2. 282 dəfə oxunub ,   0 şərh   Çap et

BuDeizm, ateizm, aqnostisizm, nihilizm, relyativizm və sekulyarizm (dünyəvilik) kimi fəlsəfi cərəyanlar 18, 19-cu əsrlərdə ortaya çıxmışdır. Bunların hər biri inancsızlığın, inkarın fərqli üzləridir. Yaşadığımız dövrdə də bu düşüncələr, içində yaşadığımız cəmiyyətdə özünə yer tapmağa başladı. Özünü deist kimi təqdim edən şəxslərlə yanaşı, adını qoymadan daşıdığı inancı oxşar xüsusiyyətlərə malik şəxslər də vardır. Bu yazımızda deizmin nə olduğu izahla yanaşı, ələlxüsus gənclərin nə üçün bu cərəyana meyl göstərməsinin səbəbləri, onları bu alovdan qurtarmaq adına  atılması gərəkli addımları qeyd etməyə çalışacağıq.

Deizm və bənzəri inkarçı düşüncələrin inkişafı bəsit halı ilə dinin inkarı deyil, bəşəriyyət üçün önəmli təhdiddir. Qayda-qanun tanımamaq, haqqını hər nə şəkildə olsa almaq cəhdi, ailə institutunun dağılması, şəxslərin öz rifahını və mənfəətini göz önündə tutub ətrafına biganə qalması, terrorizm, üsyanlar, müharibələrin əmələ gəlməsi belə inkarçı cərəyanların təsiri ilə baş verir. Yazıda deizm üzərində durulsa da digər axımlar üçün də eyni arqumentlər və əsaslar keçərlidir.

Deizm nədir

Deizm, kainatın Yaradıcısı olduğunu qəbul edib, dinləri inkar edən fəlsəfi düşüncə ilə yanaşı özünəxas teoloji anlayışı olan bir hərəkatdır.  Deistlər, Tanrı ilə insan arasındaki mələk, vəhy, ilahi kitab və peyğəmbər kimi bütün vasitələri rədd edir, ancaq Yaradıcının varlığını qəbul edirlər. Deistlər arasında də axirət həyatını, mükafat və cəzanın varlığını qəbul edənlər olsa da əksəriyyəti ya buna inanmır, ya da biliməzliyini qeyd edib başından atmağa çalışır.

Deistlər, müşahidə və təcrübəni tək elmi əsas kimi qəbul etdikləri üçün qeybə, metafizikaya aid hər cür inancı inkar edirlər. Deistlər öz düşüncə sistemini bu şəkildə əsaslandırırlar. İnsan ətrafına nəzər salıb baxdığı zaman mükəmməl bir nizam və ahəng içərisində işləyən kainatın varlığını müşahidə edir. Belə ahəngli sistem ancaq kamil bir iradə və elmin sahibi tərəfindən yaradıla bilər. Ağıl, məntiq, vicdan sahibi kainatın yaradıcısı kimi Tanrının varlığını inkar edə bilməz. Onlar yaradıcı kimi Tanrının varlığını qəbul edirlər. Elmi əsas kimi müşahidə və təcrübəni qəbul edirlər. Kainatda baş verən hərəkət və əmələ gəlmə proseslərini bu elmi üslubla izah ediləcəyini düşünürlər. Allahın isimlərinin fərqli təcəllilərini və hər daim onun kainatda baş verən hadisələrə müdaxiləsini qəbul etmirlər. Deistlər görə Tanrı, kainatı nizamlı şəkildə yaratmış, sonra da öz halına tərk etmişdir. Qurulmuş saat kimi mexanizmlər öz-özlüyündə əhəngli işləyir.  Kainatda var olan hər bir şeyin – zərrəcikdən qalaktikalara qədər – qüsursuz işləməsi səbəb-nəticə münasibəti və təbiətə dərc edilmiş qanunlar sayəsində baş verir. Kainatda determinizm hakimdir

Deistlərin Tanrı anlayışı İslamın ortaya qoyduğu Allah inancı ilə heç bir şəkildə düz gəlmir. Onlar Allahın, insanla və varlıqla münasibətinin davamlı olduğunu qəbul etmirlər. Bununla yanaşı Onun isim və sifətlərini də inkar edirlər.[1]

Deistlər, ilahi dinləri qəbul etmədikləri  üçün dinlərin əmr elədiyi ibadətlərin də, qoyduğu qadağaların da onlara görə heç bir əhəmiyyəti yoxdur. İnsan ağlı doğrunu-yanlışı, pisi-yaxşını təyin etmək üçün yeganə meyardır. Onlara görə, deizm, “təbii din” və ya “ağıl dini”-dir. Ağıl mütləq qərar verici olunca nə peyğəmbərlərə, nə İlahi kitablara ehtiyac vardır. Qayda və qanunları Tanrı deyil, insan təyin edir.

Deizm düşüncəsinin ortaya çıxmasına təkan verən amillər

1.Deizm və bənzəri cərəyanların ortaya çıxmasının en önəmli səbəbi, Avropada Maarifçilik dövründən  etibarən ağla və elimə sonsuz güvən duyğusudur. Ağıl və elm, bir növ bütləşdirlmiş  və həqiqətin tək meyarı halına gəlmişdir.

2. Deizm, xristianlığa qarşı bir etiraz hərəkatı olaraq ortaya çıxmışdır.

  1. Xristianlığın təslis (Üç üqnum), ilk günah, ruhani təbəqəsinin və Kilsənin Tanrının bədəni olması, günah çıxarmaq kimi məntiqə tərs gələn teoloji əsaları sorğusuz-sualsız qəbul edilməsi tələb edilirdi.
  2. Orta çağda (Avropada həmin dövrə “qaranlıq çağ” da deyilir) sxolastik cərəyan yunan filosoflarının elmi-fəlsəfi dünya görüşünü kilsənin görüşü kimi mənimsəmişdi. Qəbul edilmiş bu doqmatik görüşləri və xurafatı insanlara qəbullanmağa məcbur edilirdi. Buna görə də kilsə rahibləri fərqli düşünənləri aforoz edir, alternativ düşüncəyə qapıların bağlamışdı.
  3. inkvizisiya məhkəmələrinin repressiya və zülmlərindən ötrü orta çağda xristianlıq dini və onun hökmlərinin bağlayıcı olub-olmaması müzakirə edilməyə başlamış və kilsədən qopmaları sürətləndirmişdir.

Qərbdə doqmatik din anlayışına qarşı etiraz olaraq başlayan və sürətlə yüksələn ağıl-vəhy, elm-din qarşıdurması və buna bağlı olaraq inkişaf edən dinə qarşı olan cərəyanlar qısa müddət sonra İslam dünyasına da sıçramış və dinləri haqqında yetərli məlumatı olmayan bəzi müsəlmanları da öz təsiri altına salmışdır.

3. Aristotelə görə Tanrı “Hərəkəti ilk başladan”-dır. Buna əsaslanaraq bəziləri deizm düşüncəsini ilk irəli sürənin o olduğunu deyirlər. Əslində deizm fəlsəfi cərəyan kimi ortaya çıxış tarixi on yeddinci əsrə gedir. İlk dəfə Pierre Viret, 1564 ilində qələmə aldığı “Instruction Chrestienne” adlı əsərində bir qrup filosof və ədibin Tanrıya inandıqları halda Məsihi və xristianlıq doktrinasını  qəbul etmədiklərindən bəhs edir. Deizmin əsaslarını təşkil edən fikirlər, C. L. Herbert, Charles Blount, Benjamin Whichcote, Matthew Tindal ve John Toland kimi filosoflar tərəfindən 1600-lü illərdə dilə gətirilmişdir. Həmin dövrdə Avropada Nyutonun Termodinamika qanunları məşhur idi. Elmi sahədə hakim olan mexaniki düşüncə və determinizm anlayışı fəlsəfi düşüncəni də öz təsiri altına salmışdır.

4. XX əsrdə postmodernizmin[2] yayılması ilə birlikdə əyləncə və həzz almaq anlayışını önə çıxdı. İnsanlar mütləq azadlıq tələbi ilə keçmişdən süzülüb gələn dəyərlərə, bu qəbildən Yaradana, dinlərə də biganə münasibət bəslədi, beləliklə dini inanclardan uzaqlaşdı. Çünki din bir çox şeyə məhdudiyyət qoyurdu. Həzz və əyləncə insanlara elə cəzbedici göstərilirdi ki, əksəriyyət ona qarşı dözümlülük ortaya qoya bilmirdi və təslim olurdu.

Əslində inkara qapı açan bu anlayış hər dövrdə olmuşdur. “Nəfsini özünə tanrı edəni gördünmü?!” (Furqan, 25/43) Bir dinə inanıb onun tələblərini yerinə yetirsələr, əyləncə və mütləq həzz alma arzularının əllərindən alınacağını düşünürdülər. Halbuki, halal dairədə zövqlər keyfə kafidir.  Digər tərəfdən din özünün əmir və tələblərinə riayət etməyənləri axirətdə cəza veriləcəyini bildirir Nəticədə arzu və ehtiraslarına mane olduğu üçün belə şəxslər dini inkar yoluna baş vururlar.

5. Əvvəllər uşaqlar və gənclər mühafizəkar dünyada boya-başa çatırdılar. Günümüzdə kütləvi informasiya vasitələrinin vüsət alması nəticəsində belə bir mühit qalmadı. İnternetin girmədiyi məkan demək olar ki qalmamışdır. İnternetlə bərabər müsbət və mənfi hər cür düşüncə tərzi də onunla birlikdə hər evə daxil olmuşdur. Gənclər boş qalan vaxtlarının əksər hissəsini sosial mediada keçirir. İnandıqları doğruları bağlı çox fərqli sual, şübhə, tənqidlərlə üzləşirlər. Dini bilgiləri də səthi olduğu üçün zehinləri qarışır. Digər tərəfdən valideynləri də onun suallarına dolğun cavab verə bilmir, nəticədə gəncin beynində tərəddüdlər, inamsızlıqlar başlayır.

6. Dini təmsil edən şəxslərin səhv şərhləri, mövhumatçılıq, təəssübkeşlik, sərtlik, dünya sevgisi, dindən dünyalıq qazanmaq məqsədi ilə sui-istifadə kimi neqativ hallar insanları dindən uzaqlaşdırır. Eləcə də radikal qrupların təzyiq, məcburiyyət və s. kimi yollarla insanları dindarlaşdırma çalışmaları dinə düşmənçiliyini alovlandırır, ateizm və deizmin artmasına səbəb olur. Xüsusi ilə müsəlmanlar arasında cahilliyin, kasıbçılığın, qarşıdurmaların çoxluğu, biganəlilik, laqeydlik, təzyiq, şiddət, zorakılıq, özü kimi düşünməyənləri aforoz etmək, bidət və xurafatın çoxluğunun qəbzi dinə kəsilir. Sanki din bunlara səbəb olur.

Quranda zikr edilən deist inanışlar

Quranı Kərimə nəzər salsaq görərik ki, keçmiş dövrlərdə yaşayan insanlarda da deistik düşüncə var olmuşdur.  Məsələn vəhyi rədd edən şəxslərdən bəhs edərkən: “(Onlar) Allahı layiqincə tanımadılar. Belə ki,: “Allah heç bir bəşərə hər hansı bir şey nazil etməmişdir”, – dedilər. De ki: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? (Ənam, 6/91). Ayədə bəhsi keçən şəxslər Allahı qəbul etdiklərini dedikləri halda peyğəmbərliyi və vəhyi inkar edirlər.

Başqa ayədə isə Cəhənnəm keşikçiləri: “Sizə xəbərdar edən bir peyğəmbər gəlməmişdimi?” – deyə soruşanda, əzaba düçar olan şəxslər: “Bəli! Bizə xəbərdar edən bir peyğəmbər gəlmişdi. Ancaq biz onu yalanladıq və: “Allah heç bir şey nazil etməmişdir. Siz böyük bir azğınlıq içindəsiniz!” – demişdik”- deyə cavab verirlər. Bəhsi keçən şəxslər vəhyi, əsasında göndərilən din qəbul etməyənlərdir. (Mülk, 67/8-9).

Başqa bir yerdə də axirətin varlığını inkar edənlərdən bəhs edilir və onları bu inkarları səbəbi ilə “kafir” olaraq adlandırır. “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölürük və doğuluruq. Bizi yalnız zamanın keçməsi öldürür.” ( Casiyə, 45/24) “Bizim dünya həyatından başqa bir həyatımız yoxdur. Kimimiz ölür, kimimiz yaşayır. Biz təkrar dirildiləsi deyilik.” (Muminun, 23/37).

Deistik düşüncə girdabına insan hər an düşə bilər. Sadəcə Allaha inanıram deyib, dinin digər mükəlləfiyyətlərindən boyun qaçırmaq, arzu və ehtiraslarına görə həyat yaşayıb vicdanını basdırmaq üçün axirəti inkar etmək dərin bir uçuruma, burulğana düşmək deməkdir. Sadəcə Allaha inanıram demək yetərli deyildir. “Əgər onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” – deyə soruşsan, onlar: “Allah!” – deyərlər. Bəs onlar necə olub (haqdan) döndərilirlər?!” (Ənkəbut, 29/61).

Deizmə görə Tanrı təsəvvürü və İslamda Allah inancı

Deizmə görə Tanrı, kainatı yaradıb, varlığın davamı adına dəyişməyən qanunlar qoyub və daha sonra da onu öz halına tərk edib. Onlar öz fikirlərini saatsaz metafora ilə əsalandırırlar. Tanrı kainatı, saatsaz kimi emal edib, qurub, hər şey də öz axarında hərəkət edir.

Məntiqlə baxsaq, Tanrının kainata müdaxilə etməməsinin iki səbəbi ola bilər: Birincisi -haşa- acizliyi, gücünün çatmaması; ikincisi də şəxsən Özünün bunu istəməməsidir. İlk fikir absurd, tutarsızdır. Kainatı mükəmməl bir şəkildə yaratmaya gücü çatan Tanrının ona müdaxilədən aciz olması məntiqli deyildir. İkinci fikir də məntiqli deyil. Məsələn, bir zavodu, fabriki inşa edən sahibkar onu öz halına və işləməsinə tərk eləməz, buraxmaz. Bunun iki səbəbi var. Birincisi, fabrik bir müddət sonra işləməz hala gələcəkdir. Davamlı yenilənmə, proseslərə müdaxilə gərəklidir. Digər tərəfdən də, fabriki quran, hazırlayan şəxsin ondan gözlədiyi fayda və məqsəd var, bu cəhətdən çəkilən zəhmət əbəs qalmış olar.

Allah da insanı və kainatı yaradıb, onları öz başına buraxmayıb.  Çünki kainatı və insanı yaratmaqda bir məqsədi var. Bu məqsədin də ortaya çıxması üçün səbəb və nəticə pərdəsi arxasında kainata hər an müdaxiləsi və isimlərinin təcəllisi hər zaman davam etməkdədir.

Kainatda baş verən hadisələrin səbəb-nəticə pərdəsinin var  olması da insanı aldadır, halbuki o imtahan gərəyidir.[3] Diqqətlə baxsaq  görərik ki, bəzən çox böyük nəticələrin arxasında çox kiçik səbəblər dayanır. Allah Təala bir tərəfdən səbəbləri pərdə edir, digər tərəfdən də belə misallarla əsl səbəbkarın Özü olduğunu nəzərə verir.[4] “Başını qaldır, özünü sənə tanıtmaq istəyən fəal və qüdrətli Zatın xariqüladə işlərinə bax. Sən başıboş olmadığın kimi, bu hadisələr de başıboş deyillər. Hər biri çox hikmətli vəzifələr icra edirlər. Hər şeyə hakim olan Müdəbbir (Planlayıcı) tərəfindən hər bir şey müəyyən işlərdə istifadə olunur.” (baxın: Mülk, 67/3-4)

Bu səbəblə İslam alimləri, kainat fabrikinin nizamlı işləməsinə, təbiət qanunlarına “adətullah” və ya “sünnətullah” terminləri ilə izah gətirirlər. Allah, bir nəticəni və onu təqib edən nəticələri, həmişə eyni səbəblərlə yaradır. Təbiətdə baş verən bənzər hadisələr maddənin dar məhbəsində cərəyan edir. Digər tərəfdən də ilahi icraat həmişə eyni şəkildə təkrarlanır. Əslində baş verən bu təkrar mütləq determinizm tərzində baş vermir, hər an fərqli İlahi təcəlli baş verir. İnsan induksiya yolu ilə hadisələrə səthi nəzər etdiyi üçün təkrarları “təbiət qanunları” kimi görür.

Bu məqamda insanı aldadan ikinci ünsür də hər şeyi eyniləşdirməsidir. Əksər insanlar kainatdakı hər şeyə səthi nəzər edir. Allahın Fərd isminin təcəllisi olaraq yaradılan hər bir şeydə Onun bu möhürü olur. Əslində heç bir şey bir-birinin eynisi deyildir, bənzəri, oxşarıdır.

İnsanı yanıldan üçüncü məqam da, kiçik şeyləri bəsit görməsidir. Əslində kainatda kiçik heç nə yoxdur. Kiçiklik, böyüklük etibari ifadələrdir. Kiçik dediyimiz şeyləri belə incələdiyimiz zaman onların da necə mürəkkəb və qarışıq olduğunu görürük. Buna görə də Quran bizə həqiqi alimlərin Allahdan layiqincə tanıdığını bildirir. (Fatir 35/28)

Dördüncüsü, Allahın biz insanlara sonsuz mərhəmətindən, Onu asan tanımamız üçün Əhadi/Cəmali təcəllilərlə bizə özünü təqdim edir. Əgər Vahidi/Cəlali təcəllilərlə Öz icraatını göstərsəydi insanlar dəhşət və qorxular içərisində qalardı.

Quranı Kərimdə Rəbbimiz özünü bizə isim və sifətləri ilə kainatda davamlı təcəllilər edən, bütün mülk və mələkutu hər an hakimiyyəti altında tutan, sövq və idarə edən, nəzarət edən bir güc və qüdrət, elm və hikmət sahibi kimi tanıdır. “Göylərdə və yerdə kim varsa, hamısı Ondan istəyər. O hər gün (hər an) bir işdədir.” (Rəhman, 55/29) Allahın hər an davam edən  yaratması olduğundan xəbər verir. “Göyləri və yeri altı gündə yaradan, sonra ərşə istiva edən Odur. O, yerə batanı da, oradan çıxanı da, göydən enəni də, ora yüksələni də bilir. Harada olursanız olun, O sizinlə birlikdədir. Allah sizin etdiklərinizi görür.” (Hədid, 57/4)

 “(Ey Peyğəmbər!) Sən hansı işlə məşğul olsan, nə vaxt Qurandan bir şey oxusan, (ey möminlər!) siz nə iş görsəniz, o işlərə daldığınız zaman şübhəsiz ki, Biz sizə şahidik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.” (Yunus, 10/61) “Görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Üç nəfər gizli söhbət etsələr, dördüncüsü mütləq Odur. Beş nəfər gizli söhbət etsələr, altıncısı mütləq Odur. Bundan daha az, yaxud daha çox olsunlar və harada olursa olsunlar, Allah onlarla birlikdədir. Sonra qiyamət günü Allah etdikləri əməlləri onlara xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.” (Mücadilə, 58/7) Görüldüyü üzrə Ayələrə passiv deyil, aktiv, hər an hər şeyə müdaxilə edən Allah təsəvvürü vurğulanır.

Yer üzündəki bütün canlıları hər an Allahın ruzi verdiyi (Yunus, 10/31; Hud, 11/6), Onun xəbəri olmadan yarpaq belə düşmədiyi (Ənam, 6/59), göylərin və yerin hakimiyyəti Ona aid olub şərikinin olmadığı  (Furqan, 25/2), yerdə və göydə olan bütün varlıqların Ona boyun büküb, səcdə etdiyi (Rad, 13/14) kimi ayələrə bizə tanıdılan Allah təsəvvürü ilə deistlərin Tanrı təsəvvürü eyni deyildir. Onların təsəvvür etdiyi kimi tanrı yoxdur.

Tam əksi Quranı Kərim, kainatı və insanı yaratdıqdan sonra onu başıboş buraxmayan, həddini aşan və azğınlaşan insanları həlak edən, insanları məhsullardan və canlardan azaltmaqla imtahan edən, insana şah damarından daha yaxın olan, qullarının dualarını eşidib cavab verən, onlara bəzi məsuliyyətlər verən Allah təsəvvürü ilə deistik düşüncəyə bütün qapıları bağlayır.

Deizmin cavabsız qoyduğu suallar 

İlahi kitabları və peyğəmbərliyi inkar edən bir cərəyanın başda İslam dini olmaqla digər ilahi dinlərə də tərs düşdüyü aşkar məslədir.  Zira vəhy və peyğəmbər olmayan ilahi din olmaz. Allah, Özünü insanlığa vəhy vasitəsi ilə tanıtdığı kimi, Ona necə qulluq edəcəyimizi də vəhy ilə bildirir. İnsan ağlı ilə ailə, idarə etmə, sosial və iqtisadi həyat dair müəyyən qayda və qanunlar qoyaraq sistem qura bilər.

İnsan sadəcə bu dünya üçün yaradılmamışdır. Hər daim itirilmiş cənnətə qovuşmaq üçün can atmaqdadır. Allahın insana yüklədiyi missiya var. Qulluq həyatı, Allahın insandan gözləntiləri və s. ancaq vəhy aydınlığında və nübuvvətlə anlaşılacaq məsələlərdir.

Digər tərəfdən imtahan, axirət aləmi, mükafat və cəza olmadan bəşəriyyət tarixində baş verən hadisələrə məntiqli izah tapmaq, hikmət və sirlərini anlamaq çətindir. Məsələn, zalımlar etdikləri zülmün cəzasını çəkmədən, məzlum da haqqını almadan köçüb getməsinin axirət həyatı olmadan izahı mümkün deyildir. İnsanın məna arayışı necə cavablana bilər? İnsanın dünyaya göndərilmə məqsədi və buradaki vəzifəsi necə bilinə bilər? İnsan ağlı ilə yaxşı və pisi təyin etsə də buna nə üçün tabe olmalıdır? Əxlaqi davranışları rasional əsası nədir? Bu və bənzəri suallarınancaq vəhy ilə tutarlı izahı verilə və cavabı tapıla bilər.

Deistlərə görə kainat, onun içərisində insan da öz başına tərk buraxılıb. Halbuki ayələrdə, “İnsan özbaşına buraxılacağınımı zənn edir?!” (Qiyamə, 75/36) “Sizi boş yerə yaratdığımızı və bizə qaytarılmayacağınızımı zənn etdiniz?” (Muminun 23/115) “Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.” (Zariyât, 51/56) “O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır..” (Mülk, 67/2), insanın məsuliyyətindən bəhs edilir.

 “De: “Allah sizi dirildir, sonra öldürür, sonra da haqqında heç bir şübhə olmayan qiyamət günü sizi bir yerə toplayacaqdır. Lakin insanların çoxu bunu dərk etmir.” (Casiyə, 45/26) “Sizə həyat verən Odur. Sonra sizi öldürəcək, sonra təkrar dirildəcəkdir. Həqiqətən, insan çox nankordur.” (Həcc, 22/66) “Allah ölüdən dirini, diridən də ölünü çıxardar. Torpaq öldükdən sonra (Allah) ona can verər. Siz də (qəbirlərinizdən) belə çıxardılacaqsınız.” (Rum, 30/19) kimi ayələrdə axirət həyatı, hesab günü, cənnət və cəhənnəmdən bəhs edilir.

Yenə Quranı Kərimə nəzər salsaq peyğəmbər qissələrinin yer alması, onların insanlar üçün rol model olmaları, vəzifələri və s. anladılır. Bütün bunlar da deistləri nübuvvət  haqqında fikirlərini yanlış olduğunu ortaya qoyur. Məntiqli düşünsək, cəmiyyətin peyğəmbərə ehtiyacı vardır.  “Qarışqa sürüsünü rəhbərsiz, arı ailəsini anasız qoymayan Əzəli Qüdrət, bəşəriyyəti də peyğəmbərsiz, şəriətsiz qoymaz.” (Sözlər, 763)

İnsan, deistlərin iddia etdiyi kimi hər zaman ağlı ilə doğru yolu tapa bilməz, əxlaqlı olmaz, yaxşı ilə pisi bir-birindən ayırd edə bilməz. Ağıl həqiqət arayışında önəmli meyar olsa da, insan sadəcə ağıldan ibarət varlıq deyildir. Ağılla yanaşı hissləri də var. İnsanın arzuları, ehtirasları, qısqanclığı, eqoistliyi çox vaxt ağlı təsir altına sala bilir. Ağla qərar vermədə mane olan sadəcə bunlar deyildir. İnsanın içində böyüdüyü mədəniyyət, adət ənənələr, tərk edə bilmədiyi vərdişlər, ilişib qalmalar və s. də hər biri ayrı maneədir.

Quranı Kərimdə insanı əhsəni-təqvim üzrə yaradıldığı bildirilir. Bununla yanaşı o, cahil, tələskən, xəsis, nankor, münaqişə aparan, mal və sərvətə düşkün, həris, acgöz və solduğunu da qeyd edir. Bunların hə biri ağılı çaşdıran, onu yoldan çıxaran ünsürlərdir. Ona görə də insanı bütün yönləri ilə ələ almaq lazımdır. Belə olunca ağıl necə tək meyar, ölçü daşı ola bilər?!

Bu cür mənfi cərəyanların qarşısı necə alınmalıdır?

Yaşadığımız dövrdə gənclər deizm düşüncəsinə meyl etməsi axtarış nəticəsində deyildir. Deizmin nə tutarlı fikri sistemi, nə də hüzur verici abı-havası var. Əsasən dini düzgün bilməmək, dini təmsil edən insanların tutarsızlıqları, müasir dövrün onlara təqdim etdiyi əyləncə həyatı, gənclər arası moda onları bu axına yönəldir. Buna görə ilk növbədə deizm bataqlığına gedən yollar qurudulmalıdır.

Kiçik yaşlardan etibarən uşaqlara düzgün şəkildə dini biliklər öyrədilməlidir. Ancaq burada da mahir həkim kimi uşağın yaşına uyğun şəkildə davranmaq lazımdır. Dini biliklərin öyrətməklə yanaşı vərdiş də qazanmalaraı üçün təqib edilməlidirlər. Onlardan gələn suallara məntiqli cavab verilməlidir. Əgər valideyn bilmirsə işin əhlindən öyrənərək onlara qane olacaqları cavab verməlidir. Bilgidə yetinməyib onu yaşamağın də önəmli olduğunu aşılanmalıdr. Ən əsası onlara gözəl nümunə olmalı, əsla dedyilənlə-edilən arasında tutarsızlıq olmamalıdır.

Övladlarımıza İslam dininin heç bir nöqtədə ağla zidd olmadığını, əksinə düşünməyə, təfəkkürə təşviq etdiyini izah edilməlidir.

Gənclərə zövq və əyləncənin halal dairədə daddırmaq lazımdır. Ancaq bununla yanaşı ülvi hədəflər qoyulmalı, bu dünyaya sadəcə gəliş məqsədinin nə olduğu üsuluna uyğun, ancaq  gözəl üslubla izah edilməlidir. Qadağan edərək, məhdudiyyət qoyaraq təsir göstərilməməlidir.

Eləcə də onlara xurafatdan, bidətlərdən  uzaq, zamanın günün şərtlərinə uyğun pedaqoji üslubla İslami biliklər verilməlidir. Bununla yanaşı dinin insana vəd elədiyi xeyir və gözəlliklər anladılmalıdır. Ləli-gövhər qaynağından süzülən “Asanlaşdırın, çətinləşdirməyin; sevdirin nifrət etdirməyin.” (Buxari, Elm 12) prinsipini də özümüzə rəhbər tutmalıyıq.

[1] Allah (cc), isimləri məlum, sifətləri ilə muhat (əhatə olunmuş), zatı ilə mövcud, ancaq məchuldur, yəni mahiyyətini bilmirik. Allah Təala bizə özünü isim və sifətləri ilə tanıdıb və biz də onu tanıtdığı qədər bilirik.

[2] XX yüzilliyin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən, onları sintetik və qarışıq şəkildə təqdim edən cərəyandır.

[3] “İzzət və Əzəmət istəyir ki, səbəblər qüdrət pərdəsi olsun ağılın nəzərində; Tövhid və Cəlal da istəyir ki, səbəblərin təsirinin olmadığını hamı görsün.”

[4][4] Bitki və ağacların narın kökləri sərt olan daş və torpağı dəlib keçməsi; yayın isti günlərində qızmar günəş altında yarpaqları qovrulan üzüm, qarpız kimi meyvələrin bol sulu olması bunlara misal ola bilər. (Sözlər)

İstifadə olunan qaynaqlar:

TDV İslam Ansklopedisi, Hüsameddin Erdem, Deizm maddəsi

Yüksel Çayırlıoğlu, Deizm üzerine, Çağlayan, 2020, avqust

Diyanet dergi, 2017, avqust, “Deizm, ateizm, nihilizm kıskacında insanlık”

https://az.wikipedia.org/wiki/Deizm

 



Açar sözləri

deist deizm inkar

Bənzər məqalələr

İnanmayan şəxsə nəyi və necə söyləməli?

İzah edəcəyimiz şeyləri əvvəlcədən çox yaxşı bilmək, hətta danışacağımız mövzularda ortaya çıxa biləcək suallara qaneedici mahiyyətdə cavablar hazırlamaq şərtdir. Əksinə, kiçik və ya əhəmiyyətsiz bir səhv hər şeyi alt-üst edə bilər. Həmsöhbətin düşüncəsindəki xətalar, danışığındakı səhvlər onun xətrinə dəyməmək, küsdürməmək şərtilə deyilməlidir. Birbaşa tənqid edilməməlidir. Başqalarının yanında onu hörmətdən salacaq sözlər əsla söylənməməlidir.


Şərh yaz