,10/136

[3]. Buxari, İtisam, 21




Şərh yaz