3. 744 dəfə oxunub ,   0 şərh   Çap et

Ey elm öyrənməyə qərarlı insan!

Əgər elm öyrənməkdə məqsədin lovğalanmaq, insanların rəğbətini qazanmaq və dünya malı toplamaqdırsa, vay sənin halına. Bu niyyətlə öyrəndiyin elm sənin zərərinədir və dininə də heç bir faydası yoxdur. Əksinə zərəri var. Belə etməklə özünü oda atmış və axirətini fani dünyəvi mənfəətlərə dəyişmiş olarsan.

Əgər məqsədin məlumat əldə etmək deyil, doğru yolu tapmaq və hidayətə qovuşmaqdırsa, bax, bu sənin xeyrinədir. Elm öyrənmək üçün atdığın hər addımda mələklər səni qoruyar, dənizdəki balıqlar belə bağışlanmağın üçün dua edər.

Elm öyrənən insanlar iki qrupdur:

  1. Sadəcə Allah rizası və axirətini düşünərək elm öyrənənlər. Bunlar qurtuluşa nail olanlardır.
  2. Hər hansı vəzifə, şöhrət, varlanmaq, ad-san kimi dünyəvi məqsəd üçün elm öyrənənlər. Bunlar çox təhlükəlidir. Tövbə etmədən ölsələr, aqibətləri məchuldur və işləri Allaha qalar. Ölüm gəlmədən tövbə edərək elmləri ilə əməl etsələr qurtuluşa çatanlardan olarlar. Çünki günahlarından tövbə edən heç günah işləməmiş kimidir.[1]

Əslində elm öyrənməkdə məqsəd biliyin insan övaladına mürşid və rəhbər olması və öyrənilənlərlə kamil insanlığa gedən yolların aydınlığa qovuşdurulmasıdır. Buna görə də, ruha hopdurulmamış elm öz sahibinin çiynində yük; insanı ülvi hədəflərə yönəltməyən mərifət də bir qəlb və düşüncə hamballığıdır.

 

Rəbbim elmimi artır!

Allah Qurani-Kərimdə bele buyurur: (Ey Rəsulum!) “Ey Rəbbim! Mənim elmimi artır!” – de.[2]

Elmdəki artma əslində insanın qiymət və şərəfinin artmasıdır. Elm insanı iki dünya səadətinə qovuşdura bilər. Çünki elm insanın həm özünü, ətrafını görməsinə, həm də Rəbbini tanımasına kömək edən ilahi bir güzgü kimidir. Elm öləndən sonra da insanın dərəcəsini artırır. Bir hədisi-şərifdə belə buyrulur; “İnsan vəfat edəndə əməl dəftəri bağlanır; ancaq bu üç əməl istisnadır: sədəqeyi-cariyə,[3] insanların faydalandığı elm və ya mərhuma xeyir-dua edən əməlisaleh övlad”.[4]

İnsanların faydalandığı elm insanları elm və fəzilətlə maarifləndirmək, onlara faydalı biliklər öyrətmək, onların istifadəsi üçün kitab təminatını və elmi fəaliyyətləri gerçəkləşdirmək, hər cür səmərəli elmi fəaliyyəti həyata keçirmək, elmə xidmət etməkdir. İnsanların faydalı olmaq məqsədilə təhsil almayan bir hüquqşünas haqq ədaləti layiqiylə təmsil edə, həkim xəstəni sağalda, müəllim insanları kor edə bilər. Öz peşəsini bilməyənlər cahil, savadsız insanlardan daha çox zərər vura, “elm”dən sui-istifadə edərək asanlıqla gizli caniyə çevrilə bilər. İnsanı lovğalığa, təkəbbürə sövq edən və sonu həlaka aparan elm, zahirən gözəl və faydalı görünsə, belə əslində sahibinin çiynində bir yükdür. Bunun üçün Allah Rəsulu (s.ə.s) belə dua edərdi;

“Allahım! Fayda verməyən elmdən, ürpərməyən qəlbdən, doymayan nəfsdən və qəbul olunmayan duadan Sənə sığınıram!”[5]

Qibtə ediləsi insan

Rəsulullah bir hədisində buyurur ki, iki adama həsəd aparmaqda (qibtə etməkdə) ziyan yoxdur: Allahın lütf etdiyi sərvəti Onun yolunda verən imkanlı adama və Allahın lütf etdiyi elmə əməl edib onu başqalarına da öyrədən adama.[6]

Bəli, Quran əxlaqı ilə əxlaqlanan Peyğəmbərimiz elmə, mərifətə, daha dəqiq desək insanın özünə, ailəsinə, xalqına faydalı olan elmə təşviq edir. Allah Rəsulu Quranın aşağıdakı bəyanından yola çıxaraq bu müjdələri verir.

Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: ‘Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!”[7]

“…(Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar.Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltar!”[8]

Allahdan bəndələri içində ancaq alimlər layiqincə qorxar.”[9]

Sərf etdikcə çoxalır

Elmin qapısı sayılan  Həzrət Əli (r.a) belə buyurur; “Elm maldan daha xeyrlidir. Çünki malı sən qoruyarsan, ancaq elm səni qoruyar. Var-dövlət xərcləməklə azalar, elm sərf etməklə çoxalar”.

Yemək və içməkdən kəsilən xəstə ölməyə məhkum olduğu kimi, elm və hikmətdən məhrum qəlb də ölməyə məhkumdur.

Peyğəmbər varisləri

Rəsulullah bir hədisində belə buyurur: “Uca Allah elm öyrənmək məqsədi ilə yola çıxan adama Cənnət yollarını açır. Mələklər elmə və onu öyrənənə məmnuniyyət və təvazö əlaməti olaraq qanadlarını yerə sərirlər. Göylərdə və yerdə nə varsa, hətta su içində balıqlar da elm talibi (öyrənmək istəyən, öyrənmək üçün yollara düşən) üçün Allahdan mərhəmət diləyir. Bədirlənmiş ay görünən ulduzlardan necə üstündürsə, alim də abiddən elə üstündür. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər miras kimi qızıl və ya gümüş deyil, yalnız elm qoymuşdur. O elmdən pay almaq böyük və dəyərli bir şeyi əldə etmək deməkdir”.[10]

Sonda bir ayə və hədisə diqqət çəkmək istəyirəm:

Ali İmran surəsində; (Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: ‘Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır’, – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər”.[11] buyuraraq elmli insanların həqiqəti anlayacağına, cahil insanların isə elmsizlikləri ilə fitnə və fəsad çıxaracağına işarə etmişdir.

Bir hədisi-şərifdə isə Peyğəmbərimiz (s.ə.s) buyurur:

Ya öyrədən, ya öyrənən, ya dinləyən, ya da elmi sevən ol! Amma beşincisi olma (yəni bunlardan kənarda qalma) məhv olarsan”.[12]

Allah bizə faydalı elm nəsib etsin.

[1] İmam Qəzali, Ədəb kitabı.

[2] Taha, 20/114.

[3] Sədəqeyi-cariyə davam edən, daim savab qazandıran sədəqə deməkdir. Daim insanlara fayda verən xeyirli işlərdir.

[4] Müslim, Vəsiyyət 14.

[5] Müslim, Zikir 73

[6] Buxari, Elm 15; Müslim, Salətul-müsafirin 268.

[7] Zümər 39/9.

[8] Mücadələ, 58/11.

[9] Fatir, 35/28.

[10]Tirmizi, Elm 19; Əbu Davud, Elm 1.

[11]Ali imran, 3/7.

[12] Təbərani, Mucəmus-sağir.




Bənzər məqalələr

Azad düşüncə nədir?

Mütləq mənada azad olmaq mümkündürmü?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Elmi ilə əsrlərə işıq saçan alim Əl-Həzini

Elmi ilə əsrlərə işıq saçan alim – Əbdürrəhman əl-Həzini

Elm yolu Cənnət yoludur

Kim bir yola qədəm qoyar və bu yolda elmə talib olarsa, Allah onun üçün Cənnətə gedən bir yolu asanlaşdırar. Mələklər elm öyrənənlərin əməllərindən xoşlandıqları üçün onları qanadları ilə hifz edərlər. Göy və yer əhli, hətta sudakı balıqlar belə elm öyrənən adam üçün Allahdan yardım və bağışlanma diləyər.

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.


Şərh yaz