20. 198 dəfə oxunub ,   0 şərh   Çap et

 Ta qədimdən günümüzə qədər cəmiyyətdə var olan inanclardan biri də göz dəyməsidir. Hər kəs nəzərə qarşı fərqli qorunma yolu seçir. Bəziləri gözmuncuğu taxır, bəziləri nal asır, bəziləri nəzəri qaldırmaq üçün üzərik yandırır və s. Məsələnin bu şəkildə həlli İslam dininə görə batil sayılır. O zaman sual yaranır: nəzər nədir və dinimizə görə nəzərdən qorunmaq üçün nə edilməlidir?

Nəzər, göz, baxma, baxış, fikir, düşünmə, mülahizə, niyyət, diqqət, iltifat, gözlərin ifadəsi, yönəliş mənalarına gəlib, ərəb mənşəli sözdür. Ərəblər “isabətul-ayn” ifadəsini göz dəyməsi mənasında istifadə edirlər. Dilimizə də bu şəkildə keçmişdir.[1] Xalq arasında istifadə olunan bədnəzər ifadəsi isə fars-ərəb söz birləşməsi olub, yaman göz deməkdir. Termin mənasında nəzər, bəyənilən bir şeyə qısqanclıqla baxmaq və zərər verəcək şəkildə ona təsir etməkdir. Gündəlik danışıq dilində istifadə olunan nəzər dəymək, nəzər kəsmək, göz dəymək və s. hamısı nəzərlə əlaqədar ifadələrdir.

Müasir dövründə elm adamları nəzəri həqiqət kimi qəbul etmirlər. Nəzərin təsiri ilə əmələ gələn xəstəliklər də tibdə fərqli xəstəliklər kimi qəbul edilir, onun fiziki təsiri qəbul edilmir. Ona görə də elmi metodlarla izah edilə bilməyən gözdəymə, parapsixologiya adı altında özünə yer tapır.

Nəzər, əsasən qısqanclıq və ya bir şeyi bəyəndiyi üçün dolğun baxışla baxıldıqda ortaya çıxır. Bununla yanaşı gözəl bir şeyi və ya şəxsi həddən çox tərifləyəndə də ortaya çıxa bilər. Bəzən insanın, fərqində olmadan, özünə, həyat yoldaşına, uşaqlarına və heyvanlarına nəzəri dəyərək zərər verməsi mümkündür.

Bəli, nəzərin əsil qaynağı həsəd hissidir. Bu hisdə düşmənçilik, kin və intiqam mövcuddur. Nəzərin təsir nisbəti, həsəd hissinin şiddəti ilə mütənasibdir. Həsəd hissi nə qədər şiddətli olarsa nəzərin gücü də o qədər şiddətli olar. Xalq arasında hədis kimi məşhur olan bir söz vardır, “nəzər, dəvəni qazana, insanı məzara aparar.”[2]

 Bəzi insanların potensial olaraq nəzər gücünə sahib ola bilər. Bu şəkildə gözü təsirli olan şəxs pis niyyətli və şüurlu şəkildə bunu etməsinə ehtiyac yoxdur, onları nəzəri qarşı tərəfi kəsə bilir.[3]

Günümüzdə xüsusi ilə spiritualizmlə məşğul olanlar, cinlərlə təması təmin edənlər nəzərin, elmi-fiziki yöndən də təsirini izah etməyə çalışırlar. Onlara görə insan vücudunun yaydığı bəzi şüalar, qarşı tərəfdə rezonans yaratdığı zaman bir şəkildə təsir etməkdə və insanı yerə sərə bilməkdədir. İnsan diqqətlə və qısqanclıqla bir istiqamətə baxdığı zaman  gözdən çıxan şüa qarşı tərəfdəki cismin və orqanizmin atomlarının nizamına təsir edir. Nəzərin belə təsir sahəsi xalq arasında da bilinir, qəbul edilir. Məsələn, “filan kənddə filan adam böyük bir qayaya baxsa onu parçalayar.” şəklində ifadə məşhur olmuşdur.

Quranı Kərim nazil olmadan öncə, cahilliyə dövründə ərəblər ilan, köpək, tülkü və tovuz quşu kimi heyvanların nəzərinin təsirli olduğuna inanır; dəvənin, göz dəmyədən ən çox təsirlənən heyvan olduğunu qəbul edirdilər. Onlar nəzərdən qorunmaq məqsədi ilə müəyyən vasitələrdən istifadə edirdilər.  Məsələn atların boynuna ağ rəngli, uşaqların üzərində qara rəngli muncuq taxırdılar. Yetkin insanlar isə üstündən qatır muncuğu asır, boyunbağı taxır, biləklərinə düyümlü iplər bağlayırdılar.

Quranı Kərimdə nəzər

Quranı Kərimdə açıq şəkildə nəzər haqqında ayə yoxdur. Alimlər bir neçə ayəni nəzər ilə əlaqəli olduğunu bildirmişlərdir. Nəzər, göz dəyməsində həsədin böyük payı olduğunu yuxarıda qeyd etdik. Bəli, həsəd edənin gözü dəyə bilər, ancaq hər həsəd edən şəxsin də gözü dəyəcək fikri doğru deyildir.

Fələq surəsinin 5-ci ayəsinin də nəzərlə əlaqəsinin olduğu qeyd olunur. Ayədə,  وَمِنْ شَرِّ حَاسِدٍ إذَا حَسَدَ “Və paxıllıq edən paxılın şərindən!” (Fələq, 113/5) Allaha sığınmamız istənilir.

Nəzərlə bağlı ən çox bilinən Qələm surəsinin 51və 52-ci ayələrdir.

وَإِنْ يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ

وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ

“Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar (gözə gətirələr). Onlar: “O divanədir!” – deyirlər.! Halbuki, o (Quran), aləmlər üçün yalnız bir öyüddür.” (Qələm, 69/51-52)

Rəvayət olunur ki, Bəni-Əsəd qəbiləsindən göz dəyməsi ilə məşhur adam vardı. Bu şəxsin nəzərini təsirli hala gətirmək üçün onu iki-üç gün çadırda ac-susuz saxlayırdılar. Daha sonra həmin şəxs bayıra çıxar və qarşılaşdığı qoyun və dəvə sürüsünə baxardı. “Bu sürüdən daha gözəlini görmədim” dediyi zaman həmin sürü xəstələnib tələf olardı.[4] Məkkə müşrikləri də Allah Rəsulunun (s.ə.s) haqq səsini boğmaq üçün göz dəymə işində məharəti olan bu şəxsə təklif etmişdilər. Həmin şəxs də bunu qəbul etmişdi. Allah Təala da Qələm surəsi 51-52-ci ayələri ilə öz peyğəmbərini qorumuşdur.[5] Yuxarıda da qeyd etdiyimiz kimi, nəzər ilə qısqanclıq, həsəd arasında yaxın əlaqə vardır. Məkkə müşrikləri qısqanclıqları ucbatından az qala Rəsulullahı (s.ə.s) nəzərə məruz qoyaraq zərər verməyi planlaşdırırdılar. Acgözlük və hərislikləri üzündən  əllərindən gəlsə onu həlak edəcəklərdi. Demək ki, qəzəbin bədəndə təsir gücü bilindiyi kimi, gözlərin də qarşı tərəfin baxmasına görə pis-yaxşı təsiri vardır. Bəzi şəxslər elektrik, maqnit kimi paxıllıq və həsəd ilə qarşı tərəfə maddi və ya mənəvi zərər vermək istəyir. Hədəfə, məqsədə çatmaq üçün bütün yollar ona leqaldır. Göz dəymədə bunlardandır. Bəzi alimlər mənəvi təsirini qəbul etməsələr də, nəzər haqdır.[6]

Digəri isə, Yusif surəsi 67-ci ayədir. Alimlər, Həzrət Yaqub (ə.s) oğullarına Misirə göndərirkən onlara tövsiyəsi də nəzər, gözdəymə ilə bağlı olduğunu bildirmişlər. “Ey oğullarım! (Şəhərə) eyni qapıdan deyil, ayrı-ayrı qapılardan girin! Yenə də Allahdan gələn heç bir şeyi mən sizdən dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etmişəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər!” (Yusif 12/67) Cəm halında şəhərə daxil olarlarsa gözə gələr, həsəd və qısqanclığa düçar olarlar deyə onlara belə nəsihət etmişdir.[7]

Hədislərdə nəzər

Nəzər haqqında bir  çox hədis var. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Nəzərdən Allaha sığının. Çünki nəzər həqiqətdir.”[8] “Göz dəyməsi (nəzər) haqdır.”[9] Üzündə sarılıq gördüyü bir şəxs üçün; “Bunun üçün dua edin, çünki onda nəzər var.”[10] İbn Abbasdan (r.a.) gələn rəvayətə görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: Nəzər (göz dəyməsi) həqiqətdir. Əgər qədərin önünə keçəcək bir şey olsaydı nəzər onun önünə keçərdi…”[11] Bir gün Allah Rəsulu Cəfəri ibn Əbi Talibin uşaqlarını görür. “Mənə nə olub ki, qardaşım oğullarının bədəninin zəiflədiyini görürəm! Yardıma möhtac hala gəliblər.”[12] (Anaları) Əsma dedi ki: “Onların bir xəstəliyi yoxdur. Ancaq nəzərə gəliblər.” Bunun üzərinə Rəsulullah (s.ə.s) belə buyurdu: “O halda sən onlara ruqyə elə! (Oxuyub üflə.)” Əsma, bunu etməsi üçün Allah Rəsuluna (s.ə.s) xahiş etdi. Ancaq Rəsulullah, Əsmaya, uşaqları üçün özünün oxumasını istədi.[13] “Qəza və qədərdən sonra, ümmətimdən ölənlərin çoxu, göz dəyməsi (nəzər) ilədir.”[14]

Nəzərdən qorunma yolları

İnsan tək nəzərdən deyil, hər bir təhlükədən, zərərdən, başa gələ biləcək müsbətdən Allaha təvəkkül etməsi lazımdır. İnsanın etimad edib, bel bağlayacağı tək qapı var, o da Allahdır (cəllə cəlaluhu). Biz inanırıq ki, kainatda baş verən hadisələrin arxasında yeganə güc və qüvvət sahibi, bütün səbəblərin üstündə Ən Böyük səbəbkar yalnız və yalnız Allahdır. Buna görə də öncəliklə Allaha təvəkkül etməli, hər daim ona sığınmalı, hər işə onun adıyla başlamalıyıq. حَسْبِيَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ “Mənə Allah yetər! Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. O, böyük ərşin sahibidir”. (Tövbə 9/129)

Enəs ibn Malikdən (r.a) mərfu[15] olaraq rəvayət olunur. Rəsulullah -səllallahu əleyhi və səlləm belə demişdir: “Kim evindən çıxarkən: بِسْمِ اللهِ تَوَكَّلتُ عَلَى اللهِ، وَلاَ حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ “Bismilləhi təvəkkəltu əlallah və lə həvlə və lə quvvətə illə billəh” (Allahın adıyla başlayıram, Allaha təvəkkül etdim, güc və qüvvət ancaq Allahındır) deyərsə, ona bu sənə bəs edər, qorundun və doğru yolu tapdın, deyilir və şeytan ondan uzaqlaşar.”[16] Əbu Davudda isə belə bir əlavə var: “Şeytan, bir başqa şeytana belə deyər: Allahın özünə hidayət verdiyi və pisliklərdən qorunan şəxsə sən nə edə bilərsən!”[17] Hədisi belə başa düşə bilərik. Bir şəxs evindən çıxdığı zaman “Bismilləhi təvəkkəltu əlallah və lə həvlə və lə quvvətə illə billəh” deyərsə bir mələk ona “Ey Allahın qulu, doğru yola istiqamətləndirildin, bu sana bəs edər, düşmənlərindən də qorundun”- deyə səslənər. O şəxsdən məsul olan şeytan da ondan uzaqlaşar. Başqa şeytan bu şeytana belə deyər: “Allahın özünə hidayət verdiyi və bütün şeytanlardan qorunan bir şəxsi sən necə yoldan çıxara bilərsən! Çünki o şəxs bu duanı oxudu, sən ona bir şey edə bilməzsən.”

Ümmü Sələmə (r.anha) rəvayət edir ki, Rəsulullah (s.ə.s) evindən çıxarkən belə deyərdi   بسْمِ اللهِ، توَكَّلتُ عَلَى اللهِ، اللَّهُمَّ إنِّي أَعُوذُ بِكَ أَنْ أَضِلَّ أَوْ أُضَلَّ، أو أَزِلَّ أوْ أُزَلَّ، أو أظْلِمَ أو أُظْلَمَ، أو أجْهَلَ أو يُجهَلَ عَلَيَّ    “Bismillah. Allaha təvəkkül etdim. Allahım! Haqq yolundan ayağımızın sürüşməsindən və ya zəlalətə düşməkdən, zülm etməkdən və ya zülmə məruz qalmadan, cahilcə  davranışdan və ya bizə qarşı cahillik edilməsindən Sənə sığınıram.”

Həzrət Osmanın (r.a) rəvayət etdiyi hədisdə isə Allah Rəsulu belə buyurur “Kim hər səhər və hər axşam üç dəfə bu duanı oxuyarsa ona heç bir şey zərər verməz. “Bismilləhilləzi lə yədurru məa ismihi şeyun fil-ardı və la fis-səməi və huvəs-səmiul-alim.” (Onun adıyla. Yerdə və göydə var olan heç bir şey zərər verə bilməz. O hər şeyi eşidir və bilir.)” [18]

Nəzərdən qurtulmaq üçün rüqyə oxumaq

İnsan, bir çətinliklə üzləşdikdə, xəstəliyə düçar olduqda və. s hər zaman Allah dua etməlidir. Səbəblərə riayət etmənin yanında,  Ona güvənərək aşılmazları aşacağını bilməlidir. Həzrət Aişə Allah Rəsulunun (s.ə.s) nəzərə (göz dəyməsinə) qarşı rüqyə etdirməyi tövsiyə etdiyini nəql edir.[19] “Allahın (c.c.) ismi ilə sənə rüqyə edirəm (oxuyub üfləyirəm). Allah (c.c.) bütün xəstəliklərdən sana şəfa versin. Həsəd etdiyi zaman həsəd edənin şərindən və bütün bəd nəzərlilərin şərindən (səni qorusun.)” (Müslim, Hz. Aişə (r.a.)’dan rəvayet .etmiştir.)

Allah Rəsulu (s.ə.s) nəzər dəydiyi üçün Cəfərin xanımı Əsmaya uşaqlarına rüqyə etməyi tapşırır. Əsma, oxumaq üçün Ona (s.ə.s) xahiş edir. Ancaq Rəsulullah, Əsmaya, uşaqları üçün özünün oxumasını istəyir.[20] Buradan da görürük ki, göz dəymiş şəxsə hər kəs rüqyə edə bilər.

 Dualar

Allah Rəsulu (s.ə.s) nəzər dəyməsinə qarşı, Ayətəl-Kürsünü,( Buxari, vəkalət 10, bədul-xalq 11, Nəsəi, Sünənül-kübra 6/238.) İxlas, Fələq və Nəss surələrini (Əbu Davud, ədəb 100, 101; Tirmizî, Tıb, 16; İbn Macə, Tibb, 32) oxumuş, əshabına da bunları oxumalarını tövsiyə etmişdir. Allah dostları da kəşf və kəramət ilə, nəzərin təsirindən qorunmaq və ya nəzər dəymiş isə qurtulmaq üçün Qələm Surəsinin 51 və 52-ci ayələrinin oxunmağı tövsiyə etmişdir. Hətta bəzi İslam alimləri bu ayələrin ardınca dairəvi şəkildə Əshabı-kəhfin adları yazılır. Bu dua daha çox “Qitmir” olaraq məşhur olmuşdur. Əshabı-kəhfin adının oxunması haqqında hədis yoxdur. Ancaq Allah dostlarının tövsiyəsi var.  Nəzər dəydiyi zaman istifadə edilə bilər.

Rəsulullahın (s.ə.s) nəvələri Həzrət Həsən və Həzrət Hüseyn üçün oxuduğu nəzər duası: أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ

“Hər cür şeytan və zəhərli heyvanlardan və bütün bəd/yaman gözlərdən Allahın əskiksiz kəlmələrinə sığınıram.” (Buxari, Əhadisul-ənbiya, 10; həmçinin bax İbn Macə, Tibb, 36). Sonra da, “Babanız İbrahim də bu duanı oğlanları İsmayıl ilə İshaq üçün oxuyardı.”- demişdir. (Buhârî, Enbiyâ, 10)

“Bütün şeytanlardan, zərərli heyvanlardan, bəd nəzərdən Allahın (c.c.) tam olan kəlimələrinə sığınıram. Heç bir yaxşının və pisin etmədiyini və Allahın (c. c.) yaradıb vücuda gətirdiyi bütün şərlərin şərindən, göydən enənlərin və göyə yüksələnlərin şərindən, yerdə bitənlərin və yerdən çıxanların şərindən, gecənin və gündüzün fitnələrinin şərindən, yaxşılıq etmək üçün qapı döyən xaric, gecə və gündüz hər qapı döyənin şərindən Allahın (c. c.) tam olan kəlmələrinə sığınıram. Ey Rəhman (olan Allahım).” (Buxari, Kitabul-Ənbiya, 10; Müslim, Kitabuz-Zikr, 54, 55) 

Nəzəri keçən şəxs bilinirsə

Rəsulullah -səllallahu əleyhi və səlləm- (Mədinədən) Məkkəyə doğru yola çıxdığında səhabə də Cuhfə yaxınlığında yerləşən Xazzar deyilən məntəqəyə çatana qədər onunla birlikdə gəldilər. (Oraya çatdıqlarında) Səhl ibn Hüneyf (üstündəki paltarı soyunub) yüyünməyə başladı. Səhl, dərisi ağ idi və bədənin də gözəl gözəgəlimli idi. O yuyunarkən o əsnada Adiy ibn Kab oğulları qəbiləsinə mənsub Amir ibn  Rəbiə ona baxdı və:

-İndiyədək bu qədər gözəl cild rəngi, belə gözəllikdə adam görmədim, dedi. Bunun üzərinə Səhl həmən yerdə çarpılmış kimi yıxılıb qaldı. Onu alıb Rəsulullahın (s.ə.s) olduğu yerə  gətirdilər.

Səhabə: “Ey Allahın elçisi! Səhlə baxa bilərsiniz? Allaha and olsun ki başını qaldıra və özünə  bilmir,”- dedilər.

Rəsulullah (s.ə.s) buyurdu ki:

– Onun bu hala gəlməsində kimdən şübhələnirsiniz?

Səhabə: Ona, Amir ibn Rəbiə baxmışdı, dedilər.

Bunun üzərinə Rəsulullah (s.ə.s) Amir ibn Rəbiəni çağırdı və onu məzəmmət etdi və daha sonra:

Siz nə üçün din qardaşınızı öldürürsünüz? Din qardaşında bəyəndiyin, xoşuna gələn bir şey gördüyün vaxt ona, mübarək olması için dua etsəydin olmazmıydı! (yəni Maşallah, Bərəkallah sözlər desəydin olmazdımı!).

Daha sonra Rəsulullah (s.ə.s) Amir ibn Rəbiəyəyə dedi ki:

– Onun (Səhl) üçün yuyun!

Amir ibn Rəbiə, bir qabın içində üzünü, əllərini, dirsəklərini, dizlərini, ayaq barmaqlarını və izarının[21] iç qismini yudu. Sonra bu su, Səhl ibn Hüneyfin arxasından başının üstünə töküldü. Bundan sonra Səhl yaxşılaşdı. Sanki heç nə olmamış kimi yoluna davam etdi.[22]

İslam alimləri bu hədisi əsas alaraq buyururlar ki, nəzəri keçən şəxs bilinərsə, həmin şəxs bir qabın içərisində dəstəmaz alır. Həmin su ilə göz dəymiş şəxs yuyunarsa, Allahın izini ilə şəfa tapmış olar.

Sual: Halal qazancda başqasının gözü olarsa bərəkəti qalxarmı?

Nəzər, insanın qazandığı şeyin bərəkətinə də təsir edə bilər. Məsələn, özünə nəzər dəyən şəxsin qazancına, gəlirinə bəzən bir hadisə və bəla gələ bilər. Bu nəzər, qazancı haram eləməz ancaq qazanılan şeyin bərəkətini azalda bilər.

İnsanın hər an Allah ilə münasibəti güclü olmadığından xəbis ruhlar cinlər və s. onun boşluqlarından istifadə edib ona təsir edə bilirlər. Mənəvi aləm üçün bir qanun var.  Cin tayfasının, insanlarla əlaqəsinin olduğu bir həqiqətdir. Ancaq bunların zərərli olmaları, insanın zərərə verilməyə uyğun bir hal içində olmasına bağlıdır. Bu şərli tayfa, insanın üsyan, laqeydlik və qəflət kimi hallardan istifadə edərək bu açıq qapılardan içəriyə girə bilər və öz hökmlərini yeridə bilərlər. Amma onlar, Allaha bağlılığı güclü, qəlbi hər an ilahi aləmlə dolu və əlaqəli olan şəxslərə əsla təsir edə bilməzlər.

Kim xoşuna gedən bir şey görərsə; ‘Maşaallah lə quvvətə illa billah’ (Allahın istədiyi olar. Ondan başqa qüvvət və qüdrət sahibi yoxdur) deyərsə, ona heç bir şey zərər verməz.”(Beyhaqi, Şuubul-iman, VI, 213)

Halal qazanca nəzər təsir edə bilər. Bundan qorunmaq üçün əvvəla, halal qazanmağa diqqət edilməli; ikincisi, malın zəkatı verilərək Allah yolunda sığorta edilməli, malını təminat altına alınmalı; üçüncü olaraq, o malı xeyirli işlərdə sərf etməli, xərcləməli, israfa yol verməməli, qənaətkar olunmalıdır. Ən son olaraq da, nəzərə qarşı dualar oxunmalıdır. İşin doğrusunu Allah bilir.

 Gözmuncuğu, üzərik…

Gözdəyməsindən qorunmaq üçün gözmuncuğu, nal, qanqal, tikan, heyvan sümüyü, dağdağan, üzərik kimi vasitələrdən istifadə İslam dininə görə batil olub, istifadəsi haramdır. Allah Rəsulu (s.ə.s) “Kim gözmuncuğu taxarsa Allah onun işini nəticəyə çatdırmasın.” (Əhməd ibn Hənbəl, əl-Müsnəd, XXVIII, 623) buyurmuşdur. “Kim bir şey taxarsa, bütün işləri o taxdığı şeyə təslim edilər.” (Tirmizi, Tibb: 24) Başqa bir rəvayət də isə, nəzərdən qorunmaq üçün bir şey taxan və onun qoruyucu gücü olduğuna inanan şəxs Allaha şərik qoşmuş olacağını bildirmişdir. (Əhməd ibn Hənbəl, əl-Müsnəd, XXVIII, 637). Başqa bir hədisdə isə “Kim düyün atar, sonra ona üfləyərsə sehr eləmiş olar. Kim sehr edərsə şərik qoşmuş olar. Hər kimi də (özünü qorumaq için gözmuncuğu və bənzəri) bir şey taxarsa, o taxdığı şeyin qorumasına həvalə olunar.” (Nəsəi, Muharəbə, 19)

Buna görə də, nəzərdən qorunmaq üçün xurafatı tərk edib Allah Rəsulunun öyrətdiyi duaları etmək lazımdır. (Buxari, Tibb 38; Tirmizi, Tibb 16; İbn Macə, Tibb 32).

Nəticə etibarı ilə deyə bilərik ki, nəzər, gözdəyməsi haqdır. Ondan qorunmaq üçün Rəsulullahın (s.ə.s) öyrətdiyi duaları oxuyaraq fayda və şəfa tapa bilər, qoruna bilərik. İslama görə gözmuncuğu, üzərik və s kimi nəzərdən qorunma yolları batildir, bunları etmək haramdır. İnsan hər daim Allaha sığınmalı, şəfanı, qorumanı Ondan istəməlidir.

[1] İbn Mənzur, “Lisanul-Ərab”, Na.za.ra maddəsi

[2] Kəşful-xəfa

[3] Dundes, s. 259-260; Brav, s. 48-49; Donaldson, s. 69

[4] Zəməhşəri, IV, 148; Alusi, XXIX, 38

[5] Alusi, Ruhul-Məani, 29/38

[6] Almalılı Həmdi Yazır, Qələm surəsi 50-52-ci ayələrin təfsiri.

[7] Eyni adlı əsər, Yusuf surəsinin təfsiri

[8] İbn Macə, tibb 32; el-Hakim, Müstədrək 4/239

[9] Buxari, Tibb, 36

[10] Buxari, Tibb, 35

[11] Müslim, Salam, 42

[12] Müslim, Cabir b. Abdullah (r.a.)’dan rivayet etmiştir

[13] Müslim, Salam. 30; Əhməd ibn Hənbəl, Müsnəd, III/333

[14] Bezzar ve Təbərani rəvəyət etmişdir, Albaniyə görə həsən hədisdir. “Silsilətul-əhâdisis-Sahîha” No: 747

[15] Hədis üsulu termini olub raviləri zikr etmədən bir başa Rəsulullaha (s.ə.s) isnad edilən hədis

[16] Tirmiz, Dəavat, 34

[17] Ebu Davud, Ədəb, 102-103

[18] Əbu Davud, Ədəb, 101; Tirmizi, Dəavat, 13

[19] Buxari və Müslim

[20] Müslim, Salam. 30; Əhməd ibn Hənbəl, Müsnəd, III/333

[21] Həcdə kişilərin beldən aşağısını örtmək üçün istifadə etdikləri parça izar adlanır.

[22] Əhməd ibn Hənbəl, hadis no: 15550. İmam Mâlik; hadis no: 1811. Neəsəi, İbni Hibban. Albani də Mişqatul-Məsabih; hədis no:4562 hədisin səhih olduğunu bildiirmişdir.

 



Açar sözləri

gözdəyməsi nəzər

Şərh yaz