22. 692 dəfə oxunub ,   0 şərh   Çap et

“Ən gözəl isimlər onundur.” (Əraf, 7/180)

Əbu Hüreyrə  (r.a ) rəvayət edir, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allahın yüzdən bir əksik 99 ismi vardır. Kim bu isimləri (öyrənib haqqı ilə əməl edərək) sayarsa cənnətə girər.” (Buxari, Şurud 18)

Məkkəli müşriklərin bitməz-tükənməz əziyyətləri qarşısında Rəhmət Peyğəmbəri (s.ə.s) bir gecə, hər zaman etdiyi kimi əlini və könlünü Mərhəmətlilərin ən Mərhəmətlisinə açmış, ən gözəl isimləri ilə, səcdə halında, Ona yalvarırdı.

“Yə Allah, Yə Rahman..” Əsla şikayətçi olmadığı və bəddua etmədiyi müşrik qövmünə qarşı, Allahdan, bir yol göstərməsini istəyirdi. Bu niyazı, yalvarışı özü üçün deyildi, imanı şirkə tərcih edən bir ovuc möminin əzab-əziyyətlərinin bitməsini istəyirdi. Həmin vaxt haqqın, doğrunun və tövhidin düşməni olan müşriklərdən bir nəfər, qaranlıqda gizləndiyi yerdən, Allah Rəsulunun (s.ə.s) könlündən qopan bu yalvarışları dinləyirdi. Eşitdikləri qarşısında son dərəcə sevinmişdi. Həmin şəxs, səhər açılan kimi tərəfdarlarının yanına getdi və axşam görüb-eşitdiklərini anlatdı. “Qulaq asın, dinləyin! Dünən gecə öz qulağımla eşitdim. Bizi bir tək İlaha qulluq etməyə çağıran Muhamməd, özü həm Allaha, həm də Rəhman adlı başqa bir tanrıya dua edirdi. Bizim bildiyimiz Rəhman, peyğəmbər olduğunu iddia edən Yəmaməli Müseyləmənin ilahıdır. Bəs, tək Allah xaricində bütün ibadət etdiklərimiz batildir?!”[1] Onların iradına qarşılıq Uca Allah bu ayəni nazil elədi. 

“De: “İstər Allaha, istərsə də Rəhmana dua edin; hansını deyib dua etsəniz olar. Çünki ən gözəl isimlər Ona məxsusdur” (İsra, 17/110)

Yaxşını-pisi, gözəli-çirkini, ələmi-kədəri, hətta bütün təbiət hadisələrini fərqli bir tanrıya və gücə izafə edən müşriklər bir və tək ilahın fərqli isimləri ola biləcəyini düşünmürdülər, düşünə bilmirdilər. Onlar sadəcə atalarıdan qalma kor bir təqlidlə bütləri Allaha ortaq qoşur və bu yalançı tanrılara özlərindən isimlər verirdilər. Halbuki bu adlar mənasız, boş və qarşılıqsız idi, ilah dedikləri şeylərin heç bir şeyə təsiri yox idi. Gülməlidir, onlara necə ilah deyib yalvarırdılar, digər tərəfdən də ilahlarını özləri qoruyurdular. Bəli,“Bu bütlər sizin və atalarınızın uydurduğu quru isimlərdən başqa bir şey deyildir.” (Nəcm 53/23)

Allah, Rəhman, Rəhim kimi isim və sifətlərdən hər birinin fərqli tanrılar şəklində anlayıb, bunları öz bütlərinə izafə edən müşriklərin bu sapqınlığı mübarək Elçi tərəfindən açıqca rədd edildi. Rəsulullah (s.ə.s) müşriklərərin müdafiə etdiyi bütləri, tanrıları, ilahları qısacası din və inanc adına bildikləri nə varsa hamısını kökündən rədd edərək tövhidi, bildiyimiz və bilmədiyimiz bütün aləmlərin tək Malikinə təslimiyyəti təbliğ edirdi. O, insanı aləmlərin Rəbbi olan tək yaradıcıya və Onun uca isimlərinə qarşı məsuliyyətli hala gətirəcək  cəsur bir ürək, hər zaman ona doğru yönələn bir ağıl və camal sahibinin camalı qarşısında əriyəcək bir könül istəyirdi. Allah (c.c) da Peyğəmbərini yalnız qoymur, ilahi vəhy vasitəsi ilə həqiqətləri insanlara çatdırırdı. “Ən gözəl isimlər (Əsmaul hüsna) Allahındır. O halda ona gözəl isimlərlə dua edin. Onun isimləri haqqında həqiqəti gizlədənlərə uymayın. Onlar etdiklərinin cəzasını çəkəcəklər.”(Əraf, 7/180) “Allah özündən başqa heç bir ilah olmayandır. Ən gözəl isimlər onundur.” (Ta-Ha 20/8)

Bu şəkildə Allah (Əzzə və Cəlla) özünə  bir, iki, üç deyil, daha çox isimlə dua edə biləcəyinə işarət edir, özünü bu şəkildə tanıdır və örnəklər verir. “Onun çox gözəl  isimləri vardır. Bu isimlərlə ona dua edin.” (Əraf 7 /180)  Allaha qovuşmaq, Onun rizasını əldə etmək istəyən səmimi qullar üçün çox yolun olduğunu bildirir.[2] Bununla yanaşı dua, istəmə ədəbini  bizə yenə Uca Allah özü öyrədir. “Yalnız sənə ibadət edirik və yalnız səndən yarım diləyirik.” (Fatihə 1/5) Buradan görürük ki, dua edərkən öz arzu-diləyimizi, istəyimizi dilə gətirmədən öncə Allah Təalaya gözəl adları ilə tərif yağdırmalı, Onun böyüklüyünü, özümüzün kiçikliyini, acizliyimizi etiraf etməli, istəyimizi ondan sonra dilə gətirməliyik. “Həmd olsun aləmlərin Rəbbi Allaha. O, Rəhman və Rəhimdir. Din (axirət) gününün sahibidir.” (Fatihə 1/1-3)

İnsanın ağlına belə bir sual gələ bilər: elmi, qüdrəti, kamalı, hikməti sonsuz olan bir Allahın ancaq 99 adımı var? İslam alimlərinin əksəriyyətinə görə 99 rəqəmi çoxluğa, sonsuzluğa dəlalət edən bir rəqəmdir. Rəsulullah (s.ə.s) 99 rəqəmi ilə Allahın isimlərinə sərhəd qoymamış, əksinə bunları saymaqla bitirə bilməzsiniz demək istəmişdir.

Digər tərəfdən, Uca Allahın isimləri keçən hədis rəvayətlərindəki rəqəmlər və isimlər də fərqlidir. Tirmizidə 99, İbn Macədə isə 100 zikr olunur. Tirmizi ilə İbn Macənin rəvayətlərində 25-26 isimdə fərqlilik var. Buradan anlayırıq ki, Allahın adları sonsuzdur. Sadəcə Allah Rəsulu (s.ə.s) insanların zehnində bir fikir formalaşsın deyə kəsrətdən-kinayə olaraq 99 adı zikr edib.

İslam alimləri, Uca Allahı tərif edərkən: “Allah (c.c), isimləri ilə məlum, sifətləri mühat, zatı ilə mövcud, ancaq necə olduğu məchul  varlıqdır.” Bir hədisdə belə buyurulur: “Allahın yaratdığı şeyləri  təfəkkür edin, ancaq zatını düşünməyin! Çünki anlamağa gücünüz çatmaz. Əks təqdirdə onu bir şeyə bənzədər, həlak olarsınız. Onu haqqı ilə təqdir edə bilməzsiniz.”[3] Allah Təala Quranı Kərimdə bizə Özünü isim və sifətləri ilə tanıdır. İnsan Onun zatını idrak edə bilməz, hər bir isim fərqli şəkillərdə özünü insana his etdirir. Hər sözündə, hər işində, hər addımında Onu axtaran və könül gözü ilə baxmağı bacaran insan, hər yerdə və hər şeydə Rəbbinin izlərini görər və hiss edər. (Bəqərə 2/115)

Rəbbimizin varlığını və əzəmətini dərk edib və hislərimizi də izhar etdiyimiz yer duadır. Zatən “Onun gözəl isimləri vardır,” dedikdən sonra əsl mesajı bizə yenə o verir. “Elə isə bu isimlərlə ona dua edin” (Əraf 7/180)

Cənabı-Haqqın hər ismi, bir bütünün parçası olub, insanın zehnindəki Allah təsəvvürünü tamamlayır. Onun Gözəl Adları bir növ ümmandan yüksəlib bütün kainata həyat verdikdən sonra qayıdıb yenə eyni yerə tökülən sular  kimidir. Ona yönələnlər, ancaq yolçuluğa başladıqda sonsuzluğu dərk edər. Ona tam mənada vasil olmaq bəşər üçün mümkünsüzdür. Ancaq yola çıxan yoldan çıxmadıqca yolda qalmaz, sonsuzluğa doğru gediş olduğu üçün yol da qurtarmaz. Məsafələr aşıldıqca fərqli pərdələr açılar, hər açılış yeni başlanğıc olar. Bir yerdə artıq “yandıqca yandım bir su ver..” deyər. Bunun üçündür ki bütün yolların və bütün yolçuluqların son nöqtəsi olan Allah, özünü qulunun anlayışına, idrakına buraxır və qüdsi hədisdə: “Qulum məni necə düşünürsə mən eləyəm. O, Məni anarkən Mən onunla bərabərəm. O, Məni yalniz ikən anarsa Mən də onu anaram. O, Məni bir topluluq içində anarsa, Mən də onu daha xeyirli topluluq içində anaram. O, Mənə bir qarış yaxınlaşarsa, Mən ona bir arşın yaxınlaşaram. O, Mənə bir arşın yaxınlaşarsa, Mən ona bir qolac yaxınlaşaram. O, Mənə sarı yüyürərək gələrsə, Mən ona qaçaraq gələrəm.” (Müslim, Zikir 2)

Allah (c.c) ilə yaratdığı varlıqlar arasında elçilik edən Həzrət Peyğəmbər (s.ə.s) belə Onun bütün isimlərini bilmədiyini duasında etiraf edir. “Allahım ! Sənin isimlərinin, yaratdığın məxluqata öyrətdiyin, Kitabında nazil etdiyin və insanlardan gizli tutaraq, Sənə xas qeyb elmində saxladığın bütün isimlərinlə sənə yalvarıram!” (Əhməd ibn Hənbəl, I/392)

“Dua ibadətdir” (Tirmizi, Dəavat 1) “Dua ibadətin özüdür” (Tirmizi, Dəavat 1) Hətta bəlkə ibadətlərin ən böyüyü və ən fəzilətlisidir. Dua, istər gizli olsun, istər açıq, istər dildən tökülsün, istər könüldən süzülsün, “Hər çağırışı haqqı ilə  eşidən.” (Bəqərə 2/137,181) ilə vasitəsiz əlaqədir. Buna görə də Cənabı Allaha əl açıb, müraciət edərkən Onu müxtəlif isimləri və vəsfləri ilə çağırmaq şübhəsiz duaların ən səmimisi olacaqdır. Bu səmimiyyətin qarşılığını Allah Rəsulu (s.ə.s) belə açıqlayıb. “Allahın yüzdən bir əksik, 99 ismi vardır. Kim bu isimləri ( öyrənib haqqı ilə əməl edərək) sayarsa cənnətə girər. (Buxari, Şurut 18) Hədisdə keçən “əhsa” felinin lüğət mənası “saymaq” deməkdir. Hədisləri şərh edən alimlər burada qəsd edilən mənanın, Allahın isimlərinin quru-quruya oxumaq deyil, bu isimlərin mənalarını öyrənmək, bu isimlərlə dua etmək və bu isimləri ehtiva etdiyi İlahi əxlaqla tərbiyələnməkdir.

Böyük alim İmam Qazaliyə insan, əgər Əsmaul-hüsna oxumaq, dinləmək, mənasını öyrənməklə kifayətlənərsə, onun bu isimlərdən nəsibi çox az olar. Əsl mömin, İlahi isim və sifətlərin mənasını dərk edib, həyatını ona görə düzənə qoymalı və İlahi əxlaq ilə əxlaqlanmalıdır.[4]

Allahın gözəl isimlərini öyrənib saymağın bir addım irəlisində, o isimlərin təcəllilərini ummaq vardır. İnsan bu isimləri sayarkən məsələn “ey ruhumun və bədənimin qidasını yaradıb verən Rəzzaq” dediyi zaman bilir və inanır ki, Allah onun ruzisinə kəfildir. Bu rizq vaxtı gəldiyində onu tapar və heç bir qüvvə mane ola bilməz. Yenə bilir ki, Allah Təala “Yer üzərində gəzən hər canlının rizqi Allaha aiddir” (Hud 11/6) ayəsində ifadə edildiyi kimi vədinə də sadiqdir. Hətta ona qarşı ən böyük nankorluğu edənlər belə rizqini bu ismin təcəllisi ilə əldə edirlər. “Qarşılaşdığı və ya eşıtdiyi əziyyətə qarşı, Uca Allah qədər səbir göstərən başqa bir varlıq yoxdur. Onun oğulu olduğunu iddia edənlər, ancaq Allah bu üzdən onlara dərd verməz, ruzisini kəsməz.” (Buxari, Ədəb 71) Bəli, insan nə qədər böyük günah işləsə də peşman olar, üz tutub yalvarar, “Ya Rəhman! Ya Rəhim!” deyərək Allahın rəhmətinə sığınarsa əfv olunar, bağışlanar. “De: Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar.’ Həqiqətən, O, bağışlayandır, rəhmlidir.” (Zümər 39/53)  “Rəbbiniz mərhəmətli olmağı Özünə vacib etdi.” (Ənam, 7/54)

Yer üzü xəlifəsi təyin edilən insana düşən vəzifə,  Özünü bizə isimləri ilə tanıdan Rəbbimizə qarşılıq vermək, hədis kimi bilinən sözdəki kimi “ilahi əxlaq ilə əxlaqlanmaqdır”. (Münavi, ət-Təarif, s. 564) Əsmaul-Hüsnanı əzbərə bilmək yetərli deyil, onları həyatımıza, davranışlarımıza, gördüyümüz, görəcəyimiz işlərə əks etdirməkdir.

O halda bizlərdə “Xəzinələri hər zaman dopdolu, verməklə bitməyən nemətlərin sahibi, gecə gündüz hər zaman comərd olan, göyləri və yeri yaratdığı gündən bəri verməsinə rəğmən əlindəki nemətlərdən bir şey əskilməyən.” (Buxari Tövhid 19) “Əllərini səmaya açmış bir qulunu boş çevirməkdən xoşlanmayan, bundan həya edən.” (İbn Macə, Dua 13) “Allah Təala comərddir, ehsan sahibidir; comərdliyi sevər. O, gözəl əxlaqı sevər…” (Suyuti, əl-Câmi, I, 60; Tirmizi, Ədəb, 41) Bəli, Rəbbimiz kimi biz də səxavətli olmalıyıq. Zatən hər şeyin sahibi O, hər şey Ondan deyilmi?! “Siz də comərd olun; verə biləcəyinizin ən yaxşısını və ən gözəlini verin”, bax elə bu həqiqi yaxşılığın ölçüsüdür. “Çox sevdiyiniz mallarınızdan infaq etədikcə əsla xeyirə cata bilməzsiniz.” (Əli İmran 3/92)

“…Allah Rəfiqdir (rifq sahibidir), rüifqlə mülayimliklə, yumşaqlıqla rəftar etməyi sevər. Qaba, sərt rəftar etməyə vermədiyi savabı, mülayim hərəkət rəftar edənə verər.”  (Müslim, Birr, 77)

Allah Rəsulu (s.ə.s) bir gün söhbət əsnasında: “Qəlbində zərrə qədər kibir olan şəxs cənnətə girə bilməz.”-buyurur. Bir səhabi: “Yə Rəsulallah! İnsan, paltarının və ayaqqabısının gözəl olmasını xoşlayır.” dedi. Allah Rəsulu bunun təkəbbür olmadığını bildirərək təkrar buyurdu ki: Allah gözəldir, gözəlliyi sevər. Kibir isə lovğalanaraq (Allahın lütf elədiyi nemətləri özünə aid edərək) haqqı inkar və rədd etmək, bir də insanları üstdən aşağı baxmaqdır.” (Müslim, İman, 147; Əhməd ibn Hənbəl, Müsnəd, IV, 133)

Allah Rəsulu (s.ə.s) bir gün açıqlıqda çılpaq qüsl alan bir nəfəri gördü. Məsciddə minbərə çıxaraq Allaha həm etdikdən sonra belə buyurdu: “Allah -əzzə və cəlla- çox həyalı və çox gizlidir. Bu səbəblə həyanı və örtünməni sevər. O halda hər hansı biriniz qüsl alarsa, örtünsün.” (Əbu Davud, Hamam, 1/4012)

Yenə bir dəfəsində Allah Rəsulu (s.ə.s) Uca Allahın başqa bir isminə diqqət çəkir. Qüdsi hədisdə belə buyurulur:

“Mən Rəhmanam, qohumluq bağları isə Rəhim adını daşıyır. Ona Öz isimlərindən birini verdim. Kim qohumluq bağlarına önəm verib buna əməl edərsə, mən də həmən şəxslə öz aramdakı bağlara riayət edərəm. Kim də bu bağları qopararsa mən də onunla olan bağımı qopararam.” (Əbu Davud, Zəkat 45)

Əbu Hüreyrənin (r.a) rəvayət etdiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

“Uca Allah buyurur ki, ‘Qulum məni necə düşünərsə Mən eləyəm. O, Məni anarkən Mən də onunla bərabər olaram. O məni tək başına anarsa mən də onu anaram. O, Məni bir topluluq içində anarsa, Mən də onu daha xeyirli topluluq içərisində anaram. O, Mənə bir qarış yaxınlaşarsa Mən ona bir arşın yaxınlaşaram. O Mənə bir arşın yaxınlaşarsa, Mən ona bir qolac yaxınlaşaram. O, Mənə yürüyərək gələrsə, Mən ona qaçaraq gələrəm.’” (Tirmizi, Dəavat 82)

Heç ummadığımız, ağlımızdan keçirmədiyimiz yerdə və zamanda o bizimlədir. (Hədid 57/4) Həqiqətən görmək üçün baxsaq, hər gözəlin, hər doğrunun, hər kamalın üstündə Rəbbimizin əsərlərini, möhürlərini görərik. Hiss edib, anlayarıq ki, dostluğa qarşı dostumuz, çətinliyə qarşı yardımçımız olan Uca Allah hər an bizimlədir. (Ənfal, 7/40) Onun belə bir təvəccöhünə bizim laqeydlik göstərməmiz nə qədər doğru olar?! Tirmizidə keçən (Dəavət 82) Allahın gözəl adlarını bu təfəkkürlə yenidən oxuyaq.

  1. Allah – bütün gözəl sifətləri özündə ehtiva edən
  2. Əl-Vahıd – yeganə
  3. ƏL-Əhəd – bənzərsiz
  4. Əs-Saməd – ehtiyacsız
  5. Əl-Axir – hər şeydən sonra mövcud olacaq
  6. Əs-Səmi – hər şeyi eşidən
  7. Əl-Basir – hər şeyi görən (haqq-nahaqq)
  8. Əl-Qədir – hər şeyə qüdrəti çatan
  9. Əl-Əvvəl – hər şeydən əvvəl mövcud olmuş
  10. Əl-Qahir – zalımları qəhr edən
  11. Əl-Əliyy – yüksək, uca
  12. Əl-Ə’la – ən yüksək, ən uca
  13. Əl-Baqi – əbədi, daimi, qaları
  14. Əl-Bədi’ – həmişə ixtira edən
  15. Əl-Bari – yaradıcı
  16. Əl-Əkrəm – ən kəramətli
  17. Əz-Zahir – aşkarda olan (yaxud aşkardakıları bilən)
  18. Əl-Batin – gizlində olan (yaxud gizlindəkiləri bilən)
  19. Əl-Hayy – diri
  20. Əl-Həkim – çox hikmətli
  21. Əl-Alim – hər şeyi bilən, çox elmli
  22. Əl-Həlim – çox mülayim
  23. Əl-Hafiz – ən yaxşı qoruyucu, mühafizəçi
  24. Əl-Həqq – həqiqət
  25. Əl-Həsib – hər şeyi hesaba alan
  26. Əl-Həmid – həmd edilən (yaxud həmdə layiq)
  27. Əl-Həfiyy – öz yaratdıqlarını çox sevən
  28. Ən-Nur – nur
  29. Ər-Rəbb – bəsləyən, pərvəriş edən
  30. Ər-Rəhman – çox mərhəmətli
  31. Ər-Rəhim – həmişə mərhəmətli
  32. Ər-Rauf – mehriban, şəfqətli
  33. Ər-Rai – hər şeyi görən
  34. Ər-Rəqib – nəzarətçi, keşikçi
  35. Əz-Zari – yaradan (yaxud bəndələrinin aqibətini müəyyən edən)
  36. Əs-Səlam -hər təhlükədən salamatlığa çıxaran, əmin-amanlıq və salamatlıq verən
  37. Ər-Rəzaaq (ər-Rəziq) – ruzi verən
  38. Əl-Mömin – iman bəxş edən (yaxud iman bəslənilən)
  39. Əl-Mühəymin – himayə edən
  40. Əl-Əziz – çox izzətli
  41. Əl-Cəbbar – zalımlara əziyyət verən
  42. Əl-Mütəkəbbir – məqamı uca tutulan, böyüdülən
  43. Əs-Səyyid – ağa, başçı
  44. Əş-Şahid – hər şeyə şahid olan və nəzarətçi olan
  45. Əs-Sadiq – sədaqətli, doğrucul
  46. Ət-Tahir – pak, saf
  47. Əl-Ğəniyy – ehtiyacsız, varlı
  48. Əl-Ğiyas – köməkçi
  49. Əl-Fatir – yaradan, vucuda gətirən
  50. Əl-Fərd – tək, yeganə
  51. Əl-Fəttah – çətinlikləri həll edən
  52. Əl-Faliq – dan yerini yaran, parçalayan
  53. Əl-Qədim – əzəli, olmadığı zaman təsəvvürə gəlməyən
  54. Əl-Məlik – mülk sahibi
  55. Əl-Qüddus – müqəddəs
  56. Əl-Qaviyy – çox qüvvətli
  57. Əl-Qərib – çox yaxın
  58. Əl-Qəyyum – dayanıqlı, sarsılmaz, sabit
  59. Əl-Qabiz – sıxan, canları alan, və ya qəbz edən
  60. Əl-Basit – açıb sərən və ya səxavətli
  61. Qaziyul-hacat – hökm verən, ehtiyacları həll edən
  62. Əş-Şafi – şəfa verən, sağaldan
  63. Əl-Məcid – şan-şöhrətli, əzəmətli, ulu
  64. Əl-Vəliyy (Əl-Mövla) – dost (ağa, sərvər)
  65. Əl-Lətif – lütf edən
  66. Əl-Mənnan – bəndələrinə çox ehsan edən
  67. Əl-Mühit – hər şeyi əhatə edən
  68. Əl-Mübin – hər şeyi bəyan edib aşkarlayan
  69. Əl-Müqit (Əl-Müğis) – ruzi verən (dada çatan, yardımçı)
  70. Əl-Musəvvir – hər şeyi formaya salan
  71. Əl-Kərim – çox kəramətli
  72. Əl-Kəbir – çox böyük
  73. Əl-Kafi – kifayət edən, hər şeyə bəs edən
  74. Kaşifüz-Zürr – zərərin üstünü açıb ifşa edən
  75. Əl-Vitr – tək-tənha
  76. Əl-Əzim – əzəmətli
  77. Əl-Vəhhab – nemət bağışlayan
  78. Ən-Nasir – köməkçi, yardımçı
  79. Əl-Vasi – çox əhatəli, geniş
  80. Əl-Vədud – bəndələrini çox sevən
  81. Əl-Hadi – hidayət edən, doğru yol göstərən
  82. Əl-Vəfiyy – vəfalı, sadiq
  83. Əl-Vəkil – himayəçi
  84. Əl-Varis – qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud
  85. Əl-Birr – yaxşı sifətlərin sahibi
  86. Əl-Bais – qiyamətdə ölüləri dirildəcək zat
  87. Ət-Təvvab – tövbələri qəbul edən
  88. Əl-Cəlil – cəlallı
  89. Əl-Cavad – səxavətli
  90. Əl-Xəbir – hər şeydən xəbərdar olan
  91. Əl-Xaliq – xəlq edən, yaradan
  92. Xeyrun-Nasirin – ən yaxşı yardımçı
  93. Əd-Dəyyan – hesabat gününün sahibi, hakim
  94. Əş-Şəkür – şükr edilən (yaxud şükrə layiq)
  95. Əs-Sani – yaradıcı
  96. Əl-Ədl – ədalətli (yaxud ədalətin özü)
  97. Əl-Əfüvv – əfv edən, bağışlayan
  98. Əl-Ğəfur – günahları bağışlayan

[1] Təbəri, Camiul-bəyan, XVII, 580; Ayni, Umdətul-qari,  V,  426

[2] “Allaha gidən yollar, məxluqatın nəfəslərinin sayı qədər çoxdur.” Məsnəvii-Nuriyə, Nokta.

[3] Mecmau’z-Zevaid, 1/81, Kenzu’l-Ummal, h. No: 5705-5707

[4] Qazali, Əl-maqasidul- əsna s. 45

Hazırladı: Rahim Cəlilli – ilahiyatçı



Açar sözləri

əsmaul-husna

Bənzər məqalələr

əl-Hayy

Hər zaman var olan və həyat bəxş edən, əzəli və əbədi həyat sahibi…


Şərh yaz