5. 183 dəfə oxunub ,   0 şərh   Çap et

Din izdivac məsələsinə təxmin etdiyimizdən daha böyük əhəmiyyət verir. Buna paralel olaraq İslam fiqhçiləri[1] də nikahı vacib bir məsələ kimi araşdırmış, təhlilini aparmış, bu mövzuya cildlərlə kitab həsr etmiş və olduqca həssas yanaşmışlar. Həmçinin izdivac və ya nikah məsələsini fərz, vacib, sünnət, haram, məkruh kateqoriyalarına ayırmış və bir az da fərdlərin şəxsi vəziyyətləri ilə əlaqələndirmişlər. Bu, o deməkdir ki, hər kəs gəlişigözəl, necə gəldi ailə qura bilməz. Elə adam var ki, evlənməsi vacib, eləsi var ki evlənməsi məkruhdur.

Ona görə də, bunları qətiyyən nəzərə almadan, sırf cismani istəklə nikah kəsdirən bir insanın cəmiyyətə faydalı ailə olması və ya xeyirli övlad yetişdirməsi sual doğurur.

İslamda Hənəfi və Maliki məzhəbinin hüquq alimləri bu məsələdə bir-birilərinə yaxın sayılırlar, fərqli fikirlər təfərrüat məsələlərinə aiddir. Bu böyük İslam hüququ alimlərinin əsərlərinə baxanda nikahla əlaqədar aşağıdakı təsnifatla qarşılaşırıq.[2]

a) Fərz olan evlilik

Zina eləmə və haram əməl işləmə təhlükəsi ilə üzləşən bir adam mehr ödəməyə[3] gücü çatırsa və ailənin zəruri ehtiyaclarını təmin etməyə imkanı varsa, hətta bəzilərinə görə oruc da tuta bilmirsə, onun evlənməsi fərzdir.

Yəni haram əməl işləməmək üçün evlənmək əsasdır və haramla üz-üzə qalan insan bircə yola baş vurmalıdır ki, o da ailə qurmaqdır. Qeyri-təbii yollarla izdivacdan qaçmaq fitrətlə mübarizə aparmaq deməkdir və belə  bir mübarizəyə əl atan bir insanın məğlub olması da qaçılmazdır. 

b) Vacib olan evlilik

Mehr ödəməyə, ailənin dolanışığını təmin etməyə gücü çatan və haram işləməkdən uzaq olsa da, sırf ehtiyatən ailə qurmaq istəyən bir şəxsə evlənmək vacibdir. Bu izah bəzi fiqhçilərə aiddir, bütün alimlərin ortaq görüşü və ictihadı deyildir.

c) Sünnət olan evlilik

Hər hansı bir təhlükə yoxdursa, evlənməyə də arzu və istək vardırsa, belə bir şəxsin ailə qurması sünnətdir.

ç) Haram olan evlilik

Bir şəxs ailə qurmaqla haram əməllər işləyəcəksə, evini dolandırmaq üçün qeyri-qanuni (haram, qeyri-məşru) qazanc yollarına girəcək, vəzifəsindən sui-istifadə edib haqsız yerə pul qazanacaq, oğurluq, rüşvət… kimi haramlara, əməllərə əl atacaqsa, onun ailə qurması haram, və ya ən azı məkruhdur. Bir şəxs ailə qurandan sonra həyat yoldaşına zülm edəcəksə, onun evlənməsini də haram və ya məkruh sayanlar var.

d) Məkruh olan evlilik

Bəzi alimlərə görə, bir insanın ailə quracağı təqdirdə harama girməsi, zülm və əziyyət verməsi mütləq deyil, ehtimal daxilindədirsə, onun evlənməsi məkruhdur.

e) Mübah[4] olan evlilik

Qazancını halal yolla əldə edən, zina eləmə ehtimalı olmayan, mehrə və ailənin dolanışığını təmin etməyə gücü çatan təmkinli və tədbirli bir insanın izdivacı məmduh[5] və ya mübahdır. Evlənə bilər, evlənməyə də.

İmam Şafeiyə (r.a.) görə “Nikah öz-özlüyündə bir müamilə, yəni mübah bir işdir. Lakin haramdan qaçmaq məqsədi ilə bağlanırsa, vacib olur”. Əslində, burada Şafei məzhəbi ilə Hənəfilərin görüşləri bir-birinə yaxınlaşmış olur. İmam Əhməd ibn Hənbəl də dolanışığını təmin edə bilsin, bilməsin, mehr verə bilsin, verə bilməsin, – zinaya girmə təhlükəsi olan hər kəs üçün ailə qurmağın fərz olduğunu deyir. Araşdırsaq əslində bu görüşlər mahiyyətcə bir-birindən çox da uzaq olmadığını görərik.

Bu xüsusları çatdırmaqla dinin nikahda hansı şərtləri qoyduğunu, ailə qurmağın bəsit və hissi bir məsələ olmadığını göstərməyə çalışdıq. Əgər bu mühüm məsələ möhkəm bünövrəyə oturdulmaz və məntiqi, hissi boşluqlara yol verilərsə, nikahların nəticəsi məhkəmə qapıları, dul və sahibsiz qadınlar, ortada qalmış uşaqlar olar. Din bütün bunların qarşısına lap başdan sədd qoyur, bu cür mənfi hallara aparıb çıxaracaq izdivacı haram, məkruh kimi kateqoriyalara daxil edərək tənzimləyir və hiss ağırlıqlı bir məsələdə ağıl, məntiq və mühakimə yolunu ön plana çəkir. 

Bizim burada məqsədimiz nikahın ciddi bir əqd olduğunu, nikah nəticəsində cəmiyyətin ən mühüm ünsürü olan ailənin təşəkkül tapdığını xüsusi vurğulamaqdır. Ona görə də nikaha sırf cismani istəklərlə bağlı bəsit bir iş kimi deyil, bütün millətə səadət gətirən dini, milli və cahanşümul bir məsələ kimi baxmaq lazımdır. Nikahın fərdin cismani və nəfsani hisləri ilə bağlı yönünə gəlincə, bu sadəcə ən böyük qayənin hasil olması üçün Allahın (c.c.) insana lütf etdiyi bir mükafat və bəxşişdir. Bunu, belə demək mümkünsə, bir avans kimi qiymətləndirməli və bəşər nəslini davam etdirmək, milli istiqbalı ucaldacaq yüksək xarakterli insanlar yetişdirmək kimi mühüm xidmətlərin müqabilində qabaqcadan verilmiş bir mükafat  hesab etməliyik.

Qeyd edək ki, İslam dini bu məsələyə böyük əhəmiyyət verir. O dərəcədə ki, fərdlər izdivac məsələsində hər şey ən incə detallarınadək düşünməli, min ölçüb bir biçməli və heç bir səhvə yol verməmək üçün olduqca həssas davranmalıdırlar… Həssas davranmalıdırlar ki, ailə onun dağılmasına yol açan səbəblər üzərində qurulmasın.

Yazı hazırlanarkən “Çəyirdəkdən Çinara” kitabından istifadə edilmişdir.


[1]   Fiqhçi, fəqih – İslam hüququ mütəxəssisi, alimi.

[2]   Züheyli, “İslam fiqhi ensiklopediyası”, 9/28-31.

[3]   Mehr ödəmək –Nikahda kişinin qadına verdiyi və qadının haqqı olan qızıl, gümüş və ya hər hansı bir dəyərli şey.

[4]   Mübah – (“İbahə”dən) İcra edilməsində savab və günah olmayan şey. Fiqhi olaraq: İcra edilməsi və ya edilməməsi dinə görə mümkün hesab edilən şey (Yemək, içmək, yatmaq kimi).

[5]   Məmduh – Bəyənilmiş. Mədh olunmuş. Öyülmüş. Fiqhi: Peyğəmbərimizin (s.a.s.) sevdiyi hərəkət, iş.




Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Quran və Sünnədə ailə

Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.


Şərh yaz