Aylıq namaz vaxtları
1. 230 dəfə oxunub ,   0 şərh   Çap et

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍ رَضِيَ اللَّهُ عَنْهُمَا عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَ سَلَّمَ قَالَ:

الْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَ يَدِهِ وَ الْمُهَاجِرُ مَنْ هَجَرَ مَا نَهَى اللَّهُ عَنْهُ

“Müsəlmanların dilindən və əlindən arxayın və əmin (zərər görmədiyi) olduğu müsəlman həqiqi müsəlmandır! Həqiqi mühacir də Allahın qadağan etdiyi şeylərdən uzaqlaşandır“.

(Buhari, İman 4; Ebu Davud, Cihad 2)

“Ə

l-Müslimu” sözünün əvvəlində müəyyənlik artikli “lam” hərfi vardır. Elə “əl-müslimun” sözü də müəy­yənlik bildirən “lam”la işlənmişdir. Bu iki müəyyənlik “lam”ı bizə bir mənadan danışır. İdeal mömin, həqiqətən, sülh və əmin-amanlıq atmosferinə girib özünü o iqlimdə əridə bilmiş və eyni zamanda heç bir insana əli və ya dili ilə zərər verməyən mömindir. Belə görünən, belə olduğunu iddia edən və ya şəxsiyyət vəsiqəsində dini mənsubiyyəti müsəlman yazılan insanlardan deyil, həqiqi və ideal mömindən bəhs edilir. Yəni “mütləq zikr kamalına məsrufdur”[1] prinsipinə istinadən “mömin” deyəndə ilk olaraq ağıla ən kamil mömin gəlir və hədisdə qəsd edilən mömin də məhz budur.

Adi bir insanın dildəki bu incəliyi bilməsi mümkün deyildir. Çünki məsələnin bu cəhətinə ancaq məktəblə, mədrəsə ilə və ya bir ustadın dərs halqasında oturmaqla, yaxud qrammatika və ya sərf-nəhv bilgiləri ilə vaqif olmaq mümkündür. Allah Rəsulu heç vaxt belə bir dərs almamışdır. Deməli, O, özünün deyil, Əzəli Müəlliminin (Allahın) kəlamlarını dilə gətirir. Məhz buna görə də Allah Rəsulunun ifadə və bəyanlarında dilə aid bütün incəliklər əksini tapmaqla yanaşı, dilə xas bircə qüsur da yoxdur.

Biz yenə hədisə dönək: həqiqi müsəlman etimad və etibar simvoludur. Belə ki, bütün müsəlmanlar zərrə qədər də tərəddüd etmədən hər şeyi onlara əmanət edə bilərlər. Ailələrini əmanət etmək istəsələr, tərəddüdsüz ona əmanət edərlər. Çünki onun əlindən və dilindən heç kimə zərər gəlməz. Onunla məclisdə olan bir insan oranı erkən tərk etsə də, arxayın olar, çünki bilir ki, məclidə qalan o mömin nə onun haqqında qeybət edər, nə də başqalarının qeybətini dinləyər. O, öz şərəf və ləyaqətini qoruduğu  qədər başqasının da şərəf və na­­­­­mu­­suna qoruyar. Yeməz, yedirər, içməz, içirər, yaşamaz, yaşadar. Və başqaları üçün hətta mənəvi feyzlərdən də keçər. Bütün bu mənalar müəyyənlik artikli “lam” hərfinin, eyni zamanda “hasr” (“ancaq” mənası) ifadə etməsindən çıxır.

O, tanıdığı-tanımadığı hər kəsə salam verər. Və beləcə  qəlblərdə  ona qarşı sevgi oyanar. (Buhari, İman, 20; Müslim, İman, 63)Namazını bitirərkən salamla bitirər. İns, cin, mələk, bütün şüurlu varlıqlar onun salamını alar. O görmədiyi bu varlıqlarla da salamlaşar. İndiyə qədər mömindən başqa heç kim salama belə genişlik, ənginlik  gətirməmişdir.

İslamı namaz, oruc, zəkat, həcc və kəlmeyi-şəhadət kimi əsasları yerinə yetirməklə qəbul edirlər. Bu da Allah-Təalanın “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin!” (“Bəqərə” surəsi, 2/208) əmrinə tabe olmaqla sülh və əmin-amanlıq dəryasında yelkən açmaq deməkdir. Özünü o dəryaya atan insanın hər halı, hər davranışı, hər sözü sülh və İslam ətri saçar. İnsanlar bu məqama çatmış mömindən ancaq yaxşılıq və xeyir görər, gözləyər.

Allah Rəsulunun (s.ə.s.) hər ifadəsində olduğu kimi, sözügedən cümələlərində də hər söz diqqətlə seçilmişdir. Burada da yenə əldən və dildən bəhs edir. Digər orqanların deyil, yalnız bu iki üzvün adını çəkməklə, əlbəttə ki, bir incə məqamı vurğulamaq istəyir. Bir insan başqa bir insana iki cür zərər verə bilər. Bu, ya birbaşa, üzbəüz, ya da qiyabi, yəni onun arxasınca olur. Üzbəüz verilən zərəri əl, qiyabi zərəri də dil təmsil edir. İnsan kiməsə qarşı ya şəxsən zor işlədər və onun haqqını tapdalayar, ya da arxasınca qeybətini edərək, alçaldaraq və hörmətdən salaraq haqqına girər. Mömin heç vaxt bu iki çirkin hərəkətə yol verməz, çünki onun möminliyi istər üz-üzə olduğu insanlara, istərsə də yanında olmayanlara qarşı həmişə mürüvvətli davranmağı tələb edir.

Bundan başqa (hədisdə) Allah Rəsulu (s.ə.s.) sıralamada “dili” “əl”dən əvvəl qeyd edir. Çünki əllə verilən zərərə qarşı tərəfin cavab vermə ehtimalı var. Halbuki kiminsə arxasınca edilən qeybət və ya kiməsə atılan böhtan əksəriyyət etibarilə qarşılıqsız, cavabsız qalır. Bu səbəbdən belə bir hərəkət rahatlıqla fərdləri, cəmiyyətləri, hətta millətləri bir-birinə düşmən edə bilər. Dil ilə verilən zərərlərə nəzarət və onu aradan qaldırmaq əllə verilən zərərlərə nisbətən daha çətindir. Onun üçün də Allah Rəsulu dili birinci qeyd etmişdir. Digər tərəfdən bu ifadədə müsəlmanın Allah qatındakı dəyər və qiymətinə də işarə edilmişdir. Müsəlman olmağın Allah qatında yüksək dəyər və qiyməti bir müsəlmanın digər müsəlmanla münasibətdə əlinə və dilinə sahib olmasını tələb edir.

Cahanşümul əmin-amanlıq və asayiş üçün göndərilən İsla­miy­yətin mühüm bir əxlaq meyarı müsəlmanın özünə maddi-mənəvi cəhətdən zərər verən şeylərdən uzaqlaşması, digər önəmli dərinliyi isə başqalarına zərrə qədər də zərər verməməkdir. Zərər vermək bir yana, cəmiyyətin hər təbəqəsində inam və etmadı təmsil etmək onun vəzifəsidir. Bəli, müsəlman həqiqi müsəlmanlığı güvən və etibar təlqin etməsi ilə ölçülür. Həqiqi bir müsəlman da gəzib-dolaşdığı, oturub-durduğu hər yerdə “əs-səlam” mənbəli, “əs-səlam” ruhlu bu hissə tərcümandır: O, möminlərlə görüşdükdə salam verər, əmin-amanlıq arzular, ayrılarkən sağlıq-salamatlıq diləyər, namazın təhiyyatlarını salamlarla bəzəyər və Haqqın hüzurundan da möminləri salamlayaraq ayrılar. Artıq bu cür “salam” məhvərində ömür sürən bir insanın əmin-amanlığa, etimada, asayişə və maddi-mənəvi, dünyəvi-üxrəvi qurtuluşa zidd bir yola girməsi, özünə və başqalarına zərər verməsi mümkündürmü?!

Hədisin ruhundan süzülən digər xüsuslara da bir nəzər salaq:

a. Həqiqi müsəlman yer üzündə cahanşümul sülhün ən etibarlı, ən layiqli təmsilçisidir.

b. Müsəlman ruhunun dərinliyində yaşatdığı bu yüksək duyğunu hər yerə saçar.

c. O, əziyyət vermək, cəfa etmək və zərər yetirmək bir yana qalsın, hər yerdə sülh və asayişin rəmzi kimi yad edilər.

d. Onun nəzərində əllə verilən zərərlə qeybət, böhtan, təhqir, alçaltma kimi dillə verilən zərər və dedi-qodu arasında fərq yoxdur. Heç birini işləməməyə çalışar. Hətta bəzi hallarda ikincisi birincisindən daha böyük günah sayılır.

e. Bir mömin bu günahlardan bəzilərini işləsə də, yenə mömindir və dindən çıxmış sayılmır. Yəni əqidəmizə görə, küfr ilə iman arasında bir məqam, bir status yoxdur.

f. Rəsulullahın “hər məsələdə olduğu kimi, “iman və İslam məsələsində də niyyəti ali tutmaq, kamil insan olmağa, yəni bir müsəlman olmağa deyil, kamil möminliyə talib olmaq lazımdır” kimi bir çox xüsusları bir sətirlə ifadə edir.



[1]. Bu qaydaya görə, bir anlayış, məfhum əlavəsiz söylənildiyi zaman həmin anlayışın ən kamil təmsilçisini ağıla gətirir. Məsələn; Peyğəmbər deyəndə dərhal ən mükəmməl Peyğəmbər olan Allah Rəsulu ağlımıza gəlir




Şərh yaz