4. 864 dəfə oxunub ,   0 şərh   Çap et

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə,

Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Müqabilə nə üçün və nə zaman oxunurdu?

Quranın nazil olduğu şəkildə qorunub saxlanması, ayə və surələrin düzgün tərtib edilməsi və bunun yoxlanılması üçün hər il Həzrət Cəbrail (ə.) ramazan ayında, bir rəvayətə görə, ramazan ayının hər gecəsi Rəsulullahın (s.ə.s.) hüzuruna gəlirdi. Allah Rəsulu (s.ə.s.) Quran ayələrini Cəbrailə (ə.) oxuyur və sonra da onun oxumasını dinləyirdi. İbn Abbas: “Peyğəmbərimiz (s.ə.s.) hər gecə Cəbraillə (ə.) Qurani-Kərimi müqabilə edirdi“,[1] – deyir. Peyğəmbərimiz (s.ə.s.) ömrünün sonuncu ili Quranı Cəbrailə iki dəfə ərz etdi.[2] Cəbaril (ə.) də Onunla iki dəfə müqabilə etdi.[3] Başqa bir ifadə ilə, müqabilə Quranın düzgün oxunuşunu “yoxlama” sayıla bilər.

Ramazan ayı gələndə bəzi səhabələr də ailə üzvlərini bir yerə yığıb onlarla müqabilə edirdilər.

Əməlisaleh Allah dostları Quranı hər ay ən azı bir dəfə xətm etməyi İlahi kitaba vəfa borcu hesab etmiş, ayda bir dəfə bitirməməyi vəfasızlıq saymışlar. Bu baxımdan, ramazanın bərəkətli günlərini dəyərləndirərək bir başlanğıc kimi ayda ən azı bir dəfə Quranı xətm etməyə çalışmaqla İlahi kəlama vəfa göstərə bilək.

Quranı gözəl oxuyanlardan dinləmək və yanlışsız xətm etməklə bağlı səhih və açıq dəlillər mövcuddur. Məsələn, Peyğəmbərimiz (s.ə.s.) Quranı gözəl oxuyan səhabələrini dinləyərdi. Səhabələrini dinləyəndə bəzən göz yaşlarını saxlaya bilmirdi.[4]

Peyğəmbərimiz başqa bir hədisində isə ilahi mərhəmətin Allah evlərinin birində Quranı oxuyan və müzakirə edən camaatı bürüyəcəyini, mələklərin orada olanların ətrafında dövrə vuracağını və Allah-Təalanın səma sakinlərinə o məclis əhlindən danışacağını bildirmişdir.[5]

Allah-Təala Quranda

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar…” (Bəqərə, 2/185) buyurur.

Bu ayədə də göründüyü kimi oruc tutmağı əmr etməzdən əvvəl Quranın ramazanda nazil olduğu bildirilmişdir.   

Müqabilə zamanı Quran oxumağı istər bilən, istərsə bilməyən müsəlmanlar oxuyanları dinləməklə mənən rahatlıq tapır və savab qazanır. Hafizlər və xüsusilə, Quran əzbərləyənlər də camaat qarşısında oxuyaraq bir mənada məşq edirlər. Digər tərəfdən də müqabilə sürəti ilə Quran oxuyub dinləməkdə faydalar vardır; başqa insanları da Quran oxumağa təşviq edir.[6]

Əslində, bilməyənlər onu öyrənməyə və başa düşməyə daim səy göstərməlidirlər. Bilənlər də bütün bilik və enerjisini onu düzgün öyrətməyə və çatdırmağa sərf etməli, onun daha çox insan tərəfindən oxunub anlaşılmasına çalışmalıdır. Onu oxumağı öyrənib mənasını anlamaq həm bir vəzifə, həm də qədirbilənlik, başqalarına anlatmaq və öyrətmək isə o nura möhtac könüllərə ehtiram və vəfa sayılır. Çünki o, insanın ağıl və idrakına öyrənmək və öyrətmək üçün bəxş edilən ilahi bir lütfdür.

Bəli, Quran oxumağı vərdişə çevirmək üçün ramazanı yaxşıca dəyərləndirməliyik. Əgər Quran oxumağı bilmiriksə, ramazani-şərifdə öyrənməyə çalışmalıyıq. İlahi kəlamı oxuya bilir, ancaq anlamırıqsa, bəzi ayələrin şərhlərini də ehtiva edən bir məala/tərcüməyə baxmalıyıq. Ən yaxşısı, sanballı bir təfsir kitabı (və ya məal) oxumaq və bu bir ayı əsl Quran ayı kimi dəyərləndirməkdir. Əməlisaleh Haqq dostlarını örnək götürərək ürəkdən Qurana yönəlməli, qəlbimizin qapılarını İlahi Kəlamın üzünə taybatay açmalıyıq.

Quranın sözlərini oxumaqla yanaşı – Allah Rəsulunun ramazanda etdiyi kimi – onların mənasını müzakirə etmək, ibrətlə düşünmək, araşdırmaq da əhəmiyyətlidir. Quranı anlamaq ilahi bəyanlarla bir mənada “nəfəs almaq”dan və onun mahiyyətini mənimsəməkdən asılıdır. Bəli, Qurana münasibətdə əsas məsələ onu oxumaqla yanaşı, qəlb, şüur, iradə, idrak və hislərlə ona yönəlmək və onu bütün varlığımızla qavramaqdır.

Oruc tutmaqla yanaşı ibadət, Quran oxumaq, zikir və təfəkkürlə dolu Ramazan ayı keçirmək diləyilə…


[1] Buxari, Fədailül-Quran 7, Savm 7.
[2] Rəsuli-Əkrəmin vəfatından əvvəlki son ramazanında iki dəfə baş tutan bu müqabiləyə “arzai-axirə” deyilir.
[3] Buxari, Bədül-Vəhy 5, Bədül-xalq 6; Müslim, Fədailüs-Səhabə 98, 99.
[4] Buxari, Təfsiru Surə (4), 9, Fədailül-Quran 33, 34; Müslim, Müsafirin 247.
[5] Müslim, Zikr 38; Əbu Davud, Vitr 14; Tirmizi, Qiraət 12.
[6] Şamil İslam Ansiklopedisi.



Bənzər məqalələr

Ramazandan kimlər “qazanclı” çıxır?

Həqiqi xoşbəxt ramazan ayına yetişib Allahın əvfinə nail olan insandır. Ramazan ayında ibadətlərdə müvəffəq olmaq və bu ayı layiqincə əhya etmək üçün müəyyən xüsuslara diqqət etmək lazımdır.

Rəyyan qapısı nədir?

Sual: Oruc tutanların Cənnətə “Rəyyan” qapısından girəcəyi bildirilir. Bəs oruc tutmayanlar Cənnətə girə bilməyəcək?

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Orucun vaxtı nə üçün hər il dəyişir?

Bədənin bir ay müddətində fərqli qidalanma rejiminə uyğunlaşması vücudun xəstəliklərə müqavimət gücünü artırır, qida maddələrinin orqanizmdə tam istifadəsini təmin edir.

Oruc tutan şəxs iynə vurdura bilərmi?

Oruclu ikən bədənə iynə vurulduğu təqdirdə oruc pozulur. Xəstə və müalicə müddətində olan kəslər oruc tutmaya bilərlər. Bu səbəbdən, xəstəliyinə görə ramazanda oruc tuta bilməyənlər, sağalandan və ya müalicə prosesi tamamlanandan sonra tutmadıqları orucları sonradan qəza etməldirlər.


Şərh yaz