6. 640 dəfə oxunub ,   0 şərh   Çap et

Elə bir ata-ana yoxdur ki, övladının xoşbəxtliyini istəməsin. İnanmıram ki, Yer üzündə kimsə bunun əksinə fikir söyləsin. “İstisnalar yoxdurmu?” soruşsanız, “bəlkə də” cavabını verərəm. Bəlkə də, vardır, amma o istisnalarda, yəni övladının xoşbəxt ailə qurmasını istəməyən valideynlərdə ‒ mən şəxsən ‒ insan kimi bir problem olduğunu düşünürəm.
Yaxşı, gəlin-qayınana münasibətləri kəskin olan toplumların ön sıralarında gəlirik, desəm, nə deyirsiniz? Qəbul edib-etməməkdə sərbəstsiniz, ancaq bu da bir həqiqətdir. Bu problem patriarxal (atanın hökmran olduğu) ailə ənənəsinə sahib cəmiyyətlərin əksəriyyətində vardır, amma nədənsə bizdə bir az daha artıqdır. Bu mövzuda çəkilmiş neçə-neçə kinolarımızı, bayatı və mahnılarımızı xatırlayın. Gənc qızlarımızın şüuraltı fikirlərini hələ bir qurdalayın, evlilik xəyallarından söhbət edin, “oğlan yaraşıqlıdır, amma anası ilə birlikdə istəmirəm” dediklərini eşidəcəksiniz. Nə üçün? Bunun səbəblərini təhlil etmək istəmirəm, ancaq bir neçə əsas amili saya bilərəm; patriarxal ailədən az tərkibli ailəyə keçid, telekommunikasiya vasitələrinin başgicəlləndirən inkişafı ilə mədəni deformasiya, bir vaxtlar həyatımızın yeganə istiqamətvericisi olan dinin və onun ali dəyərlərinin həyatımızdan silinməyə başlanması, dünya və axirət həyatına baxışımızın dəyişməsi və s.
İndi əvvələ qayıdaq. Allah-Təala Quranda belə bəyan edir: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (“İsra” surəsi, 17/23). “Biz insana ata-anası ilə yaxşı davranmağı tövsiyə etdik”. (“Loğman” surəsi, 31/14).
Bu iki ayə Allahın sözü, əmri və qadağasıdır. Bir müsəlmanın Allahın bu əmrinə rəğmən, başqa cür hərəkət etməsi düşünülə bilməz və düşünülməməlidir. Qadınlı, kişili hamımız ana-atamıza hörmət etməyə Allahın əmri ilə məcbur və mükəlləfik. Heç kəs həyat yoldaşının bu çərçivədə fədakarlıq etməsini, yəni ata-anasından keçməsini gözləməməlidir. Həyat yoldaşı xatirinə valideyndən imtina fədakarlıq deyil, Allaha üsyandır. Elə isə ər və ya arvad “Ananı dəftərdən sil, bir daha onunla danışmayacaqsan, hələ bu evə bir addımını atsın, gör nə olur!” kimi ifadələri işlətməməli və həyat yoldaşından da belə bir münasibət gözləməməlidir. Unutmayaq ki, əsas prinsip budur: “Allaha üsyan olan yerdə, məxluqata itaət edilmir” (Buxari, Əhkam, 4; Müslim, İmarə, 39).
O zaman sual verə bilərsiniz ki, qayınana və qayınata ana və ata kimidir ki, bu qədər qəti və konkret danışılır? Sualı bu yöndə də dəyişdirmək olar. Dinə görə gəlin və ya kürəkən qayınana və qayınatası ilə öz ana-atası kimi davranmaq məcburiyyətindədir?
Məsələyə fiqhi səviyyədə fərqli yanaşmalar olsa da, əxlaqi mövqedən bu suala heç şübhəsiz, “bəli” cavabını verə bilərəm. Hər şeydən öncə xatırladaq ki, bizim dilimizdə “qayın” kimi işlənən sözün ərəbcədə əsli “qaim” dir. Mənası isə “bir yerdə oturan” deməkdir. Bu mənada, “qayınata” deyəndə ata, ata ilə yer dəyişmiş, ata məqamına oturmuş mənalarını verir. Qayınana da bunun kimi…
Digər tərəfdən, İslamın təməl prinsiplərinə görə, İslami dəyərlərə zidd olmayan, Quranın ruhuna və Sünnəyə uyğun davranış tərzi müsəlmanlar üçün əsasdır. Böyük-kiçik, müsəlman və qeyri-müsəlman bütün insanlarla mərhəmət, şəfqət və ədalətlə rəftarı əmr edən bir din qayınana və qayınata kimi yaxın qohumlara hörmət göstərməməyi əmr edə bilərmi?
Daha sözü uzatmağa ehtiyac yoxdur. Ailədə tərəflər bir-birinin ata-analarını doğma valideyn kimi qəbul etməyə, onlara hörmət etməyə, onların qayğısına qalmağa borcludurlar. Bu, insani, əxlaqi mahiyyət daşımaqdan savayı, övladlar üçün dini vacibatdır. Axirətdə cəza və ya mükafata səbəb olan məsuliyyətdir.
Ər-arvad bir-birinin valideynlərinə “ana”, “ata” deyə bilərmi?
Bu, tamamilə adətlərə aid məsələdir. Məsələn, ərəb adətlərində insanlar valideynlərinə məxsus bir şeyi danışarkən onları adları ilə xatırlayırlar. Hədis kitablarında “Amr belə dedi” deyən şəxsən Hz. Amrın oğlu İbn Amrdır (r.a). Amma bizdə belə adət yoxdur və hörmətsizlik sayılır.
Əgər məsələyə milli adətlərimiz çərçivəsindən baxsaq, insanın öz qayınatasına “ata”, qayınanasına “ana” deməsi sayğı, hörmət, ehtiram əlamətidir. Bu müraciətlə nə gəlin-kürəkən onları doğma ana-atası, nə də qayınana və qayınata həqiqi oğlu-qızı kimi görür və qəbul edir. Əgər ər-arvad bunu bir-birindən umursa və bu hal ailə münasibətlərinin möhkəm zəmində davam etməsini təmin edəcəksə, belə müraciətdə bir yanlışlıq görmürəm.
Məncə, bunu hər iki tərəf də həddindən artıq böyütməməlidir, hətta evlilikdən əvvəl və ya başlanğıcda qayınana və qayınatalar əgər istəsələr, gəlin və kürəkənlərinə onlara necə müraciət etməyi açıq şəkildə, şirin dillə deyə bilərlər.

Əhməd Qurucan



Açar sözləri

ana ata gəlin qayınana

Bənzər məqalələr

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Kimlərlə evlənmək olmaz?

İslam dininə görə, ailə qurmaq insanın əsas haqlarından biridir. Dinimiz evliliyə təşviq etmişdir. Ancaq dinimizə görə, müəyyən şəxslərlə evlənmək haramdır.

Cünub olan ana körpəsini əmizdirə bilərmi?

Cünub olan ana südəmər körpəsini əmizdirə bilərmi? Cünub olan ana südəmər körpəsinə süd əmizdirə bilər. Ancaq yaxşı olar ki, ana uşağa döş vermədən əvvəl döş gilələrini su ilə yusun.

Gəlin qayınanasına baxmağa məcburdur?

Sual: Gəlin qayınana və qayınatasına baxmağa məcburdur? Cavab: Yaşlı valideynlərə baxmaq, onların qeydinə qalmaq, onlara yardım əlini uzatmaq övladın vəzifəsidir. Necə ki, valideynlər vaxtilə, onu böyüdüb boya-başa çatdırmaq üçün min cür əzab-əziyyətə qatlanmışlar. Övlad da yaşlananda valideynlərinə baxmaq məcbiriyyətindədir. Əgər övlad ailəlidirsə valideynlərinə necə baxmalıdır?


Şərh yaz