4. 232 dəfə oxunub ,   0 şərh   Çap et

Həzrət İbrahim (ə.) heç vaxt ulduzlara sitayiş kimi şirkə girməmişdir. Onun müşahidələri haqqında Quranda belə buyurulur:
“Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu, mənim Rəbbimdir!”, – dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, – söylədi.
(Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, – söylədi.
(Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam!”
Həzrət İbrahim (ə.) dünyaya hənif olaraq gəlmişdi. Onun ayədə keçən ulduz, ay və günəşə həqiqi mənada “Rəbbim” deməsi mümkün deyildir. Belə bir iddia etmək üçün, gərək bu ayələrdən əvvəl gələn ayəni görməməzliyə vuraq. Ayə belə deyir: “İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!””
Növbəti ayə isə bu məzmundadır:
“Beləcə İbrahimə göylərin və yerin mələkutunu (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə, yəqinən inananlardan olsun!”
Bu duyğu, bu düşüncəyə sahib və bu cür məna aləminə açıq bir nəbinin, ulduzlara – müvəqqəti də olsa – “Rəbbim” deməsi mümkün deyil. Əsatirlə dolu kitablar nə deyir-desin, bizim qənaətimiz budur. Həm də Həzrət İbrahimə (ə.) təkcə mülk deyil, mələkut aləmi, yəni varlığın pərdə arxası, əsl mahiyyəti də göstərilmişdi… Və O, bu sayədə tam inananlardan olmuşdu. Hətta yəqinin son mərtəbəsi olan haqqəl-yəqin mərtəbəsinə çatmışdı. Buna görə də başda ilk iki ayə Həzrət İbrahimin Haqla necə bütünləşdiyini göstərir. Bu ayələrdən görünür ki, o, qövmünə nə isə anlatmaq istəyir. Elə isə məsələni bu nöqtədən götürüb yenidən təhlil etməliyik.
Əvvəla, Həzrət İbrahimin qövmü ulduzlara sitayiş edirdi. Elə cahiliyyə dövrünün insanları da Şira ulduzu adlanan “Sirus”a tapınırdı. O dövrün astronomik məlumatlarına görə, çox böyük və parlaq olduğundan Şiraya bir məbud kimi ibadət edirdilər. Qədim Babildə də ulduza tapınırdılar. Həzrət İbrahim (ə.) əvvəlcə uzaqdan çox kiçik görünən bu ulduza baxdı. İnsanların diqqətini ona cəmlədi. Onlara üstüörtülü xəbərdarlıq da etdi. Həmişə doğru danışırdı. Hətta o, hər dəfə dəlil gətirəndə onların göydə sitayiş etdiyi bir ilahı (ulduzu) və onların yerdəki təmsilçisi olan bütləri yerlə-yeksan edirdi. Bəli, Həzrət İbrahim (ə.) ağıl və məntiq müstəvisində onların bütlərini bir-bir aşırırdı ki, onsuz da, o, bütləri, bütlərə sitayişi yıxmaq üçün gəlmişdi.
Həzrət İbrahim sözlərdən elə məharətlə istifadə etdi ki, qövmü onun bütlərə dəyər verdiyini sandı. Peyğəmbər də onları mübahisə zəmininə çəkə bildi. Bunu başqa cür etmək mümkün deyildi. “Bizim ilahlarımızdan bəhs edir”, – deyə ona qulaq asdılar və onlar hiss etmədən başlayan bu mübahisə Həzrət İbrahimin (ə.) – yuxarıda verilən – son sözləri ilə sona çatdı ki, bu da imanın küfr üzərində qələbəsi idi.
Bəli, onları ulduzda, ayda, günəşdə gəzdirdi… Və hamısının əvvəl-axır batıb getdiyini göstərdi. Yəni hamısı gəldi, doğuldu, yüksəldi və batdı. Buna görə də müəyyən qanunlar çərçivəsində doğulan, batan, var olduqdan sonra yox olan şeylər kainata hökm edə bilməzlər. Gəlib gedənlər özləri kimi gəlib gedənlərə necə hökm edə bilərlər?
Ulduzun batıb getməsinə görə dediyi “Batıb gedənləri sevmirəm” sözü ilk xəbərdarlıq idi. Batıb gedənlər qəlbdə özünə yer etməməlidir. Onlar arxalarınca sürünüb getməyə heç də layiq deyillər, çünki batıb gedirlər. Mənə qürub etməyən bir sevgili lazımdır. O, mənə məndən daha yaxın olmalı və qəlbimin bütün arzularını bilməlidir. Həm də arzularımı yerinə yetirməyə qadir olmalıdır.
Ardınca bir addım da atır. Ayı göstərir. Halbuki bir az sonra o da qeyb olub gedəcək. Və sözün bu məqamında camaata xitab etmədən onların zalımlığını da iynələyir: “Əgər Rəbbim mənə hidayət verməsəydi, mən də zalımlardan olardım”.
Üçüncü addımda isə günəşə baxır. Günəş onların etiqadında ən böyük ilah sayılır. Əvvəla, ən əkiçikdən başladı, ilk iki bütü ardıcıllıqla aşırdı. İndi sıra ən böyüklərinə gəldi. O da batıb gedincə orada olanların vicdanına səslənərək: “Mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam”, – deyəcəkdi. Bəli, artıq növbə son sözə çatıb… Və Həzrət İbrahim (ə.) bütün səmimiyyəti ilə hayqırdı:
“Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!””
Bu son cümləni başdan demiş olsaydı, onu dinləyən olmazdı. Əvvəlcə onların səviyyə və anlayışına qarışmadı. Onlar da onu dinləməyə başladılar. Hər halda sözlərinin “doza”sını belə “tədricilik” prinsipi əsasında nizamlamasaydı, bu qədər təsirli ola bilməzdi.
Həzrət İbrahim (ə.), لاَ اِلَهَ إلاَّ اللّٰهُ (Allahdan başqa ilah yoxdur) həqiqətini hər qəlbə nəqş etmək üçün peyğəmbər fətanətinə uyğun yolla getdi. Həzrət İbrahimin bu metodu Quran məntiqi ilə üst-üstə düşür. Bu təbii idi, o da eyni vəhy mənbəyindən istifadə edir və eyni həqiqətə tərcüman olurdu.



Açar sözləri

Allahın varlıgı ibrahim

Bənzər məqalələr

Allahın varlığının dəlilləri 2

Bu yazı Allahın varlığının dəlillərindən Qurani-Kərim, Peyğəmbərimiz və vicdan dəlilləri haqqındadır.

Allahın varlığının kainat dəlili

Qərəzdən və inkardan uzaq hər bir ağıl sahibi kainatın gözqamaşdırıcı sisteminə və mükəmməl nizamına baxıb həqiqətləri görə, düzgün qənaətə gələ və onu bir kitab kimi səhifə-səhifə oxuya bilər. Kainatı böyük bir kitab kimi götürək. Bu kainat kitabının hər bir kəlməsi, hətta hər bir hərfi mükəmməl yazılmış və yardılmışdır.

Allahın varlığını və birliyini göstərən dəlillər hansılardır?

Rəbbimizi bizə tanıdan, Onun varlığını və birliyini, daha yığcam və düzgün (dəqiq) ifadə ilə desək, tövhidi göstərən o qədər dəlil var ki, dənizlər mürəkkəb, ağaclar qələm olsa, yenə də yazmaqla bitirə bilmərik. Burada Allahın izni və inayəti ilə sadəcə bir neçə tövhid dəlilini yazı çərçivəsində təqdim etməyə çalışacağıq. Kainatda hüceyrədən insana, atomdan ulduzlara, aya, günəşə və […]


Şərh yaz