3. 683 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Cövşən haqqında müsəlmanlar arasında fərqli görüşlər var. Bəzilərinin əlindən düşmədiyi  halda, bəziləri son dərəcədə laqeyd yanaşır və hətta ondan bixəbərdir. Bizə Cövşən barədə nə deyə bilərsiniz?

Cövşənlə əlaqədar bir çox fikir və mülahizələr ortaya atılmışdır. Cövşənin daha çox Şiə qaynaqlarından gəlmiş olması Əhli-Sünnənin ona qarşı soyuq baxmasına səbəb olmuşdur. Ancaq biz Cövşənə fərqli yanaşırıq. Onun üçün də başqalarına aid görüşlərin nəqlindən daha çox, biz burada öz mülahizələrimizi qeyd etmək istəyirik:

Cövşən səmimiyyətlə edilmiş bir duadır. Onun hansı cümlə və sözü nəzərdən keçirilir-keçirilsin, onun hər kəlməsindən səmimi və xalis dua-niyaz süzülür. Elə isə, Cövşən kimə istinad edilir-edilsin, onun xalisliyinə təsir etməməlidir. Burada: “Bir sözün Peyğəmbərimizə (s.ə.s.) istinadı ilə bir başqasına istinadı arasında fərq yoxdur” demək istəmirik. Demək istədiyimiz budur: “Cövşən ən azı bir duadır. Başqa heç bir xüsusiyyəti olmasa, Cövşənin təkcə bu cəhəti belə ona bir dəyər və qiymət vermək üçün kifayət edir. Halbuki, onun daha nə qədər xüsusiyyətləri vardır. Elə isə, bizcə, mənbəyinə baxıb Cövşəni tənqid etmək insafdan deyil.

Yuxarıda da işarə etdiyimiz kimi, Əhli-sünnət qaynaqlarında Cövşənə yer verilməmişdir. Sadəcə Hakimin “Müstədrək”ində Cövşəndən bəhs olunur. Digər əsərlərdə Cövşənə aid ifadələrə rast gəlmirik. Mənbələri əsas götürsək, bu mövzuda bir dəlil tapa bilmərik.Ayrıca Cövşənin ümumən qəbul edilən  mənbələrdə keçməməsi onun dəyərinə təsir etmir. Belə ki, Buxari və Müslimin rəvayət etdiyi bir çox hədis var ki, kiçik fərqlərlə, hətta bəzən olduğu kimi Küleyninin “Əl-Kafi”sində əksini tapır. Ancaq Əhli-Sünnə alimləri Küleynidən bir hədis belə rəvayət etməmişlər. Halbuki, onun əsərində  qeyd edilən hədislər Buxari və Müslimdə də yer aldığına görə həm mənbə, həm də kəlimə etibarilə səhih hədislərdir. Ancaq “Əl-Kafi”də əksini tapan hədisləri daha çox Şiə imamları nəql etmişlər.Hədis üsulundakı fərqlərə görə də Əhli-sünnə alimləri başdan bəri bu cür rəvayətlərə qarşı ehtiyatlı olmuşlar. Cövşən üçün də eyni şeyləri söyləmək olar. Cövşən İmam Səccad və  Zeynəlabidin ləqəbləriylə tanınmış Əli ibn Hüseyn (r.a.) rəvayətiylə Peyğəmbərimizə (s.ə.s.) isnad edilir.Əgər Cövşən Şiə imamları yolu ilə nəql edilməmiş olsa idi, çox ehtimal, bütün Sünnilər tərəfindən qəbul olunar, baş tacı edilərdi. Lakin Cövşən sırf mənbəyinə görə talesizliyə məruz qaldığı üçün nə qədər insan onun nurundan, feyz və bərəkətindən məhrum olmuşdur. Əsrlər boyu meydana gəlmiş belə bir düşüncəni aradan qaldırmaq qeyri-mümkün olmasa da, çox çətindir.

Cövşənin bütün sətirlərində Cənabı-Haqqın isimləri zikr olunur və hər bölümün sonunda da Cəhənnəmdən Allaha sığınılır. Cəhənnəmdən Allaha sığınamq bəsit bir şey kimi görünə bilər. Ancak kimlərin Cəhənnəmə düşəcəyini fikirləşəndə məslənin ciddiliyi aydın olur. Əslində Cəhənnəmə düşməkdən Allaha sığınmaq “küfrdən, fisqdən, şirkdən, Onun (c.c.) əmrlərinə üsyandan, Peyğəmbərə (s.ə.s) itaətsizlikdən uzaq olmaq…”  mənalarını ehtiva edir.Onu tənqid edənlərin heç olmasa bircə dəfə əlinə alaraq insafla içindəkilərə nəzər salsalar…

Bunu da əlavə etmək faydalı olardı. İmam Qəzali kimi bir alim, Gümüşanəvi kimi böyük vəli və Bədiüzzaman kimi bir düha Cövşəni qəbul edib onu mütəmadi oxumuşlar. Hətta İmam Qəzali ona bir şərh yazmışdır. Cövşəndəki güc və qüvvətə aid başqa heç bir dəlil və bürhan olmasa belə, yalnız adlarını sadaladığımız böyüklərin onu qəbul etməsi və yüz minlərlə insanın Cövşənə könüldən bağlanıb dəyər verməsi Cövşən haqqında heç olmasa ehtiyatlı danışmağa vadar edir. Onu tənqid edənlərin heç olmasa bircə dəfə əlinə alaraq insafla içindəkilərə nəzər salsalar…  Yalnız mənbəyinə (istinad etdiyi sənəd)  görə Cövşən haqqında yerli-yersiz danışmaq ən azı haqsızlıqdır.




Bənzər məqalələr

Cövşəni-kəbir

Cövşəni-Kəbir Musa əl-Kazım, Cəfər əs-Sadiq, Məhəmməd əl-Baqir, Zeynəlabidin, Həzrəti Hüseyn və Həzrəti Əli (Allah hamısından razı olsun) silsiləsi ilə Peyğəmbərə (s.ə.s.) isnad edilir.


Şərh yaz