794 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: “Əgər mənim bildiklərimi bilsəydiniz,  çox ağlayar, az gülərdiniz.”[1] Hədisin mənası indiki insanlar üçün anlaşılmaz görünür. Yəni ağlamağın yerini gülüş tutub. Müsəlmanlar bu çərçivədə vəziyyətlərini necə düzəltməlidir?

Əbu Davudun Sünəni istisna olmaqla, Kutubu-Sittə və Müsnəddə zikr edilən bir hədisdə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Əgər mənim bildiklərimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz”. Hədisin tam mətni bu şəkildədir. Rəsulullah (əleyhis-səlatu vəs-səlam) buyurdular ki: “Mən sizin görmədiyinizi görür, eşitmədiyinizi eşidirəm. Səma uğuldadı, uğuldamaq da ona haqq oldu. Səmada dörd barmaq sığacaq qədər boş yer yoxdur, hər tərəfdə Allaha səcdə üçün alnını qoymuş bir mələk vardır. Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlıyardınız; yataqlarda qadınlardan zövq almaz; yollara, çöllərə tökülər, (bəlanızı dəf etməsi üçün) Allaha yalvar-yaxar olardınız.” (Əbu Zərr radıyallahu anh əlavə etdi ki) “Keşkə yerindən çıxarılan ağac olsaydım.”[2] Müslimdə keçən rəvayətdə isə bu əlavələr yer alır. Rəsulullah səllallahu əleyhi və səlləm əshabının vəziyyəti ilə əlaqəli bir xəbər aldı və ardınca belə danışdı: “Cənnət və cəhənnəm gözlərimin önünə sərilib mənə göstərildi. Xeyir və şər yönündən bugünkü kimisini görmədim. Əyər sizlər mənim bildiklərimi bilsəydiniz, az gülər çox ağlayardınız,” – buyurdu. Rəsulullahın əshabına bundan daha ağır gələn bir gün olmamışdı. Başlarını örtərək hıçqıra- hıçqıra ağladılar.[3] 

İlk növbədə qeyd etmək yerinə düşər ki, insan bildiyi və tanıdığı qədər Allahdan qorxur və Onun rəhmətinə ümid edir. Yenə bildiyi qədər cəhənnəm narahatlığını daşıyır və bildiyi qədər də Cənnət arzusu ilə qanad alıb uçurmuş kimi olar. Yəni nəticədə hər şey insanların bildiyi qədərdir və bilgi üfüqü etibarı ilədir.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) şübhəsiz ki, bizim bildiyimizdən  başqa şeyləri də bilirdi. Birincisi, O (s.ə.s) Allahı çox yaxşı tanıyırdı. Buna görə də Ondan  (cəllə calaluhu) bir xəbərdarlıq alacağından qorxurdu.[4] Həssas məsələlərdə xəbərdarlıq edən ayələr nazil olunca Onun (s.ə.s) rəngi saralıb solurdu.[5] Rəsulullahın (s.ə.s) bu hallara düşməsi Rəbbini çox yaxşı tanımasından irəli gəlirdi. Bəli, Peyğəmbər o qədər həssas idi ki, “mənim bildiklərimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz” deyirdi.

Bir məsələni də qeyd etmək yerinə düşər. Allah Rəsulu (s.ə.s) özü üçün xəbərdarlıq verilən ayələri də zikr etməkdən, onları izah verməkdən geri durmamış, edərkən də heç bir eyib görməmişdir. Nəticədə hər biri ilahi vəhydir.

Mələn, Abdullah ibn Ümmü Məktumla (r.a) bağlı – ( əgər rəvayət doğrudursa) – rəvayətdə olduğu kimi. Həzrət Abdullah Peyğəmbərimizin müəzzini idi.[6] Allah Rəsulu (s.ə.s) səfərə çıxdığı zaman Mədinədə onu naib olaraq təyin etmişdir.[7]. İbn Ümmü Məktum gözü görmürdü. Rəvayətə görə, Həzrət Abdullaha (r.a) görə Peyğəmbərimizə (s.ə.s) Əbəsə surəsi nazil olmuşdur. Allah Rəsulu ömrünün sonuna qədər hər dəfə onu hüzurunda gördükdə tərifləyər: “Gəl! Rəbbimin məni sənə görə qınadığı şəxs!” deyərək iltifat edərdi.[8] Bəli, Peyğəmbərimiz Rəbbinin qınağını, xəbardarlığını hər daim xatırlamış və xatırlatmışdır. Əbəsə surəsində üstü örtülü şəkildə Peyğəmbərimizin ona qarşı  üzünü turşutmasından bəhs olunmaqdadır. (Qeyd edək ki, bu hadisə hansı şəraitdə baş verdiyi ilə bağlı təfərrüatlı məlumatımız yoxdur. Peyğəmbər (s.ə.s) bunu nəyi nəzərə alaraq etdi? Rəsulullahın (s.ə.s) çox mülayim və müdrik olmasına rəğmən belə bir vəziyyəti nə il izhar edə bilərik? Bu sualların cavabını bilmədiyimiz üçün mövzuya həssas yanaşmalı, bəsit olaraq Allah Rəsulu (s.ə.s) “fağır olan şəxsə qarşı bu şəkildə rəftar etdi” deyərək Ona qarşı qabalıq etməməliyik.)

İndi isə bizim bilmədiyimiz və görmədiyimiz, ancaq Rəsulullahın bildiyi və gördüyünü bəzi nümunələrə nəzər salaq. Peyğəmbərimiz ( s.ə.s) bir dəfə camaata namaz qıldırarkən birdən-birə irkilmiş, geriyə çəkilmiş, rəngi solmuş və sanki hərəkət edirmiş kimi davranmışdı. Səhabələr bunun nə demək olduğunu soruşduqda o dedi: “Cəhənnəm bütün dəhşəti ilə qarşımda göründü, mən onu heç vaxt belə dəhşətli görməmişdim”– dedi. Cəhənnəm həqiqətinə aid belə bir məsələni görmək onun qəlbində və ümməti adından bizə öyrətməsində ciddi qorxu və narahatlığa səbəb oldu. Və yenə başqa bir zamanda namaz əsnasında Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) əlini bir şeyə uzatdı. Səhabələr nə üçün belə etdiyini soruşduqda o dedi: “Cənnət qarşımda dayandı və bir salxım üzüm gördüm. Əgər onu alıb  sizə versəydim, bir xeyli vaxta yeyib qurtara bilməzdiniz”.[9]

Bəli, Allahın o qədər böyük nemətləri vardır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) həm Cənnət, həm də Cəhənnəm gözündə canlanmış və ümməti adına Cəhənnəmdən narahat olmuşdu. Allah Rəsulu (s.ə.s) Meraca yüksələndə -bəzi hədisçilərin dediklərinə görə- şəxsən Rəbbimizin hüzuruna çıxmış, Onun (c.c) nurunu müşahidə etmişdir.[10] O, həmçinin Cənnəti bütün ehtişam və dəbdəbəsi  ilə, Cəhənnəmi isə bütün dəhşət və qorxusu  ilə görmüşdür. Üstəlik, orada qədər qələmlərinin cızıltısını eşitmiş və Allahın mələklərini şəxsən müşahidə etmişdir.[11] Mələklərin bəzisini rükuda, bəzisini səcdədə, bəzilərini isə ayaq üstə qiyamda gördüyü kimi, dərəcəsindən asılı olaraq qat-qat bükülmüş olduğunun şahidi olmuşdur.

Buna görə də Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) insanın bilməsi lazım olan hər şeyi təfərrüatı ilə bilirdi. Eyni zamanda O insanı dəhşətə salan və qorxudan şeyləri də bilirdi. Buna görə də çox ağlayır, az gülürdü. Hətta səhabələr onun həyatındakı bütün gülüş və qəhqəhələrin üç və ya dörd dəfə olduğunu bildirirlər.[12] Bununla bərabər, onun həmişə gülər üzlü olduğu da bir həqiqətdir.[13] Şairin sözləri desək, O, “gülüşünün arxasında məhzun Nəbi” idi. Təbii ki, onun bu hüznü ümmətinin adına idi. Çünki bir dəfə axirətə aid tablolar təsvir edərkən belə buyurmuşdu: “Mən qiyamət günü hovuzumun başına  gedəcəyəm. Bəziləri mənim hovuzuma gələndə qovulacaqlar. Onların mənim əshabım  və ümmətim olduğunu bildirəcəyəm və deyəcəyəm: “Ey Rəbbim, mənim əshabımdır!” Mənə deyiləcək: “Sən onların, səndən sonra nə etdiklərini bilmirsən.” Mən də saleh qul Həzrət İsa peyğəmbər kimi deyəcəyəm : “Ya Rəbb! Mən Onların aralarında olduğum müddətdə onları mühafizə etdim. Amma nə zaman ki, məni onların arasından aldın, artıq onları yalnız sən görüb nəzarət etdin. Sən hər şeyə haqqı ilə  şahidisən. Əgər onlara əzab versən, şübhəsiz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, ancaq Sən Əziz və Hakimsən (hökm və hikmət sahibisən)!” [14]

Rəsulullah  (s.ə.s) bunları gördüyü üçün çox ağlamış, az  gülmüşdü. Heç olmasa, Onun ümməti olaraq bizlər də eyni cizgidə Rəsulullaha bağlı qalaraq öz günahlarımıza çox ağlamalı, az gülməliyik. Amma təəssüflər olsun ki, günümüzdə axirət haqqında düşünmək hissi o qədər azalıb, qəlblər Rəbbimizin əzəmətinə qarşı çox qatılaşıbdır. Allah qorusun, bəlkə bir çoxumuz Quranın əhli kitab  haqqında  dediyi şeylərlə sual olunacaqdır; “Bundan sonra qəlbləriniz daş kimi qatılaşdı, hətta daha da sərt oldu. Həqiqətən, bəzi daşların içərisindən çaylar axar, bəzisi yarılıb içindən su fışqırar, bəzisi də Allah qorxusundan yuvarlanıb düşər. Allah etdiklərinizdən qafil deyildir.”[15].

İbn Məsud (r.a) buyurur  ki, biz müsəlman olduqdan bir müddət sonra bu ayə nazil oldu: İman gətirənlərin Allahı anma və Ondan nazil olan (Quran) səbəbilə qəlblərinin ürpərmə vaxtı gəlib çatmadımı?! Onlar da daha əvvəl kitab verilənlər kimi olmasınlar! Onların (peyğəmbərlərinin göndərilməsinin) üzərindən uzun bir vaxt keçmiş, buna görə də qəlbləri sərtləşmişdir. Onların bir çoxu doğru yoldan çıxmış kimsələrdir.” [16] Məgər onlar iman baxımından hələ o həddə çatmayıblar? İmanları, mərifətləri hələ ürəklərini yumşaltmayıb?!

İbn Məsudun bu sözlərini başa düşmək üçün onların o dövrdə necə bir camaat olduğunu düşünmək lazımdır. Bu ayə nazil olanda inananlar elə bir ümmət idilər ki, onların arasında bir Nəbi var idi və vəhy daim nazil olurdu. Hər yerdə davamlı olaraq Quran oxunurdu. Risalətin ilk illəri idi. İnandım, müsəlman oldum demək böyük cəsarət istəyirdi.  “… Onlardan əvvəl kitab verilmiş ümmətlər kimi olmasınlar! Çünki kitabı tanımaları üzərindən çox vaxt keçməsi səbəbi ilə onlarda ülfət meydana gəlmiş  və nəticədə qəlbləri qatılaşmışdır. Hətta onların çoxu büst-bütün yoldan çıxmışdır.”[17] Yəni vəhy gəldikdən bir müddət sonra qəlbləri sərtləşmişdi. Əvvəlkilər Tövratı, Zəburu və İncili dinlədilər, peyğəmbərləri gördülər və onun aydınladıcı  və könülləri yumuşaltıcı bəyanına şahid oldular, lakin qəlbləri çox qatı idi. Quranı Kərim bizdən öncəki ümmətlər içərisindən bataqlığa düşən, boğulan  insanları misal çəkərək “Siz də Onlar kimi, yəni qəlbləri qatılaşanlar kimi olmayın” deyir.

Allah Rəsulu (s.ə.s) bir gün əshabına nəsihət edərkən buyurmuşdur ki, gün gələcək siz də onların getdiyi yolu gedəcəksiniz. Siz sizdən əvvəlkilərin yoluna qarış-qarış, adım-addım təqib edəcəksiniz. Əgər kələz-kərtənkələ dəliyinə girmişlərsə, siz də həmin dəliklərə onlar kimi girəcəksiniz”. Səhabələr sual edir: o, bizdən əvvəlki pərişan və dərbədər olmuş  camaat Yəhudi və Xaçpərəstlərdir? Peyğəmbərimiz (s.ə.s) “Başqa  kim olacaq?”- deyə buyurdu.[18]

Bizdən öncəki ümmətlər Kitab və peyğəmbər gəldikdən bir müddət sonra ülfətə məğlub oldular, ilahi mesajdan uzaqlaşdılar. Haqqa götürən yolu itirdilər. Sonra isə Məhəmməd ümmətindən də bəziləri – Rəbbim bizi mühafizə etsin – itirməklə üz-üzə qaldılar. Dünyalıq şeylərin ardınca qaçmaqda, əbədi həyatı fani dünyaya tərcih etməkdə, Rəbbini unudub dəyərsiz şeylərə arxasına düşməkdə, qəlbin qəsvət bağlamasında, daş kəsilməsində… Əlində kitabı olduğu halda kitabsız qalmış öncəki ümmətlər kimi onların yolunu gedən insanlar çıxacaqdır, çıxmışdır da. Hətta  hədisin də açıq-aydın bildirildirilir ki, əgər əvvəlkilər kələz dəliyinə girmişlərsə, bu  şəxslər də izzət və ləyaqətlərini ayaqlarının altına alacaq, həmin dəliyə girəcəklər.

Ey Allahın Rəsulu! Səni bir daha təsdiq edirik ki, sən, Allahın rəsulusan.  Dediklərin hamısı doğru çıxdı. Yenə təəssüf hissi ilə qeyd edək ki, əgər biz Allah Rəsulunun bildiyini bilsəydik, çox ağlayardıq. Gülüşümüz də az olardı.

Hazırlayan: Rahim Cəlilli / ilahiyyatçı

[1] Buxari, küsuf 2, təfsiru-surə (5) 12, nikah 107, riqəq 27, qismət 16, eyman 3; Müslim, fəzail 134; Tirmizi, zöhd 9, İbn Macə zöhd 19; Əhməd ibn Hənbəl, əl-Musnəd 3/102

[2] Tirmizi, zöhd 9; İbn Macə, zöhd 19.

[3] Müslim, fəzail 134

[4] Tirmizi, təfsiru surə (56) 6; Münəvi, Feyzül-qadir 4/169.

[5] Bax: Ənam surəsi, 6/52; Ənfal surəsi, 8/67-69; Tövbə surəsi, 9/43; İsra, 17/73-75; Kəhf, 18/2; Əhzab, 33/37.

[6] Bax: Müslim, salat 8; Əbu Davud, namaz 41.

[7] Bax: Əbu Davud, xərac 3; Təbərani, əl-Mucəmul-əvsat 1/6; Əbu Yəla, əl-Musnəd 5/422.

[8] əl-Bəqavi, Məalimu’t-tənzil 4/446; ər-Razi, Mefatihu’l-ğeyb 31/50; əl-Kurtubi, Camiul-əhkamil-Quran 19/213.

[9] Müslim, salatul-kusuf 9; Nəsai, kusuf 20; Əhməd İbn Hənbəl, əl-Musnəd 3/352, 5/137.

[10] Bax: Əliyyülqari, Şerhu’ş-Şifâ 1/379-430.

[11] Buxari, salat 1, ənbiya 5; Müslim, iman 263

[12] Bax: Buxari, təfsiru surə (39) 2, tövhid 19, 36, rikək 44, 51; Müslim, iman 308-310, sıfatü’l-munafiqin 19, 30.

[13] Bax: Tirmizi, menakib 10; Əhməd İbn Hənbəl, əl-Musnəd 4/190, 191.

[14] Maidə, 5/117-118. Buxari, təfsiru surə (5) 14, rikək 45; Müsəlman, cənnət 56, 57.

[15] Bəqərə, 2/74.

[16]  Hədid, 57/16. Nazil olma səbəbi ilə bağlı bax. Müslim, təfsir 25; ən-Nesai, əs-Sünü’l-kübra 6/481.

[17] Hədid surəsi, 57/16.

[18] Buxari, hədis əl-ənbiya 50, i’tisam 14; Müslim, elm 6.

 

 



Açar sözləri

çox ağlamaq

Bənzər məqalələr

Az gülün, çox ağlayın!

Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız.


Şərh yaz