1. 000 dəfə oxunub ,   0 şərh   Çap et

اُدْعُ اِلٰى سَب۪يلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ

(Ya Rəsulum!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna (İslama) dəvət et.. {“Nəhl” surəsi, 16/125}

 عَنْ أَنَسٍ  أَنَّ النَّبِيَّ  كَانَ إِذَا تَكَلَّمَ بِكَلِمَةٍ أَعَادَهَا ثَلَاثًا حَتّٰى تُفْهَمَ عَنْهُ وَإِذَا أَتَى عَلٰى قَوْمٍ فَسَلَّمَ عَلَيْهِمْ سَلَّمَ علَيْهِمْ ثَلَاثًا.

Hz. Ənəs (r.a.) demişdir:

“Allah Rəsulu (s.ə.s.) bir şey deyərkən sözü yaxşı başa düşülsün deyə bəzən üç dəfə təkrar edərdi. Camaatın yanına çatanda onlara salam verər, bəzən salamını üç dəfə təkrarlayardı”. [Buxari, Elm 30]

İzah: Peyğəmbərimiz (s.ə.s.) bir izdihamın arasına girəndə səsi eşidilməz deyə sözünü bəzən üç  dəfə təkrar edərdi. Bundan başqa insanlara baş çəkməyə gedəndə qapıda üç dəfə salam verər, girmək üçün icazə istəyərdi. Əgər birinci salamından sonra içəri dəvət edilərdisə, girəndə bir daha salam verərdi. Qayıdanda  yenə salam verib sağollaşardı . Beləliklə, üç dəfə salam vermiş olurdu.

 عَنْ عَائِشَةَ  قَالَتْ: كَانَ كَلَامُ رَسُولِ اللّٰهِ  كَلَامًا فَصْلًا يَفْهَمُهُ كُلُّ مَنْ يَسْمَعُهُ.

Həzrəti Aişə (r.anhə) demişdir:

“Allah Rəsulu (s.ə.s.) o qədər açıq və aydın  danışırdı, qulaq asan hər kəs Onu rahat başa düşürdü”. [Əbu Davud, Ədəb 18]

 عَنْ أَب۪ي وَائِلٍ شَق۪يقِ بْنِ سَلَمَةَ قَالَ: كَانَ ابْنُ مَسْعُودٍ  يُذَكِّرُنَا ف۪ي كُلِّ خَم۪يسٍ مَرَّةً، فَقَالَ لَهُ رَجُلٌ: يَا أَبَا عَبْدِ الرَّحْمَنِ لَوَدِدْتُ أَنَّكَ ذَكَّرْتَنَا كُلَّ يَوْمٍ، فَقَالَ: أَمَا إِنَّهُ يَمْنَعُن۪ي مِنْ ذٰلِكَ أَنّ۪ي أَكْرَهُ أَنْ أُمِلَّكُمْ وَإِنّ۪ي أَتَخَوَّلُكُمْ بِالْمَوْعِظَةِ كَمَا كَانَ رَسُولُ اللّٰهِ  يَتَخَوَّلُنَا بِهَا مَخَافَةَ السَّآمَةِ عَلَيْنَا.

Muxadramundan Əbu Vail ibn Sələmə rəvayət edir:

“İbn Məsud (r.a.) hər cümə axşamı bizə nəsihət verirdi. Bir nəfər ona: “Ey Əbu Əbdürrəhman! (İbn Məsud) Bizə hər gün belə nəsihət etsən, nə gözəl olar!” – dedi. İbn Məsud onun ricasına belə cavab verdi: “Sizi usandıraram deyə hər gün söhbət etmirəm. Necə ki (ən gözəl örnək olan) Allah Rəsulu (s.ə.s.) da bizləri usandırmaqdan əndişə etdiyi üçün danışmağa münasib vaxtları gözləyirdi”. [Buxari, Elm 11; Müslim, Sifatul-münafiqin 82]

 عَنْ مُعَاوِيَةَ بْنِ الْحَكَمِ السُّلَمِيِّ  قَالَ: بَيْنَمَا أَنَا أُصَلِّى مَعَ رَسُولِ اللّٰهِ  إذْ عَطَسَ رَجُلٌ مِنْ القَوْمِ فَقُلْتُ: يَرْحَمُكَ اللّٰهُ فَرَمَانِي الْقَوْمُ بِأَبْصَارِهِمْ فَقُلْتُ: وَاثُكْلَ أُمِّيَاهُ مَا شَأْنُكُمْ تَنْظُرُونَ إِلَيَّ؟ فَجَعَلُوا يَضْرِبُونَ بِأَيْدِيهِمْ عَلٰى أَفْخَاذِهِمْ فَلَمَّا رَأَيْتُهُمْ يُصَمِّتُونَن۪ي لٰكِنّ۪ي سَكَتُّ فَلَمَّا صَلّٰى رَسُولُ اللّٰهِ  فَبِأَب۪ي هُوَ وَأُمِّي، مَا رَأَيْتُ مُعَلِّمًا قَبْلَهُ وَلَا بَعْدَهُ أَحْسَنَ تَعْل۪يمًا مِنْهُ فَوَاللّٰهِ ماَ كَهَرَن۪ي وَلَا ضَرَبَن۪ي وَلَا شَتَمَنِي، قَالَ: «إِنَّ هٰذِهِ الصَّلَاةَ لَا يَصْلُحُ ف۪يهَا شَيْءٌ مِنْ كَلَامِ النَّاسِ، إِنَّمَا هِيَ التَّسْب۪يحُ وَالتَّكْب۪يرُ وَقِرَاءَةُ الْقُرْآنِ» أَوْ كَمَا قَالَ رَسُولُ اللّٰهِ. قُلْتُ: يَا رَسُولَ اللّٰهِ، إِنّ۪ي حَد۪يثُ عَهْدٍ بِجَاهِلِيَّةٍ وَقَدْ جَاءَ اللّٰهُ بِالْإِسْلَامِ وَإِنَّ مِنَّا رِجَالاً يَأْتُونَ الْكُهَّانَ؟ قَالَ: «فَلَا تَأْتِهِمْ» قُلْتُ: وَمِنَّا رِجَالٌ يَتَطَيَّرُونَ؟ قَالَ: «ذَاكَ شَيْءٌ يَجِدُونَهُ ف۪ي صُدُورِهِمْ فَلَا يَصُدَّنَّهُمْ»

Müaviyə ibn əl-Hakəm əs-Suləmi (r.a.) belə nəql etmişdir:

“Allah Rəsulu (s.ə.s.) bizə namaz qıldırırdı. Bu vaxt namaz qılanlardan biri asqırdı. Mən də “yərhamukallah” dedim. Yanımda namaz qılanlar mənə tərs-tərs baxmağa başladılar. Mən də: “Vay, gör başıma nə gəldi? Sizin nə dərdiniz var? Mənə niyə belə tərs-tərs baxırsınız?” – deyəndə əllərini ombalarıma vurmağa başladılar. Onların məni susdurmaq istədiyini görüncə hiddətlənsəm də, artıq danışmadım. Anam, atam Allah Rəsuluna (s.ə.s.) fəda olsun. Nə Rəsulullahdan əvvəl, nə də sonra Ondan yaxşı müəllim (rəhbər) görməmişəm. Vallah, bu hərəkətimə görə nə mənə məzəmmət etdi, nə də ağır söz dedi. Salam verib namazı qurtarandan sonra mənə: “Namaz ibadətində dünya kəlamı danışmaq olmaz. Çünki namaz təsbeh, təkbir və Quran qiraətindən ibarətdir,” – dedi və ya buna bənzər sözlər söylədi. Mən: “Ey Allahın Rəsulu! Mən təzə müsəlman olmuşam. Allah İslamı haqq din olaraq göndərdiyi halda, aramızda hələ də kahinlərin yanına gedib kömək umanlar var,” – deyəndə mənə: “Sən onların yanına getmə,” – buyurdu. Mən təkidlə: “Aramızda uğursuzluğa inananlar var,” – dedim. Buyurdu: “Onlar bu yanlış düşüncələrlə sadəcə özlərini ovundururlar. Bu düşüncə onları yollarından ayırmasın”. [Müslim, Məsacid 33]



Açar sözləri

öyüd vermək

Şərh yaz